Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-447/2022 13.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron Rayon Məmmədli Bələdiyyəsinə qarşı “Abşeron rayon Məmmədli tərəvəzçilik-südçülük sovxozunun 05 dekabr 1986-cı il 137 nömrəli əmri ilə iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsinin ilkin baş planının və təsdiq edilmiş ayrıc aktının verilməsi öhdəliyinin Abşeron rayon Məmmədli Bələdiyyəsinin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ilkin olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron Rayon Məmmədli Bələdiyyəsinə qarşı iddia qaldıraraq “Abşeron rayon Məmmədli tərəvəzçilik-südçülük sovxozunun 05 dekabr 1986-cı il 137 nömrəli əmri ilə iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsinin ilkin baş planının və təsdiq edilmiş ayrıc aktının verilməsi öhdəliyinin Abşeron rayon Məmmədli Bələdiyyəsinin üzərinə qoyulması, iddiaçının Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,06 ha torpaq sahəsi iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsi Sovxozun fəhlə və qulluqçularına fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılması haqqında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 51 nömrəli qərarına və sovxoz fəhlə və qulluqçularının mənzil şəraitini yaxşılaşdırmaq üçün ayrılmış komissiyasının 03 dekabr 1986-cı il tarixli iclasının protokoluna əsasən ona ayrılmışdır. Torpaq sahəsi iddiaçıya ayrılan gündən faktiki olaraq 30 ildən artıqdır ki, istifadəsindədir. Həmin torpaq sahəsi ilə bağlı sənədləşmə işlərinin aparılmasına dair iddiaçı tərəfindən X1 etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında Faiq Rzayev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, müraciət 03.05.2021-ci il tarixli **********87 saylı imtina məktubu də təmin edilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin imtinası tamamilə əsassız və qanunsuz olmuşdur. Belə ki, imtina məktubunda qeyd olunmuşdur ki, Abşeron rayon Məmmədli tərəvəzçilik-südçülük sovxozunun 05 dekabr 1986-cı il 137 nömrəli əmri ilə İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin ilkin baş planının və təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi göstərilmişdir. Lakin dəfələrlə Abşeron rayon Məmmədli Bələdiyyəsinə müraciət edilərək torpaq sahəsinin ilkin baş planının və ayrıc aktının təqdim olunması xahiş edilsə də, Məmmədli Bələdiyyəsinin nümayəndələri sözügedən sənədləri verməkdən imtina etmişlər. Belə ki, 11 oktyabr 2021-ci il tarixli, 386 nömrəli cavab məktubunu göndərərək vətəndaş İddiaçı Abşeron rayonu Məmmədli kəndində torpaq sahəsinin və qeydiyyatda olub-olmaması barədə Məmmədli Bələdiyyəsində heç bir məlumatın olmadığını bildirmişlər. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi iddia ərizəsinə yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır. Belə ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsinin 07 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayon Məmmədli tərəvəzçilik-südçülük sovxozunun 05 dekabr 1986-ci il 137 nömrəli əmri ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin ilkin baş planının və təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəlləsinin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 saylı Fərmanının 2.5-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə 30.10.2015-ci il tarixli Azərbaycan Respublikasi Prezidentinin 664 saylı Fərmanına əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə "Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları İlə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. İddiaçı daha sonra iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, cavabdeh qismində yalnız Abşeron Rayon Məmmədli Bələdiyyəsini qeyd edərək ona qarşı “Abşeron rayon Məmmədli tərəvəzçilik-südçülük sovxozunun 05 dekabr 1986-cı il 137 nömrəli əmri ilə iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsinin ilkin baş planının və təsdiq edilmiş ayrıc aktının verilməsi öhdəliyinin Abşeron rayon Məmmədli Bələdiyyəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Abşeron rayon Məmmədli Bələdiyyəsi iddia tələbinə yazılı etirazı məhkəməyə təqdim etməmiş və məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakıını təmin etməmişdir. Məhkəmə inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1966-cı ildə, Abşeron rayonunun Məmmədli kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatdadır. Abşeron rayon İcra Hakimiyyəti başçısının Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 15.10.2021-ci il tarixli arayışına əsasən iddiaçının həqiqətən də Məmmədli Bələdiyyəsinin ərazisində yaşadığı müəyyən olunur. Abşeron rayon Dövlət Arxivinin F1061 nömrəli 12.10.2021-ci il tarixli arxiv çıxarışına əsasən Məmmədli tərəvəzçilik-südçülük sovxozunun 05.12.1986-cı il tarixli 137 nömrəli əmri ilə sovxozun fəhlə və qulluqçularına fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılması haqqında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 51 №-li qərarına və sovxoz fəhlə və qulluqçularının mənzil şəraitini yaxşılaşdırmaq üçün ayrılmış komissiyanın 03.12.1986-cı il tarixli iclas protokoluna əsasən İddiaçı 0,06 ha torpaq sahəsinin ayrılması əmr edilmişdir. Abşeron rayon Məmmədli Bələdiyyəsinin 11.10.2021-ci il tarixli 386 nömrəli imtina məktubuna əsasən iddiaçının Abşeron rayonu Məmmədli kəndində torpaq sahəsinin və qeydiyyatda olub-olmaması barədə Məmmədli bələdiyyəsində heç bir məlumatın olmadığı bildirilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin “Məmmədli Bələdiyyəsinin müraciətinə əsasən vətəndaşlara fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin sənədləşdirilməsinə dair” 119 nömrəli 04.11.2020-ci il tarixli rəyinə əsasən torpaq sahəsinin satılmasına etiraz edilməmişdir. Abşeron rayon Məmmədli Bələdiyyəsi tərəfindən Abşeron rayon İcra Hakimiyyəti başçısına ünvanlanan 02.11.2020-ci il tarixli 240 nömrəli məktuba əsasən Məmmədli Bələdiyyə ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin iddiaçıya məxsus olduğu müəyyən edilir. İş materiallarına, həmçinin, Abşeron rayon Məmmədli Bələdiyyəsinin yerquruluşu planından çıxarış da əlavə edilmişdir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri özəlləşdirilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində iddiaçıya 0,06 ha torpaq sahəsi sovxozun fəhlə və qulluqçularına fərdi ev tikdirmək üçün torpaq sahəsi ayrılması haqqında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 51 nömrəli qərarına və sovxoz fəhlə və qulluqçularının mənzil şəraitini yaxşılaşdırmaq üçün ayrılmış komissiyasının 03 dekabr 1986-cı il tarixli iclas protokoluna əsasən ayrılmışdır. İddiaçı 30 ildən artıqdır ki, ona ayrılmış torpaq sahəsinin faktiki istifadəçisidir. Bundan başqa iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin 119 nömrəli 04.11.2020-ci il tarixli rəyinə əsasən 0,06 ha torpaq sahəsinin satılmasına etiraz edilməmiş, həmçinin, Abşeron rayon Məmmədli Bələdiyyəsi tərəfindən Abşeron rayon İcra Hakimiyyəti başçısına ünvanlanan 02.11.2020-ci il tarixli 240 nömrəli məktuba əsasən Məmmədli Bələdiyyə ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin iddiaçıya məxsus olduğu müəyyən edilmişdir. Lakin cavabdeh orqan isə iddiaçının Abşeron rayon Məmmədli kəndində torpaq sahəsinin və qeydiyyatda olub-olmaması barədə Məmmədli Bələdiyyəsində heç bir məlumatın olmadığını qeyd etmişdir. Nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən torpaq sahəsinin ayrılmasını tələb edən şəxsin müraciətini nəzərdən keçirərək həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 24.1-24.3cü maddələrinə əsasən inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, müvafiq sənədlərin təqdim edilməsindən imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir, lakin həmin torpaq sahəsinin ayrılması zamanı qanunda nəzərdə tutulmuş prosedur qaydalarının ardıcıllığına riayət etməklə üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Bundan əlavə qeyd edilməlidir ki, fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi bələdiyyə torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmişdir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olub-olmamasını müəyyən etmək isə, iddiaçının səlahiyyətində aid olmadığından, belə sənədin mövcud olmaması və iddiaçıdan tələb edilməsi düzgün olmazdı. Göründüyü kimi, cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş, iddia tələbinə münasibət bildirməmiş, habelə 30 ildən artıq müddətə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin başqa şəxslərin istifadəsinə, icarəsinə və ya mülkiyyətinə verilməsinə dair, eləcə də mübahisəli torpaq sahəsinin elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğu üçün təmin edilməli, Abşeron rayon Məmmədli tərəvəzçiliksüdçülük sovxozunun 05 dekabr 1986-cı il 137 nömrəli əmri ilə iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsinin ilkin baş planının və təsdiq edilmiş ayrıc aktının verilməsi öhdəliyi Abşeron rayon Məmmədli Bələdiyyəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayon Məmmədli tərəvəzçilik-südçülük sovxozunun 05 dekabr 1986-cı il 137 nömrəli əmri ilə İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin ilkin baş planının və təsdiq edilmiş ayrıc aktının verilməsi öhdəliyi Abşeron rayon Məmmədli Bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-447/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-447/2022
13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver