Məhkəmə qərarları › İş №2-1(118)-4563/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4563/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4563/2024 16.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakə ilə, İddiaçı Cavabdehnə qarşı Maştağa Subtropik sovxozu ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin icarə hüququ əsasında alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Maştağa Subtropik sovxozu ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin icarə hüququ əsasında alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Maştağa Subtropik sovxozu ərazisində yerləşən 0.06 ha torpaq sahəsi 172 nömrəli icarə müqaviləsi və xx.xx.2012-ci il tarixli 3M/29 reyestr nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən iddiaçının adına qeydə alınmışdır. xx.xx.2016-cı il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reytestrindən çıxarış verilmişdir. Hazırda o, həmin torpaq sahəsinə icarə hüququ əsasında alqı-satqı müqaviləsi bağlamaq istəyir, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarından müəyyən olunduğu kimi mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhəri Xəzər rayonu Maştağa qəsəbəsində yerləşir. Məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi inzibati ərazi baxımından Bakı şəhərinin ərazi hüdudlarında yerləşdiyi üçün mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddiası öhdəliyin icrası haqqında iddia növünə aid olmaqla inzibati məhkəmələrdə baxılmalı olan mübahisə olsa da, iddiaçı müstəsna aidiyyət qaydalarını pozmaqla məhkəməyə müraciət etmişdir. Halbuki, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının 15.9-cu bəndinə əsasən Bakı şəhəri, Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Maştağa Subtropik sovxozu ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin icarə hüququ əsasında alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1, 8.2, 8.5, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı Maştağa Subtropik sovxozu ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin icarə hüququ əsasında alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə 2-1(118)-4563/2024 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, onun tərəflərə təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar