Məhkəmə qərarları › İş №2-1(118)-465/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-465/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-465/2020 10.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon şöbəsinə qarşı “cavabdehdən 5000 manat məbləğində mənəvi təzminatın iddiaçının xeyrinə tutulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon şöbəsinə qarşı iddia qaldıraraq cavabdehdən 5000 manat məbləğində mənəvi təzminatın iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.7-ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsindən ibarətdir. İş materiallarına cavabdeh inzibati orqana müraciət edilməsi ilə bağlı sübut əlavə edilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2092/2019 saylı, xx xxxxxx 2019cu il tarixli məktubu ilə iddiaçıdan cavabdeh inzibati orqana müraciət və müvafiq cavabla bağlı sənədləri 10 gün müddətində məhkəməyə təqdim etmək tələb edilmişdir. Lakin, inzibati orqana müraciət edilməsi ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi üçün məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət edilməsi qanunvericiliklə müəyyən edilmişdir. Hazırki işdə isə, iddiaçının inzibati orqana kompensasiyanın ödənilməsi ilə bağlı müraciət etməsi müəyyən olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıya izah olunsun ki, məhkəmədə inzibati orqandan hansı məbləğdə ziyanın əvəzi tələb edilərsə, eyni məbləğ ilkin olaraq həmin inzibati orqandan tələb edilməlidir. Bu müraciətin nəticəsinə uyğun olaraq məhkəmədə iddia qaldırması istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar