Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4669/2024 29.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona əlilliyin təyin edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1993- cü ildə Xaçmaz rayonu, Ləcət kəndində anadan olmuşdur və həmin ünvanda yaşayır. xx.xx.2012-ci ildə ağacdan yıxılaraq xəsarətlər almışdır. xx.xx.2012-ci ildə «L2-L4 fəqərələrin transpedikulyar fıksasiyası» əməliyyatı icra edilmişdir. xx.xx.2012-ci ildə ambulator müalicəyə buraxılmışdır. Həkimlər tərəfindən «L2-L4 fəqərələrin transpedikulyar fiksasiyası» əməliyyatdan sonrakı vəziyyət. Sağ perinoeal sinirin neyropatiyası. Çanaq orqanları funksiyasının pozulması ilə. Fəqərəarası dikslərin zədələnməsi zamanı sinir köklərinin və xroniki ağrı sindromu. Digər anemiyalar. Anemiya diaqnozu qoyulmuşdur. Bu xəstəliyi ilə əlaqədar əmək qabiliyyətinə malik deyil. Heç yerdə işləmir. Belində ağrılardan, ağrıların sağ ayağa irradiasiya etməsindən, sağ ayağımda zəiflik, sidik ifrazının pozulması, ümumi zəiflik, əsəbilikdən əziyyət çəkir. Belində mil var. Xəstəliyi ilə bağlı müxtəlif tibb müəssisələrində müayinə və müalicə olunsa da heç bir müsbət nəticəsi olmamışdır. Bir sözlə xəstəliyi sağalan xəstəlik deyildir. Xəstəliyi ilə bağlı əlillik təyin edilməsi barədə müraciət etsə də imtina cavabı gəlmişdir. Səbəb də onu göstərmişlər ki, əlavə müalicəyə ehtiyacı var. Bərpa və fizioterapiya müalicəsini davam etdirmək tövsiyə olunur. Mütəmadi aparılan müalicələrə baxmayaraq, vəziyyətində heç bir müsbət dəyişiklik yoxdur. Qoyulan diaqnozdan məlumdur ki, xəstəliyi sağalan xəstəlik deyil, ağrılardan əziyyət çəkir. Özünü normal idarə edə bilmir. İddiaçı 02 iyul 2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, məhkəmə suallarına cavabında bildirmişdir ki, sənəddə texniki səhv yazılmışdır. Ona görə ona imtina verilmişdir. 04 mart 2024-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Ona 2023-cü il tarixdə sms gəlmişdir. Ondan sonra texniki səhvliyə görə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Xaçmaz rayon Mərkəzi Xəstəxanası yenidən forma 88 arayışı vermir. İddiaçı 29 avqust 2024-cü il tarixli məhkəmə iclasında iştirak etməmiş, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, iddiaçı barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. İddiaçının həmin qərardan məlumatı ********** nömərəsi vasitəsi ilə xx.xx.2023-cü il saat 09.27.35 zamanında olmuşdur. Həmin qərarı 30 gün ərzində mübahisələndinlməli olduğu halda 1 ildən sonra məhkəməyə müraciət etdiyindən iddianın mümkünsüz hesab olunmasını xahiş edirlər. Bundan başqa iddiaçı barədə tərtib olunmuş forma 88-ə nəzər yetirdikdə qeyd edilən kodların heç biri Əlilliyin müəyyən olunması meyarlarındakı əlillik üçün əsas olan kodlardan deyildir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçı barədə 23 may 2023-cü ildə qərar qəbul edilmişdir. İddiaçıya həmin qərarla bağlı sms getmişdir. Həmin qərarı 30 gün ərzində mübahisələndirməli olduğu halda mübahisələndirməmişdir. 29 avqust 2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq baxılması mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növünün müəyyən olunmasına münasibət bildirməyi vacib sayır. Belə ki, hazırki iddia tələbi məcburetmə haqqında iddiadır. İddiaçı ona əlilliyin təyin edilməsini istəyir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, A00099970HKA nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş, bərpa və fizioterapiya müalicəsini davam etdirməsi tələb olunduğundan əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaş müraciəti əsasında dövlət tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmədən xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və müayinənin nəticəsi olaraq, sağlamlıq vəziyyətinizdə əlillik təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkarlanmamışdır. xx.xx.2023-cü il tarixindən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə İddiaçı dair yeni göndəriş daxil olmamışdır. “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in HMK tərəfindən xx.xx.2023-cü il tarixdən sonra vətəndaş İddiaçı adına əlilliyin təyin olunması məqsədilə Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə göndəriş daxil edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda istinad edilən qanunvericilik normalarının təhlilindən görünür ki, Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bundan sonra əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən həyata keçirilir və onun nəticəsində əlilliyin müəyyən olunmasına dair qərar qəbul edilir. Belə ki, iddiaçıya əlilliyin təyini ilə bağlı müraciətinə baxılması üçün ilkin olaraq tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş olmalıdır. Bundan sonra isə iddiaçı cavabdeh inzibati orqanın qərar və hərəkətlərindən narazı qalarsa qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müvafiq iddia ilə müraciət edə bilər. İddiaçıya izah edilsin ki, yuxarıda qeyd edilən hüquq müdafiə imkanlarından istifadə etmək hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Aynur Axundova