Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-463/2023 28.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdehnə qarşı “hər iki iddiaçının faktiki mülkiyyətlərində olan Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində 0.0014 ha torpaq sahəsində yerləşən 10.47 kv.m sahədən ibarət 2 (iki) girişli, 1 mərtəbəli qeyriyaşayış binasının cavabdeh tərəfindən sökülməsi nəticəsində onlara vurulmuş maddi ziyana görə: qeyri-yaşayış sahəsimə görə 15000 (on beş min) manat, torpaq sahəsinə görə 15000 (on beş min) manat və 2013-cü ilin noyabr ayından bu günə qədər aylıq icarə haqı 350 manat olmaqla əldən çıxmış fayda kimi 20000 (iyirmi min) manat (114 ay x 350 manat), ümumilikdə isə 50000 (əlli min) manat məbləğində İddiaçı1 və eyni məbləğdə, yəni 50000 (əlli min) manat məbləğində digər İddiaçı2 kompensasiyanın ödənilməsi öhdəliyin cavabdehin üzərinə qoulmasına dair qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, nümayəndə və vəkilləri olduğu İddiaçı1 İddiaçı2 ilə birlikdə (bundan sonra qeyd olunacaq iddiaçılar) Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində 0.0014 ha torpaq sahəsində yerləşən 2 girişli, 10.47 kv.m ümumi, 10.47 kv.m əsas sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış binasını 24 iyun 2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən onun mülkiyyətçisi X1 almışdılar. 2013-cü ildə iddiaçılar hərbi xidmətdə olduqları dövrdə onlara məxsus sözügedən qeyri-yaşayış sahəsi Xırdalan şəhərində gedən abadlıq və yenidənqurma işləri ilə əlaqədar olaraq Cavabdeh tərəfindən sökülmüş və qeyri yaşayış sahəsinin əvəzi olaraq (kompensasiya) Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 15 kv.m torpaq sahəsinə köçürülməsi və tikinti işlərinin aparılması onlara təklif olunsa da, sonradan onlara məlum olmuş ki, sözügedən sahə artıq məcburi köçkünlər tərəfindən istifadə edilir, həmin sahədə inşa işləri aparılır və həmin torpaq sahəsindən onlar tərəfindən istifadə etmələri artıq qeyri-mümkündür. Bununla əlaqədar olaraq iddiaçılar dəfələrlə müxtəlif dövlət orqanlarına müraciət etsələr də, artıq heç bir nəticə əldə etməmişlər və 2013-cü ildən bu günə qədər faktiki mülkiyyətlərindən və aylıq qazanclarından məhrum olublar (sözügedən ərazidə bu cür qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı ən azı 350 (üç yüz əlli) manat təşkil edir). 03 iyun 2022-ci il tarixdə cavabdehə iddiaçılar tərəfindən ərizə ilə müracət edilərək konpensasiyamn ödənilməsi tələbi irəli sürülmüşdür, lakin cavabdeh buna rədd cavabı vermişdir. Göründüyü kimi iddiaçılara məxsus qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülməsi və cavabdeh tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində iddiaçılara maddi ziyan vurulmuşdur. Odur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində onların mülkiyyətində olan 0.0014 ha torpaq sahəsində yerləşən 2 girişli, 10.47 kv.m ümumi, 10.47 kv.m əsas sahədən ibarət olan 1 mərtəbəli qeyri-yaşayış binasının cavabdeh tərəfindən sökülməsi nəticəsində qeyri-yaşayış sahəsinə görə 30000 (otuz min) manat, torpaq sahəsinə görə 30000 (otuz min) manat və 2013-cü ilin noyabr ayından bu günə qədər aylıq icarə haqı 350 man olmaqla əldən çıxmış fayda kimi 40000 (qırx min) manat (114 ay x 350 manat), ümumilikdə isə 100000 (bir yüz min) manat məbləğində iddiaçılara maddi ziyan vurulmuşdur. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçılara yuxarıda qeyd olunan məbləğdə vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddiaçılar onlara məxsus 10,47 kv.m sahəsi olan 2 girişli qeyri-yaşayış sahəsinin 2013-cü ildə onlar hərbi xidmətdə olduqları dövrdə Cavabdeh tərəfindən söküldüyünü, lakin bugünə kimi kompensasiya təmin olunmadığını bildirir. İddia tələbində işin hallarını təsdiq edəcək hər hansı sübut yoxdur. İddiaçıların Rayon İcra Hakimiyyətinə (RİH) müraciətləri də araşdırılmış və ona dəfələrlə yazılı şəkildə məlumat verilərək həmin qeyri-yaşayış sahəsinin sökülməsi barədə RİH-də məlumatın olmadığı və söküntü işləri barədə tərəfimizdən hər hansı inzibati akt qəbul olunmadığı bildirilmişdir, (iddiaçının sonuncu müraciətinə cavab etiraza əlavə olunur). İşin hallarından da göründüyü kimi iddia tələbini sübut edəcək hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1 -ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2022-ci il tarixli, R-77-149 nömrəli imtina məktubunun surəti, 4Ə/03-479 reyestr nömrəli xx.xx.2009-cu il tarixli Alq-satqı müqaviləsinin surəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2260 nömrəli ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, X2 tələbi üç hissədən ibarətdir. 1) İddiaçı1, İddiaçı2 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində 0.0014 ha torpaq sahəsində yerləşən 10.47 və 10.47 m2 olan qeyri-yaşayış sahəsinin Cavabdeh tələbi ilə qanunsuz sökülməsi nəticəsində hər iki iddiaçıya 15.000 manat kompensasiyanın verilməsi, 2) Cavabdeh qanunsuz hərəkətləri nəticəsində əldən çıxmış faydaya görə isə 20.000 manat məbləğində kompensasiyanın verilməsi, 3) İddiaçıların xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində 0.0014 ha torpaq sahəsinə görə Cavabdehndən tutularaq hər iki iddiaçıya 15.000 manat kompensasiyanın verilməsi, Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir: İddia tələbinin birinci hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, qeyd olunan tələb inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavəsitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiə ilə əlaqədardır (müəyyən hərəkətlərin edilməsindən çəkinməyə dair iddia). İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanlar tərəfindən edilmiş müdaxilənin zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Belə ki, Cavabdeh qeyd olunan imtina məktubunda İlhamə Hacılıya məxsus qeyriyaşayış sahəsinin onlar tərəfindən sökülmədiyini bildirmişdir. Cavabdeh təşkilatın iddia tələbinə dair etirazında gətirdiyi arqumentə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.2-ci bəndinə əsasən “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir. Əsasnamənin 3.11.9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 35-ci, 74.2-ci, 75-ci, 80-ci və 102-ci maddələrində nəzərdə tutulmuş müvafiq məlumatları Tikintilərin Dövlət reyestrinə təqdim edir. Qeyd olunan Məcəllənin 74.2-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan qeyri yaşayış binalarının söküntüsünə də icazə tələb olunur. Göründüyü kimi “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən tikintisinə icazə tələb edilən obyektələrin söküntüsünə rayon icra hakimiyyətinin icazəsi tələb edilir və bu məqsədlə yerli icra hakimiyyətlərinin üzərinə monitorinqlərin aparılaraq təmir-tikinti və memarlıq işləri ilə bağlı məlumatların Dövlət şəhərsalma kadastırına daxil edilməsi öhdəliyi qoyulmuşdur. Lakin yerli icra hakimiyyətinin üzərinə qeyd olunan öhdəliyin qoyulmasına baxmayaraq Cavabdeh qeyd olunan söküntü işlərinin onun tərəfindən həyata keçirilmədiyini bildirir və bu barədə məhkəməyə hər hansı bir arqument təqdim etmir. Halbuki, “İnzibati İcraat haqqında” Qanunun 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Söküntü işləri gündüz vaxtı Xırdalan şəhərinin mərkəzində həyata keçirilmişdir. Qeyd olunanlar bir daha ona dəlalət edir ki, rayon ərazisində abadlıq işlərinin aparılması məqsədi ilə şəhərin arxitektura üslubuna uyğun gəlməyən tikililərin söküntüsü Cavabdeh tərəfindən həyata keçirilmişdir.Lakin həmin söküntünün qanuna uyğun qaydada həyata kerilməməsi nəticəsində əmlak sahiblərinə maddi ziyan vurulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, qanunsuz söküntülərin nəticəsində əmlak sahibinə dəymiş ziyan aradan qaldırılmaıldır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi inzibati orqan qeyd olunan müdaxilənin zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respubllikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən bucür müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin birinci hissəsi qismən əsaslıdır. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə ekspertizası ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2260 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, İddiaçı1, İddiaçı2 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində 0.0014 ha torpaq sahəsində yerləşən 10.47 və 10.47 m2 ayrı-ayrılıqdan olan qeyri-yaşayış sahəsinin mövcud orta bazar dəyərinin 16.750 + 16750 = 33.500 (otuz üç min yeddi yüz əlli ) manat olduğu müəyyən edilmişdir. İddia tələbinin ikinci hissəsini araşdıraraq məhkəmə hesab edir ki, kompensassiyanın vaxtında ödənilməməsi nəticəsində əldən çıxmış fayda olaraq 20.000 manat (iyirmi min ) manatın ödənilməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçılar qeyd olunan torpaq sahəsinin üzərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində mənfəətdən məhrum edilməsi ilə bağlı hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdirlər. Bu səbəbdən də iddia tələbi həmin hissədə təmin edilə bilməz. İddia tələbinin üçüncü hissəsini, yəni iddiaçıların xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində 0.0014 ha torpaq sahəsinə görə Cavabdehndən tutularaq hər iki iddiaçıya 15.000 manat kompensasiyanın verilməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, X4 ilə İddiaçı1 və İddiaçı2 arasında 24 iyun 2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilənin predmeti qeyri-yaşayış sahəsi olmuş və qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsi Elşən Mirzəyevin mülkiyyətində olmamış və iddiaçıların sahibliyinə və ya mülkiyyətinə verilməmişdir. Ona görə də iddiaçıların gətirdiyi 3-cü arqumenti də məhkəmə əsassız hesab edir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq Cavabdehndən 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində 0.0014 ha torpaq sahəsində yerləşən ümumi sahəsi ayrı-ayrılıqda 10.47 və 10.47 m2 olmuş və sonradan sökülmüş qeyri-yaşayış sahəsinə görə ümumilikdə 33.500 (otuz üç min yeddi yüz əlli ) manat məbləğində kompensasiya İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq Cavabdehndən 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-463/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-463/2023
28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver