Məhkəmə qərarları › İş №2-1(118)-464/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-464/2025

17.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-464/2025 17.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh Qobustan rayonu Nabur bələdiyyəsinə qarşı “Qobustan rayonu Nabur bələdiyyəsinin 10 may 2016-cı il tarixli, 05 nömrəli qərarının iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən 0.04863 ha hissədə ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Qobustan rayonu Nabur bələdiyyəsinə qarşı “Nabur bələdiyyəsinin alqı-satqı predmeti olan 0,18 ha torpaq torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə Azərbaycan Respublikası Qobustan rayonu Nabur bələdiyyəsinin 10 may 2016-cı il tarixli 05 nömrəli qərarının, həmin qərarın əsasında torpaq sahəsinin alınmasına dair alqı-satqı müqaviləsinin və həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair çıxarışın etibarsız hesab olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5351/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X13 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək, “Qobustan rayonu Nabur bələdiyyəsinin 10 may 2016-cı il tarixli, 05 nömrəli qərarının iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən 0.04863 ha hissədə ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, Qobustan rayonu Bəklə kəndində yerləşən mərhum atası X9 məxsus 0,18 ha torpaq sahəsi vardır. Atası vəfat etdikdən sonra həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Qeyd edir ki, atası X14 1925-ci ildə anadan olmuş, 1941-1945-ci illər X11 döyüşlərdə iştirak etmiş və yaralanmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin 26 sentyabr 2023-cü il tarixli arayışını da məhkəməyə təqdim edir. Bildirir ki, iddiaçı atasının ölümü ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə vərəsəlik işinin açılması ilə bağlı Bakı şəhəri, 20 saylı Notariat ofisinə müraciət etmiş, vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Miras əmlakın tərkibində olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X18 filialı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 937 nömrəli arxiv çıxarışına əsasən ünvan 1i ünvanında yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. İddiaçının torpaq sahəsinə birləşik olan torpaq sahələri də var, bu torpaq sahələri iddiaçıların torpağına bitişik olduğu üçün ilk olaraq torpaq sahəsinin satılması ona təklif olunmalı idi, lakin buna baxmayaraq qeyri qanuni şəkildə heç bir əsas olmadan torpaq sahəsini Qobustan rayonu Nabur bələdiyyəsi X1. DƏDRX-nin ******* saylı Çıxarışına əsasən 0,12 ha torpaq sahəsi X6 mülkiyyətinə verilmişdir. Qobustan rayon Nabur bələdiyyəsinə sorğu ilə müraciət edərək, ünvan 1ində yerləşən 0.18 ha torpaq sahəsinin alqı-satqısına dair AN-İN ******* saylı alqı-satqı müqaviləsinin, Qobustan rayon Nabur Bələdiyyəsinin 10 may 2016-cı il tarixli iclasının protokolunun 05 nömrəli qərarından Çıxarışının təsdiq olunmuş surətlərinin verilməsini xahiş etmiş, lakin Qobustan rayon Nabur bələdiyyəsinin 04 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Nabur bələdiyyəsinin arxiv sənədləri ona məlum olmayan səbəblərdən mövcud deyildir. Bu da onu bir daha təsdiq edirki, 0,12 ha torpaq sahəsi X10 heç bir əsas olmadan satılmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında iştirak etmiş iddiaçı X12 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X13 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh Qobustan Rayon Nabur Bələdiyyəsi tərəfindən iddiaya qarşı yazılı münasibət bildirilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: AZ № 147082 saylı “Ölüm haqqında şəhadətnamə”; ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış; X18 Filialının 937 saylı, xx.xx.2017-ci il tarixli arxiv çıxarışı və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Şamaxı rayon Filialının xx.xx.2017-ci il tarixli, 937 saylı arxiv arayışından aydın olur ki, Şamaxı rayonu İH-nin Nabur kənd inzibati ərazi dairəsi nümayəndəliyinin 1966- 1968-ci illərin Bəklə kəndi üzrə qaytanlanmış təsərrüfatbaşına kitabında Bəklə kənd sakini X7 təsərrüfatında 0.18 ha torpaq sahəsi olmuşdur. AZ № 147082 saylı “Ölüm haqqında şəhadətnamə”dən aydın olur ki, X15 xx.xx.2002-ci il tarixdə ölmüşdür. X2 vərəsəsi İddiaçı məlum olmuşdur ki, Qobustan rayon Nabur bələdiyyəsi tərəfindən 10 may 2016-cı il tarixli, 05 nömrəli qərar ilə mübahisəli torpaq sahəsinin ətrafında yerləşən 0.12 ha torpaq sahəsinin üçüncü şəxs X10 satılması qərara alınmışdır. Tərəflər arasında torpaq sahəsinin satılması 15 dekabr 2016-cı il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmiş və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, **********48-10301 reyestr nömrəli çıxarış tərtib edilmişdir. Hal-hazırda iddiaçı qeyd olunan torpaq sahəsinin iddiaçıya satılmasına dair Qobustan rayonu Nabur bələdiyyəsinin 10 may 2016-cı il tarixli, 05 nömrəli qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə aşağıda qeyd etdiklərinə əsasən hesab edir ki, iddia təmin edilməli və Qobustan rayonu Nabur bələdiyyəsinin 10 may 2016-cı il tarixli, 05 nömrəli qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Azərbaycan Respublikas Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri). Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.6-ci mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Məhkəmə iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bələdiyyə tərəfindən üçüncü şəxs X10 ayrılmış torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi halının aydınlaşdırılması üçün mütəxəssis rəyinin verilməsi məqsədilə cavabdeh orqana müvafiq sorğular ünvanlamışdır. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: “X8 məxsus Qobustan rayonunun Bəklə kəndində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları və ölçüsü GPS aləti vasitəsilə müəyyənləşdirilmişdir. X8 məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0.2376 ha təşkil edir. Elektron məlumat bazasına əsasən naturada ölçülmüş 0.2376 ha torpaq sahəsinin 0.1740 ha hissəsi xüsusi mülkiyyət və 0.0636 ha hissəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. X8 məxsus Qobustan rayonunun Bəklə kəndində olan fərdi yaşayış evinin arxa hissəsində boş qalan (X6 **********48-10301 reyestr nömrəli çıxarışdan kənarda qalan torpaq sahəsi) torpaq sahəsinin koordinatları və ölçüsü GPS aləti vasitəsilə müəyyənləşdirilmişdir. X8 məxsus fərdi yaşayış evinin arxa hissəsində boş qalan torpaq sahəsi 0.1045 ha təşkil edir ki, bununda 78 kv.m hissəsi **********48-10301 reyestr nömrəli çıxarışla X6 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Elektron məlumat bazasına əsasən Firuzə Şahı qızına məxsus fərdi yaşayış evinin arxa hissəsində qalan 0.967 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. X8 məxsus Qobustan rayonunun Bəklə kəndində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0.174 ha hissəsinə Qobustan RİHB-nın Nabur kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş təsərrüfatbaşına kitabdan çıxarışa əsasən reyestr nömrəsi **********64-10301 olan çıxarış və texniki pasport verilmişdir. X5 fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə verilmiş çıxarışın, texniki pasportun və Qobustan RİHB-nın Nabur kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş təsərrüfatbaşına kitabdan çıxarışın təsdiq olunmuş surətləri rəyə əlavə olunmuşdur. X6 **********48- 10301 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli texniki pasportda qeyd edilən yaşayış evinin yerləşdiyi torpaq sahəsinin naturadakı koordinatları müəyyənləşdirildi. Qobustan RİHB-nın Nabur kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş təsərrüfatbaşına kitabdan çıxarışa əsasən 0.174 ha torpaq sahəsi X8 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi və həmin evin ön hissəsində olan torpaq sahəsidir. X6 **********48-10301 reyestr nömrəli, xx.xx.2016- cı il tarixli texniki pasportda qeyd edilən yaşayış evinin yerləşdiyi torpaq sahəsinin **********48-10301 reyestr nömrəli, xx.xx.2016 cı il tarixli texniki pasportda qeyd edilən yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ətrafında həmin torpaq sahəsindən başqa istifadəsində torpaq sahəsi mövcud deyildir. RX seriyalı, ******* saylı xx.xx.2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la X10 məxsus torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları və ölçüsü müəyyənləşdirildi. Torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları arasında uyğunsuzluq vardır. Torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları arasındakı uyğunsuzluq rəyə əlavə olunmuş sxemdə öz əksini tapmışdır. X4 üzrə torpaq sahəsinin ətrafında onun istifadəsində olan əlavə torpaq sahəsi mövcud deyildir. Elektron məlumat bazasına əsasən X8 məxsus Qobustan rayonunun Bəklə kəndində yerləşən yaşayış evinin arxa hissəsində yerləşən 0.967 ha torpaq sahəsi Qobustan rayonun Nabur bələdiyyəsinin mülkiyyəti olmaqla yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir. Yuxarıda qeyd edilən suallar əsasında müəyyən edilmiş məlumatlara dair müqayisəli sxem tərtib edilərək rəyə əlavə olunur.” Məhkəmənin 2-1(118)-1608/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən daxil olmuş 10/1283 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-41/2-2227/2024-cü il tarixli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Milli Arxiv İdarəsi X18 Filialı tərəfindən verilən arxiv çıxarışına əsasən qaytanlanmış təsərrüfatbaşına kitablarında Bəklə kənd sakini X7 təsərrüfatında qeyd edilər 0,18 ha torpaq sahəsinə Ərazi idarəsi tərəfindən reyestr nömrəsi **********64-10301 olan Çıxarış verilmişdir. Reyestr nömrəsi **********64-10301 olan çıxarışla X5 mülkiyyətinə verilmiş torpaq sahəsi X5 Qobustan rayonunun Bəklə kəndində yerləşən torpaq sahəsi fərdi yaşayış evinin yerləşdiyi və qarşı tərəfində olan torpaq sahəsidir. Milli Arxiv İdarəsi X18 Filialı tərəfindən verilən arxiv çıxarışda Bəklə kənd sakini X7 təsərrüfatında qeyd ediiən 0.18 ha torpaq sahəsinə dair yerquruluşu qaydasında hazırlanmış sxem, plan ölçü və koordinatlar olmadığından arxiv çıxarışına əsasən naturada torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün deyildir. Milli Arxiv İdarəsi X18 Filialı tərəfindən verilən arxiv çıxarışına əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********64- 10301 oian Çıxarışda Bəklə kənd sakini X9 məxsus 0.18 ha torpaq sahəsinin yerləşmə mövqeyini əks etdirən sxem mütəxəssis məktubuna əlavə olunur.” Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda aşağıdakılar qeyd edilmişdir: Milli Arxiv İdarəsi X18 Filialı tərəfindən verilən 22 noyabr 2017-ci il tarixli 937 nömrəli arxiv çıxarışına hər hansı bir sxem əlavə olunmadığına görə X9 məxsus olmuş 0.18 ha torpaq sahəsinin yerini naturada müəyyən etmək mümkün deyildir. Lakin İddiaçı tərəfindən naturada iddia olunan torpaq sahəsinin 0,0483 ha hissəsi Qobustan rayonu Nabur bələdiyyəsinin 10 may 2016-cı il tarixli 05 saylı Qərarı ilə X3, daş hasar daxilində yerləşən torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə Qobustan rayonu Nabur bələdiyyəsinin 10 may 2016-cı il tarixli 05 saylı Qərarı ilə X3 torpaq sahəsi üst-üstə düşdüyündən, Qobustan rayonu Nabur bələdiyyəsinin 10 may 2016-cı il tarixli 05 saylı Qərarı İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Qobustan rayonu Nabur bələdiyyəsinin sözügedən qərarı vətəndaşın mülkiyyət hüquqlarının pozulmasına səbəb olduğu üçün, iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən 0.04863 ha hissədə ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qanunun 28.1-ci maddəsinə əsasən, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilən halları sübutetmə yükü cavabdehin üzərindədir və cavabdeh tərəfindən məhkəməyə həmin halların mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Qobustan rayonu Nabur bələdiyyəsinin 10 may 2016-cı il tarixli, 05 nömrəli qərarı iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən 0.04863 ha hissədə ləğv edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Qobustan rayonu Nabur bələdiyyəsinin 10 may 2016-cı il tarixli, 05 nömrəli qərarı iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşən 0.04863 ha hissədə ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar