Məhkəmə qərarları › İş №2-1(118)-4665/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4665/2025

13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4665/2025 13.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə Üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, ünvan 3nında yerləşən 2 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, ünvan 2 ünvanda yerləşən 2 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən imtina olunmuş və ona ünvanlanmış imtina məktubunda qeyd olunmuşdur ki, "ünvan 3nında yerləşən 2 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və texniki pasportı verilməsi barədə xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə: "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqa Ərazi İdarəsində baxılmışdır. Bununla bağlı olaraq bildirilir ki, təqdim edilən sənədlərin araşdırılması zamanı onun və ailə üzvlərinin sözügedən mənzildə qeydiyyatda olmadıqları, həmçinin Daxili İşlər Nazirliyi tərəfindən verilən "Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış"ın ərizəsinə əlavə olunmadığı müəyyən olunmuşdur. Bundan əlavə inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar sözügedən daşınmaz əmlaka idarənin mütəxəssisi tərəfindən baxış keçirilən zaman mənzildə məcburi köçkünlərin yaşadığı müəyyən olunmuşdur. "Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir". Hazırda cavabdehin imtinası ilə razı olmadığına görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh imtinası onunla əsaslandırmışdır ki, orderdə adları qeyd olunan şəxslər həmin mənzildə qeydiyyatda deyillər. Hazırda iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 11 saylı MKS-nın xx.xx.2025-ci il tarixli, 25№-li arayışında qeyd olunur ki, hazırki mənzildə 1993-cu il tarixindən bugünə kimi Qubadlı rayonundan məcburi köçkünlər yaşayır. Bugünə kimi onun həmin ünvanda yaşamadığı göstərilmişdir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində qeyd olunur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi həmin ünvanda məcburi köçkünlər məskunlaşdığından və onun həmin ünvanda heç vaxt yaşamadığına görə (məcburi köçkünlərin məskunlaşması ilə əlaqədar) həmin ünvana qeydiyyata alınması qanunvericiliyə ziddir. Ona görə də, cavabdeh tərəfindən həmin mənzildə qeydiyyatının olmamasının əsas gətirərək həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi əsassız hesab olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X9 iştirak etmiş, iddia tələbinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 689 saylı Sərəncamı əsasında verilmiş 15 noyabr 1994-cü il tarixli order ilə Sumqayıt şəhəri, 16-cı mikrorayon, 2 №li evin, 2 №li mənzili X7 və onun 5 nəfər ailə üzvünə verilmişdir. X3 adına verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ 377576 saylı ölüm haqqında şəhadətnamənin surəti iş materiallarına əlavə edilmişdir. X1, X6, X4 notarial qaydada təsdiq edilmiş razılıq ərizələrində mənzilin İddiaçı adına özgəninkiləşdirilməsinə etiraz etmədikləri qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2025-ci il tarixli məktubu ilə Sumqayıt şəhər İHB-nin xx.xx.1994-cü il tarixli 689 saylı Sərəncamından və Sumqayıt şəhər mənzil dəyişdirmə, mənzil bölüşdürmə və mənzil tikinti kooperativlərində mənzil bölüşdürülməsi komissiyasının 08 iyul 1994-cü il tarixli 26 №li protokolundan çıxarış məhkəməyə təqdim edilmişdir. 27 iyul 1994-cü il tarixli 689 saylı sərəncam əsasında 08 iyul 1994-cü il tarixli 26 №li protokol təsdiq edilmişdir. 08 iyul 1994-cü il tarixli 26 №li protokol əsasında yaşayış sahəsi 49 kv.m olan 3 otaqlı 2 №li mənzil X3 5 nəfərdən ibarət ailə tərkibinə təqdim edilmişdir. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin tərtib etdiyi arayışda mənzilin Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olduğu qeyd edilmişdir. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 11 saylı MKS-nin 30 iyun 2025-ci il tarixli arayışında X3, X2, İddiaçı, X4, X6 qeydiyyatda olduğu, yaşamadığı, mənzildə faktiki olaraq 1993-cü ildən Qubadlı rayonundan gəlmiş məcburi köçkünlər: X10 və onun ailə üzvlərinin yaşadığı qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Sumqayıt şəhəri, Dostluq küçəsi, yataqxana 2, ev 32-də, xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək Sumqayıt şəhəri, H.Əliyev prospekti, yataqxana 2, məhəllə 18, ev 32-də, xx.xx.2012-ci il tarixdən hazıradək ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğu qeyd edilmişdir. X3 xx.xx.2005-ci il tarixdən ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğu, xx.xx.2023-cü il tarixdə şəxsiyyət vəsiqəsinin ölüm səbəbilə fəaliyyətsizləşdirildiyi qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2025-ci il tarixli məktubu ilə Sumqayıt şəhər İHB-nin xx.xx.1994-cü il tarixli 689 saylı Sərəncamından və Sumqayıt şəhər mənzil dəyişdirmə, mənzil bölüşdürmə və mənzil tikinti kooperativlərində mənzil bölüşdürülməsi komissiyasının 08 iyul 1994-cü il tarixli 26 №li protokolundan çıxarış məhkəməyə təqdim edilmişdir. 27 iyul 1994-cü il tarixli 689 saylı sərəncam əsasında 08 iyul 1994-cü il tarixli 26 №li protokol təsdiq edilmişdir. 08 iyul 1994-cü il tarixli 26 №li protokol əsasında yaşayış sahəsi 49 kv.m olan 3 otaqlı 2 №li mənzil X3 5 nəfərdən ibarət ailə tərkibinə təqdim edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 689 saylı Sərəncamı əsasında verilmiş 15 noyabr 1994-cü il tarixli order ilə Sumqayıt şəhəri, 16-cı mikrorayon, 2 №li evin, 2 №li mənzili X7 və onun 5 nəfər ailə üzvünə verilmişdir. İddiaçı ünvan 3nında yerləşən 2 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdeh imtinasını onunla əsaslandırır ki, iddiaçı və ailə üzvləri sözügedən mənzildə qeydiyyatda deyildir, əmlaka baxış keçirilən zaman mənzildə məcburi köçkünlərin yaşadığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Göründüyü kimi mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasının hüquqi əsası mövcuddur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. İddiaçının ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri iş materiallarına əlavə edilmişdir. Mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 11 saylı MKS-nin 30 iyun 2025-ci il tarixli arayışında X3, X2, İddiaçı, X4, X6 qeydiyyatda olduğu, yaşamadığı, mənzildə faktiki olaraq 1993-cü ildən Qubadlı rayonundan gəlmiş məcburi köçkünlər: X10 və onun ailə üzvlərinin yaşadığı qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, AZ-İİ 377576 saylı ölüm haqqında şəhadətnamədən görünür ki,X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Orderdə adı qeyd edilmiş digər şəxslər - X1, X6, X4 notarial qaydada təsdiq edilmiş razılıq ərizələrində mənzilin İddiaçı adına özgəninkiləşdirilməsinə etiraz etmədikləri qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilə hüququnun qeydə alınmasının hüquqi əsası mövcuddur. Mənzildə məcburi köçkünlərin məskunlaşmış olması iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 3nında yerləşən 2 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar