Məhkəmə qərarları › İş №2-1(118)-4699/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4699/2024

08.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4699/2024 08.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair şəhadətnamənin ləğvi və hüquqların dövlət qeydiyyata alınması” iddia tələbi üzrə işin mümkünlük məsələsinə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ

1. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, iyirmi il yaşadığı fərdi həyət evinin yerləşdiyi torpaq sahəsinin keçmiş DT və XK Abşeron rayon şöbəsi tərəfindən X8 verilmiş JN-1731A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qanunsuz hesab edilərək, ləğv edilməsinə və daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının rəhmətlik həyat yoldaşı X3 qardaşı X4 ilə birlikdə 2003-cü ilin dekabr ayında Abşeron rayonu, Saray qəsəbəsi, Köhnə Saray küçəsi (kənd Saray) ərazisindəki 10 sot (1.000 kv.m) torpaq sahəsində yerləşən və X8 məxsus olan iki mərtəbəli fərdi həyət evini almaq qərarına gəlmişdirlər. Üç tərəfli söhbət zamanı Tağıyev Tağı evi 10.000 ABŞ dollarına satdığını bildirib. Ancaq sözügedən əmlakı doqquz min 9.000 ABŞ dollarına almağa razılıq əldə olunmuşdur. Sövdələşmə əsnasında şərt qoyulub ki, evin pulu tam şəkildə ən gec bir il müddətində ödəniləcək. T.Tağı bu təkliflə razılaşdıqdan sonra ona ilkin olaraq beş yüz 500 ABŞ dolları beh verilmişdir. Bu danışıqdan 3 ay sonra mərhum həyat yoldaşı qardaşı Fəxrəddinlə birgə qalan 8.500 ABŞ dolları məbləğindəki pulu vermək üçün, Tağıgilə gedib notariusda alqı-satqı edilməsini bildiriblər. Əfsuslar olsun ki, Tağı sövdələşməyə zidd olaraq evi doqquz min 9.000 ABŞ dollarına yox, on dörd min 14.000 ABŞ dollarına satdığını yalandan demişdir. Halbuki, qaynı qardaşına kömək məqsədilə Yasamaldakı evini təcili satıb ailəsi ilə birlikdə evsiz qalmışdı. Tağı ilə çox uzun mübahisədən sonra məcburiyyət qarşısında qalan yoldaşı evin qiymətinin 13.000 ABŞ dollarına qaldırılmasına baxmayaraq yenidən məlum mülkü almağa razı olublar. Nəhayət, 2 aprel 2004-cü il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi imzalanaraq alınan ev həyat yoldaşı X2 adına rəsmiləşdirilib. Yoldaşı artıq beş ildir dünyasını dəyişdiyi üçün, ailə üzvlərilə birgə həmin evi satmaq üçün 2023-cü ilin dekabr ayında qaynı Fəxrəddinə müraciət etmişdir. Lənkəran rayonunda yaşadığına görə qaynına bu satışla məşğul olması üçün ümümi etibarnamə verimişdir. Aidiyyəti üzrə Abşeron rayon əmlak idarəsinə vərəsəliklə bağlı notarial qaydada sorğu da ünvanlandı. Təəssüflər olsun ki, qurumdan Forma 1 verilmək əvəzinə bir ay sonra imtina məktubu göndərildi. Əlavədəki məktubdan da göründüyü kimi, cavabdeh tərəfindən "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi”nin Abşeron rayon şöbəsi tərəfindən JN-1731A nömrəli “Torpaqın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin əvvəlki hüquq sahibinin adına qeydiyyata alınmış və Tağıyev Tağıya verilməsi bildirilmişdir. Xeyli etirazlarından sonra məlum olmuşdur ki, bu şəhadətnamə evin satılmasından bir il sonra, 2005-ci ildə Tağı tərəfindən qanunsuz olaraq götürülmüşdür. Eyni zamanda, əmlak idarəsindən bildirilmişdir ki, Tağı evin 1.000 kv/m (10 sot) torpaq sahəsi ilə birlikdə satıldığını dövlət qurumundan guya gizlətdiyi üçün torpaq şəhadətnaməsi də onun adına verilmişdir. Ancaq mövcüd qanunvericiliyə əsasən həmin şəhadətnamə mütləq şəkildə evi alan şəxsə qaytarılmalıdır ki, daşınmaz əmlak üzərində yeni sahibin hüquqlarının qeydiyyata alınması barədə mülkiyyət sənədi təmin olunsun. Həmçinin, mübahisənin məhkəmə müstəvisində lehinə həllini tapacağı da deyilmişdir. Bundan sonra X9 ilə görüşmək üçün onlara gedib. Tağı onunla olduqca aqressiv davranıb və ona 4.000 ABŞ dolları borcunun qaldığını bildirmişdir. Söhbətdə Tağı, “Deyilən pulu ödəyin, evin sənədini verim” - deyə, qəti şəkildə ifadə edib. Fəxrəddinlə çox çəkişmədən və iyirmi il öncəki sövdələşmənin təkzibolunmaz faktlarla təkrar sübut edilməsindən sonra X7 haqlı olduğunu etiraf edib. Buna baxmayaraq yenə də; "Doğrudur, səhv edirəm. Söhbətimizdən iyirmi il keçib. O vaxt olanları unutmuşam, indi yadıma düşdü. Sizin mənə dörd min 4.000 ABŞ dolları yox, cəmi 1.000 ABŞ dolları borcunuz vardır" - deyə evin satışından bugünədək susduğu halda yenə də pul tələb etmişdir. Nəticədə Tağı 1.000 ABŞ dolları verilmədiyi halda şəhadətnamənin verməməsini bildirmişdir. Hal-hazırda isə Tağı torpağa dair şəhadətnamə sənədini vermək üçün hələ də absurd səbəblərlə 1.000 ABŞ dolları pulu əsassız olaraq tələb edir.

3. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

4. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.

5. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

6. Məhkəmə tərəfindən iddiaçı tərəfə hüquqi yardıma dair məktub göndərilərək diqqətinə çatdırılmışdır ki, hazırkı mübahisə üzrə cavabdeh inzibati orqana ünvanlanmış “fərdi həyət evinin yerləşdiyi torpaq sahəsinin keçmiş DT və XK Abşeron rayon Şöbəsi tərəfindən X8 verilmiş JN-1731A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qanunsuz hesab edilərək ləğv edilməsi və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə müraciəti (çatdırılmasını təsdiq edən sənəd əlavə edilməklə) və həmin müraciətinə verilmiş cavab məktubu (imtina məktubu) məhkəməyə təqdim edilməlidir.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil edilməmişdirlər.

8. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

10. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

11. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

14. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

15. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

16. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.

17. Məhkəmə iş materialında olan iddiaçı tərəfindən məhkəməyə göndərilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır.

18. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

19. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

20. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

21. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

22. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

23. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd)

25. İddia ərizəsinə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 20 fevral 2024-cü il tarixli, 3-21-3- 32/2-2104/24 nömrəli məktubunun surətində məlumatlar natamam, səliqəsiz şəkildə olduğundan məhkəmə tərəffindən sənəd kimi qəbul edilməsi mümkün deyildir.

26. Eyni zamanda, həmin imtina məktubunun birinci abzasında olan məlumatlardan görünür ki, iddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, mərhum X1 miras qaldığı bəyan edilən fərdi yaşayış evinə dair qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Halbuki, iddia tələbi torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədardır.

27. Göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəməyə qədər iddia ərizəsində göstərilən tələb ilə bağlı müraciət edilməmiş və müvafiq imtina alınmamışdır.

28. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

29. İddiaçı tərəfə izah olunur ki, yuxarıda qeyd olunan çatışmazalıqlar aradan qalxdıqdan sonra, yenidən məhkəməyə müraciət edə bilər.

30. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər

31. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “iyirmi il yaşadığı fərdi həyət evinin yerləşdiyi torpaq sahəsinin keçmiş DT və XK Abşeron rayon şöbəsi tərəfindən X8 verilmiş JN-1731A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qanunsuz hesab edilərək, ləğv edilməsinə və daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar