Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-466/2022 26.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən "xxxx" kooperativ binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 42.90 kv.m olan 1 saylı qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativnin üzvlərinin ümumi iclasının 12.04.2021 -ci iİ tarixli 068 saylı protokolundan çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən "xxxx" kooperativ binasının 1 -ci giriş, 1 -ci mərtəbəsində yerləşən 42.90 kv.m olan 1 saylı qeyri-yaşayış sahəsinin payçısı kimi təsdiq edilmişdir. Həmin tarixlə verilmiş Maliyyə arayışına əsasən iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir. Qeyri-yşayış sahəsinə dair çıxarışın alınması üçün cavabdeh orqan olan DƏDRX-in 4 saylı Abşeron Ərazi idarəsinə müvafiq sənədlərlə müraciət etmiş, lakin ona imtina məktubu ilə bildirilmiş ki, əraziyə baxış keçirilən zaman qeyri-yaşayış sahəsi binanın yan fasad hissəsinə bitişik inşa edildiyi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş eskiz layihədə sözügedən tikintinin öz əksini tapmadığı müəyyən edildiyinə görə çıxarışın verilməsi mümkün deyildir. Hesab edirəm ki, cavabdehin imtinası qanunsuzdur, çünki o qanunvericiliklə tələb olunan bütün hüquqmüəyyənedici sənədləri təqdim etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən İddiaçı tərəfindən əldə edilmiş qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 13 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı ünvan 3 ünvanında yerləşən İddiaçı tərəfindən əldə edilmiş qeyri yaşayış sahəsi baxış keçirilmiş ərazidə 12 mərtəbəli yaşayış binasınının yan fasad hissəsinə bitişik şəkildə inşa edildiyi aşkar edilmişdir. Lakin arxiv əsaslarında saxlanılan müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş eskiz layihədə sözügedən tikilinin öz əksini tapmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin **********51 nömrəli, 14.09.2021-ci il tarixli imtina məktubu, etirazı, Abşeron Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş eskiz layihəsinin təsdiqlənmiş surəti, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 068 nömrəli, 12.04.2021-ci il tarixli protokoldan çıxarışın surəti, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 12.04.2021-ci il tarixli maliyyə arayışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan qeyri-yaşayış binasının tam dəyərini MTK-ya ödədiyi vaxtdan yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan qeyriyaşayış DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı DƏDRXin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********51 nömrəli, 14.09.2021-ci il tarixli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2021-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən "xxxx" kooperativ binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 42.90 kv.m olan 1 saylı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciət cavabdeh təşkilat tərəfindən ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh təşkilat tərəfindən iddiaçının müraciətinə mənfi cavabın verilməsinə əsas kimi, inşa edilmiş qeyri-yaşayış binasının arxiv əsaslarında saxlanılan müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş eskiz layihədə sözügedən tikilinin öz əksini tapmadığı göstərilmişdir. Buna görə də inzibati orqan müraciətdə göstərilən və çoxmənzilli yaşayış binasına bitişik qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş və Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən "xxxx" kooperativ binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 42.90 kv.m olan 1 saylı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh təşkilatın imtina məktubu və etiraz ərizəsində qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün gətirdiyi arqumentlər əsassızdır. Belə ki, iddiaçı tərəfindən qanunvericiliklə tələb olunan bütün hüquqmüəyyənedici sənədləri cavabdehə təqdim etməsinə baxmayaraq iddiaçının müraciəti müsbət həll olunmamışdır. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Hazırkı iddia tələbi üzrə İddiaçı sahibliyində olan və "xxxx" MTKya məxsus yaşayış binasının Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş Baş planda öz əksini tapmasına baxmayaraq, cavabdeh əsassız olaraq qeyri-yaşayış sahəsini daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmasından imtina etmişdir. Nəzərə alınmalıdır ki, "xxxx" MTK 42.90 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı tərəfindən tam şəkildə ödənilmiş və İddiaçı MTK-nın payçısı olması haqqında ümumi yığıncaq 12 aprel 2021-ci il tarixində qərar qəbul edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur. Göründüyü kimi cavabdeh təşkilat qanunla tələb edilən sənədlərin iddiaçı tərəfindən ona təqdim edilməsinə baxmayaraq əsassız yerə üzərinə düşən öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi iddiaçı tərəfindən qanunla tələb edilən sənədlərin cavabdeh təşkilata təqdim edilməsinə baxmayaraq cavabdeh təşkilat “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinin tələblərini hazırkı, mübahisəyə tətbiq etməkdən boyun qaçırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən "xxxx" kooperativ binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 42.90 kv.m olan 1 saylı qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən İddiaçı adına çıxarışın verilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-466/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-466/2022
26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver