Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4716/2025 15.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil İsgəndər oğlunun iştirakı ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 153 nömrəli Sərəncamına əsasən “Samir” kiçik müəssisəsinə Novxanı kəndində ayrılmış 60 m2 torpaq sahəsi üzərində və Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 182 nömrəli Sərəncamına əsasən “Samir” kiçik müəssisəsinə Novxanı kəndində əlavə olaraq ayrılmış 0.06 ha torpaq sahəsi üzərində və həmin torpaq sahələrinin üzərində inşa edilərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 481 nömrəli Sərəncamı ilə istismara qəbul edilmiş bağ evi ilə birlikdə, bağ evinin hazırda faktiki olduğu vəziyyətində, üzərində İddiaçı firmasının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X7 məhkəməyə ilkin olaraq müraciət edib ünvan 1 ünvanında yerləşən 60 kvadrat metr və 0.060 ha. ( cəmi 0.066ha.) torpaq sahəsinə dair və həmin torpaq sahəsinin üzərində yerləşən bağ evinə dair mülkiyyət hüquqlarının İddiaçı firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili iddia tələbini dəqiqləşdirərək, iddiaçı X4 əsl İddiaçı firması ilə əvəz edilməsini və Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 153 nömrəli Sərəncamına əsasən “Samir” kiçik müəssisəsinə Novxanı kəndində ayrılmış 60 m2 torpaq sahəsi üzərində və Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994cü il tarixli 182 nömrəli Sərəncamına əsasən “Samir” kiçik müəssisəsinə Novxanı kəndində əlavə olaraq ayrılmış 0.06 ha torpaq sahəsi üzərində və həmin torpaq sahələrinin üzərində inşa edilərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 481 nömrəli Sərəncamı ilə istismara qəbul edilmiş bağ evi ilə birlikdə, bağ evinin hazırda faktiki olduğu vəziyyətində, üzərində İddiaçı firmasının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək direktoru olduğu “Samir–NO” firmasının qanuni istifadəsində olmaqla Novxanı kəndində yerləşən 0.066 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilib istismara qəbul edilmiş olan bağ evinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində "Samir -NO" firmasının adına qeydiyyata alınamsını və çıxarışın verilməsini xahiş etmişəm. Ərizədə qeyd etmiş ki, İddiaçı firması əvvəl “Samir” kiçik müəssəsi adlandırılmışdır. “Samir” kiçik müəssəsinə Abşeron rayon İcra Hakimiyyətinin başçısının 27 fevral 1993-cü il tarixli 153 saylı Sərəncamı ilə 60.0 kvm. torpaq sahəsi mağaza inşa edilməsi üçün, daha sonra yenə də Abşeron rayon İcra Hakimiyyəti başçısının 05 aprel 1994-cü il tarixli 182 saylı Sərəncamı ilə “Samir” kiçik müəssəsinə əlavə olaraq əvvəlki torpaq sahəsnin yanında, kənd təsərufatı məhsullarını istehsalı üçün, daha 0.06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin cizgi-planı baş memar tərəfindən təsdiqlənmişdir. Həmin torpaq sahəsinin üzərində onun tərəfindən bağ evi inşa edilmişdir. Həmin inşa edilmiş bağ evi Abşeron rayon İcra Hakimiyəti başmısının 17 iyul 2007-ci il tarixli , 481 nömrəli Sərəncamı ilə istismara qəbul edilmişdir. Bağ evinin istismara qəbul edilməsi haqqında xx.xx.2007-ci il tarixli 1/28 saylı Akt tərtib edilmiş və 9 nəfərdən ibarət komissiya imzalamışdır. “Samir” kiçik müəssəsi 11 iyul 1997-ci ildə İddiaçı firmasına çevrilmişdir və AR Ədliyyə Nazirliyində 34353 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehə təqdim etdiyi ərizəyə 9 adda olmaqla bütün lazımi sənədləri əlavə etmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı bağ evinin yerləşdiyi torpaq sahəsininə dair hüquqmüəyyənedici sənədlərin hazırkı müraciətə əlavə olunmadığı, müraciət üzrə əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyətinin 05 aprel 1994-cü il tarixli, 182 nömrəli sərəncamının “Samir” kiçik müəssisəsinə 0.06 ha torpaq sahəsinin təhkim edilməsinə dair olduğu aşkar edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin icraatında 2-1(118)-4898/2024 nömrəli inzibati işin olduğu müəyyən edilmişdir. Həmçinin torpaq sahəsinin üzərində yerləşən bağ evinin faktiki vəziyyət ilə təqdim edilmiş layihə vəziyyəti arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, eskiz layihədə 2 (iki) mərtəbəli göstərilsə də, faktiki vəziyyətdə bağ evinin 2 (iki) mərtəbəli, mansardlı olduğu, bağ evinin inşası zamanı 2-ci mərtəbəsində aşırımın nəzərə alınmadığı, həmçinin bağ evinin 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. Göstərilən səbəbdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X1 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2-P-0031-8/2024 nömrəli imtina məktubu, etiraz ərizəsi, İddiaçı firmasının təsis sənədləri, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993cü il tarixli 153 nömrəli Sərəncamının surəti, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 182 nömrəli Sərəncamının surəti, fərdi yaşayış evinə dair Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 481 nömrəli Sərəncamın surəti, Abşeron rayon Dövlət Arxivinin xx.xx.2009-cü il tarixli arxiv çıxarışı, xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın müayinə aktının surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması vaxtdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin tələbləri baxımından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2024-cü il tarixli, 3-21-3- 32/2-10980/24 nömrəli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Abşeron rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 27 fevral 1993-cü il tarixli 153 nömrəli Sərəncamı ilə 60 m2 və Abşeron Rayon İcra Hakimiyyəti başçısının 05 aprel 1994-cü il tarixli 182 nömrəli Sərəncamı ilə “Samir” kiçik müəssisəsinə 0.06 ha torpaq sahəsi ayrılmışdır. “Samir” kiçik müəssisəsi 11 iyul 1997-ci ildə İddiaçı firmasına çevrilmiş və Ədliyyə Nazirliyində 34353 nömrə ilə qeydiyyata alınmışdır.Sözügedən firmanın mülkiyyətçisi X5r. Eyni zamanda firmanın mülkiyyətçisi X7 mübahisəli torpaq sahəsinin üzərində Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 481 nömrəli Sərəncamı əsasında fərdi yaşayış evi inşa etdirmişdir. İddiaçı firmaya ayrılmış 0,066 ha torpaq sahəsi və üzərində inşa edilmiş bağ evi üzrə firmanın yaranmış mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin müraciətinə müsbət cavab ala bilməmişdir. Cavabdeh təşkilatın imtinası və etirazında gətirdiyi arqument aşağıdakılardan ibarətdir: 1) Bağ evinin yerləşdiyi torpaq sahəsininə dair hüquqmüəyyənedici sənədlərin hazırkı müraciətə əlavə olunmadığı, müraciət üzrə əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyətinin 05 aprel 1994-cü il tarixli, 182 nömrəli sərəncamının “Samir” kiçik müəssisəsinə 0.06 ha torpaq sahəsinin təhkim edilməsinə dair olduğu aşkar edilməsi. 2) Bundan başqa sözügedən torpaq sahəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin icraatında 2-1(118)-4898/2024 nömrəli inzibati işin olduğu müəyyən edilməsi, 3) Həmçinin torpaq sahəsinin üzərində yerləşən bağ evinin faktiki vəziyyət ilə təqdim edilmiş layihə vəziyyəti arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, eskiz layihədə 2 (iki) mərtəbəli göstərilsə də, faktiki vəziyyətdə bağ evinin 2 (iki) mərtəbəli, mansardlı olduğu, bağ evinin inşası zamanı 2-ci mərtəbəsində aşırımın nəzərə alınmadığı, həmçinin bağ evinin 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilməsi. Məhkəmə işin faktiki hallarını və təqdim edilmiş hüquqmüəyyənedici sənədləri araşdıraraq, irəli sürülmüş tələbə yalnız torpaq sahəsi üzərində İddiaçı firmasının mülkiyyət hüququnun qeydiyyata alınmasını məqsədəmüvafiq hesab etdi. Məhkəmə cavabdeh təşkilatın etirazında bildirdiyi 1-ci arqumentlə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş 6 iyun 2012-ci il tarixinədək qüvvədə olan “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 17-ci maddəsinə əsasən yerli icra hakimiyyətlərinin sərəncamında torpaq sahələri, təbii obyektlər, maliyyə aktivləri, qeyri-yaşayış binaları, müəssisələr, digər əmlak kompleksləri, xalq təhsili, mədəniyyət, səhiyyə, icman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosialmədəni təbəbatının ödənilməsi üçün digər əmlak ola bilər.Həmin Əsasnamənin 18-ci maddəsinə Əsasnaməsinin yerli icra hakimiyyətləri sərəncamında olan obyektlər üzərində sərəncam verilməsini və onların idarə edilməsini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 27 fevral 1993-cü il tarixli 153 nömrəli Sərəncamı ilə 60 m2 və Abşeron Rayon İcra Hakimiyyəti başçısının 05 aprel 1994-cü il tarixli 182 nömrəli Sərəncamı ilə “Samir” kiçik müəssisəsinə 0.06 ha torpaq sahəsi ayrılmış və həmin sərəncamların pryedusiyallığı öz qüvvəsini saxlayır. Sözügedən torpaq sahəsi 30 ildən çoxdur ki, iddiaçının isfifadəsində və faktiki sahibliyindədir. Həmçinin, torpaq sahəsinin mülkiyyətçisi olmuş müvafiq icra hakimiyyəti orqanı da həmin torpaq sahəsində firmanın sahibinə ev tikintisi üçün də sərəncam vermişdir. Göründüyü kimi icra hakimiyyətinin qərarı əsasında qeyd olunan torpaq sahəsi iddiaçıya verilmiş və bu günədək həmin torpaq sahəsindən mübahisəsiz istifadə edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun, ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də cavabdeh orqan, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə, həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Məhkəmə cavabdehin idarənin etirazına dair gətirdiyi arqumenti əsassız hesab edərək, qeyd etməyi zəruri billir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifələri hesab edilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir.Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerquluşu işləri hesab olunur. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin görə DƏDKR fəaliyyət istiqamətləri, hüquq və vəzifələri öz əksini tapmış və həmin Nizamnamənin tələbləri çərçivəsində DƏDKR vəzifə səlahiyyətlərindən irəli gələn funksiyaları həyata keçirir. Belə ki, DƏDKR torpaq sahələrinə plan və ölçü sənədinin verilməsi, torpaq sahələrində mərzçəkmə işlərinin, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsi üçün yerquruluşu işləri aparılmaq kimi vəzifələri var. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi öz xidməti vəzifəsinə görə torpaq sahəsinin plan və ölçüsünün verilməsi torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün tələb edilir. Bu isə cavabdeh təşkilatın torpaq sahəsinin ilkin mülkiyyətçisinin mülkiyyət hüquqları qeydə alınan zamana plan və öçü sənədlərinin verilmədiyinə dair gətirdyi arqumenti əsassız edir. Hesab olunur ki, cavabdeh təşkilat sonradan qanunla üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsindən boyun qaçırmaqda haqlı olmadığına görə yaranmış çatışmamazlığı aradan qaldırmalıdır.Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti haqqında Qanunun 23.1-cü maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmçinin , Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.47-ci bəndinə əsasən müvafiq sahədə qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək səlahiyyəti verildiyi halda yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və fəaliyyət istiqamətləri üzrə aşkar olunan qanun pozuntuları ilə bağlı tədbirlər görülməsini təmin etmək DƏDKR-in vəzifələrinə aid edilmişdir. Cavabdeh təşkilatın etiraz ərizəsində gətirdiyi 2-ci arqumentə, yəni Sumqayıt İnzibati Məhkəməsinin icraatında 2-1(118)-4898/2024 nömrəli işin olmasına münasibətdə bildirilir ki, sözügedən iş üzrə yekun nəticə verilmiş məhkəmə qərarı olmamış, yəni həmin qərar əsasında iddiaçının hüquqi marağının həll edilməsi ilə nəticələnməmişdir. Belə olan halda etirazda göstərilmiş 2-ci arqument əsassızdır. Məhkəmə cavabdeh təşkilatın etirazında qeyd etdiyi 3-cü arqumentə münsibətdə bildirir ki, iddia tələbi yalnız torpaq sahəsinə İddiaçı firmasının mülkiyyət hüququnun qeydiyyata alınması hissəsində təmin edilmişdir. İddia qalan hissədə təmin edilməmiş və bu səbəbdən müvafiq arqument də öz əhəmiyyətini itirmiş olur. Nəzərə alınmalıdır ki, iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması indiki halda məqsədəmüvafiq deyildir. Belə ki, fərdi yaşayış evinin tikilməsinə dair sərəncam İddiaçı firmasının adın deyil, X3 adına verilmişdir.Daşınmaz əmlaklara dair hüquqmüəyyənedici sənədlərdə müvafiq dəyişiliklər aparıldıqdan sonra fərdi yaşayış evinə mülkiyyət hüquq əldə edilə bilər. Beləliklə cavabdeh təşkilat tərəfindən iddiaçıya ayrılmış 0.066 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaması İddiaçı firmasının konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinasında və etirazında torpaq sahəsinə münasibətdə gətirdiyi bütün arqumentlər əsassızdır. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən mübahisə predmeti olan torpaq sahəsini iddiaçının adına rəsmiləşdirmək üçün yuxarıda göstərilmiş bütün normativ hüquqi aktların tələblərinə cavab verməsinə baxamayaraq iddiaçının tələbinin təmin edilməsindən imtinası qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 153 nömrəli Sərəncamına əsasən “Samir” kiçik müəssisəsinə ayrılmış 60 m2 torpaq sahəsi və Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 182 nömrəli Sərəncamına əsasən “Samir” kiçik müəssisəsinə Novxanı kəndində əlavə olaraq ayrılmış 0.06 ha torpaq sahəsi üzərində (ümumilikdə 0.066 ha) İddiaçı firmasının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinə çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №2-1(118)-4716/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4716/2025
15.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver