Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4529/2025 21.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: torpağa dair icarə müqaviləsinin bağlanması) GİRİŞ HİSSƏ X7-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçının nümayənəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı “torpağa dair icarə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə inzibati işə 21 may 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi 981 üvanında yerləşən bag sahəsinə bitişik torpaq sahəsinə görə iddiaçı ilə Sumqayıt bələdiyyəsi arasında torpağa dair icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt-Novxanı yolunda yerləşən sahədə Memarlıq və Şəhərsalma İdarəsinin təsdiq etdiyi eskiz layihəyə əsasən, mövsümi istifadə üçün yüngül konstruksiyadan pavilyon quraşdırılması məqsədilə anası X4 13 mart 2009cu ildə torpaq ayrılmasına razılıq verilmişdir. Memarlıq və Şəhərsalma idarəsinin eskiz layihəsinə əsasən, sözügedən ünvanda yüngül konstruksiyadan pavilyon quraşdırılmışdır. İddiaçının anası X5 xx.xx.2019-cu ildə vəfat etmişdir. Bakı şəhər 27 saylı Notariat Ofisi tərəfindən xx.xx.2019-cu ildə vəfat etmiş X2 vərəsəsi kimi tanınmışdır. Bu barədə ona Bakı şəhər 27 saylı Notariat Ofisi tərəfindən 11 fevral 2021-ci ildə adına vərəsə kimi “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Mərhum anasına verilmiş yüngül konstruksiyadan pavilyon iddiaçıya məxsus bağ sahəsinin hasarı ilə birləşikdir. Torpaq sahəsinə görə iddiaçı ilə icarə müqaviləsinin bağlanması məqsədilə Sumqayıt bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Sumqayıt bələdiyyəsi 07 noyabr 2024-cü il tarixli, 5005 saylı məktubla xahişini təmin etməmişdir. İmtinaya səbəb kimi “sözügedən ərazidə torpaq sahəsi mübahisəli olduğundan həmin torpaq sahəsinə torpaq icarə müqaviləsi bağlanmasının məqsədəuyğun olmadığı” bildirilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır. Belə ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 981 ünvanında 140 kv.m torpaq sahəsi 2009-cu ildən istifadələrindədir. Həmin torpaq sahəsində yüngül konstruksiyadan pavilyon quraşdırılmışdır. Vərəsəlik qaydasında mərhum anasından iddiaçıya keçmiş bağ sahəsinin hasarı ilə icarəyə götürmək istədiyi torpaq sahəsi bitişikdir. Artıq 15 ildən çoxdur ki, həmin ərazidən istifadə edir. Hesab edir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 981 ünvanında yerləşən həmin bağ sahəsinə bitişik torpaq sahəsinə görə iddiaçı ilə Sumqayıt bələdiyyəsi arasında torpaq icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmalıdır.
3. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyindən anlaşılır ki, mübahisəli torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada onun mərhum anası X2 istifadəsinə ayrılmamışdır. İddiaçının bildirdiyinə əsasən, sözügedən torpaq sahəsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən tərtib edilmiş eskiz layihəsi əsasında mövsümi ticarətlə məşğul olmaq üçün yüngül konstruksiyadan pavilyon quraşdırılması üçün nəzərdə tutulmuşdu. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 9-cu bəndində müəyyən edilmişdir ki, ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının (ictimai-iaşə, əyləncə, idman və sair) ödənilməsi məqsədi ilə xidmət yerlərinin seçilməsi, mövsümi (dörd ayadək müddətə) xarakter daşıyan obyektlərin yerləşdirilməsi və quraşdırılması bələdiyyələrin qərarı və ya müqavilə əsasında şəhərsalma və memarlıq norma və qaydalarına uyğun olaraq torpaqayırma qaydası tətbiq edilmədən həyata keçirilir. Hazırki inzibati işdə mübahisəli torpağın iddiaçının, yaxud onun mərhum anasının istifadəsinə ayrılması barədə hər hansı bələdiyyə qərarı mövcud deyildir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin ziddinə olaraq, mübahisələndirilən torpaq sahəsi Sumqayıt bələdiyyəsi tərəfindən iddiaçının mərhum anası X4 ayrılmamış, mübahisələndirilən torpağın adı çəkilən şəxsin icarəsinə verilməsi ilə bağlı Sumqayıt bələdiyyəsi tərəfindən hər hansı inzibati akt qəbul edilməmişdir. Belə olan halda, mübahisəli torpaq sahəsi miras kütləsinə daxil olmayan əmlakdır və icarə münasibətlərinin adı çəkilən şəxsin vərəsələri, o cümlədən iddiaçı ilə davam etdirilməsini tələb etməkdə iddiaçı haqlı deyildir. Həmçinin, məhkəmənin nəzərinə onu da çatdırır ki, iddiaçı ilə yanaşı onun qardaşı X6 da mərhum X2 vərəsəsi kimi mübahisəli torpağa iddialıdır və bələdiyyədə olaraq torpağın icarə müqaviləsinin onunla bağlanılmasını tələb etmişdir. Bu səbəbdən, yuxarıda sadalananlarla yanaşı, torpağa dair X2 vərəsələri arasında mübahisənin olması səbəbi də iddiaçının onunla müqavilə bağlanılması tələbini mübahisə aradan qalxanadək mümkünsüz etmişdir. Həmçinin, hesab edir ki, iddia tələbi inzibati hüquq münasibətlərindən deyil, mülki hüquq münasibətlərindən irəli gəldiyindən, hazırki tələbə, ümumiyyətlə inzibati məhkəmə icraatı qaydasında baxılmamalı və iddia mümkünsüz sayılmaqla icraata xitam verilməlidir, çünki iddiaçının tələbi mülki hüquqi müqavilə olan icarə müqaviləsinin bağlanılması ilə əlaqədardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən, bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunvericliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Həmin Məcəllənin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Daha sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, subyektiv hüquq 3 elementin məcmusu kumu qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “məcburetmə haqqında” tələbi əsassız olmaqla yanaşı, həmin həm tələb tələb hüququ olmayan şəxs tərəfindən irəli sürülmüş, həm də inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmayan tələbdir. Bu səbəbdən və yuxarıda sadalananlara əsaslanaraq İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “məcburetmə haqqında” tələbinin mümkün hesab edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
9. İddia tələbi torpağa dair icarə müqaviləsinin bağlanması ilə bağlıdır.
10. Eyni zamanda, məhkəmə cavabdehin etirazında qeyd etdiyi mümkünlük məsələləri ilə bağlı qeyd edir ki, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanunqüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Hazırki iddia tələbində qeyd olunun torpaq sahəsinə dair iddiaçının mərhum anasına razılıq verilmiş olmasaydı belə, iddiaçıya məxsus bağ sahəsinə bitişik torpaq sahəsində yüngül konstruksiyalı pavilyon quraşdırılması məqsədilə icarə müqavilənin bağlanması tələbinə dair subyektiv hüququ yaranmış olacaqdı. Həmçinin hazırki tələb (bələdiyyə ilə icarə müqaviləsinin bağlanması öhdəliyi) publik hüquq münasibətinə aiddir.
11. Beləliklə də, iddia mümkün hesab edilir.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanına xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.
13. Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma idarəi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli məktubdan görünür ki, istifadəsində olan sahənin yaxınlığında Sumqayıt-Novxanı yolunda yerləşən sahədə Memarlıq və şəhərsalma idarəsinin təsdiq etdiyi eskiz layihəyə əsasən mövsümi istifadə üçün yüngül konstruksiyadan pavilyon quraşdırılmasma etiraz edilmir.
14. Sumqayıt bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ərizəsinə Sumqayıt Bələdiyyəsinin Vahid Vergilər Mərkəzində baxılmışdır. Vətəndaş ərizəsində Bakı-Novxanı yolunda yerləşən ərazidə yerləşən mövsümü istifadə üçün yüngül konstruksiyadan ibarət pavilyona icarə müqaviləsi bağlanılması üçün müraciətinə cavab olaraq bildiririk ki, sözügedən ərazidə torpaq sahəsi mübahisəli olduğındən həmin torpaq sahəsinə torpaq icarə müqaviləsi verilməsi məqsədə uyğun sayılmır.
IV. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 47-ci maddəsinin 6-cı hissəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 47-ci maddəsinin 7-ci hissəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 55-ci maddəsinin İ hissəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqların yaranması üçün əsaslardan biri müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. 66-cı maddəsinin İ hissəsinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 73-cü maddəsinin 3-cü bəndinə əsasən, bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların (istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi halları) müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir. Həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir. 75-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir. 75-ci maddəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.
16. “Torpaq icarəsi haqqında” Qanunun: 13-cü maddəsinə əsasən, torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. 15-ci maddəsinə əsasən, torpaq icarə müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 31-ci maddəsində də göstərilir ki, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.
17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 7.2-ci maddəsinə əsasən, bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər.
18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 9-cu maddəsinə əsasən, ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının (ictimai-iaşə, əyləncə, idman və sair) ödənilməsi məqsədi ilə xidmət yerlərinin seçilməsi, mövsümi (dörd ayadək müddətə) xarakter daşıyan obyektlərin yerləşdirilməsi və quraşdırılması bələdiyyələrin qərarı və ya müqavilə əsasında şəhərsalma və memarlıq norma və qaydalarına uyğun olaraq torpaqayırma qaydası tətbiq edilmədən həyata keçirilir. Bu obyektlər ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneçilik törətməməlidir. 11.9-cu maddəsinə əsasən, bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 11.10-cu maddəsinə əsasən, torpağın icarəsinə dair müqavilənin qüvvədə olduğu müddət qurtardıqdan sonra icarəçinin həmin müqaviləni təzələmək üçün üstünlük hüququ vardır.
V. Məhkəmənin mövqeyi
19. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
20. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Sumqayıt-Novxanı yolunda yerləşən sahədə Memarlıq və Şəhərsalma İdarəsinin təsdiq etdiyi eskiz layihəyə əsasən, mövsümi istifadə üçün yüngül konstruksiyadan pavilyon quraşdırılması məqsədilə anası X4 13 mart 2009-cu ildə torpaq ayrılmasına razılıq verilmişdir. Memarlıq və Şəhərsalma idarəsinin eskiz layihəsinə əsasən, sözügedən ünvanda yüngül konstruksiyadan pavilyon quraşdırılmışdır. İddiaçının anası X5 xx.xx.2019-cu ildə vəfat etmişdir. Bakı şəhəri 27 saylı Notariat Ofisi tərəfindən xx.xx.2019-cu ildə vəfat etmiş X2 vərəsəsi kimi tanınmışdır. Bu barədə ona Bakı şəhər 27 saylı Notariat Ofisi tərəfindən 11 fevral 2021-ci ildə adına vərəsə kimi “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Mərhum anasına verilmiş yüngül konstruksiyadan pavilyon iddiaçıya məxsus bağ sahəsinin hasarı ilə birləşikdir. Torpaq sahəsinə görə iddiaçı ilə icarə müqaviləsinin bağlanması məqsədilə Sumqayıt bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Sumqayıt bələdiyyəsi 07 noyabr 2024cü il tarixli, 5005 saylı məktubla xahişini təmin etməmişdir.
21. Göründüyü kimi, iddiaçının tələbi torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması tələbini irəli sürür.
22. Məhkəmə qeyd edir ki, inzibati orqana diskresion səlahiyyət əsasında qərar qəbul etmək, onun özünün qiymətləndirməsinə əsasən seçim etmək imkanı verilmişdir (İPM-in 73.3.1 və 73.3.2-ci maddələri). Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
23. Azərbaycan Respublikası Müki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
24. İPM-nin: Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: Maddə 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; Maddə 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;
25. Qeyd edilən məsələ ilə bağlı cavabdeh orqan qiymətləndirmə azadlığına malik olduğundan məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.
26. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Odur ki, iddia tələbi təmin edilməməlidir.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
28. Həmin Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
21. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X7-Abbaszadə