Məhkəmə qərarları › İş №2-1(118)-455/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-455/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-455/2025 06.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi nümayəndəsi həmçinin vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********293200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********683700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarların ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********293200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********683700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarların ləğv edilməsi” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli S E-03 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya təhvil verməyi, alıcı isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. xx.xx.2022ci il tarixli təhvil-təslim aktına əsasən 70587.6 manat, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 2596 manat, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 1023.89 manat, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 67665.92 manat dəyərində mallar (qırmadaş, otsep) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Həmin aktlara əsasən eyni tarixli elektron qaimələr təqdim edilmiş və qaimələrə uyğun olaraq ödənişlər həyata keçirilmişdir. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 22.07.01-01 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya təhvil verməyi, alıcı isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli təhviltəslim aktına əsasən 33151.75 manat, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 4800 manat, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 9015 manat, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 128960 manat dəyərində mallar (qırmadaş, otsep) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Həmin aktlara əsasən eyni tarixli elektron qaimələr təqdim edilmiş və qaimələrə uyğun olaraq ödənişlər həyata keçirilmişdir. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 22.07.20-01 nömrəli alqısatqı müqaviləsinə əsasən satıcı malları alıcıya təhvil verməyi, alıcı isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 434.52 manat dəyərində mallar (dolğu materialı) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Həmin akta əsasən xx.xx.2022-ci il tarixli elektron qaimə təqdim edilmiş və qaiməyə uyğun olaraq ödəniş həyata keçirilmişdir. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli RS 65/08 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya təhvil verməyi, alıcı isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 1622.5 manat dəyərində mallar (qum) satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Həmin akta əsasən xx.xx.2022-ci il tarixli elektron qaimə təqdim edilmiş və qaiməyə uyğun olaraq ödəniş həyata keçirilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergi İdarəsi xx.xx.2023-cü il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********293200 nömrəli qərar qəbul etmişdir. Qərarda 2023-cü ilin iyun ayı üçün 18194.89 manat ƏDV hesablandığı qeyd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBS seriyalı 148115 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergi İdarəsi xx.xx.2023-cü il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********683700 nömrəli qərar qəbul etmişdir. Qərarda 2022-ci il üçün 36492.30 manat mənfəət vergisi hesablandığı qeyd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərindən riskli əməliyyat üzrə 182461,50 manat dəyərində elektron qaimə fakturaların əldə edildiyi və həmin məbləğin müvafiq dövr üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində xərc məbləği kimi bəyan edilməsi və mənfəət vergisi bəyannaməsinin hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.1-ci sətrindəki 18000,00 manat məbləğ, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) təqvim ili üzrə (4 rübün cəmi) 902-ci (Gəlirlər, cəmi) sətirlərinin "Rüb üzrə cəmi" sütunlarındakı 17276,66 manat məbləğindən böyük olması vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Həmin qərarlardan iddiaçı tərəfindən şikayət verilmiş, şikayətə baxan DVX-nin X1 Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergi İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarları dəyişdirilmədən saxlanılmışdır. Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergi İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlarını qanunsuz və əsassız hesab edirlər. Həmin qərarlara münasibətdə bildirirlər ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixli, "xxxx" MMC və "xxxx" MMC xx.xx.2023-cü il tarixli qərarlarla riskli vergi ödəyiciləri hesab edilmişdir. Halbuki iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyatlar 2022-ci ilin avqust ayında, "xxxx" MMC ilə 2022-ci il mart ayında, "xxxx" MMC ilə isə 2022-ci ilin sentyabr ayında aparılmışdır. Göründüyü kimi iddiaçının apardığı bu əməliyyatlar riskli hesab edilə bilməz, çünki əməliyyatlar aparılan zaman həmin vergi ödəyicilərinin reyestr məlumatlarına baxılmış və belə bir fakta rast gəlinməmişdir. Həmin vergi ödəyiciləri aparılan əməliyyatlardan sonra onlar riskli vergi ödəyicisi hesab edilmişlər. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, 3 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsində göstərilənləri aşağıdakı səbəblərə görə əsassız hesab edir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisinin Quba rayonu Qonaqkənd kəndində digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət ilə məşğul olduğu müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 2023-cü ilin iyun ayının ƏDV bəyannaməsində yaranan elektron uyğunsuzluğa əsasən riskli vergi ödəyicilərindən əldə edilmiş 18194,89 manat məbləğində e-qaimələr mövcuddur. Vergi məcəlləsinin 175.11-ci maddəsinə əsasən riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər əvəzləşdirməyə əsas vermir. Belə ki, əvəzləşməyə salınmış 18194,89 manat ƏDV məbləği 2023-cü ilin ƏDV bəyannaməsinin 324-cü sətrində əvəzləşdirilən əməliyyatların azaldılmasına görə bərpa edilən ƏDV məbləği 18194,89 manat qeyd edilərək hesablama aparılmış və xx.xx.2023cü il tarixli **********293200 nömrəli qərar vergi ödəyicinə göndərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 2022-ci ilin MV bəyannaməsində qeyd edilmiş malın dəyərində 182461,5 manat məbləğində riskli vergi ödəyicilərindən əldə edilmiş eqaimələr mövcud olmuşdur. Vergi məcəlləsinin 109-cu maddəsinə əsasən riskli vergi ödəyicilərindən əldə edilmiş e-qaimələr gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. İşçilərə verilən əməkhaqqının məbləği 18000,0 manat qeyd edilməsinə baxmayaraq, il ərzində təqdim edilən vahid bəyannamə hesabatına görə 17276,66 manat olmuş və bu məbləğə uyğun olaraq 692,12 manat əlavə sosial ayırmalar xərcə aid edilmişdir. Buna müvafiq olaraq xərcə əlavə olaraq salınmış 723,34 manat əməkhaqqı və 692,12 manat sosial ayırmalar həmçinin 182461,5 manat riskli e-qaimələr xərclər hissəsindən silinmiş və nəticədə əlavə olaraq 36492,3 (182461,5+723,34+692,12)*20%)- 6412,26) manat vergi məbləği hesablanmış və bu hesablama ilə bağlı qəbul edilmiş qərar xx.xx.2023-cü il tarixli **********683700 nömrəli sənədlə vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 83.2.4-cü maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsasən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinin ikinci abzasına əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü maddəsində göstərilən hallarda vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Yuxarıda qeyd olunan maddələrin məzmunundan aydın olur ki, Vergi Məcəlləsinin 37.4- cü maddəsinə müvafiq olaraq kameral vergi yoxlamaları aparılarkən vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə və (və ya) vergi orqanı tərəfindən vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi orqanı mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə vergi ödəyicisinin vergi öhdəliklərini hesablamaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yaradır. Konstitusiyanın 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Konstitusiyanın 73- cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Pzezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirilməsini təmin edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin struktruna daxil olan qurumdur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsi ilə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin, 24.0.1-ci maddəsi ilə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə görə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verir. İddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. İddiaçı, İddiaçı MMC-nin (VÖEN **********), cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, **********293200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********683700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edəsiniz.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə aiddir: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********643800 nömrəli və xx.xx.2023-cü il tarixli, **********293200 nömrəli qərarlar və digər sənədlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1)subyektiv hüququnun olub-olmamasını, 2)cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 3 saylı Ərazi Vergilər İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 1stərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 3 saylı Ərazi Vergilər İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 3 saylı Ərazi Vergilər İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, İddiaçı MMC barəsində 3 saylı Ərazi Vergilər İdarəsinin tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********293200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********683700 nömrəli qərarlarından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlər ötürülməmişdir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının ünvan 2əhəllə olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh orqan tərəfinən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********293200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********683700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlara əsasən İddiaçınə 2022-ci il üzrə kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı barəsində qəbul edilmiş qərar onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş digər hüquqi şəxslər ilə edilən alqı-satqı əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarılmışdır. Halbuki, alqı-satqı əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar təqdim edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, vergi orqanı elektron alış aktları məlumatlarına əsasən iddiaçıya əlavə vergi öhdəliyi hesablamaqla səhvə yol vermişdir. Belə ki, Vergi Məcəlləsinin: -37.-1- 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alman gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. -37.-2- maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.-3- maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. -37.-4- maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -37.-5- , 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. -37.-11- i maddəsinə əsasənm əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixli, "xxxx" MMC və "xxxx" MMC xx.xx.2023-cü il tarixli qərarlarla riskli vergi ödəyiciləri hesab edilmişdir. Lakin iddiaçı "xxxx" MMC ilə 2022-ci ilin avqust ayında, "xxxx" MMC ilə 2022-ci il mart ayında, "xxxx" MMC ilə isə 2022-ci ilin müqavilələr bağlamışdır. Göründüyü kimi, həmin vergi ödəyiciləri riskli vergi ödəyicisi olmadığından, iddiaçının apardığı bu əməliyyatlar riskli hesab edilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Yuxarıda qeyd olunan normaların tələblərinə əsasən inzibati orqan qəbul etdiyi inzibati aktı icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmalı və inzibati aktda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar, o cümlədən nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Belə ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən xx.xx.2023cü il tarixli, **********293200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********683700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar ləğv edilməli və həmin qərarlara əsasən hesablanmış əlavə vergi məbləği silinməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********293200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********683700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar qanunsuz olduğundan ləğv edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********293200 nömrəli və xx.xx.2023-cü il tarixli, **********683700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar