Məhkəmə qərarları › İş №2-1(118)-4586/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4586/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4586/2024 25.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oktay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 279 №-li və xx.xx.2020-ci il tarixli 363 №-li əmrindəki məlumatların İddiaçı məxsus olması faktının müəyyən edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissənin tərkibində Füzuli, Cəbrayıl və Xocavənd rayonları uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur, lakin "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medallarını ala bilmir. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 109 nömrəli Hərbi Hissənin komandirinə müraciət ünvanlamışdır. Müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 109 nömrəli Hərbi Hissənin komandirinin birinci müavini-qərargah rəisinin vəzifəsini müvəqqəti icra edən İntiqam Məmmədov tərəfindən göndərilmiş cavab məktubda göstərilmişdir ki, xidmət etdiyi N nömrəli Hərbi Hissə ləğv olunduğu üçün nizami hissə üzrə əmr kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə təhvil verildiyinə görə həmin ünvana müraciət etməyi məqsədəuyğundur. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində hərbi xidmətdə olmağı barədə arayış verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçmiş, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdrəsindən çağırılmış, xx.xx.1989-cu il təvəllüdlü, əsgər İddiaçı Gürsət oğlu N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 279 №-li əmrilə (əsas: §-l, səh-5, sıra-7, əmrdə adı "Gürsət" yazılmışdır) N №-li hərbi hissədən gəlmiş hesab edilərək xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış, tibb bölüyünün yaralıların toplanması və təxliyyəsi tağımının 2-ci yaralıların toplanması və təxliyyəsi manqasının sanitarı vəzifəsinə təyin olunmuşdur. Tibb bölüyünün yaralıların toplanması və təxliyyəsi tağımının 2-ci yaralıların toplanması və təxliyyəsi manqasının sanitarı, əsgər X1 hərbi təlim toplanışını başa vurduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.2020- ci il tarixli 363 №-li əmrilə (əsas: §-4, səh-143, sıra-22, əmrdə soyadı "Səpyev” yazılmışdır) xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarılaraq çağırıldığı Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdrəsinə göndərilmişdir. Hazırda "Xocavəndin azad olunmasına görə" medalını ala bilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət keçməyimlə bağlı N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 279 №-li və xx.xx.2020-ci il tarixli 363 №-li əmrlərindəki məlumatların ona məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilərək mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı xx.xx.2020-ci il tarixli, 279 №-li və xx.xx.2020-ci il tarixli 363 №-li əmrindəki məlumatların İddiaçı məxsus olması faktının müəyyən edilməsini istəyir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarına əsasən: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarına əsasən:

14. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında.... “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı və iddiaçının mülki qaydada ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya izah olunsun ki, hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddia ilə ümumi məhkəməyə müraciət edə bilər. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar