Məhkəmə qərarları › İş №2-1(118)-451/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-451/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-451/2021 30.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “Abşeron rayon Polis İdarəsinə ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon Polis İdarəsinə ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2020-cu il tarixində Abşeron Rayon Polis İdarəsinin rəisinin ünvanına Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı cənab Babək Hacıyevin iki iş üzrə qəbul etdiyi qərarın təsdiq olunmuş surətlərini ona verilməsinə köməklik göstərilməsinə görə ərizə yazaraq müraciət etmişdir. Lakin çox təəssüf ki, müraciətləri bu günə kimi cavabsız qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüquqi vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsində göstərilir ki, Vətəndaşların müraciətləri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin qanunun 5.1 -ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Həmin qanunun 5.1 -ci maddəsində göstərilir ki, informasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin qanunun 7.5 maddəsində göstərilir Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin qanunun 7.13-ci maddəsində göstərilir ki. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Həmin qanunun 10.1 -ci maddəsində göstərilir ki, Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4- cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 ış günü müddətində baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında Azərbaycan Respublikasmin qanunun 1 -ci maddəsində göstərilir ki, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarini pozulmuş hesab edən Azərbaycan Respublikasmin hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən iddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazıımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə rəsmi nümayəndəsinin iştrakını təmin etməmişdir. Lakin cavabdeh təşkilat Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi olan X1 vasitəsi ilə məhkəməyə Abşeron rayon Polis İdarəsinin Nəcəfli Ramil Cəmil oğluna 128- 93953 saylı xx.xx.2020-ci il tarixli müşayət məktubu ilə göndərilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərarının surəti təqdim etmişdir. Sumqayıt İnzibati Məhkəməsinə təqdim edilmiş həmin qərar müşayət məktubu ilə birlikdə xx.xx.2021-ci ildə məhkəmədə Nəcəfli Ramil Cəmil oğluna təqdim edilmişdir. Göründüyü kimi Nəcəfli Ramil Cəmil oğlunun Abşeron rayon Polis İdarəsinə qarşı olan iddia tələbi öz həllini tapmışdır. Mübahisənin öz həllini tapmasından əlavə məhkəmə hesab edir ki, hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İnzibati icraat haqqında Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə, inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu maddə - 1.1, 1.2, 3.1, 3.2). Bununla yanaşı, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir (maddə-1.1). Həmin Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növləri dəqiq olaraq göstərilmişdir. Göründüyü kimi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunsa da, qanunverici istisna hal müəyyən edərək İnzibati icraat haqqında Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığını təsbit etmişdir. Hazırki mübahisədə cavabdeh Abşeron rayon Polis İdarəsi inzibati orqan olsa da, mübahisə onun cinayət-prosessual fəaliyyəti ilə bağlıdır. Buna görə də hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçıların tələbi öz predmetinə və mahiyyətinə görə inzibati xarakterli olmadığından, mübahisə inzibati orqan olan Abşeron Rayon Polis İdarəsinin cinayət-prosessual fəaliyyəti ilə bağlı olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Sonda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almalı və ona baxmalır. Zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya həmin Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalıdır. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi başlanması, cinayət işinin başlanmasını rədd edilməsi, məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi və ya xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatın məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərarlardan birini qəbul etməlidir. Həmin qərarlardan Cinayət-Prosessual qanunverciliyin tələbləri baxımından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən ümumi (rayon, şəhər) məhkəməyə şikayət verilə bilər. İddiaçılara izah edilir ki, cinayət prosesini həyata keçirən orqanın qərarlarından, hərəkət və ya hərəkətsizliyindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən ümumi (rayon, şəhər) məhkəməyə müraciət etmək hüququna malikdirlər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “Abşeron rayon Polis İdarəsinə ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar