Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4727/2025 19.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: mənzilə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və texniki sənədin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 fevral 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. İV-ЖГ seriyalı, 390416 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X13 28 yanvar 1993-cü il tarixdə ölmüşdür.
2. Dövlət Arxivinin Sumqayıt Filialının 31 yanvar 2024-cü il tarixli, 3-48-DA-10F/2-90- 2024 nömrəli arxiv çıxarışından görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 11 aprel 1996-cı il tarixli, 243 nömrəli sərəncamı ilə 9,6 kv.m-dən ibarət 3 otaqlı, 12-ci mikrorayon, ev 7, mənzil 13 mərhum X13 və onun 4 nəfər ailə üzvləri İddiaçı, X5, X8, X4 verilmişdir.
3. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin 4 iyun 1996-cı il tarixli, 13/117 nömrəli orderindən görünür ki, ünvan 4 İddiaçı və onun ailə üzvləri X5, X8, X4 verilmişdir.
4. 13 dekabr 2024-cü il tarixli, 61AB0561989 nömrəli “Razılıq”dan və **********725 nömrəli ərizədən görünür ki, Sumqayıt şəhər, 12-ci mikrorayon, ev 7A, 13 saylı mənzilin İddiaçı verilməsinə etiraz edilməmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(060)-2915/2024 nömrəli qətnaməsindən görünür ki, X9, X2, X10 və X6 4 iyun 1996-cı il tarixli, 13/117 saylı order əsasında iddiaçıya məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A, 13 saylı mənzildən çıxarılması qət edilmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(060)-2915/2024 nömrəli qətnaməsinə dair 24 sentyabr 2024-cü il tarixli “İcra vərəqəsi”.
7. 16 yanvar 2025-ci il tarixli, AZ-İİ seriyalı, 462331 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X8 31 dekabr 2024-cü il tarixdə ölmüşdür.
8. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı Mənzil-Kommunal sahəsinin 21 yanvar 2025-ci il tarixli, 81 nömrəli arayışından görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən bina 7a, 13 saylı mənzil 4 iyun 1996-cı il tarixli, 13/177 saylı orderə əsasən İddiaçı verilmişdir.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 13 fevral 2025-ci il tarixli, 3-21-3-31/2-463/2025 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, aparılan araşdırma zamanı onun və ailə üzvlərinin sözügedən mənzildə qeydiyyatda olmadıqları, həmçinin mənzilin ünvanında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Bundan başqa, inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar sözügedən daşınmaz əmlaka idarənin mütəxəssisi tərəfindən müayinə baxışı keçirilən zaman mənzildə məcburi köçkünlərin yaşadığı müəyyən olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
10. Dövlət Arxivinin Sumqayıt Filialının 11 iyul 2025-ci il tarixli, 3-48-DA-10F/2-28/1- 2025 nömrəli məktubu ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 11 aprel 1996-cı il tarixli, 243 nömrəli sərəncamından çıxarış (§1) qoşma şəklində göndərilmişdir.
11. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 3 iyul 2025-ci il tarixli, 5-6/2-1557/2025 nömrəli məktubu ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 11 aprel 1996-cı il tarixli, 243 saylı sərəncamın (§1) və həmin mənzilə dair İddiaçı adına verilmiş 4 iyun 1996-cı il tarixli, 13/177 saylı orderin (§3) surəti qoşma şəklində təqdim edilmişdir.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 30 dekabr 2025 -ci il tarixli, 3-21-3-31/2-5566/2025 nömrəli məktubundan görünür ki, daşınmaz əmlakın qonşuluğunda qeydiyyatdan keçən **********13-05101-093009 reyestr nömrəli daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərin surəti əlavə edilmişdir: - 7 fevral 2025-ci il tarixli İddiaçı adına tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, ünvan 4-ün faktiki ümumi sahəsi 68,6 kv.m, əsas sahəsi 39,6 kv.m, köməkçi sahəsi 29 kv.m, hüquq müəyyənedici sənəd üzrə əsas sahəsi 39,6 kv.m olaraq göstərilmişdir. Qeyd edilmişdir ki, mənzildə qaçqın və məcburi köçkünlər məskunlaşmışdır, mənzil 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşir, orta təmirlidir; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 27 iyun 2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda istifadədə olan 0,082 ha torpaq sahəsində yerləşən 7A (yeni) nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 6-cı mərtəbəsində yerləşən 65,01 kv.m ümumi 39,6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alnımışdır. - digər hüquq müəyyənedici sənədlər.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
13. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 iyun 1996-cı il tarixli, 13/117 saylı order əsasında iddiaçıya məxsus Sumqayıt şəhər, 12-ci mikrorayon, ev 7A, 13 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüquqularının qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi işin hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X13 uzun müddət Enerjiquraşdırma SSŞ Sumqayıt filialında mühəndis işləmişdir və 1982-ci ildə mənzil növbəsində dayanmışdır. 28 yanvar 1993-cü il tarixdə Hüseynov Sabir xroniki ürək-damar çatışmamazlığından vəfat etmişdir. Yaşayış sahəsi 39,6 kv.m ibarət 3 otaqlı, 12-ci mikrorayon, ev 7A, mənzil 13 Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 243 saylı, 1996-cı il tarixli sərəncamı ilə iddiaçının 4 nəfərdən ibarət ailə tərkibinə verilmişdir və adına 4 iyun 1996-cı ıl tarixli, 13/177 saylı order tərtib edilmişdir. Sözügedən ünvana köçmək istədikdə isə həmin ünvanda Qubadlı rayonundan məcburi köçkün ailəsi məskunlaşmışdır. Bununla bağlı iddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsi iddiaçının iddia tələbini təmin etmiş və X9, X2, X10 və X6 4 iyun 1996-cı il tarixli, 13/117 saylı order əsasında iddiaçıya məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A, 13 saylı mənzildən çıxarılması barədə qətnamə çıxarılmışdır. İddiaçı 2025-ci ilin yanvar ayında Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A, 13 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması uçün Sumqayıt şəhərinin Asan xidmət mərkəzinə yaxınlaşmışdır, sonra cavabdeh orqan tərəfindən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A, 13 saylı mənzilin ölçülərini götürülməsi məqsədilə baxış keçirilmişdir. 12 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestn publiк hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur.
15. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
16. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 11 aprel 1996-cı il tarixli, 243 saylı sərəncamı, 4 iyun 1996-cı il tarixli, 13/117 saylı order əsasında iddiaçıya məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A ünvanda yerləşən 13 saylı mənzilə dair mülkiyyət hüquqlarımın qeydiyyata alınaraq çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 19 fevral 2026-cı il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
17. Məhkəmənin 19 fevral 2026-cı il tarixli protokol-qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra - “cavabdeh”) ilə əvəz edilmişdir.
18. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
19. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, imtina məktubunda (§7) göstərilən hallara istinad etmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
20. Etirazın maddi hüquqi əsas kimi “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7, 9.1.2, 11.1-ci maddələrinə, prosessual hüquqi əsası kimi İPM-in 35.1-ci maddəsinə istinad edilmişdir.
21. İddiaçı etiraza münasibət bildirərək qeyd etmişdir ki, mənzilə dair mükiyyət hüquqları qanuni sənədlərlə təsdiqlənmişdir və mənzildə məcburi köçkünlərin və ya kirayəçilərin yaşaması hüquqlarının mövcudluğuna təsir etmir. Mənzilin ünvanı barədə göstərilən uyğunsuzluq isə texniki xarakter daşıyır və iddiaçının hüququna təsir etmir.
c) Tərəflərin iştirakı və izahatları:
22. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
23. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazın əsaslarını müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ a) İddianın mümkünlüyü:
24. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
25. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
26. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
27. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
28. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
29. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət.
Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. ... Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir.
Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.
M a d d ə 10. Mənzil (mənzil-tikinti) kooperativinin mənzilinin kooperativ üzvünün mülkiyyətinə keçməsi üçün pay hüququnun tam ödənilməsi barədə həmin mənzil kooperativinin idarə heyətinin arayışı əsasında texniki inventarlaşdırma orqanı bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş qaydada müvafiq sənəd verir.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; (-).
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (-) 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (-)
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-)
32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.
Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (-)
Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-)
Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)
34. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
c) Məhkəmənin mövqeyi
35. Məhkəmə tərəflərin mövqelərini, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.
36. Belə ki, yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.
37. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A ünvanında yerləşən 13 saylı mənzil iddiaçının mərhum əri X11 və ailə üzvlərinə verilmiş, uzun müddət onların istifadəsində və sahibliyindədir, bu barədə iddiaçının adına müvafiq order də verilmişdir. Buna baxmayaraq, cavabdeh orqan tərəfindən əsassız olaraq mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir.
38. Cavabdehin imtina dəlilləri isə ondan ibarətdir ki: - iddiaçının və ailə üzvlərinin sözügedən mənzildə qeydiyyatda olmadıqları, həmçinin mənzilin ünvanında uyğunsuzluq olduğu müəyyən olunmuşdur; - inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar sözügedən daşınmaz əmlaka idarənin mütəxəssisi tərəfindən müayinə baxışı keçirilən zaman mənzildə məcburi köçkünlərin yaşadığı müəyyən olunmuşdur.
39. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 11 aprel 1996-cı il tarixli, 243 nömrəli sərəncamı ilə mərhum X13 və onun 4 nəfər ailə üzvləri olan iddiaçı, X5, X8, X4. ünvan 4 verilmiş, bu barədə iddiaçının adına Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin 4 iyun 1996-cı il tarixli, 13/117 nömrəli orderi tərtib edilmişdir.
40. Qeyd edilən sənədlərin həqiqiliyi Dövlət Arxivinin Sumqayıt Filialı, həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən göndərilmiş arxiv sənədləri ilə öz təsdiqini tapmışdır.
41. Qeyd edilməlidir ki, iddiaçının ailə üzvləri tərəfindən notarial qaydada təsdiq edilmiş ərizələr təqdim edilmiş və mənzil üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsinə etiraz edilməmişdir.
42. Məhkəmə qeyd edir ki, mənzilin ayrılmasına dair müvafiq icra hakimiyyətinin sərəncamında evin nömrəsi “7” olaraq qeyd edilsə də, təqdim edilmiş orderdə üvnan “ev 7a” olaraq göstərilmiş və həmin mənzil iddiaçının ailə üzvlərinə təhvil verilərək, onların faktiki istifadəsində olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, qeyd edilən uyğunsuzluq iddiaçının təqsiri üzündən baş vermədiyindən, onun mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas hesab edilə bilməz.
43. Mübahisə predmeti olan mənzildə qaçqınların və məcburi köçkünlərin məskunlaşması ilə əlaqədar olan etiraz dəlili ilə bağlı məhkəmə bildirir ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(060)-2915/2024 nömrəli qətnaməsi ilə həmin şəxslərin Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A, 13 saylı mənzildən çıxarılması qət edilmiş və qətnamə qanuni qüvvəyə minərək icra olunması üçün müvafiq quruma göndərilmişdir.
44. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh orqanın iddiaçının müraciətinə münasibətdə təqdim etdiyi imtinanı əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.
45. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
46. Məhkəmə hesab edir ki, iddiaçı tərəf tələbin əsaslılığını sübuta yetirə bilmişdir. Bu səbəbdən də cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur.
47. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
48. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 9.11-ci bəndinə əsasən, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.12-ci bəndinə görə qanuna uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir.
49. Məhkəmə hesab edir ki, iddiaçının qanuni istifadəsində və sahibliyində olan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir.
50. Odur ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, ünvan 4 üzərində iddiaçının adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
51. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 11 aprel 1996-cı il tarixli, 243 saylı sərəncamı, 4 iyun 1996-cı il tarixli, 13/117 saylı order əsasında ayrılmış ünvan 4 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınaraq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova