Məhkəmə qərarları › İş №2-1(118)-4700/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4700/2025

17.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4700/2025 17.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X2 Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “istifadəsində olan Maştağa qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin başqa şəxsə icarəyə verilməsinə razılığın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü İl tarixli 422 saylı icarə müqaviləsi ilə ona Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0,32 ha torpaq sahəsi 99 il müddətinə icarəyə verilmişdir. Hal-hazırda o həmin torpaq sahəsindən 0.1125 ha başqa şəxsə icarəyə vermək istəyir. Arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə görə iddiaçı bu torpaq sahəsini başqa şəxsə icarəyə verərkən Cavabdeh razılığını almalıdır. Ona görə də o həmin bu razılığın alınması üçün Cavabdehnə müraciət etmiş, lakin cavabdeh tərəfindən ərizəsi təmin edilməmiş və əsas kimi də həmin torpaq sahələrinin Bakı şəhər icra Hakimiyyətinin idarəçiliyinə qaytarılması ilə əlaqədar məsələ qaldırıldığı bildirilmişdir. Bu səbəbdən də ərizəmin təmin olunmasının mümkün olmadığı qeyd edilmişdir. İddiaçı bundan sonra həmin torpaq sahəsinin yerləşdiyi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin burada da ərizəsi təmin edilməmiş və əsas kimi də həmin torpaq sahəsini ona verən şəxsin Cavabdeh olduğu və bu səbəbdən də onun Cavabdehnə müraciət etməyi məqsədəmüvafiq hesab edilmişdir. Torpaq sahəsi Cavabdeh başçısının xx.xx.2014-cü il tarixli 422 saylı sərəncamı əsasında onun icarəsinə verilmişdir və həmçinin onunla icarə müqaviləsi bağlanmışdır. Ona görə də bu torpaq sahəsinə dair istifadə ilə əlaqədar hüquqlar Cavabdeh tərəfindən ona verildiyi üçün təbii ki, torpaq sahəsinin digər şəxsə icarəyə verilməsi də Cavabdeh tərəfindən yerinə yetirilməlidir.Ona görə də hesab edir ki, bu iş üzrə həmin bu icarə müqaviləsinin bağlanmasına da razılıq Cavabdeh tərəfindən verilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, iddiaçının icarəsinə verilmiş torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və bu məqsədlə istifadə olunması üçün icarəyə verilmişdir. Lakin icarəçi həmin torpaq sahəsindən məqsədli təyinatına uyğun istifadə etmir, icarə haqqlarının ödənişini həyata keçirmir. Həmin 0,32 hektar sahəsindən 0,1125 hektar hissəsinin digər şəxsə icarəyə verilməsi isə torpaqdan daha səmərəli istifadəni sual altında qoyur və həmin sahədən gələcəkdə təyinatı üzrə istifadə edilib-edilməməsi, orada tikintiyə yol verilib- verilməməsi ilə bağlı heç bir təminat yoxdur. İddiaçı özü icarə müqaviləsi şərtlərinə əməl etmədiyi təqdirdə həmin sahədən bir hissəsinin digərinin sub-icarəsinə verilməsinə razılıq verilməsini düzgün hesab etmir. Nəzərə alsaq ki, həmin ərazidə icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaq sahələrində bəzi hallarda torpağın təyinatı pozulmaqla tikinti işləri aparılır və bu da icarədarla icarəçilər arasında məhkəmə mübahisələrinə səbəb olur. Həmin ərazidə Cavabdehndə tabeliyində yerli qurumlar olmadığından torpaqların təyinatı üzrə istifadəsinə nəzarətdə çətinliklərlə üzləşilir. Eyni zamanda, iddiaçı iddia tələbində icarəyə götürdüyü sahədən bir hissəsinin digərinə sub-icarəyə verilməsinə razılıq verilməsinə cavabdeh tərəfindən imtina olunduğunu qeyd etsə də, əslində o müraciətində torpaq sahəsinin bir hissəsi üzərində icarə hüququnun digərinə satılmasına razılıq verilməsi üçün Abşeron RİH-nə müraciət etmişdir. Göründüyü kimi iddiaçı istər torpaq sahəsindən istifadə olunmasında, müqavilə şərtlərinə əməl edilməsində qeyri-səmimi olduğu kimi məhkəməyə müraciətində də qeyri-səmimi mövqe nümayiş etdirməkdədir. Bu da həmin torpaq sahəsi üzərində icarə hüququnun digərinə satılmasından sonra torpaqdan məqsədli istifadə edilməsini sual altında qoyur. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının direktiv orqanları qarşısında məsələ qaldırılaraq sözügedən ərazilərin onların yerləşdikləri rayonların inzibati ərazi hüdudları nəzərə alınmaqla (bu torpaq sahəsinə münasibətdə- Sabunçu rayonu) Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə verilməsinin təmin olunması xahiş olunmuşdur. Müraciətə baxılması müddətində Abşeron RİH tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların tikinti altına verilməsinin qarşısının alınması məqsədilə torpaq sahələri üzərində icarə hüquqlarının icarə şərtlərinə əməl etməyən fiziki və hüquqi şəxslər tərəfindən digərlərinə satılmasını məqbul hesab etməyərək qanunla nəzərdə tutulmuş diskresion səlahiyyətlərdən istifadə edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir.Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir.Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh 10 yanvar 2025-ci il tarixli məktubu, Cavabdeh başçısının xx.xx.2014-cü İl tarixli, 422 nömrəli sərəncamının surəti **********56 reyestr nömrəli çıxarışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddia müəyyən etmə və ya tanınma haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün iddiadır. İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İşin hallarından görünür ki, İddiaçı **********56 reyestr nömrəli çıxarış ilə icarə hüquq əsasında mülkiyyətində olan 0.1125 ha torpaq sahəsini başqa şəxsə icarə hüququnun alqı-satqısına dair razılığın alınması üçün torpağın mülkiyyətçisi Cavabdehnə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Torpağın mülkiyyətçisi icarə verən Cavabdeh inzibati araşdırma aparmış və məlum olmuşdur ki, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada müvafiq torpaq sahəsi təyinatı üzrə istifadə olunmur. Belə olan halda inzibati orqanın üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706-cı maddəsinə əsasən, Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Həmin Məcəllənin 712-ci maddəsinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin; birgə istifadə üçün torpağı tamamilə və ya qismən hər hansı kənd təsərrüfatı birliyinə versin. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsə ikinci əldən icarəyə verirsə, həmin üçüncü şəxsin istifadə zamanı baş vermiş təqsiri üçün, hətta icarəyə verənin ikinci əldən icarəyə razılıq verdiyi halda da məsuliyyət daşıyır. İcarəçi icarəyə götürdüyü torpağın təyinatını yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla dəyişdirə bilər. İcarəyə götürülmüş torpaqdan istifadənin əvvəlki növünü dəyişdirmək üçün icarəyə verənin qabaqcadan razılığını almaq yalnız o halda tələb edilir ki, bu dəyişiklik icarə müddətindən sonra istifadə növünə təsir göstərsin. Həmin Məcəllənin 713-cü maddəsinə əsasən Əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Göründüyü kimi torpaq sahəsinin mülkiyyətçisi, torpaq sahəsinin digər şəxsə sub-icarəyə verilməsinə razılığı yoxdur və iddiaçının tələbinə qarşı etiraz etmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədəuyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən istər beynalxalq qanunvericiliyin tələbləri baxımından istərsə də Azərbaycan Respublikası Konstitusiyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmiun Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81, 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “istifadəsində olan Maştağa qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin başqa şəxsə icarəyə verilməsinə razılığın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar