Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-462/2024 14.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi qulluqçuların kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları üçün nəzərdə tutulan kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “08 oktyabr 2020-ci il tarixində şəhid olmuş X4 ailəsinə 100.000 manat kompensasiyanın təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “hərbi qulluqçuların kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları üçün nəzərdə tutulan kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X6 ikinci Qarabağ Müharibəsində 21 sentyabr 2020-ci il tarixdə hərbi təlim toplanışına çağrılmışdır. Mərhum oğlu kəşfiyyatçı omuş, Madaqız uğrunda gedən döyüşlərdə iştirak etmiş və 08 oktyabr 2020-ci il tarixdə döyüşdə şəhid olmuşdur. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunun tələblərinə əsasən iddiaçının oğlunun ailə üzvlərinə kompensasiyanın təyin edilməsi mümkündür. Müdafiə Nazirliyinə müraciət etsə də, imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı məhkəmə kollegiyası tərəfindən həyata keçirilir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri: Şifahi məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə baxış iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissəyə ünvanladığı xx.xx.2023-cü il tarixə ərizəsinə Müdafiə Nazirliyinin “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə Komissiya”sında baxılmışdır. İddiaçının mərhum övladı X6 hərbi əməliyyatlarda şəhid olduğu zaman N nömrəli hərbi hissənin səfərbərliklə cəlb edilmiş müddətli həqiqi hərbi qulluqçusu olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 14.2-ci maddəsinə uyğun tələb edilən kompensasiyanın ödənilməsi mümkün deyildir. 3.Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı 21 fevral 2023cü il tarixli imtina məktubu; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən tərtib edilmiş 51 saylı, 02 mart 2023-cü il tarixli arayış; AZ- İİ № 083775 seriyalı, xx.xx.2020-ci il tarixlı X7; SX №0211N nömrəli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş Hərbi Biletin əsli və digər sənədlər. Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Azərbaycan Respublikasının “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanununun 14-ü maddəsinə əsasən: 14.1. Vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq həyata keçirilir. 14.2. Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar səfərbərlik elan edildikdə səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar. 14.3. Ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırılmayan vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində işləmək üçün göndərilə bilərlər. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının 28 yanvar 2005-ci il tarixli, 186 saylı Fərmanının 1-ci bəndinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: 1.1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti (kəşfiyyat fəaliyyətinin subyekti); 1.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi (texniki sahədə həmin Xidmətlə birlikdə) sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: 1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini; 1.4.2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini; 1.4.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətinin texniki sahədə əks-kəşfiyyat fəaliyyətini. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci bəndinə görə kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. Qanunun 1.2-ci bəndinə görə kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. Qanunun 1.3-cü bəndinə görə əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrıayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. Qanunun 6-cı maddəsinə görə: 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. Qanunun 14.1-ci maddəsinə görə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. Qanunun 14.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. Qanunun 14.5-ci maddəsinə görə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xidməti vəsiqə verilir. Qanunun 20.2-ci maddəsinə əsasən Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi qanunvericilikdə kəşfiyyat və əks-kəşdiyyat subyektlərinin siyahısı imperativ olaraq təsbit edilmişdir. Məhkəmə tərəfindən mərhum, şəhid X1 və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin siyahısına daxil olub-olmaması, onun vəfat etdiyi dövrdə sonuncu tutduğu vəzifəsinin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin siyahısına daxil olub-olmamasını müəyyənləşdirmək üçün aidiyyatı üzrə sorğular verilmişdir. Məhkəməyə sorğu əsasında cavabdeh orqandan daxil olmuş, mərhum X4 nizami hissə üzrə Əmrindən çıxarışlarda qeyd edilmişdir ki, xx.xx.1997-ci il təvəllüdlü əsgər X6 hərbi təlim toplanışına 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən çağrılmış və N nömrəli hərbi hissəyə ezam olunmuş; N sentyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissədən qayıtmış və Kəşfiyyat bölüyünün 2-ci kəşfiyyat taqımının 2-ci kəşfiyyat manqasının baş kəşfiyyatçısı vəzifəsinə təyin edilmiş; döyüş əməliyyatları zamanı müxtəlif istiqamətlərdə torpaqlarımızın azadlığı uğrunda döyüş tapşırıqlarını yerinə yetirən zaman düşmən tərəfindən açılmış atəş nəticəsində həlak olduqları üçün (əsgər X1 bölüyünün 2-ci kəşfiyyat taqımının 2-ci kəşfiyyat manqasının baş kəşfiyyatçısı) xx.xx.2020-ci il tarixdən bütün növ təminatlardan çıxarılmışdır. Göründüyü kimi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəhid X6 21 sentyabr 2020-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən hərbi toplanışa çağrılmış və döyüşlərdə müddətli həqiqi hərbi qulluqçu (əsgər) kimi iştirak etmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsində imperativ qayda olaraq qeyd edilmişdir ki, müddətli həqiqi hərbi qulluqçusu istisna olmaqla, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunur. Bu səbəbdən də cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh Hərbi qulluqçuların kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları üçün nəzərdə tutulan kompensasiyanın verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı isə mərhum oğlunun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarının sırasına aid olduğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi qulluqçuların kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları üçün nəzərdə tutulan kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə iddiası təmin edilməməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi qulluqçuların kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları üçün nəzərdə tutulan kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva