Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4694/2025 30.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin əlilliyi ilə bağlı imtina cavabının qanunsuz hesab edilməsi, ona hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar orqanizm fuksiyasının 85 faiz itirilməsini müəyyən etməklə 3-cü dərəcəli əlilliyin xx.xx.2023-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Müxtəlif hərbi hissələrdə qulluq etmiş, sonuncu dəfə Laçın rayonunda hərbi hissədə postda qulluq edərkən, qar uçqunu nəticəsində yıxılaraq başı, beli, ayağı ağır zədə almışdır. İddiaçını 14 gün postda yerindən tərpədə bilməmişlər, huşunu itirmişdir. 14 gündən sonra xilasedicilər iddiaçını postdan çıxararaq Füzuli rayonunda yerləşən hospitala aparıblar. Füzuli rayonunda müayinə edəndən sonra dərhal Bakı şəhəri Hərbi Hospitala çatdırmışlar. Hərbi xidmət keçmə ilə əlaqədar ağır travma almış, baş beyin zədələnməsi, ayaq zədələnməsi və belim qırılmışdır. İddiaçını əməliyyat edib belinə implant qoyublar. Hərbi xidmətə yararsız hesab edilərək ordu sıralarından təxris edilmiş və bundan sonra müxtəlif xəstəxanalarda müalicə alsa da, nəticə verməmişdir. Həkimlər bildiriblər ki, iddiaçı ömürlük iflicdir. Bir müddət sonra bütün xəstəlik çıxarışları poliklinikaya təqdim edilmiş və poliklinika öz növbəsində f-88 saylı arayışı mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik alt sisteminə yerləşdirmişdir. İddiaçı dəfələrlə TSEK-na əlilliyi ilə bağlı cavab verilməyini xahiş etsə də, orada gözləməyi bildirilmşdir. Bir müddət keçdikdən sonra iddiaçı yenidən əlilliyi ilə bağlı cavab almağa çalışsa da, cavabın hazır olmadığını bildirmişlər. Çoxsaylı şikayətlərdən sonra iddiaçını poliklinikaya çağırıb orada xx.xx.2025-ci ildə elektron cavabı vermişlər. Həmin cavabdan (məktubdan) müəyyən olmuşdur ki, xx.xx.2023-cü il tarixdən iddiaçıya rədd cavabı verilib. xx.xx.2025-ci il tarixdə iddiaçıya rəsmi təqdim edilmişdir. Diaqnoz "Bel fəqərəsinin sınığı, L5 fəqərə cisminin qeyristabil, fəsadlaşmış, qəlpəli kompression sınığına, onurğa beynin "at quyruğu" liflərinin sümük qəlpələri ilə kompressiyasına görə aparılmış L2-L3-L5 fəqərələrinin transpedikulyar funksiyası, L4 fəqərəsinin laminektomiyası, medial fasektomiyası, onurğa kanalının dekompressiyası, sümük qəlpələrinin xaric edilməsi, iki tərəfli L5 faraminotomiyası c/ə nəticələri (xx.xx.2022) tarixdə elektron informasiya sisteminin Əlillik alt sistemə yerləşdirilmişdir. Cavabdehin cavabına əsasən, "Əlillik əlaməti təyin edilməməsi". Agentliyin həkim komissiyası tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsindən imtina edilmişdir. Səbəb kimi "Əlillik əlaməti təyin edilməmişdir". Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi heç bir əsas olmadan mənim məlum diaqnozumu özünəməxsus şəkildə qiymətləndirərək,əlillikdən məhrum etmişdir. Hesab edir ki, cavabdehin cavabı qanunsuzdur, əsassızdır və hüquqlarının pozulmasına gətirib çıxarır. Cavabdehin belə qanunazidd mövqeyi öz konservativ maraqlarını təmin etmək, maddi maraqlar güdmək, həmçinin imkanları məhdud olan şəxslərin imtiyazlardan, onlara dərman preparatlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsindən məhrum etməkdir. Göründüyü kimi, komissiya öz səlahiyyətlərindən kənar, funksional təyinatlı vəzifələrinə aidiyyəti olmayan tövsiyə xarakteri daşıyan fəaliyyət növü ilə məşğul olur. Halbuki, komissiya təqdim olunan məlum arayışda göstərilən diaqnoz üzrə idiaçıya əlillik dərəcəsinin düşməsini qiymətləndirməliydi. Lakin məlum olduğu kimi komissiya tamam ayrı mövqe sərgiləyərək, konkret münasibət bildirmək yox, mücərrəd və deklorativ xarakter daşıyan cavabla verməklə kifayətlənmişdir.
3. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddaçının inzibati orqan tərəfindən verilmiş imtandan məlumatı xx.xx.2023-cü il tarixində olmuş iddiaçı bundan 1 il 3 ay sonra məhkəməyə müraciət etdiyindən iddianın mükünsüz hesab olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Ə.Süleymanova iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi iddiaçı tərəfindən şikayət verilməsi müddətinin ötürülməsini bildirərək, iddia tələbinin mümkün hesab edilməməsini məhkəmədən xahiş etmişdir.
II. İddianın mümkünlüyü
6. İddiaçının ilkin əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3); İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5); İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).
9. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
10. Hazırki iddia məcburetməyə dair iddiadır. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
12. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə, təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
13. “E.Həkimovun şikayəti ilə əlaqədar” 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.”.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
16. Məhkəmə qeyd edir ki, iddiaçı əlillik vəziyyətinə Sumqayıt Tibb Mərkəzi PHŞ 1 nömrəli xəsətəxananın xx.xx.2023-cü il tarixli, İ00114219RGM nömrəli göndərişi əsasında sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və verilmiş 08.09.23 tarixli göndəriş Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.
17. Daha sonra, əlavə əyani müayinənin araşdırılması aparılaraq Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-19323/2023 saylı, 05 dekabr 2023-cü il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Sumqayıt Tibb Mərkəzinin Nevrologiya şöbəsinin xx.xx.2023xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “L2-L3-L5 fəqərələrinin transpedikulyar fiksasiyası, L4 fəqərəsinin laminoektomiyası, medial fasetektomiyası, onurğa kanalının dekompressiyası, sümük qəlpələrinin xaric edilməsi, ikitərəfli L5 foraminotomiyası cərrahi əməliyyatından sonrakı vəziyyət (2022)” kimi qeyd olunmuşdur. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 10158 nömrəli Ambulator xəstənin tibb vərəqində diaqnoz “Keçirilmiş L5 fəqərə cisminin qeyristabil “fəsadlaşmış, qəlpəli, kompression sınığına görə aparılmış, L2-L3-L5 fəqərələrinin transpedikulyar fiksasiyası, L4 fəqərəsinin laminektomiyası, medial fasientomiyası, onurğa kanalının dekompensasiyası əməliyyatından sonrakı vəziyyət. Diskogen radikulopatiya. Sağ aşağı ətrafın distal parezi, davamlı ağrı sindromu” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Sumqayıt Hospitalın xx.xx.2022-ci il tarixli EMG müayinəsinin nəticəsi “Aşağı ətrafların spastik paraplegiya ilkin diaqnozu ilə tərəfimizə yönləndirilən pasientə EMG edildi. Pasientin sağ aşağı ətrafda olan parezi mərkəzi sinir sisteminin patologiyası ilə yanaşı L4-L5 sinir kökünün də zədələnməsinə ikincili olduğu düşünülmüşdür” kimi müəyyənləşdirilmişdir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
18. Lakin iddiaçı sonrakı dövrdə iddia müddəti çərçivəsində nə inzibati orqanın əlilliyin qiymətləndirilməsinə dair qərarını, nə də əyani müayinəsi barədə Komissiyanın qərarını mübahisələndirmişdir.
19. Göründüyü kimi, iddiaçı 1 il 2 ay 12 gün müddət keçəndən sonra məhkəməyə müraciət (iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir) etmişdir. Bununla da, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür.
20. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, dəfələrlə TSEK-na əlilliyi ilə bağlı cavab verilməyini xahiş etsə də, orada gözləməyi bildirilmişdir. Bir müddət keçdikdən sonra yenidən əlilliyi ilə bağlı cavab almağa çalışsa da, cavabın hazır olmadığını bildirdilər. Bu minvalla müxtəlif orqanlara TSEK-nın ona cavab vermədiyini bildirmiş və çoxsaylı şikayətlərdən sonra iddiaçını poliklinikaya çağırıb orada xx.xx.2025-ci ildə elektron cavabı vermişdirlər. Həmin cavabdan (məktubdan) müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdən rədd cavabı verilib. xx.xx.2025-ci il tarixdə rəsmi təqdim edilmişdir. Əgər hər hansı bir nömrəyə sms göndərilibsə,həmin nömrə işlək vəziyyətdə deyil. Bu sms-i əldə edə bilməmişdir.
21. İddiaçı hazırki iddia ilə qanunla müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq, iddiaçı iddia müddətinin üzrlü səbəbdən ötürülməsini əsaslandırmamaqla yanaşı, bu müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı mötəbər sübutu da məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, buraxılmış müddətin üzrlü hesab edilməsi barədə əsaslar mövcud deyildir və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki “İnzibati icraat haqqında” Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (“İnzibati icraat haqqında” Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri).
22. Məhkəmə qeyd edilən müddətdə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən etmir. Məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona əlillik təyin olunması üçün təkrar olaraq səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş göndəriş əsasında tibbi sosial ekspert komissiyasına müraciət edə bilər.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
X6-Abbaszadə