Məhkəmə qərarları › İş №2-1(118)-465/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-465/2024

05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-465/2024 05.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı2 nümayəndəsi X2, İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçılar İddiaçı2 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “xx.xx.2018-ci il tarixli ********** nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı çıxarışa əsasən X5 xüsusi mülkiyyətinə verilmiş **********20 reyestr nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsi (dövlət qeydiyyatına xitam verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı2 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “xx.xx.2018-ci il tarixli ********** nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı çıxarışa əsasən X5 xüsusi mülkiyyətinə verilmiş **********20 reyestr nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsi (dövlət qeydiyyatına xitam verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2678/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X10 inzibati iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli 13/126 nömrəli qərarı ilə X7 Məmmədli kəndi ərazisində 0.02 ha torpaq sahəsi ayrılmışdır. Həmin ilkin torpaqayırma sənədi əsasında xx.xx.2018-ci il tarixli ********** nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX1258293 seriyalı Çıxarışa əsasən sözügedən **********20 reyestr nömrəli torpaq sahəsi A.Babayevin xüsusi mülkiyyətinə verilmişdir. Qeyd olunan hal İddiaçı2 və SOCAR-ın maraqlarına toxunmuşdur. Belə ki, sözügedən qərarla ayrılmış torpaq sahəsində gələcəkdə aparılacaq tikinti işləri yolu bağlayacağı üçün İddiaçı2, 1976-cı ildən SOCAR-ın “Neft kəmərləri" İdarəsinin istismarında olan Dübəndi-Böyük-Şor Dş700 magistral neft kəmərinin 47 86-ci km-də mühafizə zonası daxilində (torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 36.60 metr təşkil edir) ayrıldığı üçün (ekspert rəyi ilə təsdiq olunmuşdur, surəti əlavə olunur) SOCAR-ın maraqlarına toxunmuşdur. Qərar qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla qəbul edildiyi üçün, İddiaçı2 həmin qərarın etibarsız hesab olunması tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, Məhkəmə SOCAR-ı ilkin olaraq İİİ şəxs qismində, daha sonra iddiaçı kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsini isə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etmişdir. Sözügedən iddia tələbi Məhkəmənin 21 dekabr 2021-ci il tarixli 2-1(118)-33/2021 nömrəli Qərarı ilə təmin olunmuşdur. Həmin Qərar Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli 2-1 (105)-311/2022 nömrəli Qərarı ilə qüvvədə saxlanılmışdır. İş üzrə üçüncü şəxs A.Babayev Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının Qərarından kassasiya şikayəti vermiş, Ali Məhkəmənin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli 2-1 (102)-1735/2022 nömrəli Qərarı ilə şikayət qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-311/2022 saylı 21 iyun 2021-ci il tarixli Qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək, iddia mümkün sayılmamışdır. Ali Məhkəmənin iddianın mümkün sayılmaması barədə qeyd olunan Qərarı ilə iddia mümkün sayılmasa da, həmin Qərarın 34-40-cı bəndlərindən göründüyü kimi əslində iddiaçıların xeyrinə olan Qərardır. Belə ki, Qərarın 34-40 bəndlərinin ümumi məğzi budur ki, işin araşdırılması nəticəsində A.Babayevə torpaq sahəsinin ayrılması barədə Məmmədli Bələdiyyəsinin qərarının, yəni hüquqmüəyyənedici sənədin mövcud olmadığı sübuta yetirilmiş, bununla da ortada hər hansı bir mübahisənin mövcud olmadığı və qərardan iddiaçıların məhkəmə qaydasında müdafiə olunmasına ehtiyac olmadığı müəyyən olunmuşdur. Ali Məhkəmənin sözügedən qərarının 41-ci bəndində həmçinin qeyd olunmuşdur ki, həmin torpaq sahəsi üzərində A.Babayevin hüququnun reyestrdə qeydiyyatını mübahisələndirmək hüququnun olduğu iddiaçılara izah olunmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı2 nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən X5 adına verilmiş **********20 reyestr nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı iddiaçıların 4 saylı Abşeron Ərazi İdarəsinə 20 fevral 2023-cü il tarixli müraciəti olmuşdur. Ləğv edilməsi xahiş edilmiş daşınmaz əmlakın dövlət reyestrindən X5 adına Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinə dair verilmiş **********20 reyestr nömrəli çıxarış Abşeron rayon Məmmədli Bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 13/126 nömrəli qərarı əsasında verilmişdir. Sözügedən daşınmaz əmlak halhazırda X5 mülkiyyətindədir və daşınmaz əmlak üzərində X5 mülkiyyət hüququnun dövlət qeydiyyatı qanuni əsaslarla aparılmış və qeydə alma zamanı hər hansı yanlışlığa yol verilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də Öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsinə müvafiq olaraq, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1735/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçılar İddiaçı2 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin cavabdeh Abşeron rayonu Məmmədli bələdiyyəsinə qarşı “Abşeron rayonu, Məmmədli bələdiyyəsinin X7 Abşeron rayonu, Məmmədli kəndində 0.02 ha torpaq sahəsinin ayrılması barədə qərarının etibarsız hesab olunması” tələbinə dair iddiası, Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021ci il tarixli, 2-1(118)-33/2021 saylı qərarı ilə təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-311/2022 saylı, 21 iyun 2022-ci il tarixli qərarı ilə üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(118)-33/2021 saylı qərarı qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1735/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, üçüncü şəxs X7 mübahisəli torpaq sahəsinin ayrılması barədə Məmmədli bələdiyyəsi tərəfindən qəbul edilmiş qərar mövcud olmadığı, yəni hüquqmüəyyənedici sənəd olmadığı üçün iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyatının mübahisələndirmək hüququ olması izah olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-311/2022 saylı, 21 iyun 2022-ci il tarixli qərarı ləğv edilərək, iddia mümkün sayılmamışdır. - RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.02 ha torpaq sahəsi üzərində X5 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 13/126 saylı qərarından çıxarışdan görünür ki, X7 fərdi yaşayış evinin tikintisi üçün 0.03 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş “Torpaqların alqı-satqısı”na dair 22 yanvar 2013-cü il tarixli, 82/14 saylı aktdan görünür ki, X10 tərəfindən mübahisəli torpaq sahəsinin Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 13/126 saylı qərarı müqabilində Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin hesabına 33.60 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - Məhkəməyə sorğu əsasında Abşeron rayon Dövlət Arixivindən daxil olmuş 12 iyul 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Abşeron rayon Məmmədli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarından çıxarışı vətəndaş X5 deyil, digər vətəndaş X6 adınadır. - Məhkəməyə sorğu əsasında Abşeron rayon Dövlət Arixivindən daxil olmuş Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 13/126 saylı qərarından çıxarışdan görünür ki, X8 fərdi yaşayış evinin tikintisi üçün 0.03 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 24 fevral 2023-cü il tarixli məktubdan görünür ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını tam, obyektiv və hərtəfəli tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçılar İddiaçı2 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin cavabdeh Abşeron rayonu Məmmədli bələdiyyəsinə qarşı “Abşeron rayonu, Məmmədli bələdiyyəsinin X7 Abşeron rayonu, Məmmədli kəndində 0.02 ha torpaq sahəsinin ayrılması barədə qərarının etibarsız hesab olunması” tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(118)-33/2021 saylı qərarı ilə iddianın təmin edilərək, Abşeron rayonu, Məmmədli bələdiyyəsinin X7 Abşeron rayonu, Məmmədli kəndində 0.02 ha torpaq sahəsinin ayrılması barədə qərarının etibarsız hesab edilməsi qərara alınmışdır. Qeyd olunan qərardan üçüncü şəxs X10 tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-311/2022 saylı, 21 iyun 2022-ci il tarixli qərarı ilə üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(118)-33/2021 saylı qərarı qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1735/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, üçüncü şəxs X7 mübahisəli torpaq sahəsinin ayrılması barədə Məmmədli bələdiyyəsi tərəfindən qəbul edilmiş qərar mövcud olmadığı, yəni hüquqmüəyyənedici sənəd olmadığı üçün iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyatının mübahisələndirmək hüququ olması izah olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-311/2022 saylı, 21 iyun 2022-ci il tarixli qərarı ləğv edilərək, iddia mümkün sayılmamışdır. Qeyd olunan məhkəmə qərarı əsasında iddiaçılar cavabdeh orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh orqan özünün 24 fevral 2023cü il tarixli məktubu ilə xx.xx.2018-ci il tarixli ********** nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı çıxarışa əsasən X5 xüsusi mülkiyyətinə verilmiş **********20 reyestr nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən çıxarışın ləğvi ilə bağlı imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda adıçəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1735/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə X5 adına tərtib edilmiş RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsinə əsas olmuş bələdiyyə qərarının mövcud olmadığı öz təsdiqini tapmışdır. Ümumiyyətlə qeyd olunan qərarda Abşeron rayonu Məmmədi bələdiyyəsi tərəfindən üçüncü şəxs X5 adına torpaq sahəsinin ayrılması barədə qərarın mövcud olmadığı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarındakı mövqeyindən çıxış edərək qeyd edir ki, şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən, bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən, dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Lakin hazırki işdə cavabdeh inzibati orqan reyestrdə aparılmış qeydin düzgün olmadığını bilə-bilə həmin qeydin ləğvindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun qeydiyyatın, yəni RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın tərtib edilməsinə əsas olmuş Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004cü il tarixli, 13/126 saylı qərarı təşkil etmişdir ki, həmin qərarın mövcud olmaması öz təsdiqini tapmışdır. Məhkəmə inzibati işin araşdırılması ilə bağlı aidiyyatı üzrə yenidən Abşeron rayon Dövlət Arixinə sorğu vermiş və sorğu əsasında Abşeron rayon Dövlət Arixivindən daxil olmuş Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004cü il tarixli, 13/126 saylı qərarından çıxarışdan görünür ki, X8 fərdi yaşayış evinin tikintisi üçün 0.03 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Göründüyü kimi, X5 adına tərtib edilmiş RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın əsasını təşkil edən bələdiyyə qərarı mövcud olmadığından, qeyd edilən hallar həm inzibati məhkəmə icraatı zamanı, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1735/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə öz əksini tapdığından və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, həmin qeydiyyatın xeyrinə aparıldığı şəxsə münasibətdə hər hansı hüquqi əsasa malik olmadığından həmin qeydiyyatın hər hansı bir hüquqi qüvvəsi qalmamışdır. Beləliklə sözügedən Alim Malik oğlunun adına tərtib edilmiş RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”, Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004cü il tarixli, 13/126 saylı qərarına münasibətdə formal qeydiyyat xarakteri daşımışdır. Çıxarışın verilməsinə əsas olan Abşeron rayonu Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli, 13/126 saylı qərarı mövcud olmadığından, onun əsasında verilmiş çıxarışda ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qanunun 28.1-ci maddəsinə əsasən, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilən halları sübutetmə yükü cavabdehin üzərindədir və cavabdeh tərəfindən məhkəməyə həmin halların mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv olunmalı olduğunu sübut etsə də, cavabdeh iddiaçının tələbi ilə bağlı öz imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2018ci il tarixli, **********20 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi üzərində X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüquqlarına dair qeyd ləğv edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. xx.xx.2018-ci il tarixli, **********20 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi üzərində X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüquqlarına dair qeyd ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar