Məhkəmə qərarları › İş №2-1(118)-4628/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4628/2023

23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4628/2023 23.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı adının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri və qanuni təmsilçisi kimi reyestrdən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək adının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri və qanuni təmsilçisi kimi reyestrdən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 npoyabr 2022-ci il tarixli 2-1(105)- 719/2022 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli saylı 2- 1(102)548-/2023 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 noyabr 2022-ci il tarixli 2-1(105)-719/2022 nömrəli qərardadı ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2008-ci ilin iyul ayında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri seçilmişdir. 2010-cu ildə Cəmiyyətin fəaliyyəti tam dayanmışdır. Cəmiyyətin nizamnaməsinin 4.3-cü bəndinə görə İdarə Heyətinin üzvlərinin ümumi yığıncağı tərəfindən Cəmiyyətin səhmdarları və kənar şəxslərdən üç il müddətinə seçilir. Keçən müddət ərzində Cəmiyyətin ümumi yığıncağının keçirilməsi mümkün olmamışdır. Belə ki, Səhmdar Cəmiyyətdə 70% paya malik olan X1 vəfat etmişdir. Həmin şəxsin vərəsələri tərəfindən vərəsəlik qəbul edilmədiyi üçün onun adından heç kim çıxış edə bilmir. Ona görə də Səhmdar Cəmiyyətin ümumi yığıncağın keçirilməsi də mümkün olmur və olmayacaqdır. Çünki Cəmiyyətin heç bir daşınar və daşınmaz əmlakı yoxdur. Hazrıda da vergi orqanlarının sistemində qanuni təmsilçi kimi iddiaçının adı görünür. Halbuki, onun adının orada qalması formal xarakter daşıyır və onun hüquqlarını məhdudlaşdıra bilər. Səhmdar Cəmiyyətin Ümumi Yığıncağının keçirilməsi mümkünsüz olduundan o, müvafiq xahişlə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, "xxxx" ASC-nin ümumi yığıncağının xx.xx.2008-ci il tarixli qərarı ilə Cəmiyyətin sədri İddiaçı təyin edilmişdir. Həmin qərar hüquqi şəxslərin dövlət reyestrini aparan quruma qanunla müəyyən edilmiş vaxtda və qaydada təqdim edildiyi üçün dəyişiklik dövlət reyestrinə daxil edilmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatlı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizə qanuni təmsilçi və ya onun müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır. Ümumi Yığıncağın qərarı olmadan qeydiyyat orqanının hər hansı dəyişikliyi aparmaq səlahiyəttinə malik deyildir. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : - xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsindən görünür ki, İddiaçı idarə heyətinin sədri kimi göstərilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin hüquqi şəxsin qeydiyyat məlumatlarında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi İddiaçı göstərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 99.1. Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. 102.1. Səhmdar cəmiyyətinin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı, cəmiyyətin buraxdığı səhmlərin kateqoriyaları, onların nominal dəyəri və miqdarı haqqında; cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; səhmdarların hüquqları haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyətləri, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. 106-1.3. Səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır.https://e-qanun.az/framework/5403 9.2-3. Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı bu Qanunun tələbləri nəzərə alınmaqla və gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə də həyata keçirilir. 9.2-4. Müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər. 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz.[ 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması tələb edilir. Həmin normanın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun məqsədləri, eləcə də istinad olunan qanun anlamında hüquqi şəxslərin dövlət reyestrinin anlayışı və mahiyyəti baxımından təfsirinə görə, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatın dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasını şərtləndirən hüquqi fakt kimi qiymətləndirilməlidir. Hüquqi faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının artıq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra etmədiyi, eləcə də həmin vəzifəni icra etmək niyyətində olmadığı və bununla bağlı muxtar hüququna əsaslanan azad iradəsini ifadə etdiyi görünür. Belə ki, Mülki Məcəllənin 107-.1.2-ci maddəsini və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinə görə, Cəmiyyətin sədri 3 il müddətinə seçilir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə 2008-cı ildə seçilmişdir və müəyyən olunmuş həmin 3 illik müddət bitdikdən sonra onun yenidən Cəmiyyətin sədri vəzifəsinə seçilməsi iş üzrə materiallarla təsdiq olunmur. Bu zaman həm də iddiaçının iradə ifadəsi də nəzərə alınmalıdır. Azəbaycan Respublikası Ali məhkəməsi hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, əslində qeyd olunan hallar hüquqi şəxsin rəhbəri və qanuni təmsilçisi barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan hüquqi fakt kimi qiymətləndirilməlidir. Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, reyestr məlumatları hüquqi şəxslərə münasibətdə formal vəziyyətin deyil, real və hüquqi cəhətdən işlək vəziyyətin əks etdirilməsi məqsədini daşıyır. Həmin məqsədlər baxımından, iddiaçının Cəmiyyətin sədri seçildiyi 2008-cı il tarixdən 3 il keçdikdən sonra yenidən sədr seçilməsinin təsdiq olunmadığı və özünün də səlahiyyət müddəti bitdikdən sonra səlahiyyətini davam etdirmək niyyətində olmadığı ilə bağlı iradəsi nəzərə alındıqda, həmin müddət bitdikdən sonra reyestrdə iddiaçı barəsində ASC-nin sədri və qanuni təmsilçisi kimi məlumatların saxlanılmasına haqq qazandırıla bilməz. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı adının "xxxx" Açıq Səhbdar Cəmiyyətinin sədri və qanuni təmsilçisi kimi reyestrdən çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı adının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri və qanuni təmsilçisi kimi reyestrdən çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar