Məhkəmə qərarları › İş №2-1(118)-472/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-472/2025

07.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-472/2025 07.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: müvəqqəti kirayə xərclərin kompensasiyasının ödənilməsi - mənzil kirayə haqqının ödənilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “müvəqqəti kirayə xərclərin kompensasiya edilməsi” tələblərinə dair iddiası üzrə inzibati işə 7 noyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 2 iyun 2014-cü il tarixli, 124 nömrəli sərəncamından görünür ki, 2-ci qrup hərbi xidmət əlili İddiaçı yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, ailə tərkibi özü, arvadı X2, oğlu X3, qızı X4, oğlu X1 ibarətdir.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 16 iyun 2022-ci il tarixli, 1/M-5763 nömrəli məktubundan görünür ki, İddiaçı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində aparılan uçot sənədlərinə əsasən həqiqi hərbi xidmətdə olarkən kadr zabit heyətinə keçirilməmişdir.

3. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının aparatının 2 avqust 2023-cü il tarixli, 5-6/1-M-340-068/2023 nömrəli məktubundan görünür ki, 12 may 1992-ci il tarixdən 23 dekabr 2011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, Müdafiə nazirinin 12 noyabr 2011-ci il tarixli, 0524 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. 27 dekabr 2011-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsində hərbi qeydiyyatdadır. 30 dekabr 2013-cü il tarixdən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik dərəcəsi təyin olunmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 124 saylı, 2 iyun 2014-cü il tarixli sərəncamı ilə imtiyazı əsasında yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. 2014-cü ildən müvəqqəti mənzilin kirayəsi üçün ödənilən pul kompensasiyası 1 avqust 2019-cu il tarixdən dayandırılmışdır. Qanununun tələbinə görə xidmət müddəti başa çatmış hərbi qulluqçulara mənzil kirayə xərci ödənilməsi nəzərə tutulmamışdır.

4. İddiaçı məxsus N saylı hərbi hissənin M/V seriyalı, N nömrəli, 16 fevral 1999-cu il tarixli vəsiqəsi.

5. İddiaçı məxsus MN seriyalı, 002162 nömrəli, 6 avqust 2008-ci il tarixli “Şəxsi vəsiqə”.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

6. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil kirayəsinə görə ödənilən kompensasiyanın 1 avqust 2019-cu il tarixdən bərpa edilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 12 may 1992-ci il tarixdən 23 dekabr 2011-ci il tarixə qədər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 12 noyabr 2011-ci il tarixli, 0524 saylı əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2013-cü ildə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik dərəcəsi təyin edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 2 iyun 2014-cü il, 124 saylı sərəncamı ilə imtiyazlı əsaslarla yaşayış yeri üzrə mənzil uçotuna götürülmüşdür. 2014-cü ildən iddiaçıya mənzil kirayəsi üçün pul kompensasiyası təyin edilmiş, 2019-cu ildə kompensasiyanın verilməsi dayandırılmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək mənzil kirayəsinə görə kompensasiyanın bərpa edilərək verilməsini xahiş etmiş, cavabdeh isə xidmət müddətinin başa çatması ilə əlaqədar kirayə xərcinin ödənilmədiyi bildirilmişdir. Bu səbəbdən də məsələ müsbət həll edilməmişdir. İddiaçı hərbi xidmət dövründə ağır bədən xəsarət almış və bu səbəbdən də ordudan tərxis olunmuşdur. Mənzil növbəsində 71-ci adamdır. Cavabdehin istinad etdiyi 6 avqust 2012-ci il tarixli, 174 saylı qərar iddiaçının hərbi xidmətdən tərxis edildikdən sonra qəbul edilmişdir. Həmin qərar qəbul edildiyi andan sonra yaranan münasibətləri nizama salır. Hesab edir ki, mənzil kirayəsinə görə pul kompensasiyası dayandırıldığı andan bərpa edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, xəstəlik səbəbindən ordudan tərxis olunmuşdur. Adı çəkilən qərara görə xəstəlik səbəbindən ehtiyata və ya istefaya buraxılmış şəxslərə yaşayış sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir.

8. İddia tələbinin prosessual hüquqi əsası kimi İPM-in 33, 73-cü maddələrinə istinad olunmuşdur.

9. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

10. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri

11. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, ehtiyatda olan zabit, mayor – iddiaçı 12 may 1992-ci il tarixdən 23 dekabr 2011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, Müdafiə Nazirinin 12 noyabr 2011-ci il tarixli, 0524 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. 27 dekabr 2011-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsində hərbi qeydiyyatdadır. 30 dekabr 2013-cü il tarixdən iddiaçıya hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik dərəcəsi təyin olunmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 124 saylı, 2 iyun 2014-cü il tarixli sərəncamı ilə o, imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. 2014-cü ildən ona müvəqqəti mənzilin kirayəsi üçün ödənilən pul kompensasiyası 1 avqust 2019-cu il tarixdən dayandırılmışdır. Qanunvericiliyinin tələbinə görə xidmət müddəti başa çatmış hərbi qulluqçularına və hərbi xidmət əlillərinə mənzil kirayə xərcinin ödənilməsi nəzərə tutulmamışdır. Eyni zamanda bildirilmişdir ki, iddiaçı hərbi xidmət əlili kimi hazırda pensiya ilə təmin olunur.

12. Etirazın maddi hüquqi əsası kimi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə, “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı, 6 avqust 2012-ci il tarixli Qərarına istinad edilmişdir. Tərəflərin iştirakı və izahatları:

13. Məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

16. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

17. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

18. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ a) İddianın mümkünlüyü:

19. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

20. Belə ki, irəli sürülmüş iddia vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

21. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır.

22. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkətləri nəticəsində ona ziyan vurulduğunu irəli sürür və kompensasiyanın ödənilməsini tələb edir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

23. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ (-)

2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.

3. İstər hərbi xidmətdə olan, istərsə də ehtiyata və ya istefaya buraxılmış “polkovnik” rütbəli, buna bərabər və bundan yuxarı rütbəli zabitlərə, elmi dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi verilir. (-) 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara hüquq verilir ki, ehtiyata və ya istefaya buraxıldıqdan sonra yaşayacaqları yaşayış məntəqələrinin (əkər yaşayış məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşirsə) mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olsunlar. Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti. materialları almaqda kömək göstərməlidirlər.

6. Yaşına, xəstəliyə görə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş üstünlük hüququna malikdirlər.

7. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). (-) Müddətli xidmət hərbi qulluqçularının hərbi xidmətə çağırılanadək yaşadıqları mənzil saxlanılır və onlar mənzil almaq üçün növbəyə dayananların siyahısından çıxarıla bilməzlər. Müddətli xidmət hərbi qulluqçularının ailəsi yaşadığı mənzilin haqqını 50 faiz güzəştlə ödəyir.

10. Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər.

24. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarı:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: ... 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat ...

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.

25. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanı:

“...3. Komissiyaya tapşırılsın ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Komissiyanın katibliyi funksiyalarını həyata keçirsin və bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etsin.”

31. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır

c) Məhkəmənin mövqeyi:

32. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunub-olunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur.

33. İddiaçının hazırkı iş üzrə tələbinin əsası ondan ibarətdir ki, o, 12 may 1992-ci il tarixdən 23 dekabr 2011-ci il tarixə qədər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 12 noyabr 2011-ci il tarixli, 0524 saylı əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmış, 2013-cü ildə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar ona əlillik dərəcəsi təyin edilmiş, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 2 iyun 2014-cü il, 124 saylı sərəncamı ilə imtiyazlı əsaslarla yaşayış yeri üzrə mənzil uçotuna götürülmüş, 2014-cü ildən mənzil kirayəsi üçün pul kompensasiyası təyin edilmiş, 2019-cu ildə kompensasiyanın verilməsi qanunsuz olaraq dayandırılmış, baxmayaraq ki, o, xəstəlik səbəbindən ordudan tərxis olunmuşdur.

34. Cavabdeh tərəfin etirazı iki dəlilə söykənmişdir: 1) xidmət müddəti başa çatmış hərbi qulluqçularına və hərbi xidmət əlillərinə mənzil kirayə xərcinin ödənilməsi nəzərə tutulmamışdır; 2) iddiaçı hərbi xidmət əlili kimi ödənişlərlə (sosial müavinət və pensiya) təmin olunmuşdur.

35. İş materialında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı ehtiyatda olan zabit, mayor rütbəsində olmaqla, 12 may 1992-ci il tarixdən 23 dekabr 2011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, Müdafiə Nazirinin 12 noyabr 2011-ci il tarixli, 0524 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə uyğun olaraq hərbi xidmətdən ehtiyata buraxılmış, 30 dekabr 2013-cü il tarixdən ona hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik dərəcəsi təyin olunmuş, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 124 saylı, 2 iyun 2014-cü il tarixli sərəncamı ilə imtiyazı əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, 2014-cü ildən ona müvəqqəti mənzilin kirayəsi üçün ödənilən pul kompensasiyası 1 avqust 2019-cu il tarixdən dayandırılmışdır.

36. Cavabdeh orqan “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının normasına istinad edərək, xidmət müddəti başa çatmış hərbi qulluqçularına və hərbi xidmət əlillərinə mənzil kirayə xərcinin ödənilməsinin nəzərdə tutulmamasını qeyd etsə də, məhkəmə bildirir ki, iddiaçı xəstəliyə görə ehtiyata buraxılmadığına baxmayaraq, o, təxmini 19 il Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçmiş, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır.

37. Göründüyü kimi, iddiaçı qeyd edilən norma ilə təsbit edilmiş 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçularına aiddir, bununla da mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsinin ödənilməsini iddia etdikdə haqlı olmuşdur.

38. Cavabdehin ikinci dəlili ilə əlaqədar məhkəmə qeyd edir ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının yuxarıda qeyd edilmiş normalarına əsasən iddiaçının hərbi xidmət əlili kimi bütün ödənişlərlə (sosial müavinət və pensiya) təmin olunduğu ona kirayəsi üçün hər ay kompensasiyanın ödənilməsini istisna etmir. Bu səbəbdən də məhkəmə cavabdehin ikinci dəlilini əsassız hesab edir.

39. Məhkəmə, tərəflərin iddia tələbinə dair mövqelərini iş materialına əlavə edilmiş sənədlər, mövcud qanunvericiliyin normaları əsas götürərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

40. Şərh olunanlara və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mənzil kirayəsinə görə ödənilən kompensasiyanın 1 avqust 2019-cu il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi Sumqayıt Şəhər İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar