Məhkəmə qərarları › İş №2-1(118)-4723/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4723/2024

22.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4723/2024 22.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə Açar sözlər: (ərazi aidiyyəti üzrə aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi) Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı “iddiaçının yaşa görə pensiyasının yenidən hesablanaraq bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 14 avqust 2001-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Son zamanlar əmək pensiyası yenidən hesablanmış və pensiyanın artıq hesablanması barədə məlumat verilmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş 3 may 2024-cü il tarixli, 3-17-1/2-8-105393/2024 saylı cavab məktubunda göstərilir ki, iddiaçının pensiya işində olan sənədlərə əsasən 1 yanvar 2006cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq 14 avqust 2001-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş və 1 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının ödənişi davam etdirilir. Xidməti araşdırma zamanı pensiya işində olan sənədlərə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən 1 sentyabr 1971-ci il tarixdən 1 iyul 1973-cü il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək 25 il 6 ay 24 gün sığorta stajı əsasında əmək pensiyası yenidən hesablanaraq 1 yanvar 2014-cü il tarixdən 155,21 manat müəyyən edilmişdir. Qanunvericiliyə əsaslanaraq, əmək pensiyasının məbləği illər üzrə indeksləşdirilərək 1 yanvar 2014-cü il tarixdən 363,86 manata çatdırlımışdır. Xidməti araşdırlımalar zamanı 14 avqust 2001-ci il tarixdə pensiya təyin edilən zaman təqdim edilən sahidçilik aktı ilə pensiya işində olan 2014-cü il tarixdə təqdim edilmiş HT-11385540 nömrəli əmək kitabçasının surəti arasında uyğunsuzluq müəyyən edilmişdir. Nəticədə əmək pensiyasının məbləğində 1 yanvar 2014-cü il tarixdən 1 mart 2024-cü il tarixədək artıq ödəmə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən bildirilmrişdir ki, əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Cavab məktubunda göstərilənləri iddiaçı qanunsuz və əsassız hesab edir. Cavabdan belə məlum olur ki, əmək kitabçasında 18 yanvar 1994-cü il tarixdən 25 dekabr 2005-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün yəni qeydlər kiril qrafikalı əlifba ilə yazıldığı, lakin işdən çıxma qeydində vurulan möhürdəki qeydlər latın qrafikalı əlifba ilə yazıldığı üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Cavabdehin mövqeyini əsassız hesab edir. Belə ki, əmək kitabçasının doldurulması işçinin səlahiyyətinə aid deyil. Digər tərəfdən əmək kitabçasının necə doldurulmasından asılı olmayaraq iddiaçı qeyd edilən dövrdə işləmişdir. Əmək kitabçasında olan qeydlər kiril qrafikalı əlifba ilə yazılması və işdən çıxma qeydində vurulan möhürdəki qeydlər latın qrafikalı əlifba ilə yazılmasına ididaçı məsuliyyət daşımır. Bildirilir ki, əmək kitabçasının doldurulduğu 25 dekabr 2005-ci il tarixdə möhürün latın qrafikalı əlifba ilə yazılmasında qanunsuz heçnə yoxdur. Həmin dövrdə (2000-ci ildən başlayaraq) möhürlər məhz latın qrafikalı əlifba ilə düzəldilirdi. Ona görə cavabdehin məhz həmin əsasla pensiyanın azaldılması barədə qərar qəbul etməsi yolverilməzdir.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

4. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və işin halları, mübahisənin vəziyyəti və iddianın aidiyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün tərəflər məhkəməyə dəvət olunmuşlar.

Tərəflərin iştirakı və izahatları:

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi işin aidiyyət üzrə göndərilməsinə etiraz etmədiyini bildirərək, məhkəmənin mülahizəsinə buraxmışdır.

7. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

9. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

10. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana,ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələrivə digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer- onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. (-) 

12. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” 13 may 2013-cü il tarixli Qaydalar:

Əsas anlayışlar:  Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) –Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Şəxsin yaşayış yeri– tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana,ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeridedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. (-) İ. Ümumi müddəalar  1.1. “Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. 1.2. Məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. 1.3. Məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə “məcburi köçkün” statusunu itirir.

13. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: Maddə 8.Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: (-) 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; (-) 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.3. Mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. (-) 8.6.İnzibatiməhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinininzibatikollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinininzibatikollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir.

MƏHKƏMƏNİN MÖVQEYİ

14. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

15. Məhkəmə qeyd edir ki, iddianın ərazi aidiyyətini müəyyən etmək üçün ilk növbədə iddianın növü müəyyən olunmalıdır.

16. Hazırkı işin hallarına görə, iddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir.

17. İrəli sürülmüş iddia məcburetmə haqqında iddiadır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

18. İddiaçının tələbi üzrə pensiya təyinatını (yenidən hesablanmasını) mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həyata keçirir və Filialın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Buna görə də, hazırkı iddia tələbinə baxılması İPM-in 8.1.2-ci maddəsində göstərilən - inzibati orqanın yerləşdiyi yer üzrə aidiyyətin təsir dairəsinə düşmür.

19. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, ödənilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılmasını mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur.

20. Həmin Əsasnamənin 3.1.8-ci bəndinə əsasən Qanunun 9-cu və 20-ci maddələrinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, yenidən hesablanmasını, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həyata keçirir.

21. “Elektron məhkəmə” informasiya sistemində mövcud olan “Qaçqınların və X2 üzrə dövlət komitəsi məlumatları”ndan görünür ki, iddiaçının “qaçqınlıq statusu” hissəsində “var” qeyd olunmuşdur.

22. Qeydiyyat ünvanı və faktiki yaşayış yerinin fərqli olmasına münasibətdə məhkəmə bildirir ki, Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.

23. İş materialında olan sənədlərdən müəyyən olunur ki, iddiaçıya göndərilən bütün məktublar Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, İİ mədən küçəsi, 7c ünvanına göndərilmişdir.

24. Eyni zamanda, iddiaçı iddia ərizəsində faktiki yaşadığı ünvanı kimi də ünvan 2d etmişdir.

25. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 9 iyul 2024-cü il tarixli, 3-36-3/2-2494/2024 nömrəli məktubundan görünür ki, İddiaçı ünvan 3 ünvanında faktiki olaraq məskunlaşmışdır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(102)- 2076/2022 saylı qərarı (bundan sonra - “Qərar”) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 2-1(103)-840/2022 saylı qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim Rahib Nəbizadə, hakimlər Xəqani Məmmədov və Səyyad Kərimov). Qeyd olunan qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 2-1(103)-840/2022 nömrəli qərardadı ilə İPM-in 8.1.2-ci maddəsi əsas götürülərək, Laçın rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olmasına istinad edilərək inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin 5 iyul 2022-ci il tarixli 2-1(120)-1488/2022 nömrəli qərardadına əsasən, inzibati iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Həmin qərarda məhkəmə qeyd etmişdir ki, iddiaçı Laçın rayonunda pasport qeydiyyatında olsa da, məlum səbəblərdən hələ Laçında, qeydiyyatda olduğu yerdə yox, ünvan 4 ünvanında yaşayır. Bu səbəbdən, məhkəmə hazırkı iddia tələbinə baxılmasında özünü səlahiyyətli saymadığından hesab edir ki, iş məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Ali Məhkəmənin Qərarında isə ərazi aidiyyəti ilə bağlı məsələyə münasibətdə bildirilmişdir ki, “... “Qanunverici şəxsin olduğu yer” dedikdə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binasını (özünün, qohumunun, tanışının və b.) nəzərdə tutur. İddiaçı Laçın rayonunda qeydiyyatda olsa da, məlum səbəblərdən hələ Laçında, yəni qeydiyyatda olduğu yerdə yox, ünvan 4 ünvanında yaşayır. ...”

27. Yuxarıda göstərilənlərə məhkəmə qiymət verərək hesab edir ki, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının qeydiyyatda olduğu deyil, hazırda məskunlaşdığı (faktiki yaşadığı) yer üzrə səlahiyyətli məhkəmə olan Bakı İnzibati Məhkəməsidir.

28. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (15 ci bənd).

29. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

30. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

31. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. NƏTİCƏVİ HİSSƏ:

32. Şərh edilənlərə əsasən və İPM-in 8.1.3, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq bərpa edilməsi” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar