Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4568/2025 25.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ X2-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 25 sentyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci ildən xx.xx.1995-ci ilədək və xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək olan dövrlər güzəştli iş stajına daxil edilməklə, ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 60 yaşdan, yəni 2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək kitabçasında qeyd olunan iş stajı xx.xx.1981-ci il tarixdən başlayır və xx.xx.2024-cü il tarixə qədər qeyd olunmuşdur. Həmçinin hərbi xidmətdə olduğu dövrləri, yəni 1983-cü ilin aprel ayından 1985-ci il tarixini nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 2 saylı əlavəsinin 27-ci bəndinə əsasən, polad və dəmir beton konstruksiyaların quraşıdırıcılarına 2-ci siyahı pensiya hüququ verir. Hesab edir ki, ona güzəştli şərtlərlə pensiya təyin edilməlidir.
4. Cavabdeh orqanın iddiaçıya təqdim etdiyi imtina onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 10 dekabr 2024-cü il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşma çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2ci maddəsinə əsasən, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajma daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim edilən sizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, güzəştli iş stajınız 12 il 6 aydan az (10 il 1 ay 14 gün (xx.xx.2011-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2021 -xx.xx.2024-cü il, xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2017-xx.xx.2019-cu il və xx.xx.2019-xx.xx.2020-ci il)) təşkil edir. Əlavə olaraq bildirilir ki, 1 yanvar 2006-cı il tarixindən bu günədək sizə münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabınızın sığorta hissəsində 2020-ci il üzrə 8 ay, 2021-ci il üzrə 2 ay (ümumilikdə 10 ay) öz əksini tapmadığı müəyyən edilib. Göstərilən səbəbdən də, yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları sizin iş stajınıza daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.”.
5. Cavabdeh qurumun məhkəməyə ünvanladığı iddiaya yazılı etiraz bildirilmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı əmək kitabçasının və digər sənədlərin surətinə əsasən, güzəştli iş stajı 12 il 6 aydan az (10 il 1 ay 4 gün (xx.xx.2011-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2021xx.xx.2024-cü il, xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2017-xx.xx.2019-cu il, xx.xx.2019xx.xx.2020-ci il və xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) olduğundan müraciətinin müsbət həlli mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2016-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının İddiaçı fərdi hesabının sığorta hissəsində 2020-ci il üzrə 8 ay, 2021-ci il üzrə 2 ay (ümumilikdə 10 ay) öz əksini tapmadığı müəyyən edilmişdir. Göstərilən səbəbdən də, yuxarıda qeyd edilən məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, sözügcdon dövr iddiaçının sığorta stajına daxil edilsə belə, güzəştli iş stajı qanunla tələb edilən 12 il 6 aya tamamlanmır.
6. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
7. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərtlərlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
11. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. İddia mümkündür.
III.Tətbiq edilən hüquq
13. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
14. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
15. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
17. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu (xx.xx.2022-ci il tarixinədək qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
18. “Əmək pensiyaları haqqında” Qanun (hazırda qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
19. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
20. Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir.
21. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyən etməlidir.
22. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
IV. Məhkəmənin mövqeyi
11. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
12. İşin hallarına görə, iddiaçı ona güzəştli şərtllə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının güzəştli stajını mübahisələndirərək iddiaçının müraciətinin təmin etməkdən imtina etmişdir.
13. Hazırki halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element birlikdə mövcud olmalıdır: a) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması; c) iddiaçının pensiya təyinatına imkan verən yaş həddinə çatması.
14. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, xx.xx.2024-cü il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir.
15. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçının qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olması mübahisələndirilməmişdir.
16. İş materiallarına əlavə edilmiş əmək kitabçasının iş yeri üzrə təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının hərbi xidmət dövrü, təhsil illəri də daxil olmaqla ümumi iş stajı 25 ildən çoxdur.
17. Cavabdehin mübahisə etdiyi məsələ iddiaçının tələb olunan güzəştli iş stajının olmaması ilə bağlıdır.
18. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası isə əsassızdır.
19. "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən, İddiaçı Söhbət oğlu "xxxx" MMC-də 28 avqust 1985-ci il tarixdən 2-ci dərəcəli quraşdırıcı çilingər vəzifəsinə qəbul edilmiş (Əmr 54\k xx.xx.1985) xx.xx.1988-ci ildə 3-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş (Əmr 01\k xx.xx.1988), xx.xx.1989-cu ildə 4-ci dərəcəli quraşdırıcı çilingər keçirilmişdir (Əmr 66\k xx.xx.1989). xx.xx.2002-ci ildə Azərbaycan Respublikası ƏM-nin 69 cu maddənin 1-ci bəndinə əsasən, öz xahişi ilə işdən azad edilib (Əmr 11\k xx.xx.2002-ci il). Yenidən xx.xx.2003-cü il tarixdə 5-ci dərəcəli quraşdırıcı çilingər vəzifəsinə qəbul edilmişdir (Əmr 58\k xx.xx.2003). xx.xx.2003-cü ildə 69-cu maddənin 3-cü bəndinə əsasən, işdən azad olunmuşdur. İşlədiyi vəzifə üzrə sosial siğorta (əmək) stajı 10 il 5 ay təşkil edir. İşlədiyi vəzifə üzrə güzəştli şərtlərlə əlavə olunmuş arayışa əsasən, 1850 gün təşkil edir. 01 iyun 1995-ci ildən 10 iyun 2002-ci il tarixinə qədər ödənişsiz öz hesabına məzuniyyətdə olmuşdur. Bu müddət ödəniş olmadığına görə, sosial staj hesablanmır. İllər, və günlər üzrə təsdiq edilmiş zərərli sexlərdə işləməsi barədə arayış cədvəli arayışa əlavə olunur. Quraşdırıcı çilingəri vəzifəsinin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə (yarımbəndinə) 20300000-18559 vəzifə koduna uyğundur.
20. Cavabdeh qurum arayışa münasibətdə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci madddəsinə görə, yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi (aqlomerasiya, briketləşdirmə, kəsəklənmə), emalı, filiz və filiz olmayan qazıntıların yandırılması bölməsinin (2) aqlomerasiya kombinatları, fabrikləri, sexləri, bölmələri, qurğuları. Okatış istehsalı. Zənginləşdirmə fabrikləri və filizin, kömürün, şistin və tərkibində 3-cü sinif təhlükəli zərərli maddələr olan digər filiz olmayan qazıntıların zənginləşdirilməsi üzrə qurğular. Briketləşdirmə. Ağırlaşdırıcılar istehsalı. Şaxtalarda, kəsmələrdə (karxanalarda) çeşidləmə. Filizlərin və filiz olmayan qazıntıların yandırılması. Filizin emalı. Zənginləşdirmə, sona çatdırma fabrikləri, filizin zənginləşdirilməsi üzrə sexlər, qurğular. Əlvan və qiymətli metalların, almazların qumdan ayrılması. Kömürün susuzlaşdırılması. Dənəvərləşdirilmiş kömür ovuntusu və toza oxşar kömür fabrikləri bəndinin (2.3) fəhlələr yarımbəndində (a) təmirçi çilingərlər vəzifəsi nəzərdə tutulub. Mərkəzi Filiala təqdim edilən "xxxx" MMC-nin X1 dair 7 may 2025-ci il tarixli 03 nömrəli arayışında xx.xx.1985-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi sahə və vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan sahə və vəzifəyə aid deyil. Eyni zamanda, İddiaçı işlədiyi vəzifə Siyahıda nəzərdə tutulan ümumi peşələr bölməsində də nəzərdə tutulmayıb. Göstərilən səbəblərdən də, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (10 il 1 ay 14 gün (xx.xx.2011-xx.xx.2014-cü il, xx.xx.2014xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2017-xx.xx.2019-cu il, xx.xx.2019xx.xx.2020-ci il və xx.xx.2021- xx.xx.2024-cü il)) təşkil edir.
21. Məhkəmə hesab edir ki, cavabdehin yanaşması siyahıda qeyd edilənlərə formal yanaşma olmaqla iddiaçının pensiya hüququnun məhdudlaşması ilə nəticələnmişdir.
22. Məhkəmə qeyd edir ki, siyahıda qeyd edilmiş peşənin sözbəsöz uyğunluğu deyil, iddiaçının işlədiyi işin xarakteri, görülən işin xüsusiyyətləri nəzərə alınaraq zərərli və ya ağır iş olması müəyyən edilməklə məsələyə qiymət verilməlidir.
23. Burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına və izahlı arayışlara əsasən müəyyən edilməlidir. Cavabdeh isə göstərilən istiqamətlərdə araşdırma aparmamış, iddiaçının çalışdığı bütün peşələrin xarakteri nəzərə alındıqda həmin peşələrin Nazirlər Kabinetinin qərarındakı Siyahıda təsbit olunmuş peşələrə uyğun olub-olmadığını düzgün müəyyən etməmişdir.
24. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
25. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur.
26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
27. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1985-ci ildən xx.xx.1995-ci ilədək və xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək olan dövrlər güzəştli iş stajına daxil edilməklə ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
28. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
29. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1995-ci ilədək və xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək işlədiyi dövrün güzəştli iş stajına daxil edilməklə hüququnun yarandığı vaxtdan, yəni 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2024-cü il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X2-Abbaszadə