Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-460/2020 04.12.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Kazımova İradə Səlim qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “iddiaçıya 1990-1998-ci illərə və 1998-2001-ci illərə görə istifadə etmədiyi əmək məzuniyyəti üçün pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçıya 1990-1998-ci illərə və 1998-2001-ci illərə görə istifadə etmədiyi əmək məzuniyyəti üçün pul kompensasiyasının ödənilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxx 1951-ci ildə anadan olmuşdur. 1990-1998-ci illərdə Şamaxı rayonu üzrə Dövlət Vergi Müfəttişliyinin rəisi 1998-2001-ci illərdə Bakı şəhəri, Binəqədi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində “Baş Dövlət Vergi Müfəttişi” vəzifəsində işləmişdir. Vəzifədən çıxarkən iddiaçıya istifadə etmədiyi illərin əmək məzuniyyətinə kompensasiyası ödənilməmişdir. Buna görə də cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli **********19900 saylı və xx.xx.2019-cu il tarixli **********657200 saylı məktubları ilə iddiaçının tələbini təmin etməmişdir. Cavabdeh məktublarında AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci və 4-cü bəndlərinə istinad edərək xahişindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə görə “Əmək məzuniyyəti- işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.” Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin 2002-ci il 29 noyabr tarixli qərarı ilə AR ƏM-nin 144-cü maddəsinin 2-ci hissəsini şərh edərək göstərmişdir ki, “əmək müqaviləsinə xitam verilərkən 1999- cu il iyulun 1-dək istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi həmin dövrdə qüvvədə olan qanunvericiliklə, həmin tarixdən sonra istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzi isə qüvvədə olan Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə müvafiq ödənilməlidir.” AR Əmək Qanunvericiliyində işçilərin əmək məzuniyyətlərindən istifadə etməsi üçün iddia müddəti müəyyən edilməmişdir. Bütün işçilər məzuniyyət hüququndan natura formasında, yəni faktiki olaraq istifadə etməlidir. Eyni zamanda işçi istənilən səbəbə görə həmin iş illəri üçün əmək məzuniyyətindən istifadə etmədikdə ona müəyyən olunmuş qaydada və məbləğdə pul kompensasiyası ödənilir. Cavabdehin ƏM-nin 296-cı maddəsinə istinad etməsi əsassızdır. Çünki qanunda işçilərin əmək məzuniyyətlərindən istifadə etməsi üçün iddia müddəti müəyyən olunmamışdır. (AR ƏM-nin Kommentariyası, Bakı 2007-ci il, səh.398). Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət etmiş və ərizədə qeyd etmişdir ki, qanunvericiliyin tələbi və işin faktiki halları nəzərə alınmaqla hazırki iş üzrə iddia müddəti tətbiq olunmalıdır. Belə ki, Binəqədi rayonu üzrə Dövlət X4-Dövlət müəssisələrində vergi qanunvericiliyinə nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində işləyən İddiaçı Dövlət X2 Komissiyasının xx.xx.2000-ci il tarixli 7 nömrəli əmri ilə işdən azad edilmiş, lakin buna baxmayaraq iddiaçı həmin vaxtdan 2019-cu ilədək istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyasının ödənilməsi ilə bağlı Vergilər Nazirliyinə hərhansı müraciət etməmişdir. Cavabdeh ilk növbədə məhkəmənin nəzərinə çatdırır ki, “İnzibati Məhkəmə İcraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hərhansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdadiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətlərinin siyahısı Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 373.4-cü maddəsinə görə tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisəbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Məlum olduğu kimi işçinin işəgötürənə qarşı pul tələbi ilə bağlı iddia müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, iddiaçı 2000-ci ildə işdən azad edilməsinə baxmayaraq məhkəmə iddia ərizəsinin tarixinə əsasən (xx.xx.2019) 19 il uzun müddət keçdikdən sonra pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçının tələb hüququnun axımı müvafiq əmrlə işdən azad edildiyi gündən başlandığından o qanunveriliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Başqa sözlə iddiaçı qanunvericiliklə ona verilmiş prosessual hüququn həyata keçirilməsinə müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara öhdəliyin icrası haqqında iddia hesab olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1ci hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həm İPM-nin 11-ci, həm də MPM-nin 8-ci maddələrinə əsasən ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir işə eyni qaydada, eyni prosessual müddət və formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş və bildirmişdir ki, ilk növbədə iddia müddəti tətbiq edilməklə iddia mümkün hesab edilməmlidir. İddia mümkün hesab edilsə belə iddiaçının məzuniyyətlə bağlı sənədlərinin saxlama müddəti bitdiyi üçün iddia əsaslı hesab edilə bilməz, bu halda isə iddia rədd edilməlidir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası kimi qiymətləndirildiyinə və həmin iddialara müddət tətbiq edilmədiyinə görə iddia müddəti tətbiqi əsası ilə iddianın mümüknsüzlüyü yolverilməzdir və iddianı mümüknsüz edən digər əsaslarda müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə görə “Əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.” Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İddiaçı Baş Dövlət X2 Komissiyasının xx.xx.2000-ci il tarixli 7 nömrəli əmri ilə işdən azad edilmişdir. İddiaçının tələbi ona iddiaçıya 1990-1998-ci illərə və 1998-2001-ci illərə görə istifadə etmədiyi əmək məzuniyyəti üçün pul kompensasiyasının ödənilməsindən ibarətdir. İddiaçı hazırki tələblə inzibati orqana xx xxxxxxxx 2019-cu il tarixli ərizə ilə müraciət etmiş, cavabdehin xx xxxx 2019-cu il tarixli, **********199900 saylı məktubu ilə iddiaçının müraciəti təmin edilməmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2000-ci il tarixdə işdən azad edilsədə, 19 ildən artıq olan müddət sonra inzibati orqana və məhkəməyə müraciət etmişdir. İddiaçı istifadə etmədiyi əmək məzuniyyəti üçün pul kompensasiyasının ödənilməsini xahiş etsədə həmin kompensasiyanı almamsı ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının Milli X3 xx xxxxx 2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanılma müddətləri göstərilməklə nümunəvi Siyahısının tətbiq olunmasına dair Göstərişə”əlavə olunmuş siyahının 20-ci və 211-ci sətrində məzuniyət əmrlərinin və məzuniyyətlərin ödənilməsi ilə bağlı sənədlərin saxlanılma müddəti 5 il müəyyən edilmişdir. Buna əsasən İddiaçı barədə məzuniyyət əmrləri və məzuniyyətlərin ödənilməsi ilə bağlı sənədlərin Dövlət Vergi Xidmətində saxlanıldığı müəyyən edilməmişdir. Göründüyü kimi iddianın təmini üçün vacib olan iddiaçının istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya almaması ilə bağlı sübutlar mövcud deyil. Məhkəmə hesab edir ki, iddiaçının 19 ildən artıq müddət sonra inzibati orqana müraciət etməsi sübutların əldə edilməsi baxımından məsuliyyətin onun üzərində qalmasına əsas yaratmışdır. Beləliklə yuxarıda qeyd olunanlar iddianın təmin edilməməsi üçün əsasən təşkil edir və qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-460/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-460/2020
04.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver