Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4689/2025 06.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə (X5, X17, X18 və X24 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: qeydiyyatdan çıxarılma) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Əhmədova Nərgiz Zahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (X5, X17, X18 və X24 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı Cavabdehnə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, X17, X19, X20, X18 və X21 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X12 2006-cı ildə, anası X11 2007-ci ildə vəfat etmişlər, X33 xidmətin Notariat Ofisi tərəfindən ona xx.xx.2024-cü il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr (2v-1603 və 2V-1604 reyestr nömrəli) verilmişdir. Həmin şəhadətnamələr əsasında hazırda yaşadığı ünvan 1 ünvanında evi üçün xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli (reyestr № **********36-10301) çıxarış da almışdır. Həmin evdə ondan başqa hazırda rəsmi nikahda olan arvadı xx.xx.1962-ci il təvəllüdlü X2, ondan doğulan oğlu xx.xx.2001-ci il təvəllüdlü X13 qeydiyyatdadır və birgə yaşayırlar. Onlardan başqa, həmin evdə sabiq arvadı xx.xx.1963-cü il təvəllüdlü X6, ondan olan oğlu xx.xx.1984-cü il təvəllüdlü X17, onun uşaqları xx.xx.2009-cu il təvəllüdlü X19, xx.xx.2011 -ci il təvəllüdlü X20, xx.xx.1987-ci il təvəllüdlü oğlu X18 və xx.xx.1969-cu il təvəllüdlü bacısı X24 pasport qeydiyyatındadırlar. Faktiki olaraq həmin evdə 20 ildən artıqdır ki, 3 nəfər- iddiaçı, arvadı Nailə Çələbizadə və oğlu Nurlan Çələbizadə qeydiyyatla birgə yaşayırlar. Sabiq arvadı X3 ilə rəsmi nikahları 1997-ci ildə pozulmuş və iddiaçıya H-ЖГ № 303721 nömrəli “Boşanma haqqında şəhadətnamə” verilmişdir. Həmin tarixdən də Təranə, Samir və Ramin orada yaşamamışlar. Sonradan Ramin ailə qurmuş və 2 uşağı da doğulmuşdur ki, onlar da ümumiyyətlə həmin evi görməmişlər. 21.01,2019-cu ildə iddiaçı Çələbizadə (Qurbanova) Nailə Kamaləddin qızı ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan onların Nurlan adlı övladları dünyaya gəlmişdir. 1997-ci ildən bəri iddiaçının evində yaşamayan və onun evindən istifadə etməyən X1, X7, X8, X9, X10 və bacısı X21 iddiaçının evində qeydiyyatda qalmalarını istəmir. X33 Xidmət Mərkəzindən ona verilmiş xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, X6, X17, X19, X20, X18 və bacısı X24 həqiqətən də iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən evində qeydiyyatdadırlar. İddiaçı dəfələrlə sabiq arvadı X6, X17, X18 və bacısı X14 evindən qeydiyyatdan çıxmalarını xahiş etmişdir. İddiaçı adları qeyd olunmuş şəxslərin onun mülkiyyətində olan evdə qeydiyyatdan çıxarılması ilə bağlı Cavabdehnə ərizə ilə müraciət etmiş Cavabdeh xx.xx.2025-ci il tarixli, 91/2-Ç-2930 nömrəli məktubunda ona bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməlidir.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(118)-4689/2025 nömrəli qərardadına əsasən X5, X17, X18 və X24 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər.
4. Cavabdeh və üçüncü şəxslər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim olunmamışdır.
b) Tərəflərin iştirakı və izahatları
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
8. xx.xx.2006-cı il tarixli, AZ 212545 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının atası X12 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir.
9. xx.xx.1997-ci il tarixli, 303721 nömrəli boşanma haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X3 xx.xx.1997-ci il tarixdə boşanmışlar.
10. xx.xx.2019-cü il tarixli, AZ-İİ 303139 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Qurbanova (nikahdan sonra Çələbizadə) Nailə Kamaləddin qızı xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar.
11. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, X4 vərəsəsi İddiaçı miras əmlakdan tam pay almaq hüququna malik olmuşdur.
12. xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 798076 nömrəli arayışla müəyyən edilir ki, xx.xx.1963-cü il təvəllüdlü X5, xx.xx.1984-cü il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X19, xx.xx.2011-ci il təvəllüdlü X20,xx.xx.1987ci il təvəllüdlü X18 və xx.xx.1969-cu il təvəllüdlüX24 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar.
14. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda onun ərizəsinin icrasından imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
15. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X31 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktububda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində sorğuda adları qeyd edilən fiziki şəxslərin istifadə hüquqlarına dair məlumat qeydə alınmamışdır.
16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü X6 xx.xx.2005-ci il tarixdən, xx.xx.1984-cü il təvəllüdlü X17 xx.xx.2010-cu il tarixdən, xx.xx.1987-ci il təvəllüdlü X18 xx.xx.2003-cü il tarixdən, 1.07.1969-cu il təvəllüdlü X24 xx.xx.2005-ci il tarixdən hazıradək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
17. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X33 Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5003 nömrəli məktuba X21 mərhum valideynlərindən qalmış miras əmlakdan imtinaya dair ərizələrin surəti əlavə olunmuşdur.
18. Məhkəmənin sorğusuna cavab olaraq Quba Rayon İcra Hakimiyyəti tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Quba RİHB-nin Quba şəhər İƏD üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış keçirilmiş və orada X6, X17, X19, X20, X18 və X24 adında şəxslərin yaşamadıqları müəyyən olunmuşdur.
19. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, X5, X17, X19, X20, X18 və X24 hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
20. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
21. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
22. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
b) Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 9-cu maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
27. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
29. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
30. Belə ki, sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Bu hal Quba Rayon İcra Hakimiyyəti tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda da öz təsdiqini tapmışdır.
31. Məhkəmə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının atasına məxsus olmuş, iddiaçının atası X12 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən həmin fərdi yaşayış evi iddiaçının mülkiyyətinə verilmişdir. Üçüncü şəxslərdən ayeva Rəna Bəhlul qızı (iddiaçının bacısı) miras əmlakdan imtina etmişdir.
32. Digər üçüncü şəxslər iddiaçının keçmiş həyat yoldaşı, övladları və nəvələridir. Həin şəxslərin də həmin fərdi yaşayış evində yaşamadıqları öz təsdiqini tapır. Üçüncü şəxslər yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməmiş və faktiki olaraq orada yaşamamışlar.
33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.
34. Hazırkı iş üzrə müəyyən edilir ki, mənzilin iddiaçının mülkiyyətinə keçdiyi 2024-cü ildən sonra da üçüncü şəxslərlə iddiaçı arasında notarial qaydada təsdiq edilmiş razılaşma olmamış və ona məxsus olan fərdi yaşayış evində yaşamırlar. Odur ki, üçüncü şəxslərin yaşayış sahəsinə ümumiyyətlə istifadə hüquqları yaranmamışdır.
35. Hal-hazırda yaşayış sahəsi üzərində mülkiyyət (istifadə, sahiblik, sərəncam) hüquqları iddiaçıya məxsusdur. Belə olan halda məhkəmə qeyd edir ki, üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur.
36. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Eləcə də, üçüncü şəxslərin iddiaçıya məxsus evə dair hər hansı hüquqlarının olmadığı və hazırda həmin ünvanda yaşamadığı halda onun həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından, iddiaçı hazırkı tələbində haqlı olmuşdur
37. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, üçüncü şəxslər həmin fərdi yaşayış evində yaşamadıqlarından və həmin evə dair əmlak hüquqları yaranmadığından iddia tələbi təmin edilməli və X5, X17, X19, X20, X18 və X21 iddiaçının mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
38. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
X5, X17, X19, X20, X18 və X21 iddiaçının mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli