Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-464/2022 21.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Novxanı bələdiyyəsi tərəfindən keçirilmiş xx.xx.2011-ci il tarixli hərracın nəticələrinə əsasən mərhum həyat yoldaşına satılmış 265.0 kv.m olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum həyat yoldaşı X5 adına arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Abşeron rayonu, Novxanı bələdiyyəsi tərəfindən keçirilmiş xx.xx.2011-ci il tarixli hərracın nəticələrinə əsasən X2 265.0 kv.m olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, Abşeron rayonu, Novxanı bələdiyyəsi tərəfindən keçirilmiş xx.xx.2011-ci il tarixli hərracın nəticələrinə əsasən mərhum həyat yoldaşına satılmış 265.0 kv.m olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum həyat yoldaşı X5 adına arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Novxanı bələdiyyəsinin çıxarışla mülkiyyətində olan torpaq sahəsindən 265.0 kv.m torpaq sahəsi mərhum yoldaşı X7 xx.xx.2011-ci il tarixdə hərrac yolu ilə satılmışdır. Bununla bağlı hərracın nəticələrinə dair protokol tərtib edilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnaməyə əsasən yoldaşının mülkiyyətinə verilmişdir. Həmin vaxtdan torpaq onların mülkiyyətindədir. Yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Yoldaşının vəfatından sonra torpağın daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməklə çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, ona imtina məktubu ilə bildirilmişdir ki, mərhum yoldaşına satılan torpaq ehtiyat fonduna aid olsa da, yaşayış məntəqələrinin torpağı kimi satılmışdır. Eyni zamanda sözügedən torpaq sahəsinə dair notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ərizəyə əlavə edilməmişdir. Hesab edir ki, imtina əsassızdır. Bələdiyyənin ehtiyat fondu torpaqları müxtəlifdir. Onlardan biri də yaşayış məntəqələrinin torpaqlarıdır ki, həmin torpaqdan Novxanı bələdiyyəsi ümumi sahəsi 2650 kv.m olan torpaq sahəsini mərhum yoldaşına hərrac yolu ilə satmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən mərhum X7 məxsus 0.0265 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 05 may 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.0265 ha torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli, **********20 reyestr, MA ******* seriya nömrəli çıxarışda təyinatına və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlarına aid olması qeyd edilsə də, yaşayış məntəqələrinin torpaqları kimi hərrac vasitəsilə satılmışdır. Bundan başqa, sözügedən torpaq sahəsinə dair notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin müraciətə əlavə edilmədiyi aşkar edilmişdir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 4-cü bəndinə əsasən bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10cu maddələrinə, "Torpaq bazan haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. Torpaq Məcəlləsinin 33.4-cü maddəsinə müvafiq olaraq, ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Torpağın bir kateqoriyadan digərinə keçirilməsi zamanı onun hüquqi statusu, məqsədli təyinatı, hüquqi rejimi, kəmiyyət və keyfiyyət göstəriciləri, təbii-coğrafi şəraiti, o cümlədən təbii və antropogen landşaft xüsusiyyətləri və onların sabitliyi nəzərə alınır. Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.14-cü bəndinə əsasən ehtiyat fondu torpaqlarının bu Qaydalarla müəyyən edilmiş əsaslar üzrə istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. Eləcə də, həmin Qanunun 11.5-ci maddəsinə uyğun olaraq, Bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu. Novxanı kəndində 0,0265 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə Abşeron rayonu Novxanı bələdiyyəsinin adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ********* saylı şəhadətnamədən görünür ki, X3 rayon Novxanı bələdiyyəsinin mülkiyyətində olan 265 kv.m və ya 0,0265 ha olan torpaq sahəsinin mülkiyyətə verilməsi və ya icarə qaydasında əldə edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron torpaq hərrac və müsabiqə komissiyası tərəfindən 20 dekabr 2011-ci il tarixdə keçirilmiş açıq torpaq hərracının və ya müsabiqənin qalibidir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq hərrac və müsabiqə komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə 20 dekabr 2011-ci il tarixli iclasının 20 dekabr 2011-ci il tarixli, 2487 saylı protokolu ilə Abşeron rayonu ərazisində yerləşən Novxanı bələdiyyə mülkiyyətinə aid 265 kv.m və ya 0,0265 ha torpaq sahəsinin satılması məqsədilə 20 dekabr 2011-ci il tarixdə keçirilən müsabiqədə iştirak edən şəxslərin siyahısının təsdiq edilməsi qərara alınmış və həmin qərarda torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olması və həmçinin yararsız, V keyfiyyət qruplu torpaq sahəsi olduğu qeyd edilmişdir. - Torpaq alqı-satqısına dair xx.xx.2012-ci il tarixli, 07 saylı müqavilədən görünür ki, Novxanı bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının Dölət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən 20 dekabr 2011ci il tarixdə keçirilmiş açıq torpaq müsabiqəsinin qalibi olan X7 torpaq sahəsi satılmış və sonuncu tərəfindən bələdiyyənin hesabına 623 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2011-ci il tarixli 27 saylı Qəbzdən görünür ki, X1 ASC-nin Abşeron filialı vasitəsi ilə Novxanı bələdiyyəsinin hesabına 623 manat məbləğində pul vəsaiti ödəmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri on iki saylı Notariat Ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə ünvanladığı 665 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 12 saylı notariat ofisinə İddiaçı tərəfindən müraciət daxil olmuş və o vərəsə kimi tanınmışdır. - Cavabdeh xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, mərhum X5 0,0265 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin 16 mart 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumat bazasında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin ərazi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına (yararsız) aid ərazidə yerləşir. - Məhkəməyə sorğu əsasında daxil olmuş, Novxanı bələdiyyəsinin MA seriyaslı ******* saylı çıxarışının verilməsinə əsas olan sənədlərdən - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 1062 saylı, 06 sentyabr 2011-ci il tarixli rəyində qeyd edilmişdir ki, Novxanı bələdiyyəsi ərazisindən sahibkarlıq tikinti məqsədilə 0,0265 ha və 0,0038 ha torpaq sahələrinin Novxanı bələdiyyəsi ərazisində yerləşməklə, kənd təsərrüfatına tam yararsız torpaq sahəsi kimi qeydiyyata alınmışdır. - Yuxarda qeyd olunan sorğu əsasında təqdim edilmiş, Abşeron rayonu Novxanı bələdiyyəsinin 15 avqust 2011-ci il tarixli 08 saylı qərarından görünür ki, Novxanı bələdiyyəsinin alqı-satqı predmeti olan 0,0265 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yer-quruluşu təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və sigər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsini sahibkarlıq və tikinti məqsədi ilə satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X3 rayon Novxanı bələdiyyəsinin mülkiyyətində olan 265 kv.m və ya 0,0265 ha olan torpaq sahəsinin mülkiyyətə verilməsi və ya icarə qaydasında əldə edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron torpaq hərrac və müsabiqə komissiyası tərəfindən 20 dekabr 2011-ci il tarixdə keçirilmiş açıq torpaq hərracının və ya müsabiqənin qalibi olmuş və Novxanı bələdiyyəsi ilə onun arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə əsasında həmin torpaq sahəsi ona satılmış və o, bunun müqabilində bələdiyyənin hesabına 623 manat məbləğində pul vəsaiti ödəmişdir. X8 öldükdən sonra İddiaçı onun vərəsəsi kimi tanınmışdır. İddiaçı mübahisə predmeti olan torpaq sahəsi üzərində mərhum ərinin mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, həmin orqanın 13 iyul 2021-ci il tarixli bildirişi ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh izibati orqan imtinasının əsası kimi aşağıdakılar göstərilmişdir:
1. Torpaq sahəsinin çıxarışda təyinatına və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlarına aid olması qeyd edilsə də, yaşayış məntəqəsi torpaqları kimi hərracda satılmamışdır;
2. Həmin torpaq sahəsinə dair notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ərizəyə əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.6-ci mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqısatqı aktı tərtib edilir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Qeyd edilməlidir ki, hazırki işdə də iddiaçıya torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi rayon torpaq şöbəsi tərəfindən rəy verilmiş, bələdiyyənin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmış və həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra torpaq sahəsi müsabiqəyə çıxarılmış, iddiaçının mərhum əri həmin müsabiqənin qalibi olaraq onunla bələdiyyə arasında sözügedən torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Bələdiyyə torpaqlarının ayrılmasına dair qanunvericilik aktlarında bələdiyyə ilə torpaq sahəsinə dair bağlanmış əqdlərin notarial qaydada bağlanmasına dair imperativ norma öz əksini tapmamışdır. Torpaq sahəsinin təyinatı ilə bağlı cavabdeh inzibati orqanın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” MA seriyalı, ******* saylı çıxarışda torpaq sahəsinin təyinatı “ehtiyat fondu” kimi göstərilsə də məhkəmənin sorğularına cavab olaraq məhkəməyə daxil olmuş sənədlərdə - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin 16 mart 2022-ci il tarixli məktubunda, eyni zamanda Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 1062 saylı, 06 sentyabr 2011-ci il tarixli rəyində torpaq sahəsinin kənd təsərrüfatına yararsız torpaq sahəsi olduğu qeyd edilmişdir. Qanunvericilikdə bələdiyyənin ehtiyat fondu torpaqlarının özgəninkiləşdirilməsi ilə bağlı tam məhdudiyyət müəyyən olunmamışdır. Belə ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 7-ci maddəsi ilə bələdiyyələrin ehtiyat fondunun xüsusi mülkiyyətə verilə bilən torpaqlarının dairəsi müəyyən edilmişdir. Həmin maddəyə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; Yuxarıda da qeyd olunduğu kimi məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi kənd təsərrüfatına yararsız torpaq sahəsidir. Beləliklə cavabdehin öz imtinasında qeyd etdiyi kimi “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” MA seriyalı, ******* saylı çıxarışda torpaq sahəsinin təyinatının “ehtiyat fondu” kimi göstərilməsi həmin torpaq sahəsinin satış predmeti olmasını istisna etmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən dəlili də əsassızdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının mərhum ərinə torpaq sahəsi ayrılarkən təyinatının düzgün göstərilməməsi onun təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu, Novxanı bələdiyyəsi tərəfindən keçirilmiş xx.xx.2011-ci il tarixli hərracın nəticələrinə əsasən mərhum X2 265 kv.m (0.0265 ha) olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Abşeron rayonu, Novxanı bələdiyyəsi tərəfindən keçirilmiş xx.xx.2011-ci il tarixli hərracın nəticələrinə əsasən mərhum X2 265 kv.m (0.0265 ha) olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva