Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-461/2023 04.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “iddiaçı ilə keçirilmiş müsahibələrin nəticəsi üzrə onun ümumi təhsil müəssisəsinə müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunmasına razılıq verilməməsi barədə cavabdehin hərəkətlərinin qanunsuz sayılması və cavabdehin müvafiq səlahiyyətli qurumu tərəfindən keçirilən 26 aprel 2022-ci il tarixli şifahi müsahibədə ona ünvanlanmış suallara verdiyi cavabların məqbul qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla keçirilmiş müsahibələrin nəticəsi üzrə onun ümumi təhsil müəssisəsinə müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunmasına razılıq verilməməsi barədə cavabdehin hərəkətlərinin qanunsuz sayılması və cavabdehin müvafiq səlahiyyətli qurumu tərəfindən keçirilən 26 aprel 2022-ci il tarixli şifahi müsahibədə ona ünvanlanmış suallara verdiyi cavabların məqbul qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun “İbtidai təhsilin metodikası və pedaqogikası” üzrə bölməsini bitirmişdir. 07 iyul 2021-ci il müəllimlərin işə qəbul (MİQ) imtahanında ibtidai sinif müəllimi ixtisası üzrə iştirak edərək 54 bal toplamışdır. 2022-ci il 7 yanvar tarixində X1 zənglə Sumqayıt şəhər M.Müşviq adına 34 nömrəli məktəbə çağırılmışdır. 2022-ci ilin 5 aprel tarixində müddətsiz müqavilə ilə işə qəbul üçün Nazirlik tərəfindən təşkil edilmiş mərkəzləşdirilmiş müsahibədə iştirak etmişdir. Müsahibədə psixoloq və ixtisas müəlliminin bütün suallarını cavablandırmış, lakin dünyagörüşünü yoxlayan komissiya üzvünün bəzi suallarını cavablandıra bilməmişdir. 13 aprel tarixində Təhsil Nazirliyi tərəfindən şəxsi səhifəsi vasitəsilə ona ünvanlanmış cavabda iddiaçının tutduğu vakant yerə uyğun görülmədiyi bildirilmişdir. Bundan sonra iddiaçı 26 aprel 2022-ci il tarixdə yenidən təşkil olunan apellyasiya müsahibəsində iştirak etmiş və o, komissiya üzvlərinin bütün suallarını doğru və düzgün cavablandırmışdır. 30 aprel 2022-ci il tarixdə şəxsi səhifəyə yenə eyniməzmunlu cavab yerləşdirdirilərək onun tutduğu vakant yerə uyğun görülmədiyi bildirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin baş mütəxəssisi Tünzalə Quliyevanın qəbulunda olaraq müsahibə nəticələrinin, o cümlədən apellyasiya müsahibəsi mərhələsinin də nəticələrinin yenidən obyektiv araşdırılması, ona qarşı yol verilmiş ayrı-seçkiliyin aradan qaldırılması barədə ərizə ilə nazirliyə müraciət etmişdir. Həmin mütəxəssis tərəfindən müsahibələrdə iştirakının videolarına yenidən baxılacağı ona bildirilmişdir. 10 may 2022-ci il tarixdə nazirlikdən barəsində verilmiş qərarın dəyişilməz olaraq saxlanıldığı bildirilmişdir. Müsahibədə iştirakının nəticələrinə dair qərar nə şəxsi kabinet, nə də poçt vasitəsi ilə iddiaçıya təqdim edilməmiş, eyni zamanda müsahibə barədə qeyri-məqbul qərar qəbul edilməsinin səbəbləri ona bildirilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı suallara cavab verməyə çalışsa da tam hazırlıqlı olmaması, pedaqoji prosesinin təşkiletmə qabiliyyətinin aşağı olması, ümumi aurasının xoş təsir bağışlamasına baxmayaraq ümumi cavablarının qane etməməsi baxımından ona xx.xx.2022ci il tarixdə imtina verilmişdir. Belə ki, qiymətləndirmə cədvəlinə əsasən iddiaçının komissiya tərəfindən qiymətləndirilməsi aşağıdakı kimi qeyd edilmişdir: Peşəkar kompetensiyalar meyarı üzrə verilən suallara tam dolğun cavab verə bilmədi. Mövzunu təqdim etsə də ümumi bilikləri aşağı səviyyədədir. Təqdim etdiyi mövzunu izah edərkən fikrini tam ifadə edə bilmirdi. İxtisasına uyğun inteqrativ sual qura bilmədi. Ümumiyyətlə, inteqrativ və interaktiv sualları qarışdırırdı. Hansı ki, müəllim sual qurmağı bacarmalıdır. Ümumi dünyagörüşü ilə əlaqəli verilən suallara aşağı səviyyədə cavab verdi. Təhsil qanunvericiliyi ilə bağlı bilikləri çox zəifdir. Qiymətləndiirlməylə bağlı suallara tam dolğun cavablar verə bilmədi. Məsələn, summativ qiymətləndirilmə ilə bağlı verilən sualları yalnız yönləndirmə yolu ilə cavablandırırdı. Summativ qiymətləndirmə apararkən şagirdlərə təqdim edilən sualların tərtibatı zamanı sualların səviyyəsini doğru bölməyi bacarmadı. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tam və hərtərəfli baxılmasının təmin edilməsi üçün iddiaçının müsahibə nəticələrinin video görüntülərinə baxış keçirilməsi və protokol tərtib edilməklə rəy verilməsi üçün Bakı Slavyan Universitetindən mütəxəssis rəyinin əldə edilməsini zəruri hesab etmişdir. İddiaçının video nəticələrinə baxış keçirilmiş, lakin linqvistik ekspertiza ilə bağlı fəaliyyətin dayandırılması səbəbindən Bakı Slavyan Universitetinin rəy verməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və cavabdehin həmin mübahisəni mahiyyəti üzrə həll edilməməsi mövcud olmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərara əsasən idianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqəsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İdiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hazırda Sumqayıt şəhər Texniki və Təbiət Elmləri liseyində pedaqoji fəaliyyətə başlamışdır. Yəni, iddiaçı hazırda müəllim kimi fəaliyyət göstərir. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Hal-hazırkı vəziyyətdə iddiaçının pedaqoji fəaliyyətlə məşğul olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən iddiaçıya qarşı faktiki hərəkətlərdə ifadə olunan heç bir məhdudiyyət tətbiq olunmamış və iddiaçı öz müəllimlik fəaliyyətini həyata keçirməkdə davam etməkdədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır (maddə 35.1.). İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər (maddə 35.3.). Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı ilə keçirilmiş müsahibələrin nəticəsi üzrə onun ümumi təhsil müəssisəsinə müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunmasına razılıq verilməməsi barədə cavabdehin hərəkətlərinin qanunsuz sayılması və cavabdehin müvafiq səlahiyyətli qurumu tərəfindən keçirilən 26 aprel 2022-ci il tarixli şifahi müsahibədə ona ünvanlanmış suallara verdiyi cavabların məqbul qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-461/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-461/2023
04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver