Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4531/2025 15.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “iddiaçı Abşeron rayonu ərazisində yerləşən, Masazır bələdiyyəsinin mülkiyyətində olan 4,0 ha və 1,54 ha torpaq sahələrinə dair keçirilmiş müsabiqənin qalibi olduğundan, qalibin müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq müsabiqənin nəticələri barədə 22 noyabr 2010-cu il tarixli iclasının 1328 saylı və 1336 saylı protokoluna əsasən Abşeron rayon ərazisində yerləşən Masazır bələdiyyəsinin mülkiyyətində olan 4.0 ha və 1.54 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqları olan, yararsız aid keyfiyyət qrupu, normativ qiyməti uyğun olaraq 4.0 ha üçün 3640 manat, 1.54 ha torpaq sahəsi üçün 1401 manat olmaqla torpaq sahəsinin icarəyə verilməsi məqsədilə 22 noyabr 2010-cu il tarixdə keçirilmiş müsabiqənin qalibi müəyyən edilmişdir. Bu məqsədlə ona 22 noyabr 2010-cu il tarixli iclasının 1328 saylı və 1336 saylı protokolu təqdim edilmişdir. Lakin qalibin müəyyən edilməsi ilə bağlı Şəhadətnamə təqdim edilməmişdir. Həmin dövrdə dəfələrlə etdiyi müraciətə baxmayaraq texniki səbəbdən Şəhadətnamənin verilməsinin gecikdiyini bildirmişdilər. Texniki problem həll olunduqdan sonra əlaqə saxlanılacağı bildirilmişdir. Lakin sonradan xaricə getmək məcburiyyətində olduğundan Şəhadətnamənin alınması ilə bağlı əlaqə telefonu qoymuşdur. Lakin qeyd edilən idarə Şəhadətnaməni təqdim etməmişdir. Torpaq sahəsi o dövrdə müsabiqə çıxarılanda da və eyni zamanda hal-hazırda da iddiaçının istifadəsindədir və bu torpağın tərəfindən istifadə olunması Masazır bələdiyyəsi də məlumatlıdır. Təəssüf olsun ki, göstərilən Şəhadətnamə Masazır bələdiyyəsinə də təqdim edilməmişdir. Qısa müddətdən sonra Bakıya dönsə də qeyd olunan qurum Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiayasının(Təşkilatçı) ləğv olunduğu və quruma dair sənədlərin hüquqi varisi olan cavabdeh quruma verilməsi bildirilmişdir. Bu gün cavabdeh qurum tərəfindən Şəhadətnamənin verilməməsi konstitusion hüquqlarını pozmuşdur. Şəhadətnamənin verilməməsi nəticəsində qalib olduğu müsabiqənin nəticələrini rəsmiləşdirə bilməmişdir. İcarəyə verilmiş torpağın dövlət reyestrinə alınaraq icarəyə dair çıxarış verilməmişdir. Çıxarışın verilməməsi həmin torpaq sahəsi üzərində fəaliyyətini tam qanunlaşdırmağa imkan vermir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən Hərrac Şəhadətnamələri Ərazi İdarəsinin arxiv əsaslarında aşkar edilməmişdir və onların verilməsi Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Bu səbəbdən aidiyyəti üzrə “Torpaq Müsabiqə və Hərrac Komissiyası”-na müraciət edilməsi məqsədəmüvafiq hesab olunur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Hazırki iş üzrə iddiaçı qalibin müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi istəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı adına 4.0 ha və 1.54 ha torpaq sahələrinə dair keçmiş DT və XK tərəfindən hərrac şəhadətnaməsinin verilməsinə dair arxivdə məlumat aşkar edilməmişdir. Lakin həmin torpaq sahələrinə dair İddiaçı adına verilmiş xx.xx.2010-cu il tarixli 1328 və 1336 nömrəli protokolların surətləri təqdim edilir. Hərrac şəhadətnamələrinin hansı səbəbə verilməməsi ilə bağlı arxivdə hər hansı bir məlumat yoxdur. Təqdim edilmiş etiraz ərizəsində hərrac şəhadətnaməsinin verilməsinin Ərazi İdarəsinin səlahiyyətləri xaricində olması qeyd edilmiş, bu səbəbdən aidiyyəti üzrə “Torpaq Müsabiqə və Hərrac Komissiyası”-na müraciət edilməsi məqsədəmüvafiq hesab olunmuşdur. Bu halda məhkəmə hesab edir ki, hərrac şəhadətnamələri arxiv əsaslarında aşkar edilmədiyindən cavabdeh tərəfindən qeyd edilən şəhadətnamələrin verilməsi də mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4531/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4531/2025
15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver