Məhkəmə qərarları › İş №2-1(118)-4597/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4597/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4597/2024 22.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, 54/24 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,0675 ha torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, 54/24 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,0675 ha torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsini istəyir. (İddia tələbi dəqiqləşdirilmişdir.) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, 54/24 saylı yaşayış evini 15 fevral 2001 -ci il tarixdə alqı-satqı müqaviləsi əsasında almışdır. Alqı-satqı müqaviləsinin əsasında hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirərək Qeydiyyat vəsiqəsi əldə etmişdir. Yaşayış evinə dair texniki pasport 26 avqust 1993-ci il tarixdə tərtib edilmiş və həmin texniki pasportda torpaq sahəsinin ölçüsü göstərilmişdir. İstifadəsində olan və texniki pasportda göstərilən 0,0675 ha torpaq sahəsi üzərində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq 2 mərtəbəli fərdi yaşayış evi inşa edib başa çatdırmışdır. Bu barədə məlumatdırma qaydasında xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Fərdi yaşayış evi və istifadəsində olan torpaq sahəsi üzərində vahid əmlak əsasları ilə adına yeni çıxarış almaq üçün cavabdeh idarəyə müraciət etmişdir. Cavabdeh idarədən xx.xx.2024-cü il tarixli, imtina məktubu yazılaraq sözgedən yaşayış sahəsinin mənzil fondundan ayrıldığı və yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə olunmadığı bildirilmişdir. Həmçinin, imtina məktubunda yaşayış evində rekonstruksiya işlərinin aparıldığı, yaşayış evinin üzərində 2-ci mərtəbənin inşa edildiyi göstərilmişdir. Sözügedən imtina məktubunu 24 aprel 2024-cü il ildə almışdır. Hesab edir ki, cavabdeh idarənin imtinası qanunsuzdur və yaşayış binası, onun altında yerləşən və istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının əldə edilməsinə maneçilik törədir. İddiaçı “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 10.1, 10.2.3-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.4.-cü bəndinə istinad edərək qeyd edir ki, imtina məktubunda mülkiyyətində olan yaşayış evinin mənzil olduğu bildirilir. Cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlak “mənzil” kimi göstərilsə də alınsa da, xüsusiyyətlərinə görə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahə deyil, ayrıca həyətyanı sahəyə, ayrıca giriş-çıxışa, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş evdir. Belə olan halda, cavabdeh idarənin Dövlətin qanunlarına məhəl qoymadan verdiyi imtina cavabı qanunsuz və əsassızdır. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının13-cü maddəsinə, Mülki Məcəllənin 139.1-ci, 157.1-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, evin tikilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir, memarlıq şöbəsindən də təsdiqini almışdır. xx.xx.1993-cü ildə texniki pasport alınıb və orda torpaq sahəsi göstərilmişdir. 2001-ci ilin yanvar ayının 1-dək torpaq sahəsinin ölçüsü göstərilməklə tərtib edilmiş texniki pasport daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsas təşkil edir. Qarşı tərəf bələdiyyə qərarı olmalıdır deyir. Lakin bu evlər 1953-1956-cı illərdə tikilib və o vaxt bələdiyyə yox idi. Fərdi yaşayış evi kimi tikilmişdir. Sovet dövründə tikilmişdir. Burda bir ev deyil, çox ev tikilmişdir. Evlər ardıcıl tam məhəllə kimi tikilmişdir. Heç kim heç kimin ərazisinə keçə bilməz. Sovet hökuməti dağılıb və indindən sonra mənzil sözünə düzəliş edə bilməz. Texniki pasportda da yazılmışdır ki, ev İddiaçı məxsusdur. 1993-cü ildə reyestr xidməti özü texniki pasport verirsə bu halda əvvəlki qüvvədən düşür. Texniki pasportda nə göstərilirsə onun qeydə alınmasını istəyir. Sovet dövründə binaların hamısı hökümətə məxsus idi. Müstəqil dövlət olandan sonra icazə verilmişdir ki, hamısı özəlləşdirilsin. İddiaçı konkret 0.0675 ha torpağa görə iddia qaldırmışdır. İddiaçı məhkəmə suallarına cavabında qeyd etmişdir ki, mübahisə halı yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, izahatında bildirmişdir ki, arxiv araşdırması aparılmış və müəyyən edilmişdir ki, mənzilin kökündə order dayanır. Dövlət Mənzil Fondunun yaşayış sahələrinə aid olmuşdur. Orderlə ayrıldığı üçün əlavə olaraq torpaq sahəsinə də sənəd təqdim edilməlidir. Fərdi yaşayış evi kimi yox, mənzil kimi qeydiyyatdan keçmişdir. Baxmayaraq ki, 1-2 mərtəbəli fərdi yaşayış evi kimi görünür. Qeydiyyatı mənzil kimi aparıldığına və order əsasında ayrıldığına görə bu mənzillərin torpaq sahəsinin özəlləşməsi qanunda nəzərdə tutulmamışdır. Kökündə order dayandığına görə torpağa çıxarış verilə bilməz. Ancaq bələdiyyə qərarı olarsa verilə bilər. Fərdi yaşayış evi kimi görünsə də vaxtilə əvvəlki mülkiyyətçiyə order əsasında verilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: xx.xx.1993-cü il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportundan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 675 kv.m təşkil edir. İnventar işi 7702 olan qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, 54/24 saylı yaşayış evi 2 saylı DNK-nın xx.xx.2001-ci il tarixli 4Ə-1/38 №li reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında iddiaçının adına qeydə alınmışdır. Fərdi yaşayış evinin eskiz layihəsi Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 03 iyun 2024-cü il tarixli, 3-21-3- 31/2-1977/2024 məktubuna əlavə edilmiş xx.xx.2001-ci il tarixli, Sumayıt şəhəri 2 saylı DNK-nın xx.xx.2001-ci il tarixli 4Ə-1/38 №li reyestrdə qeydə alınmış mənzilin alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, 54/24 saylı yaşayış evi İddiaçı X2 tərəfindən satılmışdır. Məhkəmə sorğusuna cavab olaraq torpaq sahəsinə dair müayinə aktı və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Müayinə aktında müayinənin nəticəsi olaraq qeyd edilmişdir ki, Texniki inventarlaşdırma aparılmışdır. 0.0707 ha torpaq sahəsindən istifadə olunur. Texniki pasport üzrə göstərilmiş fərdi yaşayış evinə bitişik tikintialtı sahəsi 19.3 kv.m olan əlavə mətbəx inşa olunmuşdur. Bundan əlavə fərdi yaşayış evinin üzərində ikinci mərtəbə inşa olunmuşdur. Bu dəyişikliklər təqdim olunmuş layihədə öz əksinin tapmışdır. Layihə faktiki vəziyyətə uyğundur. İkinci mərtəbədə layihədən kənar tikintialtı sahəsi 5.0 kv.m olan bağlı eyvan inşa olunmuşdur. Baş planda göstərilmiş “Б” tikilisindən qeyri-yaşayış obyekti kimi istifadə olunur. Faktiki olaraq torpaq sahəsində həyət tikililəri mövcuddur. Yerüstü kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin sərhədləri və qonşuluqları: daş hasarla əhatə olunub. Qeyd: Mübahisəli hal baş vermədi. İcazəsiz tikililər: yoxdur. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, 54/24 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,0675 ha torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, sözügedən yaşayış sahəsinin dövlət mənzil fondundan ayrıldığı və yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə olunmadığı müəyyən olunmuşdur. İdarənin mütəxəssisi tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman xx.xx.1993-cü il tarixində tərtib olunmuş texniki pasportda qeyd olunmuş, ümumi sahəsi 136.5 kv.m. olan yaşayış evində rekonstruksiya işlərinin aparıldığı, yaşayış evinin üzərində ikinci mərtəbənin inşa edildiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, cavabdeh imtinasını təşkil edən əsaslar: - mənzilin kökündə order dayanması və sözügedən yaşayış sahəsinin dövlət mənzil fondundan ayrılması; - yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə olunmaması; - xx.xx.1993-cü il tarixində tərtib olunmuş texniki pasportda qeyd olunmuş, ümumi sahəsi 136.5 kv.m. olan yaşayış evində rekonstruksiya işlərinin aparıldığı, yaşayış evinin üzərində ikinci mərtəbənin inşa edilməsi. Cavabdehin imtinasının 1-ci və 2-ci əsasına münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi yaşayış evinə dair xx.xx.1993-cü il tarixli texniki pasport tərtib edilmişdir. İnventar işi 7702 olan qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, 54/24 saylı yaşayış evi 2 saylı DNK-nın xx.xx.2001-ci il tarixli 4Ə-1/38 №li reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında iddiaçının adına qeydə alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən ...qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi mövcuddur. Qanunun 8.0.5-ci maddəsinə əsasən qeydiyyat vəsiqəsi daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsas təşkil edir. Yuxarıda istinad olunan normaların mənasına və təfsirinə görə qeydiyyat vəsiqəsi daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan qeydiyyat vəsiqəsinin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Digər tərəfdən, fərdi yaşayış evi üzərində iddiaçının hüququnu təsdiq edən həmin qeydiyyat vəsiqəsi həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda isə torpaq sahəsi 675 kv.m ölçüdə qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanında qeyd edilmişdir ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına aid edilmişdir. Həmin Siyahının 2.4-cü bəndinin tələblərinə görə torpaq sahəsi üzərində hüquqların əldə edilməsini təsdiq edən texniki pasportlar aşağıdakı xüsusiyyətlərə malik olmalıdırlar: - üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evi olmalıdır; - həyətyanı torpaq sahəsinin ölçüsü göstərilməlidir; - texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmalıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş müayinə aktında faktiki olaraq 0.0707 ha torpaq sahəsindən istifadə edildiyi qeyd edilsə də, iddiaçının tələbi texniki pasportda göstərilən ölçüdə olduğuna görə torpaq sahəsinə dair hüququn qeydə alınmasını istisna edən hal müşahidə olunmur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının adına 2001ci il tarixədək tərtib edilmiş 26 avqust 1993-cü il tarixli texniki pasport olduğuna görə həmin sənəd iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas təşkil edir. Cavabdehin imtinasının üçüncü əsasına münasibətdə məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, fərdi yaşayış evinin eskiz layihəsi Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmışdır. İddiaçı tərəfindən 2-ci mərtəbənin inşası barədə məlumatlandırma icraatı qaydasında Sumqayıt şəhər İcra Hakimiyyətinə məlumat verilmişdir. Bu halda məhkəmə qeyd edir ki, iddiaçının fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair vahid daşınmaz əmlak olaraq çıxarışın verilməsini istisna edən hal mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, 54/24 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,0675 ha torpaq sahəsi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar