Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4538/2024 25.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oktay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1979 - xx.xx.1994-cü il tarixlərdə Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması" barədə iddia ərizəsi üzrə işə inzibati icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş və izahatında bildirmişdir ki, o, Zəngilan rayonundan məcburi köçkündür, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində məskunlaşmışdır. Bakı İnzibati Məhkəməsində də eyni iddia tələbinə dair işi olmuş, lakin qərardan apellyasiya şikayəti verməmişdir. Həmçinin Zəngilan rayon Məhkəməsinə də müraciət etmiş, ona Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı olduğu bildirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçının eyni iddia tələbi ilə Bakı İnzibati Məhkəməsində inzibati işə baxılmış, iddia təmin edilməmişdir. Məhkəmə iş materiallarının araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Normanın mənasına görə mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara baxılmasının ərazi aidiyyəti ilk növbədə cavabdeh inzibati orqanın yerləşdiyi yerlə, inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi halda isə iddiaçının yaşayış yeri və ya olduğu yer ilə müəyyənləşdirilir. Hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdehə qarşı öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Belə olan halda, hazırkı iddiaya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, “şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.” İş materiallarından görünür ki, iddiaçı Zəngilan rayonundan məcburi köçkün olmaqla faktiki yaşadığı yer Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsidir. Məhkəmə iclasında iddiaçı qeyd edilən ünvanda yaşadığını təsdiq etmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İddiaçının yaşayış yeri Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olduğundan hazırkı mübahisəyə baxmağa Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Məhkəmə hazırkı mübahisəyə baxmaq səlahiyyəti olan məhkəmənin Bakı İnzibati Məhkəməsi olmasını nəzərə alaraq hesab edir ki, iddianın mümkünlüyü, iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən formal xətaların aradan qaldırılması, uyğun iddia növünün seçilməsi və s. digər məsələlər üzrə iddiaçıya hüquqi yardımın edilməsini, həmçinin mümkünlük məsələsinin həll edilməsini işə baxmağa səlahiyyətli olan Bakı İnzibati Məhkəməsi etməlidir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş baxılması üçün ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ərazi aidiyyətin üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1979 - xx.xx.1994-cü il tarixlərdə Zəngilan rayon Şəfibəyli kənd orta məktəbində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması" barədə inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4538/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4538/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver