Məhkəmə qərarları › İş №2-1(118)-4640/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4640/2023

11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4640/2023 11.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sumqayıt 17 saylı texniki peşə məktəbində təhsil aldığı və xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sumqayıt 17 saylı texniki peşə məktəbində təhsil aldığı və xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. xx.xx.1980-ci ildən xx.xx.2006-cı ilədək «Azərsənayetinkti» SC-nin 2 saylı müəssisəsində izolyasiyaçı peşəsində işləmişdir. 13 il zərərli peşədə işlədiyi müddət də daxil olmaqla, ümumi əmək stajı 26 ilə yaxın təşkil etmişdir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh 17 may 2023-cü il tarixli məktubunda güzəştli iş stajının 10 il 7 ay 9 gün olduğunu göstərərək əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayənfəsi iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının təqdim etdiyi 24 iyul 1980-ci il tarixli əmək kitabçası və güzəştli arayışa əsasən onun ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az olması səbəbilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı təqdim etdiyi sənədlərin araşdırılması zamanı onun məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2006-cı ilin yanvar, fevral, mart ayları üzrə əksini tapmadığından xx.xx.1992-xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə iş stajı onun ümumi sosial sığorta stajına daxil edilməmişdir. Göstərilən səbəblərdən də onun ümumi iş stajı 25-iİdən az (10 il 7 ay 9 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984cü il, xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər və 2006-cı il üzrə 1ay), güzəştli iş stajının isə 12 il 6 aydan az (8 il 4 ay 12 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1982xx.xx.1982-ci il, xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir və bu qanunvericiliklə tələb edilən müddətdən az təşkil edir. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 9787,46 manat təşkil edir ki, bu da pensiya təminatına imkan verən minimum pensiya kapitalından (40320,00 manat) azdır. Məhz bu səbəblərə görə də İddiaçı odluna qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İş materiallarında olan : - - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1963-cü il təvəllüddür. - -НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1982-1984-cu illərdə hərbi xidmətdə olmuşdur. - - İddiaçının adına açılmış ИТ№ ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1980-xx.xx.1981-ci il və xx.xx.1982-xx.xx.1982-ci, xx.xx.1985-01.01.992-ci və xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı illərdə PMK-20 Trestində (Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsi) işləmişdir. - “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 09/10 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1980-xx.xx.2006-cı il tarixlərdə «Azərsənayetikinti» Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində izoləedici vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarının 2 №-li Siyahısının 2290000a-12520 şifrə (kodu) üzrə ona güzəştli şərtlərlə pensiya təyin olunması hüququ verilir. - - ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə araşdırmazı zamanı müəyyən edildi ki, İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınını təyin olunmasını xahiş etmişdir. Yuxarıda göstərilən normaların məzmunundan aydın olduğu kimi iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qədər azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi staja (əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi) malik olması tələb olunur. Cavabdehin mövqeyinə görə iddiaçının cəmi 10 il 7 ay 9 gün və 8 il 4 ay 12 gün xüsusi stajı vardır. Belə ki, cavabdeh iddiaçının işlədiyi “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində işləməsini mübahisələndirmir, amma həmin müəssisə tərəfindən 2006-ci ilin yanvar ayından sonra məcburi dövlət sosial sığorta haqlarını ödəməməsi səbəbindən iddiaçının 1991-ci ildən 2006-cı ilə qədər həmin müəssisədə işlədiyi dövrü onun sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Halbuki, əmək kitabçasına görə iddiaçı xx.xx.1980-ci ildən həmin müəssisədə işləməyə başlamış və xx.xx.2006-cı il tarixə qədər izoləedici peşəsində işləmişdir. İddiaçının cavabdeh tərəfindən mübahiəsləndirilən stajı daxil edildikdə onun güzəştli şərtlərlə yaşa göprə əmək pensiyası hüququnu qazanması üçün həm ümumi, həm də xüsusi stajı tamamlanmış olur. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə 12 il 06 ay xüsusi və 25 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 57 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Həmin Siyahıya görə izoləedici peşəsi 2290000a-12520 şifrə altında güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ verən peşələrə aid edilmişdir. Məhkəmə hesab edir ki, hər hansı müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi vətəndaşın sosial təminat hüquqlarını məhdudlaşdırmamalıdır. Həmin haqqın ödənilməsi vətəndaşın vəzifələrinə aid olmamış, iddiaçı həmin müəssisədə işləmiş və əmək haqqını almışdır. Ödənişləri ödəmək müəssisənin, həmin ödənişlərin ödənilməsini tələb etmək müvafiq dövlət orqanının vəzifələrinə aid olmuşdur. Hazırda bu səbəbdən onun sosial təminat hüququnu məhdudlaşdırmaq, işlədiyi dövrün 15 ilə yaxın hissəsini onun sosial sığorta stajına daxil etmək əsassız və ədalətsiz hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının 1981-ci ilin sentyabr ayından 1982-ci ilin iyun ayının 24-ə qədər Sumqayıt 17 saylı Texniki peşə məktəbində təhsil alması əmək kitabçasında qeyd edilməsinə baxmayaraq həmin dövr cavabeh tərəfindən nəzərə alınan sosial sığorta stajına daxil edilməmişdir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Qeyd edilən sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın İİ bəndinin B yarımbəndində də nəzərdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Sumqayıt 17 saylı texniki peşə məktəbində təhsil aldığı və xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar