Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-454/2020 11.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlununkatibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı “1971-1976-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldığı müddətin nəzərə alınmaqla yaşa görə təyin olunmuş pensiyanın yenidən hesablanıb yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona yaşa görə əmək təhsil müddətinin nəzərə alınaraq pensiya təyinatına yenidən baxılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1954-cü ildə Gadəbəy rayonu Orconikidze (indiki adı Nərimankənd) kəndində anadan olmuşdur. O, 1971-1976-cı illərdə Azərbaycan Neft və Kimya İnstitunda gündüz şöbəsində təhsil almışdır. Ona xx.xx.1976-cı il tarixdə istilik enektrik mühəndisi ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunu bitirməyi ilə əlqədar B-İ №006870 saylı diplom verilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada xx.xx.2011-cu il tarixdən pensiya yaşı ilə əlaqədar əmək pensiyasına çıxmışdır. Ona əmək pensiyası təyin edilərkən 1971-1976-cı illərdə Azərbaycan Neft və Kimya İnstitunda təhsil aldığı illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Bununla əlaqədar olaraq 1971-1976-cı illərdə Azərbaycan Neft və Kimya İnstitunda təhsil aldığı illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün o, Dövlət Sosial Müdafiəsi Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh Dövlət Sosial Müdafiəsi Fondunun Sumqayıt şəhər şöbəsi xx.xx.2019-cu il tarixli **********5 nömrəli imtina məktubunda "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində təhsil müddətinin sosial sığorta stajı kimi nəzərdə tutulmadığını qeyd edərək, onun təhsil illərinin sosial sığorta stajı kimi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiəsi Fondunun Sumqayıt şəhər şöbəsinin imtina məktubunu əsassız hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair münasibətində qeyd edir ki, vətəndaş İddiaçı (pensiya işinin № 138083) pensiya hüququnun yarandığı xx.xx.2011-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı ilədək ümumi staj - 29 il 04 ay xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək 07 il 02 ay sosial sığorta stajı, fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı - 9063.33 manat təşkil edir. Qeyd: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 21 -ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən, sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədə təsdiq olunur. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaolunanlar - xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. O, 1971-ci il tarixdən 1976-cı il tarixədək məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmır. Bu səbəbdəndə vətəndaşın təhsil aldığı dövrlərin sosial sığorta stajı kimi hesablanması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsində öz əksini tapmamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi İddiaçıya məxsus 006870 saylı diplomda onun 1971-1976-cı illərdə Azərbaycan Neft və Kimya İnstitunda təhsil aldığı qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də əsaslıdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının təhsil aldığı müddət pensiya təyinatı zamanı sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Məhkəmə iddiaçının təhsil aldığı müddətin sosial sığorta stajı kimi nəzərə alınmamasına münasibətdə qeyd edir ki, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı müddət xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən onun iş stajına daxil edilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 1971- 1976-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldığı müddətin nəzərə alınmaqla yaşa görə təyin olunmuş pensiyanın yenidən hesablanıb yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1971-1976-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldığı müddətin nəzərə alınmaqla yaşa görə təyin olunmuş pensiyanın yenidən hesablanıb yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-454/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-454/2020
11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver