Məhkəmə qərarları › İş №2-1(118)-4567/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4567/2024

23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4567/2024 23.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Yevlax rayon Malbinəsi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş doğum akt qeydinin ad qrafasında adının “Şəhrivan”dan “Şəhribani”yə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Yevlax rayon Malbinəsi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş doğum akt qeydinin ad qrafasında adının “Şəhrivan”dan “Şəhribani”yə dəyişiklik edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbiin dəqiqləşdirilməsi barədə ərizə verərək, Yevlax rayon Malbinəsi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş doğum akt qeydinin ad qrafasında adının “Şəhrivan”dan “Şəhribani”yə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə Yevlax rayon Malbinəsi kəndində anadan olmuşdur. Onun adına doğum haqqında akt qeydi xx.xx.1959-cu ildə Yevlax rayon Malbinəsi icra nümayəndəliyində tərtib edilmişdir. Həmin ildə iddiaçının adına valideynlərinə verilmiş doğum haqqında şəhadətnamədə adı Şəhribani yazılmışdır. İddiaçı həmin doğum haqqında şəhadətnamə ilə pasport, sonradan şəxsiyyət vəsiqəsi almışdır. xx.xx.2024-cü ildə doğum haqqında şəhadətnaməni təkrar qaydada almaq üçün Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən Yevlax rayon qeydiyyat şöbəsinə sorğu verilərək iddiaçının adına tərtib edilmiş doğum haqqında akt qeydinin surəti tələb edildi. Yevlax rayon qeydiyyat şöbəsindən göndərilmiş doğum haqqında akt qeydində iddiaçının adının “Şəhribani” əvəzinə səhvən “Şəhrivan” yazıldığı aşkar edildi. İddiaçı Cavabdehnə doğum akt qeydində dəyişiklik edilməsi üçün ərizə vermişdir. Lakin qeydiyyat şöbəsindən dəyişiklik üçün heç bir əsas olmadığına görə imtina məktubu verilərək məhkəməyə müraciət etməyini tövsiyə etdilər. İddiaçı hazırda onkoloji xəstədir, xarici ölkəyə müalicəyə getmək üçün ümumvətəndaşlıq pasport alması zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində iddiaçının adının “Şəhribani” kimi qeyd olunduğu müəyyən edilmişdir. - PB 024154 nömrəli diplomdan görünür ki, iddiaçının adının “Şəhribani” kimi qeyd edilmişdir. Məhkəmənin sorğusuna əsasən Yevlax rayon qeydiyyat şöbəsindən alınmış xx.xx.1959-cu il tarixli, 21 saylı doğum haqqqında akt qeydinin surətindən görünür ki, uşağın adı qrafasında “Şəhrivan” qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək doğum haqqında akt qeydində düzəliş edilməsini xahiş etmişdir. Cavabdeh özünün xx.xx.2024-cü il tarixli, 03 nömrəli cavab məktubu ilə imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X2: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: ..... vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ...... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının doğum akt qeydində uşağın adı qrafasında “Şəhrivan” qeyd edilmişdir. Hazırda sənədlərin arasında yaranmış ziddiyyət iddiaçının sənədləşmə işlərində maneə yaradır. Məhkəmə qeyd edir ki, doğum akt qeydində texniki səhvə yol verilməsi aşkardır. Belə ki, iddiaçının diplomunda, doğum haqqında şəhadətnamədə adının “Şəhrivan” deyil, “Şəhribani” olması görünür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69,75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Yevlax rayon Malbinəsi icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 02 mart 1959-cu il tarixli 21 saylı doğum haqqında akt qeydində uşağın adının “Şəhrivan”dan “Şəhribani”yə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar