Məhkəmə qərarları › İş №2-1(118)-4701/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4701/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4701/2024 03.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: texniki şərt verilməklə enerji təchizatı şəbəkəsinə qoşulma və elektrik sayğacının quraşdırılması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsinə texniki şərt verilməklə enerji təchizatı şəbəkəsinə qoşulması və həmin qeyri-yaşayış sahəsinə elektrik sayğacının quraşdırılması öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı Sumqayıt şəhəri, Bakı-Quba yolunda yerləşən qeyri-yaşayış sahəsinə texniki şərt verilməklə enerji təchizatı şəbəkəsinə qoşulmasını və həmin qeyri-yaşayış sahəsinə elektrik sayğacının quraşdırılmasını istəyir. (İddia tələbi dəqiqləşdirilmişdir.) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, "Sumqayıt İcra Hakimiyyətinin Başçısının 07.01.202 l-ci il tarixli 03 saylı Sərəncamı əsasında Sumqayıt şəhəri. Bakı-Quba yolunda yerləşən 0.0375 ha torpaq sahəsinin 40 kv.m sahəsində yüngül konstruksiyalı inşaat materiallarından mövsümi iaşə xidməti göstərmək məqsədilə köşk quraşdırılmasına icazə verilmişdir. Sərəncama uyğun olaraq 40 kv.m sahədə öz vəsaiti hesabına köşk quraşdırdırmışdır (tikmişdir). Həmin sahəyə görə Dövlət reyestrindən xx.xx.2019-cu ildə çıxarış verilmişdir. Obyektin hüquqi adı "Anar-89” olmuşdur. Obyekt fəaliyyətə başlayanda elektrik enerjsindən müqaviləyə əsasən istifadə edilirdi. 2010-2012-ci illərdə Sumqayıt- Bakı avto magistral yolu genişləndiyi üçün onun ətrafında söküntü işləri aparılmış və onun obyekti də sökülmüşdür. Bu zaman ona məxsus obyektin sökülməsi ilə əlaqədar olaraq elektrik enerjisinin verilməsi dayandırılmış və Sumqayıt şəhər İşıq İdarəsi obyektdə olan elektrik sayğacını söküb aparmışdır. Obyekt ətrafında tikinti işlərini baş çatdırdıqdan sonra sənədləri qaydaya salaraq yenidən obyektə elektrik enerjisi verilməsi məqsədilə Sumqayıt şəhər İşıq İdarəsinə müraciət etmişdir. Sumqayıt şəhər İşıq İdarəsi bildirmişdir ki, obyektdəki köhnə abonent kodunu çıxardıb Sumqayıt "Asan xidmət" Mərkəzinə təqdim edin. İddiaçı köhnə kodu və obyektə aid sənədləri Sumqayıt "Asan xidmət" Mərkəzinə xx.xx.2022-ci ildə təqdim etmişsir. Həmin gündən bu günədək Sumqayıt "Asan xidmət” Mərkəzi ilə Sumqayıt şəhər İşıq İdarəsi arasında qalmışdır. Sonda ona bildirmişdirlər ki, köhnə kodla elektrik enerjisini verməyək. 840 manat pul köçür, sənə "0 və faza” ilə yeni xətt verək. İddiaçı razılaşmışdır. Sumqayıt "Asan xidmət" Mərkəzi razılaşmanı qəbul etməmişdir. Nəticədə obyekt elektrik enerjisi verilmədiyinə görə öz fəaliyyətini dayandırmışdır. İddiaçı İ Qarabağ müharibəsinin veteranıdır. Laçın rayonundan məcburi köçkün kimi 1992-ci ildən hal-hazıradək Sumqayıt şəhərində məskunlaşmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 24 may 2024-cü il tarixli. e-2-2( 119)- 686/2024 saylı qərardadı ilə iddia ərizəsinə dair iş üzrə icraata xitam verilməsi və aidiyyat qaydaları nəzərə alınmaqla müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması qərara alınmışdır. Hesab edir ki, Sumqayıt şəhəri, Bakı-Quba yolunda yerləşən "Anar-89" firmasına məxsus obyektə elektrik enerjisinin verilməsinə görə müqavilənin bağlanması öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, 2012-ci ildə yolda tikinti getdiyinə görə obyektin fəaliyyəti dayanmışdır. Əvvəl adına abonent kodu var idi. Obyektin çıxarışı və sərəncamı var. Mübahisənin məhkəmədən kənar həlli ilə əlaqədar tərəflər məhkəmə iclasın dəvət edilmiş, iddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, Asan Xidmətə müraciət etmişdir. Telefonuna mesaj gəlmişdir ki, müraciətiniz qəbul olundu. 10-15 gün sonra yerində müayinə edilmişdir, rəhbərlik ilə görüşmüşdür. Ona bildirmişdirlər ki, sənədləri qaydasındadır. Departamentdə olmuşdur. Yenidən ondan köhnə kodun surətini götürdülər. 1100 manat borc qalığı var idi. Hissəhissə ödəyəcək. Dedilər ki, get narahat olma, işin qaydasına düşəcək. Lakin son dəfə rəhbərliklə görüşdükdən sonra onunla əlaqə saxlayan, məlumat verən olmamışdır. 04 iyul 2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçı özü də qeyd edir ki, ona aid olan obyekt 2012-ci ildə sökülmüşdür. Həmin dövrdə Azərişıq ASC fəaliyyət göstərmirdi. Kommersiya Məhkəməsində də bildirilmişdir ki, Asan Xidmətə müraciət etməli, texniki şərt almalı, sayğac quraşdırılmalı idi. İddiaçının müraciəti köhnə sayğacın aktiv edilməsi ilə bağlı olmuşdur. Baxış edilmiş, obyekt söküldüyünə görə köhnə sayğac da aşkar edilməmişdir. Nazirlər Kabinetinin 27 avqust 2013-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, texniki şərt alınmalıdır. Texniki şərt əsasında, torpağın, obyektin sənədi ilə müraciət edilməlidir. Cavabdehin nümayəndəsi işin məhkəmədənkənar həllinin mümkün ola biləcəyini bildirmişdir. 01 avqust 2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iştirak etmiş, izahatında işin məhkəmədənkənar həllinin yaxın tarixdə baş tutacağını bildirmişdir. 20 avqust 2024-cü il və xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarında cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Bakı-Quba yolu ünvanında yerləşən 0.019 ha torpaq sahəsi üzərində icarə hüququ xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. Torpaq sahəsinin planı və ölçüsü iş materiallarına əlavə edilmişdir. xx.xx.2020-ci il tarixli 36 saylı torpaq icarə müqaviləsinə əsasən icarəyəverən Sumqayıt Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 139 saylı Qərarına əsasən Sumqayıt şəhəri, Bakı Quba yolunun sağ tərəfi ərazisində yerləşən ümumi sahəsi 375 kv.m olan torpaq sahəsi müvəqqəti istifadə üçün icarəçi İddiaçı icarəyə vermişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 03 saylı Sərəncamı ilə İddiaçı icarəsində olan Sumqayıt şəhəri, Bakı-Quba yolunda yerləşən 0.0375 ha torpaq sahəsinin 40 kv.m sahəsində yüngül konstruksiyalı inşaat materiallarından mövsümi iaşə xidməti göstərmək məqsədilə köşk quraşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. X1 Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 13-13/2-2/18-Ə-1547-5/2024 saylı imtina məktubunda qeyd edilmişdir ki, sözügedən tikinti obyektinin 15-7983-0 nömrəli passiv statusunda olan abunə kodunun aktiv edilməsi ilə bağlı iddiaçının “ASAN xidmət" mərkəzinə OPKA**********1684 nömrəli müraciəti daxil olmuşdur. Müraciət araşdırılan zaman tikinti obyektinin “Azərişıq" ASC-nin fəaliyyəti dövrünədək (15-7983-0 nömrəli abunə kodu ilə) elektrik enerjisi ilə təchiz edildiyi məlum olmuşdur. Daha sonra tikinti obyektinin fəaliyyəti dayandırılmış və abunə kodu passiv edilmişdir. "xxxx" ASC fəaliyyətə başladığı zaman ərazidə kütləvi sayğaclaşma həyata keçirilmiş və enerji təchizatı şəbəkəsinə qoşulu olan elektrik cihazları inventarlaşdırılaraq qəbul edilmişdir. Bu tədbirlər çərçivəsində yaşayış olmayan evlər və fəaliyyət göstərməyən tikinti obyektləri Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisindən habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, elektrik qurğularının etibarlı, təhlükəsiz istismarı baxımından nəzərə alınmamışdır. Həmin müddətdə sözügedən tikinti obyekti fəaliyyət göstərmədiyi üçün və müvafiq sənədlər təqdim edilmədiyinə görə elektron məlumat bazasında qeydiyyata alınmamışdır. "xxxx" ASC tərəfindən yeni və yenidən qurulan tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı hazırda qüvvədə olan Qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir. Yaşayış və qeyri-yaşayış sahələrinin elektrik enerjisi ilə təchizatı, yeni qüvvəyə minmiş Qanunun tələblərinə əsasən, mülkiyyəti təsdiq edən sənədi və tikintisinə icazə verilmiş tikinti obyektinin (yaşayış və qeyri-yaşayış) müvafiq sənədini daxil etməklə "xxxx" ASC-nin elektron xidmətləri vasitəsi ilə, həmçinin Bakı şəhərində “ASAN Kommunal", regionlarda isə “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə həyata keçirilə bilər. Hər iki üsul vasitəsi ilə müraciət etmiş vətəndaşların təqdim etdiyi sənədlərin qaydaların tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra, tikinti obyektinin enerji təchizatı müəyyən olunmuş müddət ərzində Səhmdar Cəmiyyət tərəfindən təmin edilir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq cavabdehə müraciət etmiş, cavabdehin hərəkətsizliyindən sonra məhkəməyə müraciət etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda təbii inhisar subyekti olan iddiaçının elektrik enerjisi ilə təchiz olunması üçün şəbəkəyə qoşulma və sayğacla təmin ediməsini xahiş edir. İstinad olunan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış hazırkı mübahisə müqavilə münasibətlərinə qədər yaranmış mübahisə olmaqla, cavabdehin publik hüquq sahəsindəki hərəkətlərindən irəli gəlmişdir və buna görə də hazırkı mübahisəyə inzibat mühakimə icraatı qaydasında baxılmalıdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Sumqayıt şəhəri, Bakı-Quba yolunda yerləşən qeyri-yaşayış sahəsinə texniki şərt verilməklə enerji təchizatı şəbəkəsinə qoşulması və həmin qeyri-yaşayış sahəsinə elektrik sayğacının quraşdırılmasını istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, "xxxx" ASC tərəfindən yeni və yenidən qurulan tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı hazırda qüvvədə olan Qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir. Yaşayış və qeyri-yaşayış sahələrinin elektrik enerjisi ilə təchizatı, yeni qüvvəyə minmiş Qanunun tələblərinə əsasən, mülkiyyəti təsdiq edən sənədi və tikintisinə icazə verilmiş tikinti obyektinin (yaşayış və qeyri-yaşayış) müvafiq sənədini daxil etməklə "xxxx" ASC-nin elektron xidmətləri vasitəsi ilə, həmçinin Bakı şəhərində “ASAN Kommunal", regionlarda isə “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə həyata keçirilə bilər. Hər iki üsul vasitəsi ilə müraciət etmiş vətəndaşların təqdim etdiyi sənədlərin qaydaların tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra, tikinti obyektinin enerji təchizatı müəyyən olunmuş müddət ərzində Səhmdar Cəmiyyət tərəfindən təmin edilir. Mübahisənin məhkəmədənkənar həlli ilə əlaqədar tərəflərə vaxt verilmiş, lakin mübahisənin məhkəmədənkənar həlli baş tutmamışdır. Məhkəmə aşağıda qeyd olunan normaları rəhbər tutaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən: 1.1. elektrik şəbəkəsi - birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarından, paylayıcı qurğulardan, kabel və hava elektrik veriliş xətlərindən ibarət olan elektrik qurğuları 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır...Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. 1.4. Abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. 1.5. Girişləri enerjitəchizatı müəssisəsinin balansında olan istehlakçıya məxsus paylayıcı qurğulardan iki və daha artıq başqa istehlakçıya elektrik enerjisi verildikdə, enerjitəchizatı müəssisəsinə onlarla bilavasitə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlamaq və elektrik enerjisinə görə hesablaşmalar aparmaq hüququ verilir. İstehlakçının paylayıcı qurğusunun enerjitəchizatı müəssisəsinin balansına verilməsi mövcud qanunvericiliyə uyğun həyata keçirilir. 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.8. Bir elektrik enerjisi təchizatı mənbəyindən müxtəlif tarif qruplarına aid bir neçə istehlakçı qidalandırıldıqda, hər bir tarif qrupu üçün hesablaşma elektrik uçot cihazları quraşdırılmalıdır. Bundan başqa, elektrik enerjisinə nəzarət uçotu üçün müəyyən edilmiş elektrik enerjisi sərfi normalarının yerinə yetirilməsinə nəzarət üçün ayrı-ayrı sexlərdə, elektrik tutumlu aqreqatlarda, texnoloji xətlərdə, binalarda, ayrı-ayrı kənd təsərrüfatı, kommunal-məişət və başqa obyektlərdə texniki-nəzarət uçot cihazları quraşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydasına əsasən: 1.2.1. texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar enerji təchizatı layihəsinin hazırlanmasına əsas verən, elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. 1.2.10. tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması (texnoloji qoşulma) – elektrik enerjisinin alqı-satqı münasibətlərinin yaranmasına qədər bağlanılmış qoşulma müqaviləsinə və verilmiş texniki şərtlərə uyğun olaraq, enerji təchizatı layihəsinin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin elektrik şəbəkəsinə fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən xidmətdir. 1.3. Hər bir sifarişçinin bu Qaydaya uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaq hüququ vardır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qadağandır. 1.6. Texniki şərt Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və həmin Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla verilir. 1.8. Texniki şərtin hazırlanması və verilməsi üçün haqq ödənilmir. 1.14. Sifarişçinin sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” (bundan sonra - “Elektrik enerjisindən istifadə Qaydaları”) ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na əsasən: 1.6. Bu Qaydalara uyğun olaraq, hər bir sifarişçinin ETŞ–yə qoşulma hüququ vardır. 1.7. ETM heç bir ayrı-seçkiliyə yol vermədən, bu Qaydalara uyğun olaraq sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ–yə qoşulması üçün texniki şərtlər verməkdən imtina edə bilməz. ... 1.11. Sifarişçi tərəfindən texniki şərtlərin tələbləri yerinə yetirildikdən və qoşulma haqqı ETM-in bank hesabına ödənildikdən sonra, onun tikinti obyektinin ETŞ–yə qoşulmasına dair qoşulma aktı tərtib edilir və tikinti obyekti ETŞ–yə 3 (üç) iş günü ərzində qoşulur. ... 2.1. Sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin ETŞ–yə qoşulması ETM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. 2.3. Texniki şərtlər almaq (tələb edilən gücdən asılı olmayaraq) üçün sifarişçi tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən enerji təchizatı müəssisəsinə ərizə ilə müraciət etməlidir. Həmin enerji təchizatı müəssisəsi sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik enerji mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir. 2.16-cı bəndindən görünür ki, texniki şərtin verilməsindən aşağıdakı hallarda imtina edilir: 2.16.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə (çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırılmadıqda); 2.16.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst məlumatlar olduqda. Beləliklə, qanunvericiliyin tələbindən görünür ki, hər bir sifarişçinin ETŞ–yə qoşulma hüququ vardır və ETM heç bir ayrı-seçkiliyə yol vermədən sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ–yə qoşulması üçün texniki şərt verməlidir. “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 2.16-cı bəndində texniki şərt verilməsində imtina halları göstərilmiş, hazırkı işdə belə bir hal mövcud olmamışdır Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 03 saylı Sərəncamı ilə İddiaçı icarəsində olan Sumqayıt şəhəri, Bakı-Quba yolunda yerləşən 0.0375 ha torpaq sahəsinin 40 kv.m sahəsində yüngül konstruksiyalı inşaat materiallarından mövsümi iaşə xidməti göstərmək məqsədilə köşk quraşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. Həmin sərəncamla layihə sənədlərinin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanmasını və aidiyyəti orqanlarla razılaşdırılmasının təmin edilməsi, layihələndirmə və quraşdırma zamanı nəzərdə tutulmuş ərazidən əvvəlcədən müəyyən olunmamış kommunikasiya xətlərinin keçdiyi aşkar olunarsa, həmin xətlərin aidiyyatı təşkilatlarla razılaşdırılaraq öz vəsaiti hesabına sahədən kənarlaşdırılmasının təmin edilməsi iddiaçıya tapşırılmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na əsasən: - Bənd 1.1. Bu Qayda sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir. - 1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.2. sahibkar – əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslər; 1.2.3. texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihə sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd; 1.2.4. enerji təchizatı müəssisəsi (bundan sonra – ETM) – icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxs; 1.2.5. sifarişçi – ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən sahibkar; 1.2.6. tikinti obyekti – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular; - 1.3. Bu Qaydaya uyğun olaraq, hər bir sifarişçinin ETŞ-yə qoşulma hüququ vardır. - 1.4. Sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulması aşağıda göstərilən iki mərhələdən ibarət olmaqla, ümumilikdə 20 (iyirmi) gündən gec olmayaraq təmin edilməlidir. Həmçinin “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nda sahibkara ümumiyyətlə imtina verilməsi nəzərdə tutulmamış, hər hansı çatışmazlıq aşkar edilərsə, onun aradan qaldırılması üçün sahibkara vaxt verilməsi müəyyən edilmişdir. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-2037/2023 saylı qərarında göstərilmişdir: “(...)32. Hazırkı qərarın 22-ci bəndində istinad olunan normaların müddəalarına əsasən, bu Qaydalara uyğun olaraq, hər bir sifarişçinin ETŞ–yə qoşulma hüququ vardır. ETM heç bir ayrı-seçkiliyə yol vermədən, bu Qaydalara uyğun olaraq sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ–yə qoşulması üçün texniki şərtlər verməkdən imtina edə bilməz. Enerji təchizatı müəssisəsi, sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik enerji mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir.

33. İstinad olunan normalarda texniki şərtin verilməsindən imtinanın əsasları təsbit edilmişdir. Hazırkı mübahisəyə münasibətdə texniki şərtin verilməsindən imtinaya əsas ola bilən həmin hallardan hər hansı birinin mövcud olduğu iş üzrə materiallardan görünmür. Cavabdehin imtinasında istinad etdiyi hallar iddiaçının tələbinin təmin olunmasından imtina üçün yetərli əsas sayıla bilməz.

34. Bununla bağlı nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsinə əsasən, cavabdeh aşkar olunmuş çatışmazlıqları konkret göstərməklə onların aradan qaldırılması üçün şəxsə müddət müəyyən etmək, həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmasında şəxsə yardım göstərmək, qeyri-yaşayış sahələrinin enerji təchizatı şəbəkəsinə qoşulmasını və qeyri-yaşayış sahələrində sayğac quraşdırılmasını təmin etmək öhdəliyi daşıyır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin həmin öhdəliyə əməl etdiyi iş üzrə materiallardan görünmür. Bununla bağlı nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsinə əsasən, cavabdeh aşkar olunmuş çatışmazlıqları konkret göstərməklə onların aradan qaldırılması üçün şəxsə müddət müəyyən etmək, həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmasında şəxsə yardım göstərmək, qeyri-yaşayış sahələrinin enerji təchizatı şəbəkəsinə qoşulmasını və qeyri-yaşayış sahələrində sayğac quraşdırılmasını təmin etmək öhdəliyi daşıyır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin həmin öhdəliyə əməl etdiyi iş üzrə materiallardan görünmür.” Göründüyü kimi, qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçı cavabdehdən onun enerji təchizatı şəbəkəsinə qoşulmasını və qeyri-yaşayış sahələrində sayğac quraşdırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hazırkı iş üzrə yuxarıda istinad olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdeh iddiaçının tələbini təmin etməməklə onun hüquqlarının pozulmasına yol vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, Bakı-Quba yolunda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə texniki şərt verilməklə enerji təchizatı şəbəkəsinə qoşulması və həmin qeyriyaşayış sahəsinə elektrik sayğacının quraşdırılması öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar