Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-46/2025 07.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 oktyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. JN 0055 KOD 41013028 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 32 nömrəli qərarı ilə İddiaçı və X1 təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,74 ha torpaq sahəsi verilmişdir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 17 iyun 2022-ci il tarixli, **********43 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zamanı məlum olmuşdur ki, JN-0055, KOD 41013028 nömrəli dövlət aktına əsasən mülkiyyətində olan 0,74 ha torpaq sahəsi iki hissədən ibarətdir: 0,6524 ha və 0,0899 ha.dır. Bildirilmişdir ki, torpaq sahəsinin 0,6524 ha hissəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxıla bilər. Mülkiyyətində olan digər 0,0899 ha torpaq sahəsinin müayinəsi zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evləri mövcuddur. Torpaq sahəsi mübahisəli ərazidə yerləşdiyinə görə, onun üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 10 oktyabr 2022-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, İddiaçı məxsus 0,0899 ha torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evlərinə dair Ərazi idarəsinin arxivində hər hansı bir hüququn qeydiyyatı ilə bağlı məlumat aşkar edilməmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 3 sentyabr 2025-ci il tarixli, 3-21-3-41/2-2623/2025 nömrəli məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin baza arxiv məlumatlarında 2-ci nüsxəsi aşkar edilmişdir və həmin dövlət aktının JN-0055 nömrəli kontoruna dair dövlət reyestrində hər hansı bir əməliyyat aparılmamışdır.
5. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 15 sentyabr 2025-ci il tarixli, 3-18/2-3701/2025 nömrəli məktubundan görünür ki, Fövqəladə Hallar Nazirliyinin iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini məqsədəuyğun hesab edilməmiş, qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 6 iyun 2012-ci il tarixli, 61 nömrəli sərəncamından görünür ki, Şamaxı rayonunun Muğanlı və Saqiyan kəndləri ərazisində baş vermiş sürüşmənin təsiri nəticəsində fərdi yaşayış evlərinin tamamilə yararsız hala düşdüyünü və proseslərin dinamikasındakı inkişafı nəzərə alaraq sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə köçürülməsi nəzərdə tutulmuş ərazidə Muğanlı kənd sakinləri üçün 47, Saqiyan kənd sakinləri üçün 15 fərdi yaşayış evlərinin tikilməsinə icazə verilməsi qərara alınmışdır. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi və Muğanlı bələdiyyəsi tərəfindən təsdiq edilmiş Şamaxı rayonu, Muğanlı kəndində sürüşmə zonasına düşən ailələr üçün salınacaq yeni yaşayış sahəsinin planı. - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 aprel 2013-cü il tarixli, 75s nömrəli sərəncamından görünür ki, Şamaxı rayonunun Muğanlı kəndində torpaq sürüşməsi nəticəsində yaşayış evləri və həyətyanı torpaq sahələri yararsız vəziyyətə düşmüş 62 ailənin təhlükəsiz əraziyə köçürülməsi məqsədi ilə kommunikasiya xətlərinə yaxın ərazidə yerləşən və 81 ailənin xüsusi mülkiyyətində olan (mülkiyyətçilərin rəsmi razılıqları nəzərə alınmaqla) 14,49 ha əkin sahəsinin (o cümlədən, 13,31 ha-nda həyətyanı sahə ilə birlikdə fərdi yaşayış evlərinin və 1,18 ha-nda 180 şagird yerlik kənd tam orta məktəbinin tikintisi üçün) təyinatının dəyişdirilərək, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi barədə Şamaxı Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılaşdırılmış təklifi qəbul edilmişdir. - Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş Şamaxı rayonu, Muğanlı kənd ərazisində Muğanlı sakinləri üçün tikilmiş 48 evin yeni yaşayış massivi və məntəqəsinə dair “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktı”.
6. X5 Filialının 17 sentyabr 2025-ci il tarixli, 3-48-DA-11F/2-699-39-25 nömrəli məktubu ilə Şamaxı Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 32 saylı qərarının surəti qoşma şəklində göndərilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri:
7. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Şamaxı rayonu, Muğanlı kəndində yerləşən 0,899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Muğanlı kəndində iddiaçıya məxsus 0,899 ha kənd təssərüfatlı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış və JN-0055 KOD 41013026 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı mövcuddur. Lakin cavabdeh orqan həmin sahədə tikintinin olmasını əsas gətirir. Halbuki, artıq mülkiyyət hüququ torpaq sahəsi üzərində qeydə alınmış və çıxarışın verilməsi yalnız texniki məsələdir.
9. İddia tələbinin prosessual hüquqi əsası kimi İPM-in 2.1-ci maddəsinə istinad edilmişdir.
10. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
11. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
12. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər əsasında cavabdeh orqanın mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddia olunan torpaq sahəsinin üzərində hal-hazırda fərdi yaşayış evləri mövcuddur. Şamaxı rayonunun Muğanlı, Saqiyan, Qaravəlli kəndləri ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində Şamaxı rayonun Meysəri kəndi yaxınlığında yerləşən, lakin Muğanlı kəndinə aid olan pay torpaq sahələrindən 13,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri geri alınmış və onun üzərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən fərdi yaşayış evləri inşa olunmuşdur.Geri alınmış torpaq sahələrinin kateqoriyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2013-cü il tarixli, 75S saylı sərəncamı ilə yaşayış məntəqələrinin torpaqlarına aid edilmişdir. İddiaçıya məxsus 0,0899 ha torpaq sahəsi həmin massivdə yerləşir. İddia olunan torpaq sahəsi mübahisəli ərazidə yerləşdiyinə görə, həmin torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.
14. Etirazın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 9, 23-cü maddələrinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi izahat verərək, etiraz dəlillərini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, baş verən sürüşmə nəticəsində mübahisə predmeti olan torpaq sahəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamı ilə kateqoriyası dəyişdirilmiş, müvafiq icra hakimiyyətinin sərəncamı əsasında yaşayış binaların inşa edilməsinə və istismarına icazə verilmişdir. Qeyd edilən prosedurun aparılması, torpaq sahəsinin ayrılması üçün mülkiyyətçilərə müvafiq icra orqanları tərəfindən kompensasiyanın ödənilməsinin mümkün olduğunu qeyd etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.
18. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
19. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
20. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
22. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
23. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
25. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur: Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-) Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır;
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. (-)
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-)
Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi (-) 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-)
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)
28. TM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-)
Maddə 66.Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Maddə 67.Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-)
Maddə 68.Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
29. MM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)
Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)
30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
32. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
c) Məhkəmənin mövqeyi
33. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.
34. İddiaçı tərəfin mövqeyinə görə, Şamaxı rayonu, Muğanlı kəndində iddiaçıya məxsus 0,899 ha kənd təssərüfatlı təyinatlı torpaq sahəsinə dair JN-0055 KOD 41013026 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı mövcuddur. Lakin həmin sahədə tikintinin mövcud olmasını əsas gətirilərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir.
35. Cavabdehin etirazı isə ondan ibarətdir ki, iddia olunan torpaq sahəsinin üzərində hal-hazırda fərdi yaşayış evləri mövcuddur. Belə ki, Şamaxı rayonunun Muğanlı, Saqiyan, Qaravəlli kəndləri ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində Şamaxı rayonun Meysəri kəndi yaxınlığında yerləşən, lakin Muğanlı kəndinə aid olan pay torpaq sahələrindən 13,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri geri alınmış və onun üzərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən fərdi yaşayış evləri inşa olunmuşdur.
36. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh orqanın baza məlumatlarında mövcud olan JN 0055 KOD 41013028 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 32 nömrəli qərarı ilə iddiaçı və X3 0,74 ha torpaq sahəsi verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçıya ayrılmış torpaq sahəsi 0,6524 ha və 0,0899 ha hissələrdən ibarətdir. 0,6524 ha hissəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olduğu, lakin digər 0,0899 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evlərin mövcud olduğu müəyyən edilmişdir.
37. Məhkəmənin sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilmiş sənədlərdən isə müəyyən edilmişdir ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 6 iyun 2012-ci il tarixli, 61 nömrəli sərəncamı ilə Şamaxı rayonunun Muğanlı və Saqiyan kəndləri ərazisində baş vermiş sürüşmənin təsiri nəticəsində fərdi yaşayış evlərinin tamamilə yararsız hala düşdüyünü və proseslərin dinamikasındakı inkişafı nəzərə alaraq sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə köçürülməsi nəzərdə tutulmuş ərazidə Muğanlı kənd sakinləri üçün 47 fərdi yaşayış evlərinin tikilməsinə icazə verilməsi qərara alınmış, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi və Muğanlı bələdiyyəsi tərəfindən təsdiq edilmiş Şamaxı rayonu, Muğanlı kəndində sürüşmə zonasına düşən ailələr üçün salınacaq yeni yaşayış sahəsinin planı tərtib edilmişdir.
38. Bundan əlavə, Nazirlər Kabinetinin 5 aprel 2013-cü il tarixli, 75s nömrəli sərəncamı ilə Şamaxı rayonunun Muğanlı kəndində torpaq sürüşməsi nəticəsində yaşayış evləri və həyətyanı torpaq sahələri yararsız vəziyyətə düşmüş 62 ailənin təhlükəsiz əraziyə köçürülməsi məqsədi ilə kommunikasiya xətlərinə yaxın ərazidə yerləşən və 81 ailənin xüsusi mülkiyyətində olan 14,49 ha əkin sahəsinin, o cümlədən, 13,31 ha-nda həyətyanı sahə ilə birlikdə fərdi yaşayış evlərinin və 1,18 ha-nda 180 şagird yerlik kənd tam orta məktəbinin tikintisi üçün təyinatının dəyişdirilərək, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi barədə Şamaxı Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılaşdırılmış təklifi qəbul edilmişdir.
39. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinə əsasən bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətlərinə aiddir.
40. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.3-cü maddəsinə əsasən müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi torpağın alına biləcəyi dövlət ehtiyaclarına aiddir.
41. Göründüyü kimi, iddiaçıya Şamaxı rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə kənd təsərrüfatı məhsulların istehsalı məqsədilə ayrılmış torpaq sahəsinin bir hissəsi üzərində qanunvericiliyin normalarına uyğun olaraq Şamaxı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında kənd ərazisində baş vermiş sürüşmənin qarşısının alınması və sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə evlərinin tikilməsinə icazə verilmiş, buna uyğun olaraq salınacaq yeni yaşayış sahəsinin planı tərtib edilmiş, müvafiq icra orqanların razılaşdırılmış təklifi ilə Nazirlər Kabinetinin sərəncamı əsasında torpaq sahəsinin kateqoriyası dəyişdirilərək, yaşayış məntəqələrinin torpaqlarına aid edilmişdir. Qeyd edilən prosedurun aparılması zamanı iddiaçı tərəfindən hər hansı etiraz və ya torpaq sahəsinin dövlət ehtiyacları üçün ayrılmasına dair münasibət bildirilməmiş, bu barədə sübut təqdim edilməmişdir.
42. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
43. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova