Məhkəmə qərarları › İş №2-1(118)-4700/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4700/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4700/2024 02.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: şəhid statusu adı və müvafiq arayışın verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “şəhid statusunun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 2 dekabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Vİİ-ЖГ seiyalı, 427509 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 21 iyul 1981-ci il təvəllüdlü X5 atası - İddiaçı, anası X8r.

2. AZ-İ seriyalı, 980392 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X9 2 iyul 1993-cü il tarixdə ölmüşdür. Ölüm səbəbi məhkəmə qətnaməsi əsasında olaraq qeyd edimişdir.

3. Rüstəmova Nübar Qara qızının Sumqayıt Şəhər İcra Hakimiyyətinə verilmiş ərizəsindən görünür ki, X6 şəhid statusu, valideyinlərinə şəhid ailəsi statusunun verilməsi xahiş edilmişdir.

4. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 2 may 2024-cü il tarixli, 5-6/1-R-41-055 nömrəli Rüstəmova Nübar Qara qızına göndərilmiş məktubundan görünür ki, qaldırdığı məsələ məhkəmə baxışının predmetı olduğunu nəzərə alaraq aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məqsədəuyğun olması bildirilmişdir.

5. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı Mənzil-Kommunal Sahəsinin 24 may 2024-cü il tarixli, 271 nömrəli arayışından görünür ki, İddiaçı 9-cu mikrorayon, ev 72, mənzil 91 ünvanda yaşayır.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 24 may 2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı və Rüstəmova Nübar Qara qızı ünvan 3 ünvanda qeydiyyatdadırlar.

7. Sumqayıt Şəhər Məhkəməsinin 1 mart 2019-cu il tarixli, 2(060)-2821/2019 nömrəli qətnaməsi ilə 21 iyul 1981-ci il tarixdə anadan olmuş X5 2 iyul 1993-cü il tarixdə Füzuli rayonu, Gorazıllı kəndində ölməsi faktı müəyyən edilmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

8. Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(060)-2821/2019 nömrəli məktubu ilə mülki iş üzrə sənədlər və qətnamə (§7) göndərilmişdir.

9. Azərbaycan Respublikasının Qubadlı Rayon İcra Hakimiyyəti 16 avqust 2024-cü il tarixli, 5-62/2-316/2024 nömrəli məktubundan görünür ki, şəxsə şəhid statusu, şəhidin ailə üzvlərinə şəhid ailəsi statusunun verilməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında 3 sentyabr 1993-cü il tarixli, 697 nömrəli Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında 15 yanvar 1995-ci il tarixli, 10 saylı Qərarına əsasən müvafiq icra hakimiyyəti orqanlarının arayışları əsasında Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Rayonun Xocik kənd sakini 1962-ci il təvəllüdlü X4 30 avqust 1993-cü ildə rayonun işğalı zamanı şəhid olmuşdur. Şəxs mülki şəxs olduğundan Nazirlər Kabinetinin Qərarına əsasən X2 mülki şəhid olması barədə arayışın verilməsi rayon icra hakimiyyətinin səlahiyyətlərinə aiddir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

10. İddiaçı (bundan sonra - “iddiaçı”) Sumqayıt Şəhər İcra Hakimiyyətinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 2 iyul 1993-cü il tarixdə həlak olan X6 şəhid statusu adının verilməsi və bununla bağlı müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi işin hallarına (§1-7) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçının qızı X9 2 iyul 1993-cü il tarixdə Füzuli rayonu Gorazilli kəndində erməni quldurlarının atdığı güllədən çıxmış qəlpə nəticəsində ölmüşdür. Həmin vaxt o və digər ailə üzvləri də, həmin yerdə olmuşlar. X10 (iddiaçının qardaşı) Şəlalənin cansız bədənini qucağına götürərək döyüş bölgəsindən uzaqlaşdırmışdır. İddiaçı qızına şəhid statusunun verilməsi tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh isə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir.

12. İddia tələbinin maddi hüquqi əsası kimi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2, 8.1.2, 12.1-ci maddələrinə istinad olunmuşdur.

13. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə dair cavabdehin münasibəti:

15. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək, onunla əsaslandırrmışdır ki, iddiaçı 7 iyul 1956-cı il tarixdə Füzuli rayonunun Gorazıllı kəndində anadan olmuş, 1974-cü ilə kimi həmin ünvanda qeydiyyatda olmuşdur. 1974-cü ildə Sumqayıt şəhərinə təhsil almaq məqsədilə gəlmiş, Sumqayıt şəhərində yerləşən 4 saylı peşə məktəbində təhsil almış, təhsil alarkən həmin peşə məktəbinin yataqxanasında qalmış və orada qeydiyyata düşmüşdür. 1979-cu il tarixdə Sumqayıt şəhərində 5-ci mikrorayon ərazisindən 1 otaqlı mənzil almış və orada qeydiyyata düşmüşdür. 2014-cü ilə qədər orada yaşamış, 2014-cü ildən isə 9-cu mikrorayon, ev 72, mənzil 91 ünvanında aldığı mənzildə ailəsi ilə birlikdə qeydiyyata alınmışlar. Həyat yoldaşı X7 12 sentyabr 1961-ci il tarixdə Füzuli rayonunun Gorazıllı kəndində anadan olmuş, 1980-ci il tarixdə Sumqayıt şəhər, 5-ci mikrorayon ərazisində qeydiyyata alınmışdır. Vəfat edən övladı X9 21 iyul 1981-ci il tarixdə Sumqayıt şəhərində yerləşən 1 saylı doğum evində anadan olmuş, 6-cı sinifə qədər 5-ci mikrorayon ərazisində yerləşən 15 saylı orta məktəbdə təhsil almışdır. 1993-cü ilin iyun ayının 28-də yay tətili ilə əlaqədar istirahət etmək məqsədilə Füzuli rayonunun Gorazıllı kəndinə babasıgilə qonaq getmişdir. İddiaçının deməsinə görə 2 iyul 1993-cü il tarixdə saat təxminən 04:30 radələrində kəndə düşmənlər tərəfindən hücum olunmuş və övladı X9 qaçarkən atılan tank mərmisinin qəlpəsi nəticəsində həyatını itirmişdir. Təqdim olunan sənədlərin araşdırılmasından sonra “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli Qərarının 1.1, 1.2 və 4.1-ci bəndlərini rəhbər tutaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə X6 şəhid, ailə üzvlərinə isə şəhid ailəsi statusunun verilməsi məqsədəmüvafiq hesab edilməmişdir.

16. Etirazın maddi hüquqi əsası kimi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli Qərarının 1.1, 1.2, 4.1-ci bəndlərinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

17. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdirlər.

18. Cavabdeh məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

20. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

21. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

22. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

23. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

24. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq

27. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”:

1. Şəhid anlayışı

1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: ... 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; ...

4. Şəhid və şəhid ailəsi statusunun verilməsi

4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. ... Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. ...

28. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

29. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

30. Belə ki, cavabdehin şəhid statusuna dair arayışın verilməsindən imtinası əsaslı olmamışdır. Halbuki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 1.2.4-cü bəndinə əsasən, Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab olunurlar. 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır.

32. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

34. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, X9 2 iyul 1993-cü il tarixdə ölmüşdür. Ölüm səbəbi məhkəmə qətnaməsi əsasında olaraq qeyd edimişdir.

35. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 1 mart 2019-cu il tarixli, 2(060)-2821/2019 nömrəli qətnaməsi ilə 21 iyul 1981-ci il tarixdə anadan olmuş X5 2 iyul 1993-cü il tarixdə Füzuli rayonu, Gorazıllı kəndində ölməsi faktı müəyyən edilmişdir. İş üzrə aşağıdakı hallar müəyyən edilmişdir: - iş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin Vətəndaşlara Xidmət İdarəsinin 14 yanvar 2019-cu il tarixli, 03 saylı arayışından görünür ki, X9 2 iyul 1993-cü il tarixdə vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. - işdə olan qəzet materialının surətindən görünür ki, Sumqayıt şəhəri 15 nömrəli orta məktəbin şagirdi 12 yaşlı X9 2 iyul 1993-cü il tarixdə erməni quldurlarının Füzuli rayonu, Gorazıllı kəndinə basqını nəticəsində vəfat etmiş, bu barədə qəzetdə “12 yaşlı şəhid” adlı məqalə çap edilmişdir. - məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 21 iyul 1981-ci il təvəllüdlü X9 2 iyul 1993cü il tarixdə Füzuli rayonu, Gorazıllı kəndində vəfat etmişdir. Bu fakt Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin vətəndaşlara xidmət idarəsinin 14 yanvar 2019-cu il tarixli, 03 saylı arayışı, qəbirüstü abidənin foto surəti, şahid ifadəsi və digər iş materialları ilə də təsdiq olunur.

36. Göründüyü kimi işin X5 2 iyul 1993-cü il tarixdə Füzuli rayonu, Gorazıllı kəndində ölməsi və ölümünə dair hallar məhkəmə qətnaməsi ilə hüquqi fakt kimi tanınmışdır. Həmin qətnamə hazırda qüvvədədir.

37. İPM-in 1.2-ci maddəsinə əsasən, həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və həmin Məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müddəaları tətbiq oluna bilər.

38. MPM-in 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 16.2-ci bəndindən görünür ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. ... Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir.Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. ...”

41. Bundan əlavə, oxşar təcrübənin müəyyən edilməsi və müqayisəli təhlil üçün iddiaçı tərəfin şifahi vəsatəti əsasında Azərbaycan Respublikasının Qubadlı Rayon İcra Hakimiyyətinə müvafiq sorğu ünvanlanmışdır. Məhkəməyə göndərilmiş məktubdan görünür ki, rayonun Xocik kənd sakini 1962-ci il təvəllüdlü X4 30 avqust 1993-cü ildə rayonun işğalı zamanı şəhid olmuşdur. Şəxs mülki şəxs olduğundan Nazirlər Kabinetinin Qərarına əsasən X2 mülki şəhid olması barədə arayışın verilməsi rayon icra hakimiyyətinin səlahiyyətlərinə aiddir.

42. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

43. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

44. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız hesab edilərək, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

45. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 2 iyul 1993-cü il tarixdə həlak olan X6 şəhid statusu adının və bununla bağlı müvafiq arayışın verilməsi öhdəliyi Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar