Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4639/2024 03.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Cavabdehin üzərinə Abşeron rayon Hökməli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 48 saylı Qərarı ilə ayrılmış, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən DT və XK tərəfindən tərtib edilmiş dövlət torpaq və kadastrı kitabında 28 fevral 2007-ci il tarixli, 536 nömrə ilə uçota alınan “A” seriyalı 005275 torpaq sahəsinin planı və ölçüsü üzrə elektron kadastr əks olunmuş formada və koordinatlar üzrə 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüqununun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınıb, çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Abşeron rayon Hökməli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 48 saylı Qərarı ilə ayrılmış, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən DT və XK tərəfindən tərtib edilmiş dövlət torpaq və kadastrı kitabında 28 fevral 2007-ci il tarixli, 536 nömrə ilə uçota alınan “A” seriyalı 005275 torpaq sahəsinin planı və ölçüsü üzrə elektron kadastr əks olunmuş formada və koordinatlar üzrə 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüqununun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınıb, çıxarışın verilməsini istəyir. (İddia tələbi dəqiqləşdirilmişdir.) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı fərdi yaşayış evinin tikilməsi üçün xx.xx.2006-cı il tarixdə Abşeron rayon Hökməli Bələdiyyəsinə 0.03 ha torpaq sahəsinin ona satılması barədə ərizə ilə müraciət etmişdir. Ərizəyə Bələdiyyə orqanının iclasında baxılmış və Abşeron rayon Hökməli Bələdiyyəsi iddiaçının ərizəsi üzrə 0.03 ha torpaq sahəsinin satılması barədə 2006-cı il 03 sentyabr tarixli 48 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində o, Abşeron rayon kapital bankının **********0 saylı hesabına əvvəlcədən 72 (yetmiş iki ) manat haqq ödəmişdir (qəbz nömrə N30, ödəniş qəbzi işə əlavə olunur). Abşeron Rayon Hökməli Bələdiyyəsinin 03 sentyabr 2006-cı il tarixli 48 saylı qərarına əsasən torpağın alqı-satqısına dair akt tərtib etməklə, Hökməli Bələdiyyəsi ərazisində yerləşən 0.03 ha torpaq sahəsinin planı və ölçüsü DT və XK-i tərəfindən dövlət torpaq və kadastrı kitabında 28 fevral 2007-ci il tarixli 536 nömrə ilə uçota alınaraq “A” seriyalı 005275 “Torpaq sahəsinin planı və ölçüsü üzrə elektron kadastr xəritəsi çıxarılaraq verilmişdir. Sözügedən həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınıb, çıxarışın verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət olunmuşdur. Müraciətə xx.xx.2024-cü il tarixli 321332/2-S-0033-8/24 nömrəli məktubu ilə imtina cavabı verilmişdir. Verilmiş cavab məktubunda qeyd edilmişdir ki, sözü gedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Abşeron Rayon Hökməli Bələdiyyəsinin 03 sentyabr 2006-cı il tarixli 48 saylı qərarına əsasən Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, “Torpaq İslahatı haqqında” və “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydalarf’na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 nömrəli qərarına müvafiq olaraq vətandaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Hökməli Bələdiyyə torpaqlarından mənə 0.03 ha torpaq sahəsinin satılması və fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Verilmiş torpaq sahəsində yeraltı və yerüstü kommunikasiya - qaz, su, neft və kabel elektrik, telefon xətlərinin olmadığı və həmin torpaqların kəmərlərin və xətlərin mühafizə zonasında yerləşmədiyi müəyyən edildikdən sonra ayrılmışdır. Sözü gedən torpaq sahəsi Hökməli Bələdiyyəsinin sədri DT və XK-nin rayon şöbəsi müdiri tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması ilə bağlı imtina edilməsi əsas gətirilsə də, həmin torpaq sahəsinə yaxın ətrafdakı qonşulara verilmiş torpaq sahələrində əlavə etdiyi fotoşəkillərdən göründüyü kimi hamısı fərdi yaşayış evi tikmiş, həyətyanı torpaq sahəsi və ev üçün qeydiyyat vəsiqəsi (çıxarış) almışlar, əvəzinə Torpaq sahəsinin kateqoriyası: yaşayış məntəqəsi torpaqları, Məqsədli təyinatı: həyətyanı yazılmış çıxarışlar almışlar. Yaşayış məntəqəsində 0.03ha torpaq sahəsinin kənt təsərrüfatlı saxlanması heç bir məntiqə sığmır. "Torpaq islahatı haqqında"Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. "Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında" Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. 23 oktyabr 2007-ci il tarixli 466-111 QD nömrəli Azərbaycan Respublikası Qanunu ilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyə və tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqısatqı aktı tərtib edilir. "X2 torpaqların Moritorinqi və yerqurluşu haqqında"Azərbaycan Respublikası Qanunun xx.xx.1998-ci il tarixli qanunun 6 maddəsinin 4-cü hissəsində deyilir ki, X1 məlumatları dövlət orqanlarının bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında "Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılması (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-i maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşmasının və xitam verilməsinin qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.3-cü maddəsinə asasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşmasının va xitam verilməsinin qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəliməsi əsası kimi göstərilmişdir. Yuxarıda sadalanan qanunvericilik aktlarının tələbindən görünür ki, müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlət və va bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı: 1- Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0.03 ha torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, daşınmaz əmlaka hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmaması müəyyən edilir. Həmin Qanunun 8-ci maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklülüyü) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi, icarəsi, istifadəsi və ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiqlənmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4- cü cümləsinə əsasən, torpaq sahəsinin mülkiyyət, istifadə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyəti və torpaqın ayrılma məqsədi, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyqun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir, Əsasnamənin 19-cu bəndinə əsasən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyqun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır, ‘‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğu, əldə edilməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Abşeron rayon Hökməli Bələdiyyənin xx.xx.2006-cı il tarixli 48 saylı Qərarı ilə iddiaçıya bələdiyyə torpaqlarından 0.03 ha torpaq sahəsi satılmışdır. Məhkəmə araşdırması zamanı Abşeron rayon Dövlət Arxivinin 08 iyul 2024-cü il tarixli məktubu ilə Abşeron rayon Hökməli Bələdiyyənin xx.xx.2006-cı il tarixli 48 saylı Qərarı və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. 08 may 2007-ci il tarixdə 573/07 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alqısatqısına dair akt”dan görünür ki, İddiaçı tərəfindən ona ayrılmış 0.03 ha torpaq sahəsinin satılması müqabilində Abşeron rayon Hökməli bələdiyyəsinin hesabına pul vəsaiti köçürülmüşdür. 04 sentyabr 2006-cı il tarixli 30 №li ödəniş qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Abşeron rayon Hökməli bələdiyyəsinin hesabına 72 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 561 saylı, 15 sentyabr 2006-cı il tarixli rəyindən görünür ki, iddiaçıya fərdi ev tikmək məqsədi ilə 0.03 ha torpaq sahəsinin satılması qanunamüvafiq hesab edilmişdir. Abşeron rayonu Hökməli bələdiyyəsinin sədri tərəfindən təsdiqlənmiş yeruquluşu planından çıxarışdan görünür ki, 0.03 ha torpaq sahəsi iddiaçının adına qeydə alınmışdır və onuna adına yerquruluşu planından çıxarış tərtib edilmişdir. 03 sentyabr 2006-cı il tarixli torpaq sahəsinin təhvil aktı ilə ayrılmış torpaq sahəsinin sxematik planının sərhədlərinə nişangahlar qoyulduqdan sonra iddiaçıya təhvil verilmişdir. Torpaq sahəsinin planı və ölçüsü X2 kitabında 25 may 2007-ci il tarixdə 780 nömrə ilə A №005275 uçota alınmışdır. Torpaq sahəsinin müayinə baxış aktından görünür ki, iddiaçının hüquqmüəyyənedici sənəd üzrə 0.03 ha, faktiki 0.0488 ha torpaq sahəsi istifadəsindədir. Torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə sərhəddir. Torpaq sahəsi daş hasarın daxilində yerləşir, sahə fərqi var. Torpaq sahəsinin faktiki koordinatları əlavə edilmişdir. İddia tərəfindən məhkəməyə təqdim edilmiş qonşu torpaq sahələrinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çxarışlardan görünür ki, həmin torpaq sahələri yaşayış məntəqələri torpaqlarına aiddir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinə dair bütün çıxarışların və onların verilməsinə əsas olan sənədlərin və müayinə aktının surətləri və ortofoto görüntüsü təqdim edilmişdir. Təqdim edilmiş müayinə baxış aktında torpaq sahəsinin DTXK tərəfindən təsdiq edilmiş plan-ölçü sənədində göstərilən koordinatlara uyğun olduğu, torpaq sahəsinin şərq hissəsində 0.0142 ha zəbt sahəsi olduğu qeyd edilmişdir. Torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinə dair təqdim edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, həmin torpaq sahələri yaşayış məntəqələri torpaqlarına aiddir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli müraciətə baxılması barədə bildirişdən görünür ki, iddiaçının torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayon Hökməli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 48 saylı Qərarı ilə ayrılmış, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən DT və XK tərəfindən tərtib edilmiş dövlət torpaq və kadastrı kitabında 28 fevral 2007-ci il tarixli, 536 nömrə ilə uçota alınan “A” seriyalı 005275 torpaq sahəsinin planı və ölçüsü üzrə elektron kadastr əks olunmuş formada və koordinatlar üzrə 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüqununun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınıb, çıxarışın verilməsini istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 0.03 ha torpaq sahəsinin təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Göründüyü kimi iddiaçının torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq olması qeyd edilsə də sözügedən torpaq sahəsi iddiaçıya Bələdiyyə Qərarı ilə Hökməli bələdiyyəsinə təhkim edilmiş, perspektiv inkişafa ayrılmış bələdiyyənin alqı-satqı predmeti olan torpağından fərdi tikinti məqsədilə 0.03 ha torpaq sahəsi satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən müvafiq rəy verilmişdir. Torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə dair plan-ölçü sənədi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Abşeron rayon Hökməli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 48 saylı Qərarı hazırda qüvvədədir və mübahisələndirilmir. Bundan əlavə məhkəmə araşdırması zamanı torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinə dair məhkəməyə təqdim edilmiş çıxarışlardan, plan-ölçü sənədlərindən görünür ki, həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları yaşayış məntəqələri torpaqları kimi qeydə alınmışdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bundan əlavə torpaq sahəsinin müayinə aktında sənəd üzrə və faktiki ölçülər arasında fərq olduğu qeyd edilsə belə iddiaçının hüquqi marağı sənəd üzrə 0.03 ha torpaq sahəsi ilə bağlıdır. Bu halda isə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını istisna edəcək hal müəyyən olunmur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Hökməli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 48 saylı Qərarı ilə ayrılmış, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən DT və XK tərəfindən tərtib edilmiş dövlət torpaq və kadastrı kitabında 28 fevral 2007-ci il tarixli, 536 nömrə ilə uçota alınan “A” seriyalı 005275 torpaq sahəsinin planı və ölçüsü üzrə elektron kadastr əks olunmuş formada və koordinatlar üzrə 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüqununun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınıb, çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4639/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4639/2024
03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver