Məhkəmə qərarları › İş №2-1(118)-455/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-455/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-455/2020 18.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasının əsassız hesab edilməsi, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxx 1992-ci il tarixdən xx xxx 1994-cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmiş və hərbi xidmət zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində Goraboy rayonunun Gülüstan kəndində döyüşlərə başlamış və daha sonra Tap-Qaraqoyunlu kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və həmin kəndləri azad etmişlər. Bunun ardınca N nömrəli hərbi hissənin tərkibində 1994cü ilin may ayının 08-nə qədər həmin istiqamətdə gedən döyüşlərdə iştirak etmişdir.1994cü il may ayının 08-də Tap–Qaraqoyunlu kəndində baş vermiş döyüş zamanı güllə və qəlpə yarası almış və bununla əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (hospital) stasionar müalicə olunmuşdur. Ona görə də o «Müharibə veteranı» adı və vəsiqəsi ilə təmin olunması məqsədilə özü şəxsən, eləcə də «Dünya Kriminalı» beynəlxalq hüquq qəzeti vasitəsilə cavabdehə müvafiq qaydada müraciət etmiş, müraciətə Azərbaycan Respublikası MN Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 1/B-11684 qeydiyyat nömrəli imtina məktubunda göstərilir ki, onun hərbi biletində heç bir qeyd olmadığından, xidmətimi müəyyən etmək mümkün deyildir. Aşağıda göstərilən səbəblərdən hesab edir ki, cavabdehin imtinası əsassızdır və ona «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş, Azərbaycan Respublikası MN X4 Arxiv tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 9/2– 20860 qeydiyyat nömrəli məktubun surətindən də görünür ki, onun N nömrəli hərbi hissənin (hospitalın) qazan təminatına daxil edilməyi və çıxarılmağı barədə məlumat vardır. Bundan başqa, N nömrəli hərbi hissə (hospital) tərəfindən verilmiş 926/272 saylı xəstəlik tarixindən çıxarış epikrizindən də görünür ki, o N nömrəli hərbi hissənin əsgəri kimi xx.xx.1994-cü il tarixdə döyüş zamanı travma almış, N nömrəli hərbi hissəyə (hospital) evakuasiya olunmuş və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək «Sol baldırın aşağı 1/3-nin yumşaq toxumalarının dəlib keçən güllə yarası, başın ənsə nahiyəsinin kor qəlpə yarası» diaqnozu ilə stasionar müalicə olunmuşdur. Göstərilənlər birbaşa sübut edir ki, o hərbi xidmət müddətində döyüş əməliyyatlarında iştirak etmişdir. Məlumdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. «Müharibə veteranı» adı və vəsiqəsi xx.xx.1991-ci ildən xx.xx.1994–cü ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və birləşmələrin tərkibində döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş siyahılara əsasən verilir. Göründüyü kimi, o döyüş bölgəsində dislokasiya olunmuş hərbi hissədə xidmət keçmiş və hərbi xidmət vaxtı döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarına əlavə olunmuş imtina məktubunun məzmunundan görünür ki, onun müraciəti üzrə cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat çərçivəsində onun döyüş əməliyyatlarında iştirakı araşdırılmamış və ona ünvanlanmış imtinada yalnız onun hərbi biletində heç bir qeyd olmadığından, onun xidmətini müəyyən etməyin mümkün olmadığı göstərilir. Lakin onun hansı müddət ərzində hərbi xidmət etməyi ilə bağlı müvafiq araşdırma aparılmaması və bununla bağlı inzibati icraat zamanı onun özü tərəfindən hər hansı sənəd təqdim olunmaması ilə kifayətlənmək «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci, 19-cu və 24–cü maddələrinin pozulması kimi qiymətləndirilməlidir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası əsaslı sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 14.3–cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki halların mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Ona görə də hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Məhkəmə iclasında iştrak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək, bildirmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparmış hərbi hissələrin şəxsi heyətinin siyahısında olmuş hərbi qulluqçuların döyüşlərdə iştirak etməsi faktını inkar etmir. Lakin, cavabdehin döyüş əməliyyatlarında iştirak etmiş o hərbi qulluqçulara münasibətdə müharibə veteranı adı və vəsiqəsi verməsi öhdəliyi yaranmışdır ki, həmin şəxslər hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış olsun. İddiaçının güllə və qəlpədən yaralanması, müalicə olunması onun döyüş əməliyyatlarında olmasını sübut edir. Lakin o, müalicədən sonra hərbi hissəsinə qayıtmamış, buna görə də onun hərbi xidmətdən ehtiyata buraxılması barədə hərbi hissə komandirinin əmri olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2018ci il tarixli, Müdafiə Nazirliyinin İşlər X3 İdarəsinin xx.xx.2018-ci il tarixli məktubları və N saylı hərbi hissə komandirinin 926/272 saylı xəstəlik tarixindən çıxarış ekiprizin surətləri, Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Hazırki işdə də iş materiallarında olan sənədlərdə iddiaçının N nömrəli hərbi hissənin tərkibində döyüş bölgəsində olması və N nömrəli hərbi hissənin hospitalında müalicə olunmağı öz əksini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı bu halların təkzibi, qanuni əsaslarla tərxis olunması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər X3inin xx xxxxxx 2018-ci il tarixli, 9/2-20860 saylı məktubunda İddiaçı N N-İi hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 8N N-li əmrində, N N-İi hərbi hissənin sıravisi İddiaçı hospitalın qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N N-İi hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 9N N-İi əmrində, N N-li hərbi hissənin sıravisi İddiaçı hospitalın qazan təminatından çıxarılması barədə məlumat vardır. N N-İi hərbi hissə komandirinin may 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması barədə məlumat aşkar edilməmişdir. Beləliklə iddiaçının qanuni əsaslarla tərxis olunması ilə bağlı sübutu inzibati orqana təqdim etmədiyi üçün, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. İddiaçıya izah olunsun ki, qanuni əsaslarla tərxis olunması ilə bağlı sübut əldə etdikdən sonra təkrar inzibati orqana müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasının əsassız hesab edilməsi, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar