Məhkəmə qərarları › İş №2-1(118)-473/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-473/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-473/2020 22.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştrakı ilə, İddiaçı Cavabdehnə qarşı “ona məxsus olan Sumqayıt şəhəri , Yaşma bağları “xxxxxxx” B/Y 419 bağ sahəsinə giriş-çıxışın təmin edilməsi məqsədilə cavabdeh tərəfindən qaz kəmərinə düzəliş edilərək, onun həyətinə darvaza (qapı) yerinin açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı bildirmişdir ki, Sumqayıt şəhəri, Yaşma bağları “ xxxxxxx” B/Y 419-da yerləşən bağ sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX–nın RX seriyalı ******* N-li, xx.xx.2018-ci il tarixli çıxarışı ilə onun mülkiyyətindədir. Cavabdeh təşkilatın əməkdaşları qaz xətti çəkərkən onun bağ sahəsinə daxil olmağı üçün yer qoymayıblar. Qaz xətti çəkilərkən qonşuların qapı yeri nəzərə alındığı halda onun torpaq sahəsində bu nəzərə alınmamışdır. Buna görə də onun öz bağına girməyi məhdudlaşıb. Hətta qaz xətti çəkilərkən onun heç bir məlumatı olmayıb. Darvaza üçün yer qoyulması ilə bağlı X3 Sahəsinə müraciət etmişdir. Onlar isə düzgün başa düşmədən məktubuna cavab olaraq bildirmişdilər ki, kəmərin yerinin dəyişdirilməsini öz vəsaitiniz hesabına elətdirməlisiniz. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh təşkilat iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Cavabdeh Sumqayıt QB tərəfindən vətəndaşa qapı yerinin açılmaması ilə bağlı konkret olaraq imtina verilməmişdir. Həmin məktubda vətəndaşa aidiyyət üzrə baş idarəyə müraciət olunması tövsiyyə olunmuşdur. İmtina olmadığı halda belə iddianın verilməsi əsassızdır. Həmçinin vətəndaşa mülkiyyət hüququnu 2018-ci ildə əldə etmişdir. Qazlaşma isə bundan bir neçə il əvvəl aparılmışdır. Yəni qazlaşma aparılan vaxt iddiaçı həmin ərazidə mülkiyyətçi olmamışdır. Həmçinin qonşu torpaq sahələrində belə bir problem yoxdur ki, iş materiallarına əlavə olunmuş şəkillərdən açıq-aşkar görünür. Hesab edir ki, qaldırılan iddia tələbi inzibati məhkəmə predmeti deyildir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2019-cu il tarixli 01-EH-09-814 nömrəli məktubu, DƏDRX-in RX seriyalı ******* N-li , xx.xx.2018-ci il tarixli çıxarışınsurəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Cavabdeh təşkilat iddiaçı tərəfindən Cavabdeh QSC-nə deyil X3 İdarəsinə müraciət etməsi və buna görədə pretenziya qaydasına riayət olunmadığına görə iddia tələbini qeyrimümkün hesab edilməsinə dair gətirdiyi arqumenti məhkəmə əsaslı hesab etmir. Belə ki, X3 İdarəsi Cavabdeh QSC-nin nəznində fəaliyyət göstərən bir qurumudur və Cavabdeh QSC-nin Sumqayıt şəhəri və Abşeron rayonu üzrə səlahiyətlərini həyata keçirir. Buna görədə hesab olunur ki, iddiaçı tərəfindən X3 İdarəsinə müraciət etməsi Cavabdeh QSCnə edilmiş müraciət kimi qəbul olunmalıdır. Cavabdeh təşkilatın gətirdiyi digər arqument ondan ibarətdir ki, cavabdeh təşkilat iddiaçıya qaz borusu ilə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasına etiraz etmir,lakin bunun iddiaçının hesabına edilməsini istəyir. Hesab olunur ki, cavabdeh təşkilatın imtinasının olmaması ilə bağlı gətirdiyi arqumentdə əsassızdır. Belə ki, iddiaçıya verilmiş cavab imtina xarakterlidir. Ona görədə məhkəmə hesab edir ki, hazır ki, iddia tələbinə məhkəmədə baxılması mümükündür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mülkiyyət hüququ ilə İddiaçı məxsus və Sumqayıt şəhəri,Yaşma bağları ərazisi, “xxxxxxx” B/Y 419 saylı ünvanda yerləşən torpaq sahəsinin qarşışından Cavabdeh QSC-nin balansında olan qaz borusu keçir. Qeyd olunan qaz borusu həmin torpaq sahəsinin qarşısından keçdiyi üçün torpaq sahəsinə olan giriş-çıxış məhdudlaşdırılmışdır. Cavabdeh təşkilat bunu onunla əsaslandırır ki, qaz borusu podrat təşkilatı tərəfindən çəkilib və daşınmaz əmlakların sahiblərinin hər birinin mülkiyyətçisinə giriş-çıxışı istəklərinə görə müəyyən olunub. Lakin mülkiyyətçisi bəlli olmayan torpaq sahələrinin mülkiyyətçiləri ilə əlaqə saxlanması mümkün olmayıb və nəticədə çəkilən qaz boruları onların torpaq sahələrinin düz qarşısından çəkilib. İddiaçının torpaq sahəsinə giriş-çıxışın bərpa edilməsi ilə bağlı Cavabdeh İB-yi qaz borusunun iddiaçının hesabına yerinin dəyişdirilməsinə etirazı yoxdur. Belə ki, qaz borusu dövlət lahiyyəsi üzrə çəkilib və həmin borunun yenidən çəkilməsi və ya yerinin dəyişdirilməsi üçün smeta xərcləri nəzərdə tutulmayıb. Ona görədə iddiaçının tələbinin təmin edilməsi mümkün deyil. Məhkəmə araşdırılan hallar ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri bilir. İlk öncə nəzərə alınmalıdır ki, mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılması xüsusi bir qayda əsasında həyata keçirilir və həmin hallar Mülki Məcəllənin 169-177-ci maddələrində öz əksini tapıb. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona mənsub əmlala öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqa malikdir. Cavabdeh təşkilatın balansında olan qaz borusunun İddiaçı məxsus olan torpaq sahəsinə olan girişçıxışın məhdudlaşdırılması qeyd olunan Məcəllənin müvafiq maddələrinə ziddir. Belə ki, Cavabdeh QSC-ti qaz borusunun sahibi olaraq qaz borusunun keçdiyi sahə üzrə daşınmaz əmlak sahiblərinin mülkiyyət hüuqunu qorumalıdır. Cavabdeh təşkilatın həmin qaz borularının podrat təşkilatı tərəfindən çəkildiyini və buna görə Cavabdeh QSC-nin məsuliyyət daşımamasına dair gətirdiyi arqumentdə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.2-cii maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Göründüyü kimi Cavabdeh QSC-ti podraçıya vermiş sifarişi qəbul edib və çəkilən boru xətləri şərtləşdirilmiş keyfiyyətə uyğun gəldiyi üçün qeyd olunan Məcəllənin 762.2-ci maddəsinin tələbləri baxımından qusursuz qəbul edilmiş sayılmalıdır. Ona görədə cavabdeh təşkilatın balansında olan boru xəttinin iddiaçıya məxsus olan torpaq sahəsinin qarşısından çəkilməsinə görə podrat təşkilatının heç bir günahı yoxdur.Qeyd olunanlara əsasən hesab olunur ki, cavabdeh təşkilatın hesabına boru xəttinin yeri dəyişdirilməsi üzrə tikiti quraşdırma işləri aparılmalı və iddiaçıya məxsus olan torpaq sahəsinə giriş çıxış bərpa olunmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus olan Sumqayıt şəhəri , Yaşma bağları “xxxxxxx” B/Y 419 bağ sahəsinə giriş-çıxışın təmin edilməsi məqsədilə cavabdeh tərəfindən qaz kəmərinə düzəliş edilərək, onun həyətinə darvaza (qapı) yerinin açılması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar