Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4725/2025 22.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2na qarşı iş üzrə (Açar sözlər: pensiyanın yenidən hesablanaraq artırılması) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndələri Nümayəndə1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh X2na qarşı “pensiyanın yenidən hesablanaraq artırılması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh X2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab edərək iddiaçının xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək Çernobıl AES-da baş vermiş qəzanın aradan qaldırılmasında əmək fəaliyyətinin nəzərə alınaraq iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanaraq artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1 avqust 1953-cü ildə anadan olmuş, 1969-1970-ci illərdə Sumqayıt şəhər 44 saylı TPM-də oxumuş və 31 iyul 1970-ci ildən Sumqayıt şəhər 1 saylı Trestinin 18 saylı Tikinti İdarəsində əmək fəaliyyətinə başlamış və 1986-cı ildə baş vermiş Çernobil AES qəzası ilə bağlı Sumqayıt şəhər Hərbi Komissarlığının səfərbərlik çağırışı əsasında o, bir qrup şəxslə birlikdə həmin zonaya ezam olunmuş və şüalanmaya məruz qalmışdır. Onun səhhətində olan problemlərlə bağlı ona TSEK tərəfindən 2-ci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı 4 avqust 1986-cı ildən 26 sentyabr 1986-cı ilə kimi bu zonada olmaqla işləmiş və əmək haqqı almışdır. İddiaçıya 11 oktyabr 1991-ci ildə əlilliyə görə əmək pensiyası təyin edilmiş, lakin iddiaçı pensiyaya çıxanda onun bu dövlətdə işləməyi nəzərə alınmamış, nəticədə onun kimi şüalanmaya məruz qalanlar və hətta ondan sonra bu ərazidə olan şəxslərdən o, 2-3 dəfə az pensiya alır, belə ki, hal-hazırda iddiaçıya 378 manat pensiya təyin olunmuşdur ki, bu da onun maddi ehtiyaclarını ödəmir. İddiaçının aldığı bu pensiya nəinki dava-dərmana, heç yeməyə belə çatmır, ağır və acınacaqlı bir vəziyyətdə yaşayır. İddiaçı bu səbəbdən də ona təyin olunmuş pensiyanın yenidən hesablanaraq artırılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqanın iddiaçıya ünvanladığı 6 fevral 2025-ci il tarixli məktubda bildirilmişdir ki, iddiaçının pensiyası hesablanarkən Çernobil AES-da baş vermiş qəzanın aradan qaldırılmasında iştirak zamanı aldığı əmək haqqı məbləği barədə məlumat olmadığı üçün pensiyanın yenidən hesablanması mümkünsüzdür. Cavabdehin imtinası ilə razı deyildir. Belə ki, iddiaçının 1986-cı ildə Çernobil AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirakı məsələnin mübahisəsiz halıdıır, lakin həmin vaxt iddiaçıya əmək haqqı barədəsində arayış verilsə də, o, həmin arayışı itirmiş, lakin hazırda Ukraynada baş verən müharibə səbəbindən həmin arayışın əldə edilməsi mümkünsüzdür, lakin cavabdeh orqan iddiaçı kimi Çernobil AES-da baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmiş şəxslərə verilmiş əmək haqqı məbləğini analoji olaraq oda münasibətdə də tətbiq etməklə pensiyanın yenidən hesablanmasını həyata keçirə bilər, belə ki, iddiaçının həmin ərazidə hansı müddətdə işləməyi barədə məlumat vardır, lakin iddiaçıya verilmiş əmək haqqı məbləği ilə bu ərazidə iddiaçı ilə birlikdə işləmiş şəxslərin əmək haqqı məbləğləri arasında fərq olmamış və hamısı eyni əmək funksiyasını icra etməklə eyni məbləğdə əmək haqqı almışdırlar.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz (və etiraza əlavə) edərək qeyd etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1993-cü il 10 sentyabr tarixli məktubunda əmək pensiyasının dördqat əməkhaqqı məbləğində müəyyən edilmiş mükafat əsasında hesablanmasının qeyri-mümkün olduğu və bu səlahiyyətin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verildiyi qeyd edilmişdir. Bu halda ödənilmiş dördqat məbləğ ÇAES günlərinin sayına bölünərək 25.4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əməkhaqqını təşkil edir. Dördqat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əməkhaqqının müasirləşdirilməsinə yol verilmir. Bildiririk ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən 11 oktyabr 1991-ci il tarixində qüvvədə olan qanunvericliyin tələblərinə əsasən İddiaçı həmin tarixdən müddətsiz olmaqla əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının ödənişi hazırda 378,45 manat olmaqla davam etdirilir. Qeyd olunanlara əsasən, mövcud qanunvericiliyin tələbləri baxımından əmək pensiyalarının əməkhaqqı əsasında yenidən hesablanması mümkün hesab edilmir. Əmək pensiyasının məbləği Azərbaycan Respublikasinın Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 1 yanvar 2025-ci il tarixindən indeksləşdiriləcək və bu barədə iddiaçıya SMS bildiriş vasitəsilə müvafiq məlumat veriləcəkdir. İddiaçı Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar olaraq 11 oktyabr 1991-ci il tarixindən orta aylıq əməkhaqqı əsasında əmək pensiyası təyin edilmişdir. Həkim-əmək Ekspert Komissiyasının 083140 nömrəli 5 oktyabr 1994-cü il tarixli müayinə aktından çıxarışa əsasən iddiaçının orqanizmi funksiyalarının 80 faiz pozulduğu müəyyən edilmişdir. İddiaçı təqdim etdiyi əməkhaqqı barədə arayışda qeyd olunan 1990-cı və 1991- ci illər üzrə orta aylıq əmək haqqı nəzərə alınmaqla əmək pensiyasının məbləği xx.xx.2006-cı il tarixinə 44,11 manat təşkil etmişdir: 1990-(500+400+835+765) x 641 (orta aylıq əməkhaqqının müasirləşdirilməsi əmsalı)=1602500 1991-(900+829+587,50+934+689+775+712,50) x 393,10 (orta aylıq əmək haqqının müasirləşdirilməsi əmsalı)=2133353,7 (1602500+2133353,7)/12=311321,142 311321,142 x 0,68 (rublun konvertasiyası)=211698,376 AZM 211698,376 AZM x 80%=169358,701AZM 169358.701 AZM +11000AZM (işləməyən əmək pensiyaçılarına verilən müavinət)+30000AZM (əlillik müavinəti) + 10200 (ailə üzvlərinə görə əlavə)=220558,701 AZM Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” 7 fevral 2005-ci il tarixli 189 nömrəli Fərmanına əsasən 2006-cı il yanvarın 1dən Azərbaycan Respublikasında milli valyutanın - manatın denominasiyası həyata keçirilmiş yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur. 220558.701 AZM:5000=44,11 manat ödəmələrlə birlikdə ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Sözügedən maddəyə əsasən vətəndaşın 44,11 manat pensiyasından 25 manat baza hissə çıxıldıqdan sonra yerdə qalan 19,11 manat əmək pensiyasının sığorta hissəsi hesab edilir. Qeyd olunanları nəzərə alaraq əmək pensiyasının məbləği illər üzrə indeksləşərək aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2006- 25 (baza hissə) + 19,11 = 44,11 xx.xx.2007-40 (baza hissə) + (19,11+19,11x8,3%)=60,70 xx.xx.2007- 50 (baza hissə) + 20,70 =70,70 xx.xx.2007- 50 (baza hissə) + 40,70=90,70 (Vətəndaşın təqdim etdiyi TSEK-in xx.xx.2007-ci il tarixli 251407 nömrəli müayinə aktından çıxarışa əsasən onun Çernobıl AES-də hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq onun Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26 dekabr 2001-ci il tarixli 613 nömrəli Fərmanının 1-ci maddəsinə (xx.xx.2021- ci il tarixinədək qüvvədə olmuş redaksiyası) əsasən Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçu kimi 130000 manat aylıq müavinət almaq hüququ yaranmışdır. Göstərilənə əsasən sığorta məbləği 20 manat ((130000AZM- 30000AZM):5000=20) artırılmışdır.) xx.xx.2008- 60 (baza hissə) + (40,70+40,70x16,7%) = 107,50 xx.xx.2009- 75 (baza hissə) + (47,50+47,50x20,8%) = 132,38 xx.xx.2010- 75 (baza hissə) + (57,38+57,38x1,5%) = 133,24 xx.xx.2011- 85 (baza hissə) + (58,24+58,24x5,7%) = 146,56 xx.xx.2012- 85 (baza hissə) + (61,56+61,56x7,9%) = 151,43 xx.xx.2013- 85 (baza hissə) + (66,42+66,42x1,1%) = 152,15 xx.xx.2014 - 100 (baza hissə) + (67,15+67,15x2,4%) = 168,77 xx.xx.2015- 100 (baza hissə) + (68,77+68,77x1,4%) = 169,74 xx.xx.2016 - 100(baza hissə) + (69,74+69,74x4,0%) = 172,53 xx.xx.2017- 110 (baza hissə) + (72,53+72,53x12,4%) = 191,53 xx.xx.2018- 191,53 + 191,53x5,7% = 202,44 xx.xx.2019- 202,44 + 202,44x3% = 208,52 xx.xx.2020- 208,52 + 208,52x16,6% = 243,13 xx.xx.2021- 243,13 + 243,13x11,4% = 270,85 xx.xx.2022- 270,85 + 270,85x3.4% = 280,06 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. 280,06+(200/12)=296,71 manat xx.xx.2023- 296,71 + 296,71 x 14,7% = 340,33 xx.xx.2024- 340,33 + 340,33 x 11,2% = 378,45 İddiaçının 29 dekabr 2024-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar olaraq əmək pensiyasının məbləği 29 dekabr 2024-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 11881,43 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya sığorta kapitalı əsasında yenidən hesablanmış və 378,45 manatdan 460,97 manata çatdırılmışdır (SH=PSK/(TxK); K=200ay/200=1; SH=11881,43 /(144x1)=82,51 manat; 378,45 manat+82,51 manat= 460,95 manat). Əmək pensiyasının xx.xx.2025-ci il tarixinə indeksləşdirilmiş məbləği 498,30 manat təşkil edir. xx.xx.2025-460,95 + 460,95x8,1% = 498,30 Əlavə olaraq bildirir ki, İddiaçı əlilliyə görə pensiya işi qovluğunda Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar 4 qat əməkhaqqı alması barədə hər hansı məlumat aşkarlanmadığından əmək pensiyasının əməkhaqqının 4 misli məbləğində hesablanması mümkün olmamışdır.
b) Tərəflərin iştirakı və izahatları
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
9. İddiaçı məxsus H3 seriyalı, ******* nömrəli, 25 mart 1972-ci il tarixli hərbi biletin surətindən görünür ki, 4 avqust 1986-ci il tarixdən 26 sentyabr 1986-cı il tarixinədək Çernobil AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üzrə toplanma yerində olmuşdur və SSRİ Nazirlər Sovetinin və X1 Mərkəzi Şurasının 5 avqust 1986-cı il tarixli 665/195 saylı qərarına uyğun olaraq güzəştlər almaq hüququna malikdir.
10. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 6 fevral 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının ödənişi hazırda 378,45 manatolmaqla davam etdirilir. Əmək pensiyalarının əməkhaqqı əsasında yenidən hesablanması mümkün hesab edilmir.
11. İddiaçı məxsus 18 iyul 2016-cı il tarixli 001195 nömrəli vəsiqədən görünür ki, iddiaçı Çernobil AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirməsinə səbəbilə əlildir.
12. Cavabdeh tərəfindən iddiaçının pensiya işində olan sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
13. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
14. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
15. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
b) Tətbiq edilən hüquq
16. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: 80-ci maddəsinə əsasən iş stajından asılı olmayaraq milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk edərkən, sərhəd rayonlarında, Qarabağın dağlıq hissəsində, 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı yaralanma, zədələnmə, kontuziya və digər bədən xəsarəti almaq nəticəsində əlil olmuş vətəndaşlar, həmin səbəblər üzündən başçısını itirmiş əmək qabiliyyəti olmayan ailə üzvləri, eləcə də bu maddədə sadalanmış şəxslər sırasından olan əlillər vəfat etdikdə, onların ailələri. İş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər; köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları; həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər; 1987-ci ilin aprelin 21-dən 1990-cı ilin dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər; Çernobıl AES-də baş vermiş qəza nəticəsində həlak olanların, eləcə də bu maddənin ikinci hissəsində sadalanmış şəxslər sırasından olan vəfat etmiş əlillərin ailə üzvləri. 81-ci maddəsinə əsasən bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir. 83-cü maddəsinə əsasən pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Bu Qanunun 80-ci maddəsində göstərilmiş şəxslərin arzusu ilə onların pensiyası müraciətləri əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş respublika üzrə orta aylıq əmək haqqının bir mislindən hesablana bilər.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
18. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.
19. Belə ki, qanunvericilikdə Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara pensiya təyinatı zamanı pensiyanın hesablanması müvafiq olaraq pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanması nəzərdə tutulmuşdur.
20. Qeyd olunan kateqoriya şəxslərin müraciəti zamanı pensiya üç fərqli qaydada hesablana bilər: 1. Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğinə əsasən, Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqına əsasən və minimum əmək haqqının beşqat məbləğinə əsasən. Qanunvericilikdə qeyd olunan hesablama aparılması imkanı nəzərdə tutulmuşdur.
21. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş ilkin etiraz ərizəsində dördqat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əmək haqqının müasirləşdirilməsinə yol verilmədiyini qeyd etsə də, xx.xx.2025-ci il tarixdə təqdim etdiyi etiraza əlavədə İddiaçı xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar olaraq xx.xx.1991-ci il tarixindən orta aylıq əməkhaqqı əsasında əmək pensiyası təyin edildiyini və əlilliyə görə pensiya işi qovluğunda Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar 4 qat əməkhaqqı alması barədə hər hansı məlumat aşkarlanmadığından əmək pensiyasının əməkhaqqının 4 misli məbləğində hesablanması mümkün olmadığını qeyd etmişdir. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında sonuncu təqdim edilmiş etiraza əlavəni müdafiə etdiyini qeyd etmişdir.
22. Göründüyü kimi iddiaçıya Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar olaraq xx.xx.1991-ci il tarixindən orta aylıq əməkhaqqı əsasında əmək pensiyası təyin edilmiş və əmək pensiyasının əməkhaqqının 4 misli məbləğində hesablanması barədə iddiaçı tərəfindən hesablamanın aparılması üçün tələb olunan sübutlar cavabdeh inzibati orqana və məhkəməyə təqdim edilməmiş, həmin sübutlar iddiaçının pensiya işində olan sənədlərdə də öz əksini tapmamışdır.
23. Məhkəmə qeyd edir ki, əmək pensiyasının yenidən hesablanması üçün tələb olunan sübutlar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.
24. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının iddia tələbində qeyd olunan pensiyanın yenidən hesablanaraq artırılması tələbi əsaslı sayıla bilməz.
25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2na qarşı “pensiyanın yenidən hesablanaraq artırılması” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
26. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh X2na qarşı “pensiyanın yenidən hesablanaraq artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qəşəm Məmmədli