Məhkəmə qərarları › İş №2-1(118)-4629/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4629/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4629/2025 28.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: çıxarış və plan ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X2nə qarşı “çıxarış və plan ölçü sənədinin verilməsi verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Xuray bələdiyyəsinin xx.xx.2006-cı tarixli, 10 saylı qərarına əsasən Xaçmaz rayonu Xuray kəndi ərazisində satılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildə Qusar rayonu Xuray bələdiyyəsinə həyətyanı torpaq sahəsi almaq üçün ərizə ilə müraciət etmiş, ərizəsinə bələdiyyə orqanının iclasında baxılmış və iddiaçıya Qusar rayonu, Xuray kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsinin satılması barədə 6 may 2006-cı il tarixli, 10 nömrəli qərar qəbul edilmişdir. İddiaçı bələdiyyədən torpaq sahəsinin alınmasına görə Qusar rayonu Xuray bələdiyyəsinin hesabına ödəniş etmiş, bundan sonra iddiaçının, Qusar rayonu Xuray bələdiyyəsinin nümayəndəsinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar Rayon Şöbəsinin əməkdaşının iştirakı ilə torpaqların alqı-satqısına dair akt tərtib edilərək imzalanmış və qeyd edilən akt Qusar rayon Torpaq Şöbəsində 5 iyun 2006-cı il tarixdə, 428 nömrə ilə qeydiyyata alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilməmişdən əvvəl isə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar Rayon Şöbəsi tərəfindən rəy verilərək Qusar rayonu Xuray Bədiyyəsinin kəndaltı fondundan iddiaçıya 0,12 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ayrılmasının (satılmasının) qanunamüvafiq olduğu qeyd edilmişdir. Eyni zamanda Qusar rayonu Xuray bələdiyyəsi tərəfindən verilən arayışdan da göründüyü kimi bələdiyyə tərəfindən iddiaçıya 6 may 2006-cı ildə 0,12 ha torpaq sahəsinin həyətyanı məqsədilə satılması ilə bağlı 10 saylı qərar qüvvədədir, qonşular arasında heç bir mübahisə yoxdur, o cümlədən çıxarışın verilməsinə etiraz edilmir. İddiaçıya məxsus 0,12 ha həyətyanı torpaq sahəsinin yerquruluşu xəritəsindən çıxarış da işlənib hazırlanmış, həm bələdiyyə orqanı, həm də Qusar rayon İHB-nin Tikinti və Memarlıq Şöbəsi tərəfindən təsdiq edilmişdir. İddiaçı hal-hazırda qeyd edilən torpaq sahəsinə dair hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeyd etdirərək çıxarış alınması üçün cavabdeh təşkilata rəsmi şəkildə müraciət etmiş, lakin cavabdeh təşkilat imtina məktubu ilə cavab verərək Qusar rayonu Xuray bələdiyyəsinin 6 may 2006-cı il tarixli 10 nömrəli qərarına əsasən tərtib olunmuş torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş DTXK-nin Qusar rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş alqı-satqı aktlarının qeydiyyatı kitabında qeydiyyatdan keçmədiyini, həmin aktda düzəlişlər edildiyini, Qusar rayonu, Xuray kəndinin yerquruluşu xəritəsindən çıxarışda göstərilən ölçülər ilə torpaq sahəsinin faktiki ölçüləri arasında fərq mövcud olduğu əsas gətirilərək ərizənin icrasının ərazi idarəsi tərəfindən mümkün olmadığı bildirilmişdir. İddiaçı torpaq sahəsini satın aldığı zaman hal-hazırda ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar Rayon Şöbəsi rəy verərək qeyd edilən torpaq sahəsinin satılmasına hər hansı maneənin olmamasını bildirməyinə, hətta alqı-satqı aktının həmin qurumda qeydiyyatdan keçməsinə, torpaq sahəsinin satılmasını təsdiq edən bütün sənədlərin əslini cavabdeh quruma təhvil verməyinə, həmin qərar əsasında çıxarış alınmasına Qusar rayonu Xuray bələdiyyəsinin hər hansı etirazının olmamasına, torpaq sahəsi ilə bağlı texniki sənədlərin tərtib edilməsinin cavabdehin vəzifəsi olmasına, torpaq sahəsinin yerquruluşu xəritəsindən çıxarışı həm bələdiyyə, həm də müvafiq icra hakimiyyəti orqanında təsdiqlədərək təqdim etməyinə baxmayaraq qeyd edilən əsaslarla iddiaçıya çıxarışın verilməsindən imtina olunması qanunsuzdur. Alqı-satqı aktını cavabdeh qurumun kitablarında qeydiyyatdan keçirmək və ya da alqı-satqı aktını tərtib etmək iddiaçının vəzifəsi deyildir. Məntiqi olaraq dövlət orqanlarının səhlənkarlığının və ya işini doğru görməməsinin məsuliyyəti də iddiaçının üzərinə qoyula bilməz. Belə ki, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz

3. İddia ərizəsinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 157, “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 8.0.1, 10.2.1-ci maddələrinə istinad edilmişdir.

4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş, Qusar rayon Xuray bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 10 nömrəli qərarına əsasən tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş DTXK-n Qusar rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş alqı-satqı aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. Bildirilir ki, Qusar rayon Xuray bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 10 nömrəli qərarına əsasən tərtib olunmuş torpaqların alqı-satqısına dair aktda düzəlişlər edilmişdir. Bundan əlavə, torpaq sahəsi üçün bələdiyyə tərəfindən tərtib edilmiş 1:2000 miqyaslı Qusar rayonu Xuray kəndinin yerquruluşu xəritəsindən çıxarışda göstərilən ölçülər ilə torpaq sahəsinin faktiki ölçüləri arasında fərq mövcuddur.

b) Tərəflərin iştirakı və izahatları

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər.

6. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

8. Qusar rayonu Xuray bələdiyyəsinin 6 may 2006-cı il tarixli, 10 nömrəli qərarından görünür ki, Qusar rayonu Xuray kəndinin bələdiyyə ehtiyyat fondunun alqı-satqı predmeti kəndaltı torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,12 ha torpaq sahəsi ayrılmışdır.

9. Torpaqların alqı-satqısına dair aktla müəyyən olunur ki, Qusar rayonu Xuray bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10 nömrəli qərarı ilə həmin bələdiyyənin ərazisində 0,12 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. İddiaçı tərəfindən 1152 manat haqq ödənilmişdir. Həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır.

10. Qusar rayonu Xuray bələdiyyəsinin yerquruluşu planından çıxarışlarda torpaq sahəsinin yerləşmə vəziyyəti və ölçüləri göstərilmişdir.

11. Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması (satılması) barədə DT və XK-in Qusar rayon şöbəsinin rəyindən görünür ki, Xuray bələdiyyəsinin kəndaltı fondundan Bakı şəhər sakini İddiaçı 0.12 ha torpaq sahəsinin həmin məqsədi üçün ayrılması (satılması) qanuna müvafiqdir.

12. X2 tərəfindən iddiaçıya ünvanlanmış 25 iyun 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş, Qusar rayon Xuray bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 10 nömrəli qərarına əsasən tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş DTXK-n Qusar rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş alqı-satqı aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. Bildirilir ki, Qusar rayon Xuray bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 10 nömrəli qərarına əsasən tərtib olunmuş torpaqların alqı-satqısına dair aktda düzəlişlər edilmişdir. Bundan əlavə, torpaq sahəsi üçün bələdiyyə tərəfindən tərtib edilmiş 1:2000 miqyaslı Qusar rayonu Xuray kəndinin yerquruluşu xəritəsindən çıxarışda göstərilən ölçülər ilə torpaq sahəsinin faktiki ölçüləri arasında fərq mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

13. Qusar rayon Xuray bələdiyyəsi tərəfindən X2nə ünvanlanmış 15 mart 2024-cü il tarixli, 24 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhər sakini İddiaçı Xuray bələdiyyəsi tərəfindən 06 may 2006-cı ildə 0,12 ha torpaq sahəsinin həyətyanı məqsədilə satılması ilə bağlı 10 saylı qərarı qəbul edilmişdir. Hal-hazırda qərar qüvvədədir və qonşular arasında heç bir mübahisə yoxdur. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi üçün müvafiq tapşırıqların verilməsini xahiş olunur.

14. Məhkəmənin sorğusuna cavab olaraq, Qusar Rayon Dövlət Arxivinin 26 may 2025-ci il tarixli məktubundan görünür ki, Qusar rayonu Xuray Bələdiyyəsinin 2005-2010cu illəri əhatə edən iclas prortokolları və xx.xx.2006, xx.xx.2006-xx.xx.2006, 01 06.2006xx.xx.2007-ci illəri əhatə edən torpaqların alqı-satqısına dair sənədlər qovluqlarına baxış keçirilmişdir. Baxılmış sənədlərdə Qusar rayonu Xuray Bələdiyyəsinin 06 may 2006-cı il tarixli, 10 saylı qərarı, iclas protokolu və həmin qərarın qəbul edilməsinə əsas olmuş heç bir sənəd aşkar edilməmiş, ona görə də Qusar rayonu Xuray Bələdiyyəsinin 06 may 2006cı il tarixli, 10 saylı qərarı, qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin və torpaq sahəsinə dair digər sənədlərin (alqı-satqı aktı, yerquruluşu, plan, cizgi) Sizə təqdim edilməsi mümkün olmamışdır.

15. Məhkəmə sorğusuna cavab olaraq, Qusar rayonu Urva bələdiyyəsinin 22 may 2025-ci il tarixli, 105 nömrəli məktubundan görünür ki, Köhnə Xuray bələdiyyəsinin 2020-ci ilə qədər olan sənədləri Qusar rayonu Dövlət Arxivinə təhvil verildiyi üçün İddiaçı Qusar rayonu Xuray bələdiyyəsinin 06 may 2006-cı tarixli, 10 saylı qərarı verilmiş torpaq sahəsi ilə bağlı Urva bələdiyyəsində hər-hansı bir məlumat yoxdur.

16. X2nin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş müayinə aktında qeyd edilmişdir ki, baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi naturada qonşu torpaq sahələri ilə hər hərəfdən şərti sərhədlərə ayrılaraq hal-hazırda iddiaçı tərəfindən istifadə olunmur, torpaq sahəsinin faktiki ölçülərini ilkin torpaq ayırma sənədlərinə əlavə olunmuş sxemlərdəki ölçüləri ilə müqayisədə fərqlidir, torpaq sahəsinin koordinatlarını faktiki ölçülər əsasında işlənilmişdir, torpaq sahəsinin faktiki koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə, “yaşayış məntəqələrinin torpaqları"na aid, "bələdiyyə” mülkiyyəti olmaqla, uqodiyası "tikinti altında olan torpaqlar” kimi uçota alınmışdır. Torpaq sahəsi kommunikasiya xətlərinin qoruma zolağına düşmür, qonşu torpaq mülkiyyətçiləri ilə hər hansı sərhəd mübahisəsi aşkar olunmamışdır, torpaq sahəsinin qonşuluğunda **********08 və **********61 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədləri işlənib verilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ: a) İddianın növü və mümkünlüyü

17. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

18. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

19. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

26. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

27. Belə ki, Xaçmaz rayonu Xuray bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10 saylı qərarı ilə İddiaçı 0,12 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Daha sonra iddiaçı tərəfindən Xuray bələdiyyəsinin bank hesabına 1152 manat məbləğində ödəniş edilmiş, torpaqların alqı-satqısına dair akt tərtib edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş, Qusar rayon Xuray bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 10 nömrəli qərarına əsasən tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş DTXK-n Qusar rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş alqı-satqı aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir. Bildirilir ki, Qusar rayon Xuray bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 10 nömrəli qərarına əsasən tərtib olunmuş torpaqların alqı-satqısına dair aktda düzəlişlər edilmişdir. Bundan əlavə, torpaq sahəsi üçün bələdiyyə tərəfindən tərtib edilmiş 1:2000 miqyaslı Qusar rayonu Xuray kəndinin yerquruluşu xəritəsindən çıxarışda göstərilən ölçülər ilə torpaq sahəsinin faktiki ölçüləri arasında fərq mövcuddur.

28. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarı ilə ayrılmış, bələdiyyənin bank hesabına ödəniş edilmişdir. Hazırkı halda cavabdeh orqanın etirazı torpaqların alqı-satqısına dair akt ləğv edilmiş DTXK-n Qusar rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş alqı-satqı aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməməsinə əsaslanır. Həmin aktın qanunvericiliyə uyğun şəkildə tərtib olunması ilə bağlı öhdəlik iddiaçının deyil, bələdiyyənin vəzifəsi olmaqla onun üzərinə qoyulmalıdır. Belə ki, iddiaçı qanunvericiliyə və alqı-satqı müqaviləsinin tələblərinə cavab verməklə müvafiq qaydada ödənişi həyata keçirmişdir ki, bu da öz növbəsində onun etibarlı olmasına dəlalət verir. Bu hal iddiaçı tərəfin təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz.

29. Digər imtina səbəbi kimi torpaq sahəsi üçün bələdiyyə tərəfindən tərtib edilmiş 1:2000 miqyaslı Qusar rayonu Xuray kəndinin yerquruluşu xəritəsindən çıxarışda göstərilən ölçülər ilə torpaq sahəsinin faktiki ölçüləri arasında fərqin mövcud olduğu qeyd edilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsinin faktiki koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə, “yaşayış məntəqələrinin torpaqları"na aid, "bələdiyyə” mülkiyyəti olmaqla, uqodiyası "tikinti altında olan torpaqlar” kimi uçota alınmışdır. Torpaq sahəsi kommunikasiya xətlərinin qoruma zolağına düşmür, qonşu torpaq mülkiyyətçiləri ilə hər hansı sərhəd mübahisəsi aşkar olunmamışdır. Həmçinin yerquruluşu, habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin inzibati orqanın öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir.

30. Bundan əlavə məhkəmə qeyd edir ki, bu hal özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Bu isə bir daha olaraq cavabdeh təşkilatın ilkin imtinasının əsassız olmasına dəlalət edir. Bu hal iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır.

31. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

33. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir.

34. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı).

35. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Qusar rayonu Xuray bələdiyyəsinin xx.xx.2006-cı tarixli, 10 saylı qərarı ilə İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh X2nin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

36. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Qusar rayonu Xuray bələdiyyəsinin xx.xx.2006-cı tarixli, 10 saylı qərarı ilə İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh X2nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar