Məhkəmə qərarları › İş №2-1(118)-4629/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4629/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4629/2023 17.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, G.Mehrəliyev küçəsi, ev 20 (yeni qaydalarla G.Mehrəliyev küçəsi, ev 24) ünvanında fərdi yaşayış evinin yerləşdiyi 0.057 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, G.Mehrəliyev küçəsi 20 (yeni qaydalarla G.Mehrəliyev küçəsi 24) ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(118)-320/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş və işin iddianın mümkünlük məsələsinə yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, G.Mehrəliyev küçəsi, ev 20 (Yeni qaydalarla G.Mehrəliyev küçəsi, ev 24) ünvanında fərdi yaşayış evinin yerləşdiyi 0.057 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, G.Mehrəliyev küçəsi 20 (yeni qaydalarla G.Mehrəliyev küçəsi 24) ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Alqı-satqı müqaviləsində evin 570.0 kv m torpaq sahəsi üzərində yerləşməsi qeyd edilmişdir. Bundan başqa evin texniki pasportunda fakitiki olaraq 0.0570 ha həyətyanı sahəyə malik olması göstərilmişdir. 2018-ci ildə onun ev üzərində mülkiyyət hüququ qeydə alınmasna baxmayaraq torpaq sahəsi üzərində mülkiyyət hüququ qeyd alınmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, aparılan araşdırma zamanı Mehdiabad Bələdiyyəsi tərəfindən X4 0.06 ha torpaq sahəsinin 28 may 2002-ci il tarixdə, 08 saylı protokoldan çıxarış ilə ayrıldığı halda, alqı-satqı aktının 03 dekabr 2018-ci il tarixdə tərtib edildiyi müəyyən edilmişdir. Göstərilən səbəbdən torpaq sahəsinin satışının qanunamüvafig qaydada həvata keçirilmədiyi aşkar edilmişdir. Ləğv edilmiş DTXK-nin Abşeron ravon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiqlənmədiyi müəyyən edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin 171 kv m hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 kVt) mühafizə zolağında yerləşdiyi əskar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Abşeron rayon Mehdiabad bəldəiyyəsinin xx.xx.2002-ci il tarixli 08 saylı protokol qərarı ilə 150 nəfər vətəndaşa fərdi yaşayış evinin tkintisi üçün hər birinə 0.06 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin qərarda vətəndaşların adları qeyd edilməmiş və ya adlı siyahı əlavə edilməmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2002-ci il tarixli 124 saylı rəyində 150 nəfərə, o cümlədən X4 (sıra sayı 58) torpaq sahəsinin ayrılmasının məqsədəuyğun olduğu göstərilmişdir. İddiaçı ünvan 2 ünvanda 570 kv m torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 əldə etmişdir. İddiaçının 2018-ci ildə fərdi yaşayış evi üzrənidə mülkiyyət hüququ qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Həmin çıxarışda iddiaçının evinin yerləşdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması qeyd edilmişdir. Məhkəmə mübahisəli torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi barədə cavabdehin dəlilinin yoxlanılması məqsədi ilə mütəxəssis rəyinin alınması üçün müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsinin 181 kv m hissəsi yüksək gərginlikli (6 kVt) mühafizə zolağına düşür. "xxxx" ASC xx.xx.2022-ci il tarixli arayışında sözegedən ünvanda yerləşən torpaq sahəsinin yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağında yerləşdiyini, lakin həmin torpaq sahəsinin elektrik xətti verilişinin istismarına heç bir maneçilik törətmədiyini və qeydiyyata alınmasına etiraz olunmadığını bildirmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iddia iddiaçının torpaq sahəsi ilə bağlı subyektiv hüququnun olmaması səbəbi ilə irinci instansiya məhkəməsinin qərardadı ilə mümkün sayılmamışdır. Bununla bağlı Sumqaytı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadında qeyd etmişdir ki, məhkəmə ilk öncə iddiaçının fərdi yaşayış evini əldə etməsi üçün əsas olmuş alqı-satqı müqaviləsində müqavilənin predmetini məhz 570 kv m torpaq sahəsində yerləşən fərdi yaşayış evi olmasına, iddiaçının mübahisə predmeti ilan torpaq shəsi ilə bağlı əmlak hüquqlarının mövcud olub-olmamasına, torpaq sahəsinin hansı əsasla iddiaçıya keçməsinə diqqət yetirməlidir. Məhkəmə sadalanan halları nəzərdən keçirərək və torpaq sahəsinin alqı-satqısına (və digər əqdə) əsasən iddiaçıya keçməsinə dair birbaşa əqd olmasa da, fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsində müqavilənin predmetini 570 kv m torpaq sahəsi təşkil etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının həmin torpaq sahəsi üzərində əmlak hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqısatqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə hesab edir ki, torpaqların alqı-satqısına dair aktın, memarlıq və tikinti şöbəsinin rəyinin olmaması, həmçinin yerquruluşu planından çıxarışın memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilməməsi imtina üçün əsas deyildir. Belə ki, torpağın alqısatqısına dair aktın tərtib edilməsi, həmçinin sözügedən rəyin alınması vətəndaşın vəzifələrinə aid olmamışdır. Cavabdehin torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, mütəxəssis rəyi ilə torpaq sahəsinin 181 kv m hissəsinin mühafizə zolağına düşməsi öz təsdiqini tapmışdır. Lakin "xxxx" ASC öz məktubunda iddiaçıya aid torpaq sahəsinin elektrik xəttinin istismarına hər hansı maneçiliyinin olmamasını bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 8-cu bəndinə görə elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir. Qaydaların 12-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi.... Beləliklə, Qaydaların tələbindən göründüyü kimi mühafizə zolağına aid məhdudiyyətlər tikililərin aparılması və s.ilə bağlı olmuşdur. Məhkəmə mübahisəli torpaq sahəsində fərdi yaşayış evinin artıq inşa edildiyini və iddiaçı tərəfindən hazır vəziyyətdə alındığını nəzərə alaraq bu əsasla torpaq sahəsinə münasibətdə cavabdehin imtinasını əsassız hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, G.Mehrəliyev küçəsi, ev 20 (yeni qaydalarla G.Mehrəliyev küçəsi, ev 24) ünvanında fərdi yaşayış evinin yerləşdiyi 0.057 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, G.Mehrəliyev küçəsi, ev 20 (yeni qaydalarla G.Mehrəliyev küçəsi, ev 24) ünvanında fərdi yaşayış evinin yerləşdiyi 0.057 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar