Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4589/2025 14.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 584 nömrəli sərəncamı ilə Xırdalan-Masazır şosse yolunun şimalında fərdi yaşayış evi tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinin faktiki istifadəsində olan 0.08 ha hissəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 584 saylı sərəncamı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 oktyabr 1992-ci il tarixli 573 saylı qərarı ilə, vətəndaşların ərizəsinə əsasən Xırdalan-Masazır şossesi yolunun şimalında 0,10 hektar hesabı ilə fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Abşeron Rayon icra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 584 saylı sərəncamı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 oktyabr 1992-ci il tarixli 573 saylı qərarı iiə, vətəndaşların ərizəsinə əsasən Xırdalan-Masazır şossesi yolunun şimalında 0,10 hektar hesabı ilə fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi o zamandan onun sahibliyində və istifadəçidədir. Buna görə də 4 saylı Abşeron ərazi idarəsinə müraciət edərək, Abşeron Rayon icra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 584 saylı sərəncamı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 oktyabr 1992-ci ii tarixli 573 saylı qərarı ilə, vətəndaşların ərizəsinə əsasən Xırdalan-Masazır şossesi yolunun şimalında 0,10 hektar hesabı ilə fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinə çıxarış verilməsi ilə bağlı müraciət etmiş, xx.xx.2023-cü il tarixdən 4 saylı Abşeron ərazi idarəsinə müraciət etsə də, müraciətindən 35 gündən artıq müddət keçməsinə baxmyaraq, hələ də müraciətinə cavabdeh orqan cavab vermir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılmış araşdırma zamanı Abşeron Rayon İHB-nın 13 noyabr 1992-ci il tarixli, 584 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planı və va təsdiq edilmiş ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna əlavə edilmədiyi, sözügedən torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən olunmuşdur. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixində təyin edilmiş prosesində iştirak etmiş üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia olunan torpaq sahəsinin iddiaçıya heç aidiyyəti yoxdur. Belə ki, həmin torpaq sahəsi Rəna Nəsiboyava ayrılmışdır, iddiaçı heç bir hüquqi əsas olmadan həmin torpaq sahəsində tikililər inşa etmişdir. Qeyd olunanlara əsasən 3-cü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1966/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia tələbi iddiaçının müvafiq iddia qaldırmağa subyektiv hüququnun olmaması səbəbindən mümkün sayılmamışdır.Qərardaddan nararzı qalan iddiaçı apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)- 1090/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1966/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək, məhkəməyə araşdırılması üçün geri qaytarılmışdır. Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-1090/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilən xüsusatları araşdıraraq, iş üzrə mütəxəssis rəyi almış və işin həqiqi halları öz təsdiqini tapmışdır.Bu səbəbdən məhkəmə işə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. Həmçinin mütəxəssis rəyinin alınması üçün yerli baxış təyin edilərək tərəflərlə əlaqə saxlanılmış və üçüncü şəxs X2 nümayəndəsi və vəkili Rəhimov X6 Rəna Ənvər qızı ilə əvvəlki birinci instansiya məhkəmə icraatı üçün müqavilə bağladığını bildirmiş və halhazırda müvəkkilinin ona təmsilçilik üçün müraciət etmədiyini bildirmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehə ünvanlanmış petenziya məktublarının surəti, poçt qəbzlərinin surəti, cavabdehin etiraz ərizəsi, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 584 nömrəli sərəncamı, Abşeron rayon Masazır Bələdiyyəsinin yerquruluşu planından çıxarışların surətləri, 37764 reyestr nömrəli, 542 saylı Qeydiyyat vəsiqəsinin surəti, İddiaçı müraciəti əsasında cavabdeh tərəfindən edilmiş tərtib xx.xx.2023-cü il tarixli müayinə aktı, Rəna Nəsibovanın müraciəti əsasında cavabdeh tərəfindən edilmiş tərtib xx.xx.2024-cü il tarixli müayinə aktı, Abşeron rayon Dövlət arxivinin F-907 nömrəli, xx.xx.2018-ci il tarixli arayışı, Abşeron rayon Dövlət arxivinin 3-48-1RA/2-638/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu, 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu, 3-21-3/32/2- 8532/24 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi, 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu, Abşeron rayon Dövlət arxivinin 3-48-1RA/2-873/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu, Masazır Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubu, 3-21-3/32/2-8875/2025 nömrəli, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəldiyi vaxtdan yaranmış olur. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyindən və işin faktiki hallarından məlum olmuşdur ki, iddiaçının təqdim etdiyi Bələdiyyənin yerquruluşu planından çıxarışda qeyd edilən koordinatlar daxilindəki torpaq sahəsi mübahisəli 0.08 ha torpaq sahəsidir və iddiaçı tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın onun müraciətini cavablandırmamışdır. Cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranmışdır imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Abşeron rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir. İlkin məhkəmə icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, “Abşeron Rayon İcra Hakimiyyəti başçısının 584 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamı ilə Xırdalan-Masazır şossesi yolunun şimalında iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından qeyd olunan 584 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamı ilə iddiaçının adına ayrılmış 0.10 ha torpaq sahəsinin yerinin müəyyən edilməsi mümkün olmamışdır.Lakin Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1966/2024 saylı müraciətinə əlavə edilmiş 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarla Azərbaycan Respublikası Abşeron rayon Dövlət Texniki inventarlaşdırma, Mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastrı idarəsi tərəfindən verilmiş inventar işi 542 olan 37764 qeydiyyat nömrəli Qeydiyyat vəsiqəsi əsasında X5 ayrılmış fərdi yaşayış evinin yerləşdiyi 0.08 ha torpaq sahəsinin 37764 qeydiyyat nömrəli texniki pasportda qeyd edilən tikilinin yerləşmə vəziyyətinə və qonşuluqlara nəzərən müəyyən edilmiş koordinatları tam olaraq üst-üstə düşür. Əlavə olaraq bildirir ki, iddiaçı tərəfindən 4 saylı Abşeron Ərazi idarəsinə edilmiş xx.xx.2023-cü il tarixli müraciətə əlavə edilmiş bələdiyyənin yerquruluşu planından çıxarış 0.10 ha torpaq sahəsinə dair olmaqla mübahisə predmeti olan torpaq sahəsindən 3200 m aralı məsafədə yerləşən və başqa şəxsin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən torpaq sahəsinə dair tərtib edilmişdir, idarənin mütəxəssisi tərəfindən qeyd olunan torpaq sahəsi müayinə edilmiş və müvafiq müayinə aktı tərtib edilmiş və elektron məhkəmə portalına yerləşdirilmişdir. Bundan başqa elektron məhkəmə portalına iddiaçı tərəfindən əlavə edilmiş yerquruluşu planından çıxarış 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edilmiş və mübahisə predmeti olan torpaq sahəsindən 3200 m aralı məsafədə yerləşən torpaq sahəsinə dair tərtib edilmiş texniki sənəd olmaqla 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş imtina barədə bildiriş məktubu və etiraz ərizəsi də mübahisə predmeti olan torpaq sahəsinə dair deyil təqdim edilmiş yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinə dair verilmişdir. Bildirir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair tərtib edilmiş yerquruluşu planından çıxarış ilk dəfə 4 saylı Abşeron Ərazi İdarəsinə Sumqayıt İnzibati Məhkəməsinin cari (xx.xx.2024-cü il tarixli, 2-1 (118)-1966/2024 saylı) müraciəti ilə daxil olmuşdur”. Həmin rəyin aydınlaşdırılması üçün idarənin müvafiq mütəxəssisi Apellyasiya icraatına dəvət edilmişdir. 4 saylı Abşeron Ərazi İarəsinin mühəndis-inventarlaçdırıcısı koolegiyada izah etmiş ki, mübahisə predmeti olan torpaq sahəsi onun tərəfindən müayinə edilmiş, həmin torpaq sahəsində üç mərtəbəli yaşayış evindən başqa hər hansı tikili mövcud olmamışdır. Lakin yekun mütəxəssis rəyi onun tərəfindən verilməmiş, idarənin başqa əməkdaşı tərəfindən imzalanmışdır. Rəydə yazılanlar onun qənaətini əks etdirmir. Həmçinin, iddiaçının nümayəndəsi məhkəmədə izah etdi ki, ilkin müraciət zamanı səhvən başqa torpaq sahəsinə dair yerquruluşu planından çıxarış təqdim edilmişdir. Mübahisəli torpaq sahəsinə aid yerquruluşu planından çıxarış 0.08 ha torpaq sahəsinə dair tərtib edilən və məhkəməyə təqdim edilən nüsxədir. Məhkəmə tərəfindən müvafiq yerquruluşu planlarındakı ziddiyətlərin araşdırılması məqsədilə Masazır Bələdiyyəsinə sorğu göndərilsə də lakin, müvafiq bələdiyyə tərəfindən bələdiyyənin texniki imkanlarının olmaması səbəbindən sorğu cavablandırılmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən təqdim edilən mübahisəli 0.08 ha torpaq sahəsinə dair yerquruluşu plan Abşeron RİH-nin Memarlıq şöbəsi ilə bələdiyyə tərəfindən birgə təsdiqlənmişdir. Ona görə də məhkəmə həmin yerquruluşu planından çıxarışı mötəbər sübut kimi qəbul etmişdir. Bu xüsusatı nəzərə alan məhkəmə iş üzrə yenidən mütəxəssis rəyi almışdır. Təqdim edilən 3-21-3/32/2-8875/2025 nömrəli, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “1-ci və 2-ci sualların cavablandırılması: İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə məhkəmə tərəfindən təqdim edilmiş 0.08 ha torpaq sahəsinə dair Abşeron rayonu Masazır Bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə uyğunluq təşkil edir. 3-cü 4-cü və 5-ci sualın cavablandırılması: Məhkəmə tərəfindən təqdim edilmiş texniki pasportda göstərilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin döngə nöqtələrinin koordinatları olmadığı üçün və texniki pasportda göstərilmiş tikili naturada aşkar edilmədiyindən sualların cavablandırılması mümkün olmamışdır. (2-1(118)-1966/2024 inzibati iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində: “ Abşeron Rayon İcra Hakimiyyəti başçısının 584 nömrəli,xx.xx.1992-ci il tarixli sərəncamı ilə Xırdalan-Masazır şossesi yolunun şimalında ona ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından qeyd olunan 584 nömrəli,xx.xx.1992-ci il tarixli sərəncamı ilə iddiaçının adına ayrılmış 0.10 ha torpaq sahəsinin yerinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1966/2024 saylı müraciətinə əlavə edilmiş 0.08 ha torpaq sahəsinə dair tərtib edilmiş yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarla Azərbaycan Respublikası Abşeron rayon Dövlət Texniki inventarlaşdırma, Mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastrı idarəsi tərəfindən verilmiş inventar işi 542 olan 37764 qeydiyyat nömrəli Qeydiyyat vəsiqəsi əsasında X5 ayrılmış fərdi yaşayış evinin yerləşdiyi 0.08 ha torpaq sahəsinin 37764 qeydiyyat nömrəli texniki pasportda qeyd edilən tikilinin yerləşmə vəziyyətinə və qonşuluqlara nəzərən müəyyən edilmiş koordinatları tam olaraq üst-üstə düşür” qeyd edilmişdir. Mütəxəssis rəyində bu qeydin aparılmasının səbəbi “Google Earth” proqramına əsasən mübahisə predmeti olan torpaq sahəsinin koordinatları daxilində 2008-2009-cu illərə dair görüntülərdə əks edilmiş mövcud olan tikilinin 37764 qeydiyyat nömrəli texniki pasportda qeyd edilən tikili ilə eyni məkanda yerləşməsi, tikilinin yerləşdiyi torpaq sahəsinin 37764 qeydiyyat nömrəli texniki pasportda qeyd edilən torpaq sahəsinin konfiqurasiyası, coğrafi mövqeyi və qonşuluqları ilə eynilik təşkil etməsi olmuşdur. Müvafiq görüntü mütəxəssis rəyinə əlavə edilmişdir. 6-cı sualın cavablandırılması: Abşeron rayonu Masazır Bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür”. Göründüyü kimi, işin faktiki hallarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, X5 ayrılmış fərdi yaşayış evinin yerləşdiyi 0.08 ha torpaq sahəsinin koordinatları “Google Earth” proqramına əsasən 2008-2009-cu illərə dair görüntülərdə əks edilmiş məlumatlar əsasında xəyali olaraq cavabdeh tərəfindən inzibati icraata salınmışdır.Yəni cavabdeh tərəfindən Rəna Nəsibovaya münasibətdə hüquqi əsası olmayan məlumatlar əsasında inzibati icraat aparıldığı müəyyən olunur. Halbuki, mütəxəssis rəyindən görünür ki, X5 aid 37764 qeydiyyat nömrəli texniki pasportda qeyd edilən tikili mövcud deyildir və onun iddia etdiyi torpaq sahəsinin koordinatları yoxdur. Həmçinin, Rəna Nəsibovanın müraciəti əsasında cavabdeh tərəfindən edilmiş tərtib xx.xx.2024-cü il tarixli müayinə aktına nəzər saldıqda torpaq sahəsinin faktiki ölçüsünün 0.0823 ha olduğu, 20.0 m2 yarımçıq tikilinin mövcud olduğu qeyd olunmuşdur.Halbuki, faktiki olaraq iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsindən uzun müddətdir istifadə edilir və İddiaçı tərəfindən cavabdehin xx.xx.2024-cü il tarixli müayinə aktınının tərtib etdiyi ərəfədə fərdi yaşayış evi tikilmişdir. Göründüyü kimi, ya X4 vəsiqəsində qeyd edilmiş torpaq sahəsi ayrı yerdədir, ya da ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya münasibətdə həqiqəti əks etdirməyən məlumatlar təqdim edilmiş və qanunsuz inzibati icraat aparılmışdır. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, Rəna Nəsibovaya təqdim edilmiş qeydiyyat vəsiqəsi iddiaçıya verilmiş hüquqmüəyyənedici sənəd olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının 584 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamından xeyli müddət sonra tərtib edilmişdir.Nəzərə alınmalıdır ki, iddiaçı uzun müddət həmin torpaq sahəsinin mübahisəsiz istifadəçisi olmuş, fərdi yaşayış evi tikdirmiş və Rəna Nəsibova tərəfindən torpaq sahəsinin əldə etdiyinin iddia olunduğu 2001-ci ildən etibarən iddiaçıya qarşı hər hansı pretenziyasının olmaması anlaşılan deyildir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçıya verilmiş hüquqmüəyyənedici sənəd olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının 584 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamı qüvvədədir və preyudisiyal əhəmiyyətə malikdir. Yəni müvafiq sərəncamın ləğv edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçıya verilmiş Abşeron rayon Dövlət Arxivin arayışından görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 584 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamı ilə iddiaçıya torpaq sahəsi ayrılmışdır. Daha sonra məhkəməyə təqdim edilmiş arxiv məktubundan məlum olur ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 584 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamı əsasında tərtib edilmiş adlı siyahıda iddiaçının adının olmaması qeyd olmuşdur. Qeyd edilən ziddiyətli halın araşdırılması məqsədilə məhkəmə tərfindən xx.xx.2025-ci ildə arxivə sorğu verilməsinə baxmayaraq, bu günə kimi həmin sorğu cavablandırılmamışdır. Məhkəmə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 584 nömrəli,xx.xx.1992-ci il tarixli sərəncamın qüvvədə olduğunu, yəni preyudisiyallığını nəzərə alaraq işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etdi. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 584 nömrəli,xx.xx.1992-ci il tarixli sərəncamın ilə Xırdalan-Masazır şosse yolunun şimalında fərdi yaşayış evi tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinin faktiki istifadəsində olan 0.08 ha hissəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin müraciətinə müsbət cavab ala bilməmişdir. Cavabdeh təşkilat imtinasının əsası kimi ayrıc aktının olması və torpaq sahəsinin kənd təsərrufatı təyinatlı torpaqlara aid olduğunu göstərmişdir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş 6 iyun 2012-ci il tarixinədək qüvvədə olan “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 17-ci maddəsinə əsasən yerli icra hakimiyyətlərinin sərəncamında torpaq sahələri, təbii obyektlər, maliyyə aktivləri, qeyri-yaşayış binaları, müəssisələr, digər əmlak kompleksləri, xalq təhsili, mədəniyyət, səhiyyə, icman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosialmədəni təbəbatının ödənilməsi üçün digər əmlak ola bilər.Həmin Əsasnamənin 18-ci maddəsinə Əsasnaməsinin yerli icra hakimiyyətləri sərəncamında olan obyektlər üzərində sərəncam verilməsini və onların idarə edilməsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İş materiallarından və işin faktiki hallarından görünür ki, iddiaçıya topaq sahəsi ayrılmış və Abşeron Rayon İcra Hakimiyyəti başçısının 584 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamı ilə onun mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Həmçinin, mübahisəli torpaq sahəsi Basazır bələdiyyəsinin yerquruluşu plandan çıxarışda göstərilən 0.08 ha torpaq sahəsinin koordinatlarına uyğundur və həmin yerquruluşundan plan rayon icra hakimiyyəti tərəfindən də təsdiqlənərək möhürlənmişdir.Göründüyü kimi icra hakimiyyətinin sərəncamı əsasında qeyd olunan torpaq sahəsi iddiaçı qanuni əsaslarla verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun, ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də cavabdeh orqan, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə, həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Məhkəmə cavabdehin idarənin etirazına dair gətirdiyi arqumenti əsassız hesab edərək, qeyd etməyi zəruri billir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-nin vəzifələri hesab edilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir.Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerquluşu işləri hesab olunur. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin görə DƏDKR fəaliyyət istiqamətləri, hüquq və vəzifələri öz əksini tapmış və həmin Nizamnamənin tələbləri çərçivəsində DƏDKR vəzifə səlahiyyətlərindən irəli gələn funksiyaları həyata keçirir. Belə ki, DƏDKR torpaq sahələrinə plan və ölçü sənədinin verilməsi, torpaq sahələrində mərzçəkmə işlərinin, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsi üçün yerquruluşu işləri aparılmaq kimi vəzifələri var. Nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi öz xidməti vəzifəsinə görə torpaq sahəsinin plan və ölçüsünün verilməsi torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün tələb edilir. Bu isə cavabdeh təşkilatın torpaq sahəsinin ilkin mülkiyyətçisinin mülkiyyət hüquqları qeydə alınan zamana plan və öçü sənədlərinin verilmədiyinə dair gətirdyi arqumenti əsassız edir. Hesab olunur ki, cavabdeh təşkilat sonradan qanunla üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsindən boyun qaçırmaqda haqlı olmadığına görə yaranmış çatışmamazlığı aradan qaldırmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti haqqında Qanunun 23.1-cü maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmçinin , Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.47-ci bəndinə əsasən müvafiq sahədə qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək səlahiyyəti verildiyi halda yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və fəaliyyət istiqamətləri üzrə aşkar olunan qanun pozuntuları ilə bağlı tədbirlər görülməsini təmin etmək DƏDKR-in vəzifələrinə aid edilmişdir. Cavabdeh təşkilatın etiraz ərizəsində gətirdiyi arqumentə, yəni torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ilə eyni ərazidə yerləşən torpaq sahələri əldə etmiş iddiaçının qonşularının mülkiyyət hüququ tanınmış və həmin çıxarışlarda torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları kimi qeyd olunmuşdur. Qeyd olunan daşınmaz əmlaklar qeydə alınarkən torpaq sahəsinin kənd təsərrüfatı kateqoriyalı torpaq sahələri olmasını cavabdeh təşkilat tərəfindən nəzərə alınmadan qeydə alınması cavabdeh təşkilat tərəfindən iddiaçıya münasibətdə “İnzibati İcraat” haqqında Qanunda nəzərdə tutulmuş Bərabərlik və Çoxun azı ehtiva etməsi prinsiplərinin pozulmasına dəlalət edir. Belə ki, “İnzibati İcraat” haqqında Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 584 nömrəli sərəncamı ilə Xırdalan-Masazır şosse yolunun şimalında fərdi yaşayış evi tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinin faktiki istifadəsində olan 0.08 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №2-1(118)-4589/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4589/2025
14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver