Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4501/2025 15.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı, iddiaçının nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 15 oktyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. V-ЖГ seriyalı, 290736 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”dən görünür ki, X13 və X3 5 sentyabr 1989-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra ərin - Qafarov, arvadın soyadı Qafarova olaraq göstərilmişdir.
2. AZ-İ seriyalı, 775846 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X13 24 oktyabr 2015-ci il tarixdə ölmüşdür.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan Xidmət” mərkəzində xüsusi notariat kontoru Xüsusi notariusun 22 dekabr 2015-ci il tarixli, 4294 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmiş məktubundan görünür ki, Sumqayıt “Asan Xidmət” mərkəzində xüsusi notariat kontoruna 24 oktyabr 2015-ci il tarixdə vəfat etmiş mərhum X5 arvadı İddiaçı müraciət etmiş və vərəsə kimi tanınmışdır.
4. Azərbaycan Respublikası Quba bələdiyyəsinin 14 yanvar 2016-cı il tarixli, 12 nömrəli arayışından görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 46, mənzil 41-də yaşayan İddiaçı adına Quba bələdiyyəsinin ərazisi olan “Dəvədabanı” yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün 0,05 ha torpaq sahəsi vardır.
5. Azərbaycan Respublikası Dövlət X7 16 avqust 2023-cü il tarixli, 3-48-DA-6F/2-Q- 11xx-xx/2023 nömrəli məktubundan görünür ki, Quba Rayon İcra Hakimiyyətinin Quba şəhər nümayəndəliyinin 28 noyabr 1994-cü il tarixli, 7 saylı torpaq bölüşdürmə komissiyasının protokolundan çıxarışı, Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinin 30 noyabr 1994-cü il tarixli, 74 saylı sərəncamı və Quba rayon X8 Rəyasət Heyətinin 6 iyul 1993-cü il tarixli, 06 saylı iclas protokolunun qərarının surəti qoşma şəklində göndərilmişdir.
6. Azərbaycan Respublikası Dövlət X7 16 avqust 2023-cü il tarixli arxiv arayışından görünür ki, Quba şəhər nümayəndəliyinin 28 noyabr 1997-cü il tarixli, 07 nömrəli protokolqərarı ilə Quba şəhərində fərdi mənzil tikintisi üçün X10 torpaq sahəsinin verilməsi məqsədəuyğun hesab edilmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ********** qeydiyyat nömrəli 12 fevral 2024-cü il qeydiyyat tarixli X5 adına verilmiş “Təsdiqetmə bildirişi”.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
8. Azərbaycan Respublikası Dövlət X7 6 sentyabr 2024-cü il tarixli, 3-48-DA-6F/2-2xxxx/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - Quba şəhər nümayəndəliyinin 28 noyabr 1997-cü il tarixli, 07 nömrəli protokoldan arxiv çıxarışı (§6); - Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinin 30 noyabr 1994-cü il tarixli, 74 saylı sərəncamı; - Quba rayon X8 Rəyasət Heyətinin 6 iyul 1993-cü il tarixli, 06 saylı iclas protokolunun qərarı.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 31 oktyabr 2024-cü il tarixli, 3-21-3-34/2-13911/2024 nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,05 ha olaraq göstərilmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 20 fevral 2025-ci il tarixli, 3-21-3-34/2-2431/2025 nömrəli məktubu ilə torpaq sahəsinin göstərilmiş koordinatlar üzrə digər şəxslərə xüsusi və bələdiyyə mülkiyyəti kimi qeydə alınmış daşınmaz əmlaklara dair hüquq müəyyənedici sənədlər qoşma şəklində göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 12 fevral 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba şəhərində yerləşən **********54 reyestr nömrəli 0,03 ha torpaq sahəsi X11 xüsusi mülkiyyətindədir. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 12 fevral 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba şəhərində yerləşən **********26 reyestr nömrəli 0,04 ha torpaq sahəsi Quba bələdiyyəsinin mülkiyyətindədir. - 21 yanvar 2025-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Quba rayonu Quba bələdiyyəsi Quba rayonunda yerləşən ümumi sahəsi olan 0,07 ha torpaq sahəsinin 0,03 ha hissəsini alıcı X11 mülkiyyətinə verilmişdir. - 17 fevral 2024-cü il tarixli “Müqavilənin ləğvinə dair müqavilə”dən görünür ki, Quba rayonu Quba bələdiyyəsi ilə X6 arasında bağlanılmış 23 yanvar 2024-cü il tarixli, 4Ə-161 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə razılığa gəlmişdirlər. - 23 yanvar 2024-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı Quba rayonu Quba bələdiyyəsi Quba şəhərində yerləşən 0,07 ha torpaq sahəsinin alıcı X2 mülkiyyətinə vermişdir. - torpaq sahəsinə dair digər hüquq müəyyənedici sənədlər.
11. Quba bələdiyyəsinin 27 avqust 2025-ci il tarixli, 592 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - 21 yanvar 2025-ci il tarixli alqı-satqı müqaviləsi; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 18 aprel 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba şəhərində yerləşən **********31 reyestr nömrəli 0,07 ha torpaq sahəsi Quba bələdiyyəsinin mülkiyyətindədir. - Quba bələdiyyəsinin 31 oktyabr 2023-cü il tarixli, 841 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmiş məktubundan görünür ki, Quba şəhərində yerləşən 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi xahiş edilmişdir. - Quba bələdiyyəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə verilməsi nəzərdə tutulan 700 kv.m torpaq sahəsinə dair 17 oktyabr 2023-cü il tarixli, 1131 nömrəli rəyi. - Quba rayon Quba bələdiyyəsinin 12 iyul 2023-cü il tarixli, 08 saylı iclas protokolunun 3 saylı qərarından çıxarışdan görünür ki, Quba bələdiyyəsinin hüdudları daxilində yerləşən yaşayış məntəqələri kateqoriyasına aid torpaqlarından satış predmeti olan 800 kv.m və ya 0,08 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılmasına uyğun olunduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, bu torpaq sahəsinin-fərdi mənzil tikintisi məqsədilə satılması ilə bağlı həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduru başlanılmışdır. - torpaq sahəsinə dair digər hüquq müəyyənedici və texniki sənədlər.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 17 sentyabr 2025-ci il tarixli, 3-21-3-34/2-12371/2025 nömrəli məktubundan görünür ki, X11 adına **********54 reyestr nömrəli çıxarışın verilməsinə Xaçmaz rayon 1 saylı notariat ofisinin 21 yanvar 2025-ci il tarixli, 4Ə-178 reyestr nömrəli alqı-satqı müqaviləsi əsas olmuşdur.
13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 1 oktyabr 2025-ci il tarixli, 3-21-3-34/2-13392/2025 nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, torpaq sahəsi naturada 0,05 ha təşkil edir. TEKUİS (X1 X9) məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olub, uqodiyası həyətyanı olaraq, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin bir hissəsi (0,03 ha) **********54 reyestr nömrəli çıxarışa əsasən X11 mülkiyyətində olan 0,03 ha həyətyanı təyinatlı torpaq sahəsi ilə tam olaraq üst-üstə düşür. Bir hissəsi isə (0,0166 ha) **********26 reyestr nömrəli çıxarışa əsasən Quba bələdiyyəsinin mülkiyyətində olan 0,04 ha həyətyanı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri:
14. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərəkətlərini qanunsuz hesab etməklə Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinin TBK-nın 28 noyabr 1994-cü il tarixli, 7 saylı protokolu və 74 saylı 30 noyabr 1994-cü il tarixli sərəncamı əsasında mərhum həyat yoldaşı X10 Quba şəhəri, Dəvədabanı ərazisi, 395 saylı ərazidə ayrılmış 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın (arayışın), texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X13 24 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. 24 noyabr 1994-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin Quba şəhər İcra nümayəndəliyi tərəfindən 7 saylı protokol əsasında fərdi mənzil tikintisi məqsədi ilə Quba şəhəri, Dəvədabanı yaşayış massivində 395 saylı ərazidə 0,05 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin ayrılması barədə protokolun təsdiq edilməsi barədə Quba Rayon İcra Hakimiyyətinin Quba şəhəri üzrə nümayəndəliyi tərəfindən 30 noyabr 1994-cü il tarixli, 74 saylı sərəncam verilmiş və ərinin vəfatından sonra bu torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmuşdur. Sumqayıt Asan Xidmət Mərkəzində iddiaçı mərhumun vərəsəsi kimi tanınmış və qeyd edilən torpaq sahəsinə dair mərhum X5 adına hüquq müəyyənedici sənədlərin verilməsi barədə cavabdeh orqana məktub göndərilmişdir. İddiaçı mərhum həyat yoldaşının qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi barədə cavabdeh orqana 12 fevral 2024-cü il tarixdə müraciət etmiş, 126,33 manat dövlət rüsumu ödəmişdir. Lakin cavabdeh tərəfindən 22 fevral 2024-cü il tarixdə həmin ərazidə ölçmə işlərinin aparılmasına baxmayaraq iddiaçıya həmin sənəd verilməmiş və iddiaçı rəsmi olaraq yuxarı orqana məktub göndərməyinə və həmin məktubun baxılması üçün cavabdeh orqana verilməsinə baxmayaraq həmin məktubuna cavab verməmişdir. Cavabdehin bu hərəkəti qanunsuzdur, belə ki, iddiaçı bütün sənədləri təqdim etmiş, sənədlər yoxlanılmış və sənədlərin qaydasında olduğu bildirilməklə iddiaçıya dövlət rüsumu da ödənilmişdir.
16. İddia tələbinin maddi hüquqi əsası kimi İnsan Hüquq və Azadlıqları haqqında Konvensiyasının 1 saylı protokolunun 1, Azərbaycan Respublikasının Konstitusiyasının 12, 16, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9, 10, 67, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, prosessual hüquqi əsası kimi isə İPM-in 2.2.1, 2.2.2, 14.1, 14.2, 35.1-ci maddələrinə istinad olunmuşdur.
17. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
18. Məhkəmənin 10 aprel 2025-ci il tarixli, 2-1(118)-4501/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Quba bələdiyyəsi və X11 (bundan sonra – “üçüncü şəxslər”) üçüncü şəxslər qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır.
19. İPM-in 13-cü maddəsinə əsasən məhkəmənin hüquqi yardımına münasibətdə 15 oktyabr 2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayənəsi hazırkı iddiaya ilkin formasında baxılmasını xahiş etmişdir.
20. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
21. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
22. Etiraz onunla əsaslandırılmışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən 0,05 ha torpaq sahəsinə dair təqdim edilmiş sənədlər ksero surətdir. Bildirilmişdir ki, 0,05 ha torpaq sahəsinə dair 1:2000 və 1:10000 miqyaslı yerquruluşu sxemləri təqdim edilməmişdir. Bundan əlavə, həmin torpaq sahəsinə torpaqların elektron kadastr X9ndə (TEKUİS) digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış işlənilmişdir.
23. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 9.1.2, 11.1, 15-ci maddələrinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
24. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
25. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, torpaq sahəsi qanunsuz əsaslarla başqasına satılmışdır. Torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla 30 ildir ki, istifadəsində olmuşdur. Həmçinin, 1994-cü il tarixdən, 2025-ci il tarixədək torpaq vergisi ödənilmişdir. Cavabdeh orqanın iddiaçının öz xüsusi mülkiyyətində olan torpaq sahəsini necə istifadə edib-etməməsi ilə bağlı münasibət bildirməsi qanunsuzdur. Torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olduğu halda bələdiyyə torpağı kimi göstərilməsi qanunsuzdur. Cavabdeh orqan qanunsuz sənədlər əsasında çıxarış tərtib etməklə bir daha səlahiyyətlərindən istifadə edərək hüquqi üstünlük qazanmağa çalışmışdır. Qeyd etmişdir ki, iddiaçı tərəf cavabdeh orqana dəfələrlə müraciət etmiş, lakin cavabdeh orqan bir il ərzində məhkəmə iclaslarında iştirak etməmişdir. Həmçinin, səlahiyyətlərindən istifadə edərək torpaq sahəsini ikinci dəfə satmışdırlar.
26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışdırlar.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
28. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
29. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
30. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
31. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
32. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
33. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
34. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
35. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-) Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)
36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
“Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.”
“Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. (-) “Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-)
“Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi (-) 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-) “Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)
37. TM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
“ Maddə 5 5 . Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-)
“Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
“Maddə 6 7 . Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-)
“Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
38. MM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
“Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)
“Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar
139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)
39. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28 oktyabr 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
İX. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. X. Bu qanun qüvvəyə minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər. Xİ. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir (12 dekabr 2008-ci il tarixdə dərc edilmişdir).
40. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-)
Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları
6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
42. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”
43. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
“Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
c) Məhkəmənin mövqeyi
44. Məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.
45. Belə ki, iddiaçı tələbinin əsası kimi bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mərhum əri X10 müvafiq icra hakimiyyəti orqanları tərəfindən ayrılmasına, iddiaçı tərəfin uzun müddət daimi istifadəsində olduğuna baxmayaraq, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar cavabdeh orqana müraciət edilmiş, cavabdeh tərəfindən müraciət cavablandırılmamış, daha sonra isə məlum olmuşdur ki, torpaq sahəsi üzərində qanunsuz olaraq bələdiyyənin mülkiyyəti qeydiyyata alınmış, digər şəxslərə də satılmışdır.
46. Cavabdeh isə etirazın əsası kimi aşağıdakıları qeyd edir: - mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən 0,05 ha torpaq sahəsinə dair təqdim edilmiş sənədlər ksero surətdir; - 0,05 ha torpaq sahəsinə dair 1:2000 və 1:10000 miqyaslı yerquruluşu sxemləri təqdim edilməmişdir; - torpaq sahəsinə torpaqların elektron kadastr X9ndə (TEKUİS) digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış işlənilmişdir.
47. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 və 9.1.3-cü maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi qaydasında aparılır. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.
48. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata dair iddiaların öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alınarsa qeyd edilməlidir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir.
49. Həmçinin, formalaşmış təcrübəyə əsasən, bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina və etirazına münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər.
50. Bu baxımdan İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində təqdim edilən sənədlərin mötəbərliyinin yoxlanılması və mübahisəli halların həlli istiqamətində məhkəmə tərəfindən araşdırma aparılaraq aidiyyəti orqanlara sorğular verilmişdir.
51. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Quba Rayon İcra Hakimiyyətinin Quba şəhər nümayəndəliyinin 28 noyabr 1997-cü il tarixli, 7 nömrəli qərarı ilə Quba şəhərində fərdi mənzil tikintisi üçün iddiaçının mərhum əri X10 torpaq sahəsi verilmişdir.
52. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi 0,05 ha torpaq sahəsinin 0,03 hissəsi **********54 reyestr nömrəli çıxarışa əsasən üçüncü şəxs O.Zaidovun mülkiyyətində olan 0,03 ha həyətyanı təyinatlı torpaq sahəsi ilə tam olaraq üst-üstə düşür. 0,0166 ha hissəsi isə **********26 reyestr nömrəli çıxarışa əsasən üçüncü şəxs Quba bələdiyyəsinin mülkiyyətində olan 0,04 ha həyətyanı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşür.
53. Məhkəmə üçüncü şəxslərə məxsus sənədlərin araşdırılması məqsədilə müvafiq sorğular göndərmiş, nəticədə müəyyən etmişdir ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi ilə üst-üstə düşən üçüncü şəxslərə məxsus ərazilər ilkin olaraq Quba bələdiyyəsinin mülkiyyətində olmuş, daha sonra 0,03 ha hissəsi üçüncü şəxs O.Zaidova satılmış, qalan hissə isə bələdiyyənin mülkiyyətində saxlanılmışdır.
54. Eyni zamanda, Quba bələdiyyəsinin mülkiyyət hüquqlarının əsasları araşdırılaraq müəyyən edilmişdir ki, Quba bələdiyyəsinin, həmçinin Quba Rayonu İcra Hakimiyyəti başçısının aparatı Memarlıq və Tikinti şöbəsinin rəyləri əsasında torpaq sahəsinin satılması məqsədəmüvafiq hesab edilmiş, torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmiş, bələdiyyənin 12 iyul 2023-cü il tarixli, 8 saylı iclas protokolunun 3 saylı qərarı ilə torpaq sahəsinin fərdi mənzil tikintisi məqsədilə satılması ilə bağlı həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduru başlanılmış, bununla bağlı cavabdeh orqana müraciət edilərək, üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış, mülkiyyət hüququna dair çıxarış və texniki sənədlər hazırlanmışdır.
55. Belə ki, məhkəmənin sorğularına cavab olaraq göndərilmiş sənədlər əsasında iddiaçıya müvafiq sənəd üzrə torpaq sahəsinin ayrılması öz təsdiqini tapsa da, hazırda iddia olunan torpaq sahəsi üzərində üçüncü şəxslərin mülkiyyət hüquqları qeydiyyata alındığı, onlara aid müvafiq sənədlərin qüvvədə olduğu üçün iddiaçının iddia tələbinin təmin edilməsi mümkün deyildir.
56. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
57. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova