Məhkəmə qərarları › İş №2-1(118)-462/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-462/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-462/2025 11.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0.05 torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı öz şəxsi vəsaiti hesabına Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0.05 torpaq sahəsi əldə etmiş və həmin torpaq sahəsi üzərində xx.xx.2017-ci il tarixli, **********00 reyestr nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışla qohu X4 adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin qohumu X4 adına rəsmiləşdirilməsi ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Çıxarışın surətidə iddia ərizəsinə əlavə edir. Sonradan həmin 0.05 torpaq sahəsi AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsi əsasında xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə onun adına rəsmiləşdirilmişdir. 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə ona məxsus 0.05 torpaq sahəsinin planı və ölçüsünün verilməsi üçün müraciət olunmuşdur. 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli **********32 nömrəli cavab məktubunda bildirmişdir ki, sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, yerinin dəyişdirildiyi aşkar edilmişdir.Lakin cavab məktubunda uyğunsuzluğun nədən ibarət olması, verilmiş sənədlə ayrılmış torpaq sahəsinin naturada üst-üstə düşüb-düşməməsi barədə ətraflı məlumat verilməmişdir. Bundan başqa əgər uyğunsuzluq mövcuddursa, hansı torpaq sahəsi ilə, hansı hissədə mövcudluğu ümumiyətlə izah olunmamışdır. Xidmətin əməkdaşlarının vətəndaşa göstəridiyi çıxarış üzrə sözügedən torpaq sahəsində faktiki olaraq başqa vətəndaşa məxsus tikili mövcuddur. Belə ki, bununla bağlı mən 4 saylı Abşeron ərazi idarəsinə müraciət etmiş, 4 saylı Abşeron ərazi idarəsi xx.xx.2022-ci il tarixli **********80 nömrəli cavab məktubu ilə Abşeron rayonu, Məmmədli kəndi ərazisində, xx.xx.2021-ci il tarixli, **********00 reyestr nömrəli Çıxarışla onun mülkiyyətinə verildiyini, 0.05 ha torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə naturada müəyyən edilərək mənə tanıdıldığını bildirmişdir. Həmin torpaq sahəsinə baxış keçirdikdə o, ona məxsus olan torpaq sahəsində X1, X5 və ona məlum olmayan şəxsə məxsus tikili olduğunu aşkar etmişdir. Onlara bu torpaq sahəsinin ona məxsus olduğunu bildirdikdə onlar bildirdilər ki, həmin torpaq sahəsini Bələdiyyədən alıblar və torpaq sahəsinin çıxarışı olmasada bələdiyyə sənədi mövcuddur. 4 saylı Abşeron ərazi idarəsinə 0.05 ha torpaq sahəsinin “torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi ilə bağlı müraciət olunmuş, 4 saylı Abşeron ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-S-0083-8/2023 saylı cavab məktubu ilə ərizənin icrasından imtina edilmişdir.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinin bir hissəsinin başqa şəxslərin istifadəsində olduğu, daşınmaz əmlakın sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Göstərilən səbəbdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X6 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur.Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-S-0083-8/2023 nömrəli imtina məktubu, etiraz ərizəsi, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surəti, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surəti, 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-32/2-6038/2024 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi, cavabdehin xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli məktubları və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRXin 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-21-3- 32/2-S-0083-8/2023 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisə predmeti olan torpaq sahəsi Abşeron rayonu ərazisində yerləşir. Belə olduğu tədqirdə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında X2 Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.05 torpaq sahəsi almış və onun adına həmin daşınmaz əmlaka dair xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Lakin, iddiaçıya sözügedən torpaq sahə\sinə dair plan və ölçü sənədi həmin ərəfədə verilməmişdir. İş materiallarından görünür ki, X4 adına verilmiş çıxarışa plan və ölçü sənədi də əlavə edilmişdir. İddiaçı həmin torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi üçün cavabdehə müraciət etmiş lakin, cavabdeh təşkilat həmin sənədin verilməsindən imtina edir. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi arqumentlər torpaq sahəsinin bir hissəsinin başqa şəxslərin istifadəsində olduğu və daşınmaz əmlakın sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğundan ibarət olmuşdur. Cavabdehin inzibati orqan iddiaçının müraciətini təmin etməməsində haqlı olmamışdır. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçı qanuni əsaslarla əldə etmiş və hətta torpaq sahəsini iddiaçıya satmış X4 adına müvafiq plan və ölçü sənədi də tərtib edilmişdir. Sonradan cavabdeh təşkilat tərəfindən elektron baza məlumatların səhv işlənilməsi nəticəsində iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Mövcud mübahisənin ədalətli araşdırılması məqsədilə, iş üzrə mütəxəssis rəyi alınmışdır. Təqdim edilən mütəxəsis rəyindən görünür ki, torpaq sahəsinə yerli baxış zamanı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi qeydə alınmamışdır. **********00 reyestr nömrəli çıxarışla sənəd üzrə X4 mülkiyyətinə verilmiş torpaq sahəsi İddiaçı adına özgəniləşdirilmişdir. **********00 reyestr nömrəli plan-ölçü sənədinin sənəd üzrə yerləşməsi sxemdə göstərilmişdir.İddiaçı faktiki istifadəsində torpaq sahəsi qeydə alınmadığından sualın cavablandırılması mümkün olmamışdır. İddiaçı faktiki istifadəsində torpaq sahəsi qeydə alınmadığından sualın cavablandırılması mümkün olmamışdır. Lakin **********00 reyestr nömrəli plan-ölçü sənədinin sənəd üzrə koordinatlarının 0.0273 ha hissə digər şəxslərin faktiki istifadəsindədir. Mütəxəssis rəyinin aydınlaşdırılması üçün cavabdehə sorğu göndərilmiş və cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, **********00 reyestr nömrəli planölçü sənədinin sənəd üzrə koordinatlarının 0.0273 ha hissəsi digər şəxslərin faktiki istifadəsindədir, lakin elektron məlumat bazasına əsasən həmin torpaq sahəsinin faktiki kimin istifadəsində olduğu barədə məlumat qeyd olunmamışdır. Göründüyü kimi, iddiaçıya verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışlı 0.05 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsində heç bir maneə mövcud deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-nin vəzifələri hesab edilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir.Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerquluşu işləri hesab olunur. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin görə DƏDKR fəaliyyət istiqamətləri, hüquq və vəzifələri öz əksini tapmış və həmin Nizamnamənin tələbləri çərçivəsində DƏDKR vəzifə səlahiyyətlərindən irəli gələn funksiyaları həyata keçirir. Belə ki, DƏDKR torpaq sahələrinə plan və ölçü sənədinin verilməsi, torpaq sahələrində mərzçəkmə işlərinin, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsi üçün yerquruluşu işləri aparılmaq kimi vəzifələri var. Göründüyü kimi xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi kimi vəzifənin olması DƏDKR Nizamnaməsində birbaşa göstərilmişdir. Ona görə də, sözügedən torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı adına verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçıya məxsus Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.05 torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar