Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-465/2021 30.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 2 saylı Regional Ərazi Filialına qarşı “24 fevral 2020-ci il tarixdən dayandırılmış pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə X6 şəxsin 2 saylı Regional Ərazi Filialının üzərinə qoyulmasına” dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinə qarşı iddia qaldıraraq “Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinin, onun Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 402, 402/1 nömrəli 19 may tarixli arayışlarına əsasən Xaçmaz rayonu keçmiş "26 Bakı komissarı" sonrakı "28 May" adına sovxozda 05.08.1979-01.11.1995-ci illərdə işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınmasına və ona coxuşaqlı ana kimi yaşa görə pensiya hüququnun yarandığı gündən, yəni 20 may 2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasının qanunsuz hesab edilməsinə və cavabdehin üzərinə ona həmin dövrdən yaşa görə pensiyanın təyin edilib ödənilməsi vəzifəsinin qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesi gedişində idiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddiasını dəqiqləşdirərək 24 fevral 2020-ci il tarixdən dayandırılmış pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə X6 şəxsin 2 saylı Regional Ərazi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədə xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki o, xx xxx 1962-ci il tarixdə Xaçmaz rayonu, Qaracik-zeyid kəndində anadan olmuşdur. 21 sentyabr 1980-cı il tarixdə X1 ilə nigaha daxil olaraq ailə həyatı qurmuş və həmin nigahdan 5(beş) övladı olmuş, onları ozü böyütmüşdür. 05.08.1979-cu il tarixdə 127 nömrəli 06.08.1979-cu il tarixli əmrlə Xaçmaz rayonu, keçmiş "26 Bakı komissarı", sonrakı "28 May" adına sovxozda fəhlə kimi işləməyə başlayaraq 01.11.1995- ci il tarixdə 91 nömrəli 02.11.1995-ci il tarixli əmrlə işdən azad olmuşdur. İşlədiyi müddətdə uşaqlar anadan olduğu tarixlərdə analıq məzuniyyətində olmuşdur. Ona çoxuşaqlı ana kimi pensiya təyin edilsədə, pensiyası sonradan dayandırılmışdır. Bununla bağlı cavabdehə müracət etsədə onun pensiyası bərpa edilmir. Ona görədə iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı 20 may 2017-ci ildən çoxuşaqlı ana kimi yaşa görə pensiya təyin edilməsi üçün Xaçmaz rayon xidmət nümayəndəliyinə müraciət etmiş, 1976-cı ilin mayayından 1995-ci ilin aprel ayınadək “26 Bakı komissarı” sonrakı “28 May” adına sovxozda işlədiyini təsdiq edən sənəd kimi Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 402 və 402/1 nömrəli 19 may 2017-ci il tarixli arayışlar təqdim etmişdir. Nümayəndəliyin 25 avqust 2020-ci il tarixli məktubunda vətəndaşın işlədiyi müddət əmək kitabçasında qeyd edilmədiyindən həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmaması və yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi bildirilmişdir. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 -ci maddəsinə əsasən, əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajım təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1 -ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Xaçmaz rayon Məhkəməsinin 2(067)-3639/2018 saylı, 02 noyabr 2018-ci il tarixli Qətnaməsi ilə İddiaçı 1976-ci ilin may-iyun ayları, 1978-ci ilin iyun-dekabr ayları, 05.09.1979-01.11.1995-ci illərdə Xaçmaz rayonunun keçmiş “26 Bakı Komissarı”, “28 may” sovxozunda işləməsi faktı müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddia öhdəliyin icrası barədə iddiadır, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həmdə əsaslıdır. Belə ki, iddiaçı 24 fevral 2020-ci il tarixdən dayandırılmış pensiyasının bərpa edilməsini istəyir. Cavabdeh inzibati orqan isə iddiaçının arxiv arayışında qeyd edilən dövrləri nəzərə almaqdan və iddiaçının 25 il sığorta stajı olmaması səbəbindən onun dayandırılmış pensiyasının bərpa edilməsindən imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya 20 may 2017-ci il tarixdə hesablanmaqla əsaslı olaraq əmək pensiyası təyin edilmiş, lakin pensiya 24 fevral 2020-ci il tarixdən dayandırılmışdır. Məhkəmə hesab edir ki, həmin pensiyanın dayandırılması və iddiaçının pensiya ilə bağlı yenidən müraciətindən imtina edilməsi əsassız olmuşdur. Belə ki, iddiaçının pensiya hüquq yaranan zaman qüvvədə olmuş Əmək Pensiyaları haqqında Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı beş uşaq doğub onları səkkiz yaşına kimi tərbiyə etdiyinə və 10 ildən artıq sosial sığorta stajı olduğuna görə onun pensiya hüququ yuxarıda qeyd edilən hüquq normasına əsasən yaranmışdır. İddiaçının arxiv arayışında qeyd edilmiş dövlərin cavabdeh tərəfindən sosial sğorta stajına əlavə edilməsindən imtinasına münasibətdə isə, məhkəmə qeyd edir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-3639/2018 saylı, 02 noyabr 2018-ci il tarixli Qətnaməsi ilə İddiaçı 1976-ci ilin may-iyun ayları, 1978-ci ilin iyun-dekabr ayları, 05.09.1979-01.11.1995ci illərdə Xaçmaz rayonunun keçmiş “26 Bakı Komissarı”, “28 may” sovxozunda işləməsi faktı müəyyən edilmiş, eyni zamanda müvafiq dövrlərlə bağlı arxiv arayışlarıda mövcuddur. Hansı kı, bu sənədlər əsasında iddiaçıya əsaslı olaraq 20 may 2017-ci tarixdən hesablanmaqla pensiya təyin edilmiş, lakin 24 fevral 2020-ci il tarixdən pensiya əsassız olaraq dayandırılmışdır. İddiaçıya pensiya təyinatı üçün 25 il sığorta stajının tələb edilməsinin isə heç bir hüquqi əsas yoxdur. Yuxarıdada qeyd olunduğu kimi iddiaçının pnsiya hüququ yaranan zaman tələb olunan əmək stajı 10 il olduğu və iddiaçının pensiya hüququ yaranandan sonra qanunvericiliyə dəyişiklik olduğu üçün ona pensiya təyinatı aparılması üçün 25 il sosial sığorta stajı tələb edilməsi qanunsuzdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının 24 fevral 2020-ci il tarixdən dayandırılmış pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə X6 şəxsin 2 saylı Regional Ərazi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 24 fevral 2020-ci il tarixdən dayandırılmış pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə X6 şəxsin 2 saylı Regional Ərazi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-465/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-465/2021
30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver