Məhkəmə qərarları › İş №2-1(118)-461/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-461/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-461/2024 08.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “17 noyabr 2020-ci il tarixdə şəhid olmuş, X3 ailəsinə 100.000 manat kompensasiyanın təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, 17 noyabr 2020-ci il tarixdə şəhid olmuş oğlu X3 ailəsinə 100.000 manat kompensasiyanın təyin edilməsi və ödənilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli, 15/510 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciə etmişdir. İddia onunla əsaslandırılmışdır ki, oğlu X5 ikinci Qarabağ müharibəsində 29 sentyabr 2020-ci il tarixdə hərbi təlim toplanışına çağırılmışdır. Mərhum oğlu kəşfiyyatçı olmuş, döyüşlərdə iştirak etmiş və 17 noyabr 2020-ci il tarixdə döyüşdə şəhid olmuşdur, təltif edilmişdir. “ Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyat fəaliyyəti haqqında” qanuna tələblərinə görə, ailə üzvlərinə kompensasiyanın təyin edilməsi mümkündür. Müdafiə Nazirliyinə müraciət edilmiş, lakin imtina olunmuşdur. Ona görə də tələbin təmin edilməsi istəyir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçının mərhum oğlu X1 və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşı olmayıb. Çünki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikası səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmişdir və hərbi əməliyyatlarda şəhid olduğu zaman N nömrəli hərbi hissənin səfərbərliklə cəlb edilmiş müddətli həqiqi hərbi qulluqçusu olmuşdur. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 14.2-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi qulluqçuları kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektinin əməkdaşları hesab oluna bilməzlər. Buna görə Müdafiə nazirliyinin “xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə Komissiya”sı tərəfindən iddiaçının ərizəsində qeyd etdiyi kompensasiyanın ödənilməsi mümkün deyil. Qeyd edilənlərə əsasən iddinaın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı hazırki pul tələbi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı 17 noyabr 2020-ci il tarixdə şəhid olmuş, X3 ailəsinə 100.000 manat kompensasiyanın təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını istəyir. Cavabdeh isə "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 14.2-ci maddəsinə əsaslanaraq qeyd edir ki, müddətli həqiqi hərbi qulluqçuları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşları hesab oluna bilməzlər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, işin hallarına görə İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikası səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və xx.xx.2020-ci ildək hərbi xidmət keçmişdir. Ş.İddiaçı xx.xx.2020-cı ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1996-cı ildə Şamaxı rayonun Göylər kəndində anadan olmuş, şəhid (əsgər) X5 xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Ş.İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikası səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur (Goranboy rayonu, Gülüstan kəndi istiqamətində hərbi əməliyyatlar zamanı digər növ partlayışlarla və qəlpələrlə törədilmiş zədələnmə nəticəsində həlak olmuşdur.). (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsinin 21 iyun 2023-cü il tarixli 3-43-56/2-448/2023 saylı məktubu və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 25 iyun 2023-cü il tarixli, 3-25-1/2-İ-9391-1/2023 saylı məktubu) Məhkəmə araşdırması zamanı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021-ci il tarixli əmrlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş əmrlərdən görünür ki, ehtiyatda olan əsgər X5, 5-ci motoatıcı taborun 14-cü motoatıcı bölüyünün 3-cü taqımının 3-cü manqasının atıcısı kimi 29 sentyabr 2020-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. 04 oktyabr 2020-ci il tarixli əmrlə hərbi hissənin döyüş hazırlığının yüksəldilməsi və vakant vəzifələrin komplektləşdirilməsi məqsədilə X5 5-ci motoatıcı taborun 14-cü motoatıcı bölüyünün 3-cü taqımının 3-cü manqasının atıcısı vəzifəsindən 4-cü taborun 11ci bölüyünün 3-cü taqımının 3-cü manqasının heyət nəfər-atıcısı vəzifəsinə təyin edilmişdir. 20 oktyabr 2020-ci il tarixli əmrlə 4-cü taborun 11-ci bölüyünün 3-cü taqımının 3cü manqasının heyət nəfər-atıcısı vəzifəsindən azad edilib hərbi hissə komandirinin sərəncamına keçirilmişdir. 09 mart 2021-ci il tarixli əmrlə 17 noyabr 2020-ci il tarixdə döyüş əməliyyatları zamanı döyüş tapşırığını yerinə yetirərkən həlak olduğuna görə 09 mart 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış hesab edilmişdir. Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Qanuna əsasən: 14.1. Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq həyata keçirilir. 14.2. Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar səfərbərlik elan edildikdə səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar. 14.3. Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırılmayan vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində işləmək üçün göndərilə bilərlər. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 saylı Fərmanına əsasən:

1. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: 1.1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti (kəşfiyyat fəaliyyətinin subyekti); 1.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi (texniki sahədə həmin Xidmətlə birlikdə) sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: 1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini; 1.4.2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini; 1.4.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətinin texniki sahədə əks-kəşfiyyat fəaliyyətini.

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununa əsasən: 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.3. Əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 14.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər. 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Yuxarıda qeyd edilən hüquq normalarından göründüyü kimi müddətli həqiqi hərbi qulluqçuları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşları hesab edilmirlər. Eyni zamanda X3 hərbi xidməti ilə bağlı məhkəməyə təqdim edilən rəsmi məlumatlar və müvafiq əmrlərdədə onun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olması müəyyən edilmir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin hüquqi əsasını təşkil edən yuxarıda qeyd edilən hüquq normalarını işin araşdırılan halları ilə müəyyən edilmiş X3 hərbi fəaliyyətinə tətbiq etdikdə onun kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşları sırasına daxil olması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqananın imtinası əsaslı olmuşdur və iddia rədd edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar