Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4634/2023 24.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhəri, Cəfər Cabbarlı adına olan küçənin 4-cü mikrorayon ilə 40-cı məhəllə arasında olan hissəsində küçənin adının Əhməd Baytursinulinin adına dəyişdirilməsini əks etdirən “Sumqayıt şəhərində küçə və meydanlara ad verilməsi və ya onların dəyişdirilməsi ilə bağlı komissiya”nın 19 avqust 2022-ci il tarixli 3 saylı iclas protokolu və eləcə də digər əlaqəli sənədlərin ləğv edilməsi, Sumqayıt şəhərində 4-cü mikrorayon ilə 40-cı məhəllə arasında olan həmin hissədə küçəyə Cəfər Cabbarlının adına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Cəfər Cabbarlı adına olan küçənin 4-cü mikrorayon ilə 40-cı məhəllə arasında olan hissəsində küçənin adının Əhməd Baytursinulinin adına dəyişdirilməsini əks etdirən “Sumqayıt şəhərində küçə və meydanlara ad verilməsi və ya onların dəyişdirilməsi ilə bağlı komissiya”nın 19 avqust 2022-ci il tarixli 3 saylı iclas protokolu və eləcə də digər əlaqəli sənədlərin ləğv edilməsi, Sumqayıt şəhərində 4-cü mikrorayon ilə 40-cı məhəllə arasında olan həmin hissədə küçəyə Cəfər Cabbarlının adına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Cəfər Cabbarlı adına olan küçənin 4-cü mikrorayon ilə 40-cı məhəllə arasında olan hissəsində küçənin adı başqa xalqın nümayəndəsi, qazax filoloqu Əhməd Baytursinulinin adına dəyişdirilmişdir. X2 adına olması ilə bağlı yaşayış binalarının üzərində müvafiq lövhələr uzun onilliklər yerləşdirilmiş, bütün xəritələrdə həmin ərazi C.Cabbarlı küçəsi kimi qeyd edilmişdir. Lakin cari ilin mayiyun əvvəllərində iddiaçı təsafüfən xəbər tutmuşdur ki, küçənin bir hissəsinə Əhməd Baytursinulinin adı verilmiş və müvafiq lövhələr asılmışdır. İddiaçının və həmin ərazidə yaşayan bir sıra sakinin bu dəyişiklikdən ümumiyyətlə, məlumatı olmamışdır. Halbuki, ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanunvericiliyə əsasən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişlər, lakin səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü madəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ciil tarixli 465 saylı sərəncamına əsasən Sumqayıt şəhəri, Heydər Əliyev ilə Bakı küçəsini birləşdirən, 4-cü mikrorayonla 4-cı məhəllə arasında yerləşən küçə Əhəmd Bayursınulı küçəsi adlandırılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17-ci yarımbəndinə əsasən yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, ünvan reyestrinə daxil edilmiş ünvan rekvizitləri hesab olunan nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan lövhələrini Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun olaraq hazırlamaq və yerləşdirmək, mövcud ünvan lövhələrinin qorunub saxlanılmasına nəzarət etmək və daşınmaz əmlak obyektlərində yerləşdirilmiş ünvan lövhələrinin mövcudluğunu müəyyənləşdirmək məqsədilə mütəmadi monitorinq keçirmək, ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi hallarını aşkar etdikdə, bu barədə aidiyyəti üzrə məlumat vermək yerli icra hakimiyətlərinin səlahiyyətlərinə aid edilmişdir. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məhkəmə hesab edir ki, iddiaçının bu normaya istinadən küçənin adının dəyişdirilməsi tələbi ilə çıxış etməsi üçün hüquqi əsas movcud deyildir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhəri, Cəfər Cabbarlı adına olan küçənin 4-cü mikrorayon ilə 40-cı məhəllə arasında olan hissəsində küçənin adının Əhməd Baytursinulinin adına dəyişdirilməsini əks etdirən “Sumqayıt şəhərində küçə və meydanlara ad verilməsi və ya onların dəyişdirilməsi ilə bağlı komissiya”nın 19 avqust 2022-ci il tarixli 3 saylı iclas protokolu və eləcə də digər əlaqəli sənədlərin ləğv edilməsi, Sumqayıt şəhərində 4-cü mikrorayon ilə 40-cı məhəllə arasında olan həmin hissədə küçəyə Cəfər Cabbarlının adına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-4634/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4634/2023
24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver