Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-45/2022 15.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının vəkili Vəkil Rüfət oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs - X2) “cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, **********68-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən Sumqayıt şəhəri, Sahil küçəsi, 0,00346 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 24,3 kvadrat metrdən ibarət qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi nəticəsində (məhkəmə qərarı olmadan və kompensasiya ödənilmədən) 150000 manat məbləğində kompensasiyanın və qeyri-yaşayış sahəsində olan rəsmi reyestrdə qeydə alınmayan ümumi dəyəri 64600 manat təşkil edən daşınar əmlaklarının ümumi dəyəri və mənəvi zərərin əvəzi olaraq iddiaçıya dəymiş 10000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi” tələbinədair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin RX seriyalı ******* nömrəli, **********68-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 26 may 2015-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Sahil küçəsi, 0.00346 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 27,3 kv.m-dən ibarət qeyriyaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsi 16 noyabr 2015-ci il tarixdə “Şəhər icra başçısının əmridir” deyilərək qanunsuz olaraq sökülmüşdür, mülkiyyətində olan qeyri-yaşayış sahəsi sökülərkən ona məlumat verilməmiş, qabaqcadan razılığı alınmamış, onunla hər hansı müqavilə bağlanmamış, tərəfindən əmlak təhvil verilməmiş və əmlakında olan əşyaları müqəddaratı da bəlli deyil. Əvvələr Sumqayıt Şəhər İcra Hakimiyyətində olarkən ona məhkəməyə verməməyi və həmin qeyri-yaşayış sahəsinin əvəzinə başqa yerdən yer verəcəkləri vədi verilmiş və sonradan bu vəddən imtina olunmuşdur. Sonuncu dəfə Sumqayıt Şəhər İcra Hakimiyyətinin müavini Sahib adlı şəxs onu şəxsən qəbul edərək “Bir daha bura gəlməməyini, hara istəyirəsə ora gedib şikayət edə biləcəyəni və onun işini düzəldə bilməyəcəyini” bilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin qanunsuz hərəkətləri nəticəsində ümumilikdə ona 500.000,00 (beş yüz min) manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin, ona məxsus olan qeyri-yaşayış sahəsində hazırda X1 məxsus “TOC/OİL” adlı yanacaq doldurma məntəqəsi fəaliyyət göstərir. Sentyabr ayında da cavabdeh təşkilata sonuncu dəfə yazılı müraciət edərək ona dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbir görülməsini xahiş etmiş. Ancaq buna baxmayaraq Sumqayıt şəhər İcra Hakimiyyəti heç bir cavab verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının vəkili eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Sumqayıt Şəhər icra Hakimiyyəti tərəfindən vətəndaş İddiaçı aid avtomobillərə texniki xidmət obyektinin sökülməsinə dair heç bir inzibati akt qəbul edilməmiş, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin əməkdaşları tərəfindən qeyd olunan obyekt sökülməmişdir. Qeyd olunan obyektin kimlər tərəfindən sökülməsi barədə Şəhər İcra Hakimiyyətində və Məmarlıq və Şəhərsalma idarəsində heç bir məlumat yoxdur. Qeyd olunanlara əsasən cavabdeh təşkilat iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı, mübahisəyə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2020-ci il tarixli, 1485 nömrəli etirazı, DƏDRX tərəfindən verilmiş **********68-06301 reyestr nömrəli xx.xx.2015-ci il tarixli çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, Texniki pasport, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1342 nömrəli ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı tələbi üç hissədən ibarətdir. 1) Məhkəmə qərarı olmadan İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən 27,3 m2 qeyri-yaşayış sahəsinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin tələbi ilə qanunsuz sökülməsi nəticəsində ona 150.000 manat kompensasiyanın verilməsi, 2) Həmin qeyri-yaşayış sahəsində olan rəsmi reyesterdə qeydə alınmayan ümumi dəyəri 64.600 manat təşkil edən daşınar əmlaklara görə kompensasiyanın ona verilməsi, 3) Sumqayıt Şəhər İcra Hakimiyyətinin qanunsuz tələbi (hərəkətləri) nəticəsində ona dəymiş mənəvi zərərə görə 10.000 manat məbləğində kompensasiyanın verilməsi, Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir: İddia tələbinin birinci hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, qeyd olunan tələb inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavəsitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiə ilə əlaqədardır (müəyyən hərəkətlərin edilməsindən çəkinməyə dair iddia). İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanlar tərəfindən edilmiş müdaxilənin zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti qeyd olunan etiraz ərizəsində İddiaçı məxsus qeyri-yaşayış sahəsnin dövlət ehtiyacları üçün alınmasının nəzərdə tutulmadığını bildirmişdir. Lakin Sumqayıt Şəhər İcra Hakimiyyəti xx.xx.2017-ci il tarixli, R-10-149 nömrəli məktubunda İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin sökülməsində maraqlı olmasını gizlətməmiş, yəni iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin şəhərin baş planına cavab verməməsi səbəbindən gələcəkdə Azərbaycan Respublikası Nazirlər Kabinetində razılaşdırdıqdan sonra iddiaçının müraciətinə baxılması məsələsi qeyd olunmuşdur. Bununla da inzibati orqan İddiaçı hüquq və azadlıqlarının pozan qanunsuz müdaxilə etmişdir. Yəni inzibati orqan tərəfindən qeyd olunan tikilinin sökülməsinin təklif və ya tələb etməsi qanunsuz müdaxilə hesab edilir və həmin tikilinin iddiaçı tərəfindən sökülüb sökülməməsi işin gedişatına bir o qədərədə təsir etmir. Həqiqətəndə tikilinin İddiaçı tərəfindən sökülməsi həyata keçirilmiş olsa idi belə gələcəkdə hər hansı risklərin qarşının alınması məqsədi ilə inzibati orqan tərəfindən formalda olsa müəyyən hərəkətlər keçirilə bilərdi, buna misal olaraq ən azından İddiaçı özünə məxsus qeyri-yaşayış sahəsinin özü tərəfindən könüllü sökülməsi ilə bağlı ərizə alına bilərdi. Nəzərə alınmalıdır ki, qeyd olunan ərəfədə Sumqayıt şəhər İcra Hakimiyyyəti tərəfindən həmin ərazidə yenidənqurma və abadlıq işləri aparılmışdır. Göründüyü kimi inzibati orqan qeyd olunan müdaxilənin zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respubllikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən bucür müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin birinci hissəsi qismən əsaslıdır. Belə ki, məhkəmədə iddiaçı və onun vəkili inzibati orqandan tələb edən kompensasiyanın şəxsi mülahizələrinə əsasən, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin bazar dəyərinin 150.000 manat dəyərində olmasını məqsədəmüvafiq hesab etdiyi bildirmişdirlər. İddiaçının və onun vəkilinin fikirləri ilə razılaşmayan məhkəmə qeyd etməyi zəruri bilir ki, hazırkı iddia tələbinin predmeti sökülmüş əmlakın bərpası üçün tələb edilən vəsait ilə əlaqədardır. İddiaçının mülahizəsinə görə isə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin bazar qiyməti 150.000 manat kimi qiymətləndirilir. Bu isə mübahisəli qeyriyaşayış sahəsinin bərpa edilməsinin mümkün olmayacağı tədqirdə inzibati orqandan tutulacaq birdəfəlik kompensasiya məbləğinin təyin edilməsi zamanı tətbiq oluna bilər. Halhazırda İddiaçı məxsus olan 0.00346 ha torpaq sahəsində yaşıllıq salınmış və həmin torpaq sahəsinin üzərində 27,3 kv.m qeyri-yaşayış sahəsinin bərpa edilməsi üçün hər hansı bir qanuni məhdudiyyət mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, sökülmüş tikilin bərpası üçün tələb edilən vəsaitin müəyyən edilməsi zamanı məhkəmə tərəfindən təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə istinad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022ci il tarixli 10/1342 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Sumqayıt şəhəri, Sahil küçəsində yerləşmiş, hazırda sökülmüş, iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış obyektinin hal-hazırkı dəyərinin 23.587,2 (iyirmi yeddi min beş yüz səksən yeddi manat iyirmi qəpik) manat məbləğində vəsait tələb olunur. İddia tələbinin ikinci hissəsini araşdıraraq məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsində olan rəsmi reyesterdə qeydə alınmayan ümumi dəyəri 64.600 manat təşkil edən daşınar əmlakların cavabdeh təşkilat tərəfindən mənimsənilməsi öz təsdiqini tapmadığına görə bu hissəsə iddia tələbi təmin edilə bilməz. Belə ki, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı bir əsaslı sübut təqdim edilmədi. İddia tələbinin üçüncü hissəsini araşdıraraq məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, iddia tələbinin 3-cü hissəsi kompensasiya ilə bağlı deyil, vurulmuş mənəvi zərər ilə əlaqədar olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İddiaçı əmlakın məhv edilməsi ilə bağlı mənəvi istirabların çəkməsi işin araşdırılan hallarından öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin üçüncü hissəsi təmin edilməməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) baxılır. Həmin məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətindən 100 (yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər İcra Hakimiyyətindən Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən 0,00346 ha torpaq sahəsin üzərində ümumi sahəsi 27,3 m2 olmuş və sonradan sökülmüş əmlakın yenidən tikilib bərpa edilməsi üçün tələb olunan 23.587,2 (iyirmi yeddi min beş yüz səksən yeddi manat iyirmi qəpik) manat məbləğində kompensasiya İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətindən 100 (yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-45/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-45/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver