Məhkəmə qərarları › İş №2-1(118)-463/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-463/2022

07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-463/2022 07.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik təyinatından imtina barədə cavabdehin 19.10.2021-ci il tarixli qərarının ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ƏƏSMN-nin tabeliyindəki Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (mətn üzrə bundan sonra TSERAS) iddiaçıya aid 11.10.21-ci il tarixli TQS №88 Forması elektron qaydada göndərilmişdir və imtina cavabı, əlillik təyin olunmadığı haqqında TSEK-in 19.10.2021 -ci il tarixli müayinə məlumatı elektron qaydada poliklinikada alınmış və poliklinikadan kağız daşıyıcısında 04.11.2021-ci il tarixdə almışdır. Əlillik təyin olunmadığı haqqında TSERAS TSEK-in 19.10.2021-ci il tarixli müayinə məlumatı, imtina cavabı ilə razı deyil, imtina qərarının ləğv olunmasını və əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsini istəyir.Bundan əvvəl də cavabdeh imtina qərarını qəbul etmişdir. Belə ki, “Tibbi Sosial Ekspert Komissiyasına göndərişlərin reyestrinə daxil edilmiş 0529003AAHXJ nömrəli göndərişə TSERAS-n elektron məlumatına görə “Əlavə müalicəyə ehtiyacın olması barədə” 12.07.2021 -ci il tarixli qərarı qəbul edilmişdir, guya stasionar müalicə müddəti yetərli olmadığından əlillik təyinatının aparılması mümkün olmamışdır və Tibb müəssisəsi tərəfindən müayinə və yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə əlillik vəziyyətim qiymətləndiriləcəyi bildirilmişdir. Bundan sonra tibb müəssisəsinin göndərişi əsasında Sumqayıt Tibb Mərkəzi 2 nömrəli dövlət xəstəxanasında stasionar ixtisaslaşmış müalicə aldıqdan və müayinə olunduqdan sonra 02.09.2021-ci il tarixli 3262JVb-li Epikriz verilmişdir. Yenidən Tibb müəssisəsi tərəfindən müayinə və yenidən (053 1003AALG8M-1İ) göndəriş rəsmiləşdirilsə də, cavabdeh tərəfindən 19.10.2021-ci il tarixli imtina qərarı qəbul edilmişdir. Cavabdehin həmin qərarının ləğv edilməsini Məhkəmədən istəyir. Cavabdeh tərəf aldığı 07.10.2021; 12.10.2021; 04.10.2021-ci il tarixli müraciətlərimə cavab verməmişdir və ona rəhbərlik edən Nazirlik 15.07.2021; 04.09.2021; 04.10.2021 -ci il tarixli müraciətlərinə, 21.10.2021 ci il tarixli Teleqramlara cavab verməmişdir, hətta qəbul etdikləri qərarları rəsmi qaydada sifarişli ona kağız daşıyıcısında verilməsini SS746907752AZ ştrix kodlu məktubla göndərdiyi 12.10.2021-ci il tarixli ərizəsilə cavabdehdən istəsə də, verilməmişdir. Yenidən dövlət xəstəxanasında müalicə almış və müayinə olunmuş və müvafiq göndəriş rəsmiləşdidilmişdir. Cavabdeh kağız daşıyıcıda müraciətlərinə, teleqramlarına əsasən istədiyi qərarını ona verməsə də, poliklinikadan cavabdehin elektron imtina cavabının surətini kağız daşıyıcısında 04.11.2021-ci il tarixdə müraciəti əsasında ala bilmiş və bunun qoşmasında məhkəməyə təqdim edir. Cavabdehin hərəkətləri qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komisiyası (TSEK) tərəfindən onun barəsində 18.10.2021ci ildə keçirilmiş müayinənin nəticəsində verilmiş imtina əsassız hesab edilməsini və ona İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinə Sumqayıt 3 saylı Şəhər poliklinikasının 21.06.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma .Diaqnozun mətni: Bronxial astma İnfeksion allergik forma . Orta ağır gedişli. TÇ -İ. xr. Hipertonik faringit. ANS. Xora xəstəliyi. 12 b/b xorası. A/ə venalarının varikoz genişlənməsi.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin 23.06.2015-ci il tarixli 0531003AACG5 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma ;Diaqnozun mətni: Bronxial astma İnfeksion allergik forma . Orta ağır gedişli. TÇ -İ. xr. Hipertonik faringit. ANS. Xora xəstəliyi. 12 b/b xorası. A/ə venalarının varikoz genişlənməsi.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 01.07.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma;Diaqnozun mətni: Bronxial astma İnfeksion allergik forma . Orta ağır gedişli. TÇ -İ. xr. Hipertonik faringit. ANS. Xora xəstəliyi. 12 b/b xorası. A/ə venalarının varikoz genişlənməsi.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin 02.07.2021-ci il tarixli 0529003AAHXJ saylı göndərişi əsasında baxılmış və “X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma ; Diaqnozun mətni: Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Aldığı müalicə yetərincə deyil. İxtisaslaşmış müayinə və müalicə davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin 11.10.2021 -ci il tarixli 0531003AALG8 saylı göndərişi əsasında baxılmış və “X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma ; Diaqnozun mətni: Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, Bronxial astma, infeksion allergik forma; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstə ETACXİ nin rəyi və müayinə olması məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komisiyası (TSEK) tərəfindən İddiaçı barəsində 18.10.2021-ci ildə keçirilmiş müayinənin nəticəsində verilmiş imtinası, etiraz ərizəsi, arayışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ TSEK tərəfindən İddiaçı barəsində 18.10.2021-ci ildə keçirilmiş müayinənin nəticəsində verilmiş imtinasından yaranmış olur. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, əlilliyin təyin edilməsi Agentliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyə müraciət etmiş və nəticədə TSEK-dən müvafiq imtinanı almışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.3-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Qaydaların 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 3.1.2-ci bəndinə əsasən göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir.Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2.3-cü bəndinə əsasən ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9) şəxsə ikinci dərəcə əlillik təyin edilir. Əsasnamənin 3.1.10-cu bəndinə əsasən ağır gedişli bronxial astma (J45-J45.9) diaqnozu olduğu tədqirdə uşaqların sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Yuxarıda qeyd olunan Nazirlər Kabinetinin 11 və 12 saylı 16 yanvar 2020-ci il tarixli Əsasnamələrin tələbləri baxımından müəyyən olunur ki, şəxsə əllillik dərəcəsinin təyin edilməsi məqsədi ilə özü və ya müalicə həkimi Həkim Məsləhət Komissiyasına müraciət edir. X7 şəxsin tibbi müayinəsini həyata keçirir, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Sonra Komisiya tərəfindən həmin nəticələr siyahısı müəyyən edilmiş tibb müəssisələrinə göndərilir və həmin tibb müəssisələri müayinə olunmuş şəxin xəstəlikləri barəsində göndərilmiş məlumatlar əsasında Forma 88 adlı sənədi tərtib edərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edir. Qeyd olunan Forma 88 adlı arayışın əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komisiyası (TSEK) şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Tibbi müəssisələri tərəfindən verilmiş göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. İddiaçı iddia tələbi araşdırılarkən müəyyən edilmişdir ki, Sumqayıt şəhər 1 saylı xəstəxanasının poliklinika şöbəsi tərəfindən İddiaçı müayinə olunmuş və onda infeksion allergik formada bronxial astma, İİ-ci dərəcəli tənəffüs çatışmamazlığı, xroniki faringit, İİ dərəcəli arterial hepetrenziya, xora xəstəliyi, və sair xəstəliklər müəyyən olunmuşdur. Lakin, Sumqayıt şəhər 1 saylı xəstəxanasının poliklinika şöbəsi tərəfindən İddiaçı barəsində olan epikriz məlumatlarını “Sumqayıt Tibb Mərkəzi” X9 göndərərkən onun xəstəliyinin əsas diaqnozu kimi J45 kodu altında göstərilmiş astma xəstəliyinin olması, həmin xəstəliyin ağırlaşma formasını isə J96 kodu altında göstərilmiş İİ dərəcəli tənəffüs çatışmamazlığı kimi göstərmişdir. Qeyd olunan məlumatlar əsasında “Sumqayıt Tibb Mərkəzi” X10 tərəfindən Forma 88 saylı arayış tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilmişdir. Göndərilmiş reyestr məlumatları əsasında Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komisiyası (TSEK) tərəfindən İddiaçı əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. İmtinan əsas səbəbi kimi xəstə barəsində Respublika Elmi Təhqiqat X3 rəyinin alınmaması ilə bağlı olduğunu göstərilmişdir. Qeyd olunan məsələnin araşdırılması məqsədi ilə məhkəmə tərəfindən “Sumqayıt Tibb Mərkəzi” X9 müvafiq sorğu göndərilmiş və müəyyən edilmişdir ki, astma xəstəliyini Spirometriya müayinəsi nəticəsində əldə etmək olar və İddiaçı barəsində həmin müayinə Sumqayıt şəhər 1 nömrəli xəstəxanada həyata keçirilərək müvafiq rəy verilmişdir. Lakin, Tibbi Sosial Ekspert Komisiyasının rəyinə əsasən İddiaçı məhz Respublika Elmi Təhqiqat X4 müayinə olunması və oradan rəyin alınması tövsiyyə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati orqan olan Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəyə görə İddiaçı məhz Respublika Elmi Təhqiqat X4 müayinə olunmasını əsaslandıra bilməmişdir. Belə ki, həmin İnstitutdada astma xəstəliyi məhz Spirometriya müayinəsi nəticəsində müəyyən edilir və həmin İnsitutun verdiyi rəyin Sumqayıt şəhər 1 nömrəli xəstəxanası tərəfindən verilən rəydən üstünlüyü yoxdur. Ona görə də inzibati orqanının bu səpkidə gətirdiyi arqumenti məhkəmə əsassız hesab edir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, X2 (XBT) 21 fəsildən ibarətdir və tənəffüs sistemi xəstəlikləri Təsnifatın 10-cu fəslində öz əksini tapmışdır. Qeyd olunan Təsnifatda hər bir xəstəlik xüsusi kodla qeyd olunur. Belə ki, İddiaçı tibb müəssisəsi tərəfindən təyin edilmiş J45 kodu göstərilmiş astma xəstəliyi “Аşаğı tənəffüs yоllаrının хrоniкi хəstəlikləri”nə aid edilmiş və həmin xəstəliyin:1) J45.0-Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, 2) J45.1-Qeyri-allergik astma, 3) J45.8-Qarışıq astma, 4) J45.9- Dəqiqləşdirilməmiş astma növləri müəyyən edilmişdir. Tənəffüs orqanlarının digər xəstəliklərinə J96 kodu ilə göstərilmiş “başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı” aid edilmiş və həmin xəstəliyin 1) J96.0-Kəskin respirator çatmamazlıq, 2) J96.1-Xroniki respirator çatmamazlıq və 3) J96.9- Dəqiqləşdirilməmiş respirator çatmamazlığı növləri müəyyən edilmişdir. Göründüyü kimi X1 J45 və J96 kodu altında göstərilmiş xəstəliklərin hər ikisi tənəffüs sistemi xəstəliklərinə aid edilmiş və hər iki kod altında göstərilmiş xəstəliklər birbirindən fərqlidir. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.1.2-ci bəndinə əsasən “Sumqayıt Tibb Mərkəzi” X11 tərəfindən reyestrə daxil edilmiş göndərişdə əlillik səbəbinin yanlış qeyd olunmasına baxmayaraq, əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilməli olduğu tədqirdə əsassız yerə İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2.3-cü bəndinə əsasən ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9) şəxsə ikinci dərəcə əlillik təyin edilir. Nəzərə alınmalıdır ki, Həmin Əsasnamənin 2.3-cu bəndinə əsasən J45 kodu altında olan xəstəliyin olması 3-cü dərəcə əlilliyin təyin edilməsi üçün əsas sayılmır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komisiyası (TSEK) tərəfindən İddiaçı barəsində 18.10.2021-ci ildə keçirilmiş müayinənin nəticəsində verilmiş imtinası qanunsuz hesab edilməli və İddiaçı Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İİ dərəcə əlillik təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komisiyası (TSEK) tərəfindən İddiaçı barəsində 18.10.2021-ci ildə keçirilmiş müayinənin nəticəsində verilmiş imtina əsassız hesab edilsin və İddiaçı İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar